Şöhrəti dünyaya
yayılan Quba xalçaları
Əlisafa Nuriyev:
“Xalçaçılığı yad ünsürlərdən
təmizləmək üçün bu sahəyə dövlət
dəstəyi lazımdır”
Qubanın
xalça sənətkarlığı qədim tarixə
malikdir. Quba xalçaları nəinki Azərbaycanda, hətta
dünya ölkələrində də şöhrət
qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid bəzi
Çiçi xalçaları Viktoriya və Albert (London),
Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
Azad
İstehlakçılar Birliyi “Kəndin davamlı
inkişafı: Vətəndaş cəmiyyəti-bələdiyyənin
əməkdaşlıq modeli (COSMO)” layihəsi çərçivəsində
Quba xalçaları ilə bağlı araşdırma
aparıb. AİB-in araşdırmasına görə, Azərbaycanın
şimal-şərqində yerləşən Quba xalça mərkəzi
üç hissəyə-dağlıq, dağətəyi və
ovalıq hissələrə bölünür. Dağlıq
hissəyə - Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq,
Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş
məntəqələri aid etmək olar.
Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı kəndləri mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlər, stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə xalçası", "Qımıl xalçası", "Alpan xalçası", "Qollu-çiçi xalçası", "Pirəbədil xalçası", "Hacıqayıb xalçası", "Qırız xalçası", "Cek xalçası" və s.-dir.
Quba kompozisiyasında əsasən orta hissə şaquli istiqamətdə əsas üçbucaq üzrə ardıcıl yerləşən medalyon naxışlar və kətəbədən ibarətdir. Onların ətrafını dağınıq şəkildə çoxlu müxtəlif formalı böyük və balaca elementlər təşkil edir. Bu elementlərə müxtəlif kompozisiyaya malik nəinki Quba, həmçinin Şirvan, Bakı, hətta Qazax xalçalarında da rast gəlmək olar. Belə kompozisiyanın orta hissəsi "açıq yerli" hesab olunur, yəni bağlı olmayan fon. "Quba" xalçalarının haşiyə formalı naxışları müxtəlif zolaqlardan – orta haşiyə, kiçik haşiyə və mədaxildən ibarətdir. Bu haşiyənin əsas bəzəyini təşkil edən elementi xalçaçılar "tonqal" adlandırırlar ki, bu da ocaq deməkdir. Belə fərz etmək olar ki, bu ad bir zamanlar mövcud olan atəşpərəstlik etiqadı ilə bağlıdır. "Quba" xalçalarının orta hissəsinin fonu əksər hallarda, tünd-göy və yaxud tünd-mavi rəngdə olur.
Köhnə-Quba xalça kompozisiyasının isə əsasını qırmızı fona malik orta hissədə şaquli şəkildə yerləşən üç böyük səkkizguşəli medalyon təşkil edir. Bu medalyonların rəngi, forması və ölçüsü eynidir. O həm də ümumi haşiyələrdən birini təşkil edir. Medalyonların ortasında çoxda böyük olmayan naxışlarla (mədaxil və koşacaq) haşiyələnmiş səkkizguşə yerləşir.
Qubadakı xalça növlərindən biri də "Alpan" xalçalarıdır. Adını Susayçay çayının yaxınlığında yerləşən Alpan kəndindən götürən bu xalçanın kompozisiyası Susay və Sabat kəndlərində yayılıb. XIX əsrin ikinci yarısından başlayaraq isə o, həmçinin Qusar rayonunun xalçaçılıq məntəqələrində geniş yayılmağa başlayır. Mütəxəssislər bu xalçanı "Quba", "Dağıstan" da adlandırırlar. Bu naxışların böyük hissəsi üslublaşdırılmış həndəsi və bitki motivləri ilə səciyyələnir. Quba xalçalarında medalyonların formaları digər bölgələrin xalçalarına nisbətən daha mürəkkəbdir. Bu xalça kompozisiyasının əsasını medalyon naxışlar və onun ətrafında diaqonal xətt üzrə "xərçəng" elementi təşkil edir. Alpan kəndinin xalça ustaları orta ölçülü oymaları "çarhovuz", yəni hovuz, onun üzərində yerləşən kiçik elementləri isə "ördək" adlandırırlar.
“Azərxalça”
Quba xalçaçılarına metodik yardım göstərəcək
Qubanın xalçatoxuma məntəqələrində "Xırdagülçiçi" xalçası da istehsal olunur. Xalçanın orta sahəsi xırda elementlərdən təşkil olunduğu üçün bu xalçanın adını yerli xalçaçılar "Xırdagülçiçi" qoyublar (xırdagül tərcümədə xırda çiçəklər adlanır). Orta sahənin ümumi kompozisiyasını şaquli və üfüqi üçlük boyunca qısa məsafədə yerləşən raportlar təşkil edir. Bu raportlar özündə bir neçə doldurucu, əlaqələndirici və köməkçi elementləri birləşdirir. Xalq arasında "Başmaq" adlanan, həqiqətdə isə üslublaşdırılmış yarpaq elementi kompozisiyanın əsas elementini təşkil edir. Qalan elementlər isə hər biri özlüyündə raportun başlanğıc və ya mərkəzi funksiyasını yerinə yetirir.
Quba qrupuna
daxil olan məşhur
"Qaraqaşlı" xalçası Dəvəçi rayonunun Hacı-Qaraqaşlı,
Çay-Qaraqaşlı, Susanlı-Qaraqaşlı kəndlərində
istehsal olunur. Bu adla da
o tanınır. Orta
sahədə şaquli üçbucaq
boyu kiçik medalyonlar yerləşib. Ustad
mütəxəssislər və xalça
ustaları bu medalyonların musiqi alətlərinin təsviri olduğunu hesab edirlər.
Medalyonlar arasında müxtəlif növlü elementlərə rast
gəlmək olar. Xalq
arasında onları "quşbaşı"
adlandırırlar. "Qaraqaşlı" xalçanın orta sahəsi adətən tünd-göy
və ya tünd-qırmızı rəngdə
olur. Nadir
hallarda tünd-mavi və ya ağ fona malik xalçalara rast gəlmək olar. Həndəsi və bitki motivləri ilə səciyyələnən ornamentlərin
böyük əksəriyyəti
üslublaşdırılıb, əla növ sıxlığı və
zərifliyi ilə seçilir.
Qubanın məşhur "Zeyva"
xalçası isə
öz adını Qubanın cənub-şərqində
yerləşən Zeyva
kəndindən götürüb. Xarici mənbələrdə
o, "Şirvan" adı
ilə qeyd olunur. Xalq arasında bu
xalça "Qədim
Zeyva" kimi tanınır. Xalçanın orta sahəsinin kompozisiyası əsas etibarilə mərkəzi üçbucaqda növbəli
yerləşən bir
neçə geldən
ibarət olur. Forma və mənşəyinə
görə, Zeyva xalçasının əsas
elementini təşkil
edən bu medalyonları tərtib olunduqları punktir xətlərinə görə,
orta əsrlərə
aid etmək olar.
Müxtəlif növlərdə yaradılmış belə
gellərə təkcə
Qafqaz xalqlarının
dekorativ incəsənətində
deyil, həmçinin
Pribaltikada da rast gəlmək olar. Bura xalçaçılıq və toxuma üçün daha xarakterikdir. Bu gellərin ətrafında
"səkkizbucaqlı", "qarmaqlı", "alma" adlanan
müxtəlif doldurucu
elementlər assimetrik şəkildə səpələnib.
Adətən orta sahənin
rəngi tünd-qırmızı,
tünd-göy, açıq-qəhvəyi
rəngdə olur.
Xəbər verdiyimiz kimi, Qubanın Əlik, Çiçi və Söhüb bələdiyyələri
“Azərxalça” Elmi-Yaradıcılıq
İstehsalat Birliyi ilə müqavilə imzalayıblar. Müqaviləyə görə, bələdiyyə
ərazilərində yaşayan
sakinlər tərəfindən
toxunan müxtəlif növ xalçaların yerli və beynəlxalq
sərgilərdə nümayiş
olunması, habelə onların satışı
“Azərxalça” tərəfindən
həyata keçiriləcək.
Bundan əlavə birlik əməkdaşları mütəmadi
olaraq bələdiyyələrdə
olmaqla sakinlərə
bu istiqamətdə öz metodik tövsiyələrini də
verəcəklər. Gələcəkdə digər bələdiyyələrin
də bu müqaviləyə qoşulacağı
deyilir. “Azərxalça”nın baş direktoru Əlisafa Nuriyev “Palitra”ya bildirdi ki, bu
müqaviləni bağlamaqda
məqsədləri faydalı
əməyin səmərəli
istifadə olunmasıdır:
“Bildiyimiz kimi, Quba ənənəvi xalçaçılıq regionudur.
Ta qədimdən Qubada
əksər evlərdə
xalçaçılıq sənəti nəsildən-nəsilə
ötürülür. Yəni bu
adamlar sənətkardırlar.
Təbii
ki, orada professional şəkildə fəaliyyət
göstərəcək xalçaçılar
var. Onların əməyindən
səmərəli şəkildə
istifadə edilməsi
məqsədilə bələdiyyələrin
təklifini qəbul etdik”. Onun sözlərinə görə,
əvvəlcə orda
texnoloji vəziyyəti
öyrənəcəklər: “Ondan sonra toxucuların
fərdi xüsusiyyətləri
nəzərə alınacaq.
Onlara uyğun da iş sifariş
olunacaq”.
“Xalçaçılıq
bizim milli-mənəvi
dəyərimizdir”
Xalçaların xaricə çıxarılmasına
gəlincə, Ə.Nuriyev
bunun çox qəliz bir məsələ olduğunu
vurğuladı: “Çünki
xaricdə bu dəqiqə ənənəvi
xalçalara o qədər
də meyil yoxdur. Çində, Pakistanda saxta
şəkildə toxunmuş
hər hansı ucuz xalça daha asan satılır,
nəinki ənənəvi
formalaşmış regionun
xalçaları. Ona görə
xalçaların xaricə
çıxarılması kütləvilikdən
kənarlaşır. Yalnız Azərbaycan
xalçası haqqında
geniş məlumatı
olan ayrı-ayrı adamlara fərdi şəkildə nəsə
satmaq mümkündür”.
O, nəzərə çatdırdı
ki, xalqın sənətini xalq qorumalıdır: “2011-ci ildə
millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi
ilə Azərbaycan xalçaları YUNESKO-nun prezentativ
siyahısına daxil edilib. Bu özü
böyük bir nailiyyətdir. Dünyada analoqu
olmayan beynəlxalq şəkildə statusu olan Azərbaycanın Xalçaçılıq muzeyi
açılacaq. Əvvəllər də Azərbaycan Xalça muzeyi var idi. İndi isə bu geniş
miqyasda təbliğat
apara biləcək şəkilə salınır”.
Onun fikincə, xalçaçılığı yad ünsürlərdən təmizləmək üçün bu sahəyə dövlət dəstəyi lazımdır: “Ümumiyyətlə, hər hansı bir sənətin yaşaması, qorunması və inkişafı üçün mütləq dövlət dəstəyi olmalıdır. Baxmayaraq ki, Azərbaycan xalçaçılığının inkişafı üçün belə bir qanun mövcuddur, amma onun işləmə mexanizmi də hazırlansaydı, daha yaxşı olardı”.
İl ərzində bir neçə beynəlxalq tədbirdə iştirak etdiklərini deyən baş direktor hamı ilə əməkdaşlığa hazır olduqlarını bildirdi: “Birlik 1927-ci ildən fəaliyyət göstərir. Bu təşkilat əvvəlcə ənənəvi xalçaçılıq regionlarında artellər şəklində yaradılıb. Sonrdan bu sənəti yayıb yaşadıb. Bizim üçün fərqi yoxdur, hüquqi şəxs, fiziki şəxs və ya QHT olsun. Xalçaçılıq bizim milli-mənəvi dəyərimizdir. Ümumilikdə Azərbaycan xalçasının ad-sanını, şöhrətini yaymaq üçün hər hansı bir tədbirə qoşulmağa hazırıq. “Azərxalça”nın yeni strukturların, yeni iş yerlərinin yaradılmasında böyük təcrübəsi var. Əgər hər hansı kənddə iş yeri açıb 3-5 nəfərə xalçaçılıq sənətini öyrədiriksə, həmin regionda bu sənət yayılır. Nəinki yayılır, onların dolanışıq mənbəyinə də çevrilir. Bu özü xalçaçılıq sənətinin yaşadılması ilə bərabər, xalqın rifahına da dəstəkdir”.
Fuad Hüseynzadə
Palitra.-2013.-22 fevral.-S.11.