Dosent Tofiq Nəcəfli:
“Ortaq türk tarixinin yazılması üçün
Azərbaycan və Türkiyə tarixçiləri
danışıqlar aparır”
“Türk tarixçilər etiraf
edirlər ki, milli kimlik tarixi Azərbaycan dövlətlərində
daha yüksək olub”
Azərbaycan
Səfəvilər dövlətinin bəzi tarixçilər
tərəfindən qərəzli və məhdud şəkildə
araşdırılması hazırda aktuallıq kəsb edir. Qeyd
etmək lazımdır ki, bir sıra Türkiyə
tarixçiləri də bu tarixin araşdırılmasında
birtərəfli olaraq o zaman Səfəvilərlə
savaşlar aparan Osmanlı salnamələrinə əsaslanırlar.
Bu isə hazırkı zamanda Türkiyə
tarixşünaslığı üçün də məqsədəuyğun
və faydalı deyil...
Mövzu
ilə bağlı olaraq müsahibimiz AMEA Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəflidir.
O, söhbətə Avropa tarixşünaslığında Səfəvilərlə
bağlı yol verilmiş yanlışlıqlardan
başladı:
- Avropa tarixşünaslığına vaxtilə Səfəvilərin “İran dövləti” kimi daxil olması və onun Osmanlılara qarşı mübarizə aparması uzun müddət qabardılıb. Amma dövrünün çox möhtəşəm tarixçiləri olan Bartold, Petruşevski və digərləri təsdiq edirdilər ki, Səfəvilərin ana dili və dövlət dili Azərbaycan türkcəsi olub. Avropanın bəzi tarixçilərinin Səfəvilər dövlətini “İran” adı ilə assosiasiya etmələrindən və bu baxımdan qeyri-dəqiq ümumiləşdirmələrə yol verdiklərindən fərqli olaraq, rus tarixçiləri Səfəvilər dövlətinə dəqiq yanaşıblar və tarixi faktları hərtərəfli təsvir edə biliblər. Eyni zamanda, Türkiyədə son zamanlar aparılan tədqiatların işığında da Səfəvilərin bir Azərbaycan türk dövləti olması etiraf edilir. Məsələn, 2010-cu ildə Tufan Gündüzün “Sonuncu qızılbaş - Şah İsmayıl” əsəri çap edilib. Bu əsər əvvəlki dövrün ənənələrinin üstündən xətt çəkməkdir. Faruq Sümer də onu qınayır ki, sən 1976-cı ildə Səfəvilər dövlətinin formalaşması və inkişafında Anadolu türklərinin rolunu qabardırsan, amma bu barədə faktlara varmırsan. F.Sümer deyib ki, o ərəfədə Azərbaycan Ağqoyunlu dövlətinin tərkibində olub və Osmanlılar hələ o bölgəyə gəlib çıxmamışdılar. Səfəvilər dövlətinin yaradılmasında iştirak edən tayfaların hamısı Ağqoyunlu ərazi mühitinə aid olanlardır...
- Lev Qumilyevin belə bir fikri var ki, ümumiyyətlə, həmin ərəfədə Azərbaycan və Türkiyə türkləri arasındakı sərhədləri müəyyən etmək çox çətin idi, çünki onlar bir-birilərindən demək olar ki fərqlənmirdilər...
- Təbii ki, belədir. Amma Anadolunun şərqi uzun müddət Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti altında olub və indinin özündə belə, bu təsir və ənənə özünü qoruyub saxlayıb. Faktiki olaraq biz həmin əraziləri 1555-ci il Amasya sülh müqaviləsi nəticəsində itirmişik. Şübhəsiz ki, biz indi kimdənsə torpaq istəmək iddiası ilə çıxış etmirik. Amma o da şübhəsizdir ki, oranın tarixi bizimkidir. Biz tariximizə sahib çıxmalıyıq. Həmin bölgənin tarixi bilavasitə digər Azərbaycan ərazilərinin tarixi ilə sıx bağlıdır. 14-cü əsrin sonunda Sivasda oturan Qazi Bürhanəddin Azərbaycan türkcəsində yazırdı. Yaxud da Fəqihi Ərzurumda 14-cü əsrin sonu 15-ci əsrdə “Yusif və Züleyxa”sını Azərbaycan türkcəsində yazıb. Orası doğrudur ki, hazırda Azərbaycan canlı danışıq dili ilə türk xalq dili arasında fərqlər çox cüzidir. Amma Osmanlıların və Türkiyənin qərb hissəsi uzun müddət Avropanın təsirinə məruz qaldığı üçün onların ədəbi dilində bir sıra fərqlər nəzərə çarpır, onların dilinə fransızcadan və sair dillərdən alınma sözlər keçib. Bundan başqa ötən əsrin ortalarına yaxın Türkiyədə süni şəkildə bir dil islahatı keçirildi. Türk Dil Qurumunun o zamankı başçısı olan erməni Akop Dilaçar türk dili lüğətindən “islahat” adı ilə ərəb-fars tərkibli sözlərin çoxunu çıxarıb, oraya Avropa dillərindən alınma sözlər doldurdu. Bu baxımdan hazırda türk canlı danışıq dilində təbii şirinlik qalsa da, yazı və media dilində biz bunu görə bilmirik.
- Eyni zamanda, Səfəvi və Osmanlı hökmdarlarının bir-birilərilə yazışmalarını əks etdirən məktublar da Səfəvilər dövlətinin kimliyi ilə bağlı məqamlar üçün yaxşı sübutlardan biri hesab olunur. Yəni özlüyündə bu dövlətin Azərbaycan dövləti olması tam aydındır, amma bu dövləti öz adına çıxmaq istəyən bəziləri üçün də bu məktublar da çox şey deyir...
- Şübhəsiz ki, belədir. Məsələn, Şah İsmayılla Sultan Səlimin bir-biriləri ilə məktublaşmasını buna misal gətirmək kifayətdir. Məlumdur ki, hər iki hökmdar dövrlərinin ən böyük dövlət başçılarından olan türk hökmdarları olub. Onların hər ikisi tanınmış dövlət xadimi və dövlət sərkərdələridirlər, biz bunu inkar etmirik. Şah İsmayılın Sultan Səlimə göndərdiyi məktublar və buna cavab məktublarına diqqət yetirək. Hər ikisi eyni dövrdə yazıblar. Amma çox vaxt Sultan Səlimin öz yazılarını farsca yazdığının şahidi oluruq. Yaxud da Şah İsmayıl öz “Divan”ını Azərbaycan türkcəsində, Sultan Səlim isə farsca yazıb. Çox maraqlıdır ki, bunu türk tarixçilərinin özləri də etiraf edirlər. Etiraf edilir ki, milli kimlik, türk kimliyi məsələsi Azərbaycanda fəaliyyət göstərən dövlətlərdə və onları idarə edən sülalələrdə daha yüksəkdir. Milli kimlik ənənələrinə sadiqlik və dövlətin fəaliyyətində bunların yaşadılması, qabardılması Ağqoyunlu dövlətində, Uzun Həsən dövründə də qabarıq müşahidə edilir. Bütün bu faktlar Səfəvilər, Ağqoyunlular kimi dövlətlərin öz dövrünə görə türk kimliyinə və ənənələrinə daha sadiq qaldıqlarını sübut edir. Amma bununla müqayisədə türk sultanlarının böyük əksəriyyətində bu məsələlərə bir o qədər də önəm verilməyib. Bunu türk tarixçiləri arasında da etiraf edənlər var. Məsələn, türk tarixçisi Faruk Sümer etiraf edir ki, türk sultanlarında milli kimlik məsələsi önəm daşımayıb. Onlar ümumi müsəlmançılıqdan çıxış ediblər. Yəni milli şüurun inkişaf etdirilməsi, milli mənlik məsələsində tarixi Azərbaycan dövlətlərinin fəaliyyəti daha prinsipial və qabarıq şəkildə özünü göstərib. Bizimkilər Türkiyə sultanlarından bu məsələdə daha öndə olublar.
- Bəzi türk tarixçi və tədqiqatçıları Azərbaycanın tarixi dövlətçiliyi məsələsində bir qədər diqqətsizlik sərgiləyirlər. Məsələn, az öncəTürkiyənin “Cumhuriyet” qəzetində Uğurlu soyadlı, türkoloq olduğu deyilən bir şəxs Orta və Yaxın Şərqdə, bizim bölgədə oğuzların yaratdıqları dövlətlərin adlarını çəkərkən yalnız Səlcuqları və Osmanlıları sadalayıb. Qaraqoyunlular, Ağqoyunlular və digər dövlətlərin burada adları çəkilməyib. Belə hallar birinci dəfə deyil...
- Deməliyəm ki, uzun əsrlər ərzində bu cür birtərəfli yanaşma Osmanlı tarixşünaslığında özünü göstərdiyi kimi, müasir Türkiyə tarixçiliyində də göstərib. Onlar Səfəvilərə, Ağqoyunlulara və Qaraqoyunlulara, eləcə də digər dövlətlərə bu cür münasibət bəsləyiblər. Yəni bəziləri hələ də tarixi Osmanlı imperiyası şüurundan bu məsələlərə yanaşmaqdadır. O zaman osmanlı tarixçiləri belə yanaşmanı məzhəb ayrılığından çıxış etməkdə görürdülər. Yeni dövrdə isə biz açıq gözlə tarixə baxmalıyıq. Artıq məzhəb ayrı-seçkiliyi tarixdə qaldı. O dövrdə bu iki dövləti Avropa dövlətləri bir-birilərilə savaşdırmağa, onların arasını vurmağa çalışırdılar. Həmin dövlətlərimiz Osmanlılarla müharibə vəziyyətində olublar və yazılan salnamələr də qərəzli, birtərəfli, siyasi-ideoloji xarakter daşıyıb. Amma indi türk tarixçilərinin bununla bağlı obyektiv yanaşmalar ortaya qoymasına ehtiyac var. Sözsüz ki, bu gün belə yanaşmalar ortaya qoyan türk tarixçiləri var...
- Azərbaycan və
türk tarixçiləri bu
məsələ ilə bağlı bir araya gələ və ortaq
tarix yaza bilməzlərmi?
Buna nə mane olur?
- Son dövrlərdə türk tarixçiləri bu
məsələlərlə əlaqədar müəyyən
qədər obyektivliyə yaxın məqalələr və tədqiqatlarla
çıxış edirlər. Hazırda daha
çox gənc türk
tarixçiləri etiraf edirlər ki, vaxtilə Səfəvi-Osmanlı münasibətləri
barədə yazan türk
tarixçiləri əsasən Osmanlı qaynaqlarından
yararlanıblar. Bu baxımdan ortaq türk tarixinin yazılması üçün
son zamanlar hər iki tərəfdən addımlar atılır.
Son zamanlar bu barədə hər iki
tərəf danışıqlar aparır. İnanıram ki, bu məsələ ilə
bağlı ortaq mövqe
ortaya qoymaq mümkün olacaq.
İlkin AĞAYEV
Palitra.-2013.-21 fevral.-S.11.