Küveytdə Qara Qarayevin 95 illik yubileyi qeyd olunub 

 

Küveytdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Qara Qarayevin həyatı və zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölməz sənətkar Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri nəinki Azərbaycanın, eləcə də dünya musiqi sənətinin incilərindən hesab edilir. Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara QarayevinLeyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa edib. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Küveytin baş nazirinin müavini, bələdiyyələr və parlamentlə üzrə dövlət naziri Məhəmməd Əl-Abdulla Əl-Mübarək Əl-Sabahla görüşü olub.

 

 

 Palitra.-2013.-23 fevral.-S.15.