Qarabağ muzeyləri ilə bağlı
kitab hazırlanır
Ermənistanın
Azərbaycana təcavüzü təkcə torpaqların
işğalı ilə bitmədi. Soydaşlarımızın
qətliamı, öz yurdlarından deportasiyası ilə
yanaşı, tariximizi özündə daşıyan
cansız, dilsiz abidələrə, Qarabağda yaşayan azərbaycanlıların
həyat tərzini özündə əks etdirən tarixi
eksponatlara da aman vermədilər. İşğal olunmuş ərazilərdə
40 mindən artıq tarixi eksponatın toplandığı 22
muzey erməni vəhşiliyinin nəticəsində tamamilə
məhv edilib. Təkcə Şuşa şəhərində
8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi
dağıdılıb. Ermənilər bu muzeyləri, tarixi
abidələri təkcə dağıtmaqla kifayətlənməyərək,
Qarabağın ermənilərə məxsusluğunu təsdiq
etmək üçün dağıdılmış muzeylərdən
qarət etdikləri eksponatlarları bizə qarşı
istifadə edirlər. Buna misal olaraq, Kəlbəcər
tarix-diyarşünaslıq muzeyindən 13 min, Laçın
tarix muzeyindən isə 5 mindən artıq eksponatı öz
yalanlarını təsdiq etmək üçün Ermənistana
aparıblar. Eyni zamanda Şuşa tarix muzeyinin 5 min, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
muzeyi Şuşa filialının, Dövlət Qarabağ
Tarixi Muzeyinin 1000-dən çox əşyasını,
Ağdam tarix-diyarşünaslıq muzeyinin və Zəngilan
muzeyinin toplam 9 mindən artıq eksponatını qarət
ediblər. Həmçinin keçmiş sovetlərdə
yeganə olan Ağdam Çörək muzeyi ermənilərin
bombardmanı zamanı məhv edilib.
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin apardığı
araşdırmalara görə, dəyərini müəyyən
etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət
abidələrindən başqa respublikamıza dəymiş
ümumi mədəni zərərin məbləği orta
hesabla 7 milyard ABŞ dolları təşkil edir.
“Kəlbəcər
muzeyinin eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün
olmayıb”
İşğal altında qalan Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin rəhbəri Bərzani Əsgərov muzey haqqında danışaraq bildirib ki, bu muzey 1982-ci ilin sentyabrında yaradılıb. Onun sözlərinə görə, Kəlbəcər muzeyi işğal olunmuş muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi: “Muzeydə geologiya, arxeologiya, maddi-mədəniyyət, incəsənət əşyaları toplanmışdı. Muzeyin çöl divarlarını 2 mindən artıq müxtəlif rəng çalarlarına malik olan daşlar bəzəyirdi. Muzeyin həyəti 900 kv. metrdən artıq sahəni tuturdu. Burada nadir ağac və bitki nümunələri, müxtəlif qaya təsvirləri, qoç və at fiqurları, arxeoloji əhəmiyyət daşıyan nümunələr toplanmışdı. Muzeyin fondunda 30 mindən artıq eksponat saxlanılırdı. Muzeydə Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi, Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, bıçaqlar, baltalar, dəmir rizə ucluqları və s. nümayiş etdirilirdi. Muzeydə 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtilə aşıq Ələsgərin adına söz qoşduğu kəlbəcərli Güləndamın şəkli, onun şəxsən toxuduğu 100-dən artıq gəbə və kilim saxlanılırdı”. Muzey rəhbəri qeyd edib ki, 1993-cü il aprel ayına qədər fəaliyyət göstərən Kəlbəcər muzeyinin eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmayıb.
“Ən qiymətli
eksponatları sərgiyə aparmaq adı
ilə Arazboyu kəndlərdə gizlin şəkildə yerləşdirdik”
Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbaslı bizimlə söhbətində bildirib ki, Cəbrayılın tarixi, onun maddi-mədəniyyət abidələri, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və o vaxtlar respublikamızda öz fəaliyyəti, işi ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi-Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi var idi: “Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyinin ayrıca binası olmasa da, şəhər internat məktəbinin binasındakı bir neçə otaqda geniş fəaliyyət göstərirdi. 1992-ci ildə isə rayon mərkəzində ikimərtəbəli, yaraşıqlı binaya köçmüşdük. Lakin 1988-ci ildən başlayan erməni riyakarlığı, erməni məkri öz işini görməkdə idi. Ağır müharibə şəraitində həyatımızı riskə qoyaraq yaşayır, işləyirdik. Demək olar ki, rayon mərkəzi, kəndləri hər gün artilleriya atəşinə tutulurdu. Bir tərəfdən də hər gün rayonun artilleriya və qrad mərmilərindən atəşə tutulması nəticəsində ayrı-ayrı binalar yanır, dağılır və məhv olurdu. Belə bir aqibət muzeyin binasını da gözləyirdi. Buna görə də biz Mədəniyyət Nazirliyinin müvafıq sərəncamını əldə edərək muzeyin ən qiymətli eksponatlarını guya sərgiyə aparmaq adı ilə rayon mərkəzindən çıxararaq Arazboyu kəndlərdə gizlin şəkildə yerləşdirdik. Beləliklə, təxminən 17 minə qədər eksponatı düşmən işğalından xilas edə bildik”. Onun sözlərinə görə, bu eksponatlar xalça və xalça məmulatları, qızıl və gümüş qadın bəzəkləri, kişi və qadın gümüş kəmərləri, müxtəlif etnoqrafik və arxeoloji materiallar, rayonun tarixi və mədəniyyəti ilə bağlı müxtəlif fotolar, sənədlər və digər əşyalardır.
“Hazırda mədəniyyət nazirinin əmri ilə 1993-cü ilin dekabr ayından bizim muzeyimiz İstiqlal Muzeyinin fondunda yerləşdirilib və o vaxt nazir bizim üçün xüsusi əmrlə ayrıca otaq ayırmışdı. Sonradan burada Muzey Mərkəzinin açılması ilə əlaqədar o otağı da bizdən aldılar. Və elə o vaxtdan da materiallarımızı İstiqlal Muzeyinin fondunda bir tərəfə yığmışıq. Bu gün Cəbrayıl muzeyi yaşayır, işləyir. Rayonun köçkünlük və didərginlik həyatına dair materiallar toplayır. Lakin bütün Cəbrayıl əhalisinin və muzey kollektivinin bir arzusu, istəyi var: Doğma yurd yerlərinə qayıtmaq. İnanırıq ki, o gün uzaqda deyil”-deyə T.Abbaslı diqqətə çatdırıb.
“Maddi-mədəni
irsimizin
siyahılaşdırılmaması təəssüf doğurur”
Bu faktlar Azərbaycana qarşı haqsız zülmlərin, vandalizmin nümunəsi olsa da, ermənilər Qarabağdan əldə etdikləri bu eksponatları öz çirkin əməllərinin həyata keçirilməsində maddi sübutlar kimi istifadə edirlər. Amma işğal altında olan rayonlardan əksər muzeylərin eksponatları ermənilər tərəfindən qarət edilsə də, yalnız üç rayonun-Şuşa, Laçın, Cəbrayıl rayon muzeylərinin eksponat fondunun bir qismini çıxarmağa nail olunub. İşğal altında qalan 9 rayonun muzeylərinə məxsus eksponatlarsa ermənilərin əlindədir.
Təbii ki, dövlət tərəfindən maddi-mədəni nümunələrimizin Azərbaycana məxsusluğu ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər aparılır. Həmçinin ermənilərin qarət etdiyi muzeylərin bərpası, tarixi eksponatların toplanması üçün işlər həyata keçirilir. Qeyd edək ki, bu işdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də fəal iştirakçılardandır.
Belə ki, Söz Azadlığını Müdafiə Fondu (SAMF) bir müddət əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual şəbəkəsinin yaradılması” layihəsini həyata keçirmişdi. Bu layihə çərçivəsində “diyarsunasliq.az”saytı istifadəyə verilib və həmin saytda işğal altında olan muzeylərlə bağlı geniş məlumatlar toplanıb. SAMF-nin sədri Vüqar Tofiqli “Palitra”ya açıqlamasında bildirib ki, bu istiqamətdə işləri indi də davam etdirirlər. Fond sədri qeyd edib ki, fond 2012-ci ilin yanvar ayından etibarən Qarabağ muzeyləri ilə bağlı kitabın hazırlanmasına start verib. Onun sözlərinə görə, məqsəd işğal altında qalan maddi-mədəni irsimizin saxlancı olmuş muzeylər haqqında məlumatları hərtərəfli dəqiqləşdirmək və ictimaiyyətə çatdırmaqdır: “Bununla yanaşı, toplanmış materialların bir neçə dilə tərcümə olunub yayılması da erməni işğalının miqyasını beynəlxalq auditoriyaya çatdırmağa imkan verəcək. Artıq elmi mənbələrin axtarışına başlanıb, muzey rəhbərlərinə rəsmi fəaliyyət, işğal ərəfəsindəki vəziyyət, işğaldan sonrakı fəaliyyət barəsində məlumatların, fotoşəkillərin fonda təqdim edilməsi üçün müraciətlər göndərilib. Həmçinin görüşlər keçirilib, rəsmi strukturlara müraciətlər ünvanlanıb. Görüşlərimiz davam edir. Rəsmi strukturlardan da cavablar gəlməkdədir”.
V.Tofiqli qeyd edib ki, işğal altında olan maddi-mədəni irsimizin indiyədək siyahılaşdırılmaması təəssüf doğurur. Belə ki, nə işğal altında qalan maddi-mədəni irsimizin tərkib hissəsi sayılan muzeylərin siyahısı, nə də eksponat fondu haqqında dəqiq bilgi var: “Bununla bağlı apardığımız araşdırmalardan məlum olan odur ki, bu gün ortada müxtəlif rəqəmlər səslənməkdədir. Yəni muzeylərin sayı 16-dan 22-dək dəyişir, eksponat fondunun həcmi isə 40-100 min arası göstərilir. İlkin araşdırmalar təsdiqləyir ki, əsl rəqəmlər bundan qat-qat artıqdır.
Mədəniyyət və Turizm Nazirliyinin internet resursuna nəzər yetirib muzeylər bölümünü vərəqlədikcə gördük ki, hələ görüləsi işlərimiz çoxdur. Yəni nazirliyin hazırladığı “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan haqqında qısa arayış”da göstərilən rəqəmlərlə digər məlumatlar bir-birini tamamlamır”.
Fond sədri
vuğulayıb ki, hər bir
muzey və orada sərgilənən
eksponat Azərbaycan dövlətinin tarixi sərvətidir. Bu
baxımdan da Azərbaycanı tanımaq və
tanıtmaq hər birimizin borcudur.
Asif NƏRİMANLI
Palitra.-2013.-23 fevral.-S.11.