Çetin Adıgüzel: “Azərbaycan çox inkişaf edib”
“Qarsda güclü Azərbaycan mədəniyyəti
yaşamaqdadır”
Qarsda yaşayan Azərbaycan əsilli
Çetin Adıgüzelin qəzetimizə müsahibəsini təqdim
edirik:
-Çetin
bəy, ilk olaraq mümkünsə özünüz
haqqında ətraflı məlumat verərdiniz...
- Mən
1963-cü ildə Qars şəhərində anadan olmuşam.
Hazırda Qarsda yaşayıram. Ailəliyəm. Həyat
yoldaşım İqdırdandır. 3 övladım var.
Böyük qızım Şirvan 26 yaşındadır.
Oğlum Gəncəhan 21 yaşındadır. Balaca
qızım Eylül isə 10 yaşındadır.
Qızım Şirvan Ankara Universitetini bitirib. Hazırda
İzmir Ege Universitetində ikinci ali təhsil
üçün hazırlaşır. Oğlum Gəncəhan
Ege Universitetində təhsil alır. Qızım Eylül
4-cü sinifdə oxuyur. Özüm də Qafqaz Universitetində
işləyirəm. Azərbaycan tarixi, musiqisi və ədəbiyyatı
ilə yaxından maraqlanıram.
-Sizin ata-babalarınız qədimdən Qarsda yaşayıb, yoxsa sonradan ora köç ediblər?
- Atamın atası Qərbi Azərbaycandan Qarsa gəlib. Anam Gümrü yaxınlarındakı Mollamusa kəndindəndir. Ümumiyyətlə, Qars Qərbi Azərbaycanın müxtəlif bölgələrindən 1915-1920-ci illər arası rus və xüsusilə erməni zülmündən qaçıb gələn mühacirlərin olduğu bir şəhərdir. Dərələyəz dağının ətəklərindəki türk kəndlərindən və Gümrü şəhərindən Ağbaba, Şörəğəl bölgəsindən Gözəldərə, Şiştəpə, Çobankərə, Qarakilsə, Mollamusa, Güllübulaq, Vartannı, Bacoğlu, Qaraçəntəy, Kəsəmən, Talın, Muğanlı, Borçalı bölgəsi və adlarını yaza bilmədiyim daha neçə kəndin əhalisi qaçaqaç vaxtı gəlib Qarsa yerləşiblər. Kazım Qarabəkir paşanın sayəsində. Öncələri 80 faiz əhalisi Qafqaz immiqrantı-Azərbaycan türkləri, ahıska türkləri, çərkəzlər, ləzgilərdən ibarət idi. Qarsda az da olsa, ruslar (malakanlar) var. Ermənilər Qarsda heç yox kimidirlər. Amma zaman içərisində başda İstanbul, Ankara və İzmir olmaqla Türkiyənin hər tərəfinə gediblər.
Köç etmənin ən böyük səbəbi dolanışıq sıxıntısı olub. 8 ay qışı olan Qars, dəniz səviyyəsindən 1764 metr yüksəklikdə yerləşir. İndi isə Qarsda 4-5 qrup insan yaşayır. Osmanlı türkləri, Azərbaycan türkləri, ahıska türkləri, qarapapaq türkləri, kürdlər bir arada və bir-birilərinə qarşı hörmət saxlayaraq yaşamaqdadırlar. Qarsda güclü Azərbaycan mədəniyyəti yaşamaqdadır. Hər kəsin toyunda, şübhəsiz ki, Azərbaycan havaları ifa olunur. Aşıq sənəti yüksək səviyyədədir.
- Azərbaycanla
bağlı əlamətdar günləri qeyd
edirsinizmi?
- Azərbaycanın ən ağrılı günləri olan 20 Yanvar hadisələri, Xocalı qətliamı ilə bağlı burada anım tədbirləri keçiririk. 21 mart Novruz bayramı, 28 May Respublika Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər zaman yüksək səviyyədə qeyd olunur. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbayanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.
-Dağlıq Qarabağ problemi ilə bağlı ordakılar nə dərəcədə məlumatlıdırlar?
- Bir şeyi demək olar ki, əsl yerindən yurdundan köçürülən bizlərik. Doğma torpaqlarımız erməni tərəfdə qalıb. Kəndlərin, rayonların adları dəyişdirilib. Qarsda elə bir ailə yoxdur ki, erməni zülmündən əziyyət çəkməsin. Topraq və soyqırımı iddiası əslində bizim siyasətimiz olmalıdır. Qars və ətrafında İqdır, Ərdahan daxil hələ də açılmamış ermənilər tərəfindən öldürülən, 80-ə yaxın türk və müsəlman məzarlığıının olduğunu bilirik. Erməni tarix boyunca xəyanət içində olub. Qarabağ bölgəsində eyni işğal altında qalan türk topraqlarıdır. Türkiyədəki hər vətəndaş bu haqsızlığı bilir və azərbaycanlı qardaşlarının yanındadır. Ədalət tez, ya da gec qələbə çalacaq.
-Qafqaz
Universitetində azərbaycanlı tələbələr fəaldırlarmı?
- Universitetimizdə azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Onların burada oxuyan tələbələrdən heç bir fərqi yoxdur.
-Maraqlıdır,
sovet dövründə tarixi
vətəniniz olan Azərbaycan
haqqında məlumatları necə əldə edirdiniz?
- Azərbaycanı görmədən ana dilimizdə, anamızın laylalarında aşıq sənəti çox önəmlidir. Keçmişimizi bizə çatdıran yeganə insanlardır aşılqarımız. Biz qapılar bağlı ikən uzun dalğada Bakı radiosunda günorta konsertinə qulaq asardıq. Orta dalğada “Araz” radiosunda kənd zəhmətkeşləri üçün konsert olardı. Biz də buna qulaq asardıq. Gecələri lirika dəftərindən qəzəllər olardı. Qulaq asardıq. Azərbaycanı öncəliklə Zeynəb Xanlarova ilə tanıdıq. Füzulini, Nizami Gəncəvini, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Məmməd Aslanı, İsmayıl Şıxlını və adlarını yazmadığım neçə-neçə Vətən aydınlarını tanıyırdıq.
-Heç Azərbaycanda, ata-babalarınızın boya-başa çatdığı yerlərdə olubsunuzmu?
- İlk dəfə 1991-ci
ildə gəlmişik doğma
torpaqlarımıza. İrandan keçib Bakıya gəldik. O duyğuları
yazmaqla olmur, yaşamaq lazımdır. Çox
qəribə bir iş
idi. Öz doğma dədə-baba torpağına xarici bir insan
kimi pasportla girdik. Başda Şəhidlər
xiyabanını, eləcə də Fəxri xiyabanı ziyarət
etdik. Şəhidlərimizin ruhuna fatihələr oxuduq.
Gecələri az yatdıq ki,
Azərbaycanı daha çox
görək. Daha sonra
bir neçə dəfə də Azərbaycana
gəldik. Hazırda Azərbaycan çox inkişaf edib. Bircə Qarabağ problemi həll
edilsə, işğal altındakı torpaqlar geri qaytarılsa,
qaçqınlar öz torpağına
qayıtsa, daha gözəl olacaq. Allahdan diləyim budur.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-23 fevral.-S.8.