“Ola bilsin, animasiya
serialının istehsalına başlayaq”
Fariz Əhmədov: “Kanallar “Azanfilm”in
istehsalı olan hər hansı filmin yerinə reklamı
artıq olmuş “Şrek”i nümayiş etdirməyə
üstünlük verir”
Layihə çərçivəsində
müsahibimiz “Azanfilm” animasiya filmləri studiyasının
direktoru Fariz Əhmədovdur
-Mən
2001-2005-ci illərdə Mədəniyyət və İncəsənət
Universitetinin “Ədəbi yaradıcılıq və ekran
dramaturgiyası” ixtisası üzrə təhsil alarkən
paralel olaraq “Bilik” Maarif Cəmiyyətinin nəzdində fəaliyyət
göstərən C.Quliyevin rejissor kurslarının tələbəsi
olmuşam. Təhsil illərində rejissor assistenti kimi də
çalışmışam. 2008-ci ildə Tiflisdə birillik
prodüser kursunu bitirib, 2010-2012-ci illərdə isə Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə
Rusiya Dövlət Kinematoqrafiya Universitetində “Kinorejissorluq”
ixtisası üzrə SSSR dövlət mükafatı
laureatı A.A. Proşkinin emalatxanasında təhsil
almışam. Eyni zamanda Rusiyada, Çexiyada, Almaniyada
tanınmış prodüser və ssenaristlərin ustad-dərslərinin
dinləyicisi olmuşam. Uğurlu festival həyatı
yaşayan “Miras”, “Lahıc ritmləri” sənədli, “Qocalar”,
“Bir addım”, “Mayak”bədii filmlərinin rejissoru və
prodüseriyəm. Mən rejissordan əlavə həm də
prodüserəm. Demək olar ki, bütün filmlərimdə
prodüser kimi də çalışmışam. “Azanfilm”
studiyasını inkişaf etdirmək, irəliyə aparmaq
üçün məni bir prodüser kimi bu vəzifəyə
təyin etdilər. Animasiya yeni və bilmədiyim sahə idi.
Üstəlik, mən indiyə kimi festival filmi çəkirdim.
O təbəqənin tamaşaçısı tamam
başqadır və birdən-birə tamaşaçı
auditoriyası dəyişir. İnanın, bu vaxt ərzində
oxumadığım kitab, material, baxmadığım animasiya
filmi qalmayıb. İş çoxdur, iş maraqlıdır və
eyni zamanda da çətindir. Çünki kadr
potensialından tutmuş hər şey yenidən qurulmalıdır.
Əgər digər studiyalarda oturuşmuş sistem varsa, burada
o yoxdur. Kadrlar 60 yaşından yuxarı və barmaqla
sayılacaq qədərdir.
-Bir prodüser kimi “Azanfilm”i hansı
istiqamət üzrə inkişaf etdirmək istəyirsiniz?
- Bu
studiya uzun illərdir ki, fəaliyyət göstərir,
müxtəlif səpkili filmlər çəkib və burada
işləyən insanların əziyyətini itirmək olmaz,
sadəcə bir az formanı dəyişmək
lazımdır. Bunun da hamısı maliyyə tələb
edir. Bu yöndə də işlərimizi aparırıq. Tək
dövlətin maliyyəsi ilə deyil, eyni zamanda özəl
sektorun maliyyəsini bu sahəyə yönəltmək istəyirik.
İlk növbədə hədəfimiz 10 yaşına qədər
olan uşaqlar üçün filmlər çəkməkdir.
Daha sonra böyüklər üçün tammetrajlı filmlər
və müəllif animasiya filmləri istehsal etməyi
düşünürük. İndiki halda “Azanfilm”də
üçdən artıq film çəkməyimiz sual
altındadır. Çünki o potensial yoxdur. Belə halda
tamaşaçını saxlamaq da çox çətindir.
Filmlərin sayı artmalıdır. Ondan başqa bu il animasiya
kurslarına start vermək istəyirik. Kurslarda ən
azından 20- yə yaxın kadr hazırlanacaq. Müxtəlif
fondlarla əlaqələr qurmaq istəyirik, çünki
kursun təşkili çox bahalı işdir. Söhbət
2-3 yüz min manatdan gedir. Animasiya kinodan fərqlidir, burada səhnələr
kadr-kadr və əllə çəkilir, yəni insan əməyi
çoxdur. Digər tərəfdən isə texnikanın
sürətli inkişafını tətbiq etməyə
çalışırıq ki, işin sürətini, keyfiyyətini
artıraq. Animasiyada üzləşdiyimiz ən böyük
problemlərdən biri də insanları daimi işlə və
maliyyə ilə təmin edə bilməməkdir. Təsəvvür
edin ki, 10 dəqiqəlik animasiya filminin üzərində
70-80 nəfər adam işləyir. Bu insanları saxlamaq
üçün də vəsait lazımdır. İstənilən
sahədə hamı istəyir ki, daimi işi və gəliri
olsun. Biz indi ilk növbədə o daimiliyi saxlamaq istəyirik
ki, bu sahəyə maraq artsın. Azərbaycan çərçivəsində
10 dəqiqəlik yaxşı animasiya filminin istehsalı
üçün 120-150 min manat kifayətdir. Böyük
proyektdə bunun məbləği bir az da çox olacaq.
Keyfiyyətli işin hazırlanması bir ilə qədər
vaxt aparır.
-Bəs Azərbaycanda bu sahə
üzrə neçə mütəxəssis var?
-
Hazırda 7-8 nəfər peşəkar var. Onların
böyük əksəriyyəti “Azanfilm”dədir, qalanı isə
kənarda fəaliyyət göstərən yaradıcı
insanlardır. Məlumat üçün deyim ki, sonuncu kurs
1989-cu ildə olub. Görün nə qədər vaxt
keçib, üstəlik 90-cı illərin iqtisadi
böhranı həmin adamların ölkədən uzaqlaşmalarına
səbəb olub. Hazırda İran, Türkiyə, İsrail,
Rusiya, Fransa, eləcə də Amerikada vaxtilə “Azanfilm”də
işləmiş azərbaycanlılar, yaxud Azərbaycan vətəndaşı
olmuş ruslar çalışır. Əksəriyyətinin
də ayrıca animasiya studiyası var.
-Ümumiyyətlə, bu illər ərzində
çəkilən animasiya filmlərini necə qiymətləndirirsiniz?
Tamaşaçıların həmin animasiya filmlərini
ekranda görməməsinin səbəbi nədir?
- Hesab
edirəm ki, “Azanfilm”in son illər ən uğurlu işlərindən
biri “Siçan və pişik” dir. Daha sonra “Tırtılın
arzusu” və digərlərini qeyd etmək olar. “Balaca ev”
animasiya filmi 3D formatında çəkilib və kifayət qədər
uğurludur. Bu məsələdə telekanalların və
bizim günahımız çoxdur. İstənilən
audivizual məhsulun nümayişi ödənişlidir.
Bütün ödənişlər Kinorejissorlar Gildiyasına
edilir. Burda qəpiklərdən söhbət gedir. Avropa,
Amerika standartlarında hər bir film istehsalata buraxılanda
onun piarına büdcəsi qədər pul ayrılır.
Tamaşaçının görə biləcəyi yeganə
məkan telekanaldır. Kanal isə “Azanfilm”in istehsalı olan hər
hansı filmin yerinə reklamı artıq olmuş “Şrek”i
nümayiş etdirməkdə maraqlıdır. Həm keyfiyyət,
həm də piar baxımından o filmlər bizimkilərdən
çox üstündür. İstər-istəməz istənilən
tamaşaçının evinə o piar girir, bundan əlavə
bizim efirdə türk və rus kanalları açıq
yayımdadır. İstehsal olunan filmlərin hamısı
Dövlət Film Fonduna, Kinorejissorlar Gildiyasına təhvil
verilir, kanallarda tanış proqram direktorlarının
hamısına təqdim olunur. Son filmlərimizi AzTV-dən
başqa, demək olar, heç bir kanal nümayiş etdirməyib.
Bilirsiniz, bu məsələdə filmlərin
xronometrajının az olması da problem yaradır.
Çünki biz büdcəyə uyğun olaraq 10 dəqiqəlik
animasiya filmi istehsal edirik, amma televiziyalar 20-25 dəqiqəlik
animasiya filmlərinin efirə verilməsində
maraqlıdırlar. Onu da deyim ki, artıq piar
kampaniyasının təşkili ilə bağlı yeni
strategiya müəyyənləşdirmişik. Bura filmlərin
efirlərdə nümayiş olunması, tanıtım
xarakterli bağçalarda, məktəblərdə tədbirlərin
təşkili kimi məsələlər daxildir. Çox
tezliklə hamısından xəbərdar olacaqsınız.
Amma mən başqa bir məsələni də qeyd etmək
istəyirəm, ötən il xarici serialların efirdə
nümayişi ilə bağlı qadağa qoyuldu və onunla əlaqədar
dövlət maliyyə ayırdı, telekanallarda pis,
yaxşı seriallar çəkilməyə başladı.
Dövlət ilk addımı atdı və bundan sonra iş
televiziyaların, özəl studiyaların üzərinə
düşür. Nəzərə almaq lazımdır ki, bu
filmlər uşaqlar üçündür. Yəni, burda tərbiyələndirməkdən,
maarifləndirməkdən söhbət gedir. Biz bu filmlərlə
şüuraltı gələcək nəsli
hazırlayırıq. Bunun üçün hər bir layihəyə
çox vaxt və çox pul lazımdır. Əgər bu
bizə lazım deyilsə, “Azanfilmi”i bağlayırıq,
türklərin, rusların cizgi filmlərini nümayiş
etdiririk. Yox, əgər bizə lazımdırsa, onda bunun
üzərində ciddi konseptual iş görməliyik. Misal
üçün, yapon mədəniyyəti ilə Azərbaycan
mədəniyyəti arasında yerlə-göy qədər fərq
var. Bu gün yaponun uşağına öyrətdiyi Azərbaycan
uşağına nə dərəcədə
maraqlıdır, mən anlamıram. Ümumi bir neçə
animasiya filmlərini çıxsaq, digərləri istehsal
olunan ölkənin tarixi, şəxsiyyətləri ilə
bağlı informasiya verir. Bir sözlə, uşaq bu filmlərlə
tərbiyə olunur, informasiya alır.
- Hansı ölkənin təcrübəsindən
yararlanmaq faydalı olar?
Tək
bir ölkə deyil, bir neçə yaxşı məktəbin
nümunəsini tətbiq edərək inkişaf etməliyik.
Animasiya sahəsində İran, Rusiya, Almaniya, Amerika
qabaqcıl ölkələrdəndir. Türkiyədə
animasiya son 15-20 ildə yaranıb, amma çox sürətli
şəkildə inkişaf edir. Onların bu gün çəkdikləri
animasiya serialları Avropa satış bazarında çox
yaxşı satılır. İranın özündə
animasiya həddindən artıq güclüdür. İran
heç bir ölkədən animasiya filmi almır, hətta
regional televiziyalar da öz animasiya seriallarını çəkirlər.
İranda bunun məktəbi də var. Amma Azərbaycanda
heç bir ali təhsil, hətta orta təhsil səviyyəsində
animasiya təhsili yoxdur. 20 ildə animasiya sahəsində
diplomlu peşəkar mütəxəssis yetişməyib.
- Animasiya serialının çəkilməsi
ilə bağlı hansı fikirləriniz var?
-Ola
bilsin, animasiya serialının istehsalına başlayaq. Seriala
animasiya kurslarını bitirən gəncləri cəlb etmək
istəyirik, onlar üçün bunun çox yaxşı təcrübə
olacağına inanırıq. Cırtdan və digər 10-a
yaxın Azərbaycan nağılının
ekranlaşdırılması gözlənilir. Animasiya
serialı informasiya ötürmək, eyni zamanda da tərbiyəvi
xarakter daşıyacaq. Bundan başqa bir nümunə əsasında
serialın üstün tərəflərini də qeyd etmək
istəyirəm. Hər bir animasiya filmində bir personaj
yaradılır. Məsələn, Cırtdan personajını
10 dəqiqəlik film halına salandan sonra biz personajla
sağollaşıb, kompyuterdən “delete” edirik. Amma onu serial formasında
hazırlasaq, personaj davamlı yaşayacaq, biz də vaxt və
maliyyə baxımından qazanacağıq.
- Son vaxtlar Azərbaycanda “festivallar
üçün film çəkmək” anlayışı da
formalaşıb. Sizin buna münasibətiniz necədir?
- Belə
bir anlayış dünyanın heç bir yerində yoxdur. Bu
ancaq bizdə formalaşıb. Mənim üçün bir
anlayış var: yaxşı kino. Hər bir məhsul istehsal
olunanda son nəticədə onun alıcısı olur. Kinonun
alıcısı tamaşaçıdır. Əgər o
yoxdursa, heç bir kinodan söhbət gedə bilməz. Sadəcə
bizdə problem ondan ibarətdir ki, çəkilən filmlərimizi
tamaşaçı görmür. Yalnız son illər Nizami
Kino Mərkəzində Azərbaycan filmləri nümayiş
olunur. Həmin filmlərin tamaşaçısının
olmamasına gəldikdə isə bu həm piarın zəif
aparılması, həm də psixoloji amillə
bağlıdır. Hərdən səviyyəsiz məhsulun elə
reklamı aparılır ki, kinoteatrda ona baxanda niyə ora gəldiyini
düşünürsən. Deməli, piarçılar bizi
reklamla çox yaxşı aldadıblar. Həm də Azərbaycan
tamaşaçısında belə bir fikir yaranıb: “Azərbaycan
filmidirsə, bu, mütləq pis filmdir”. Artıq bu stereotipi
dağıdan filmlər var: “40-cı qapı”, “Buta”, “Sahə”,
“Çölçü” filmləri doğurdan da keyfiyyətli
filmlərdir. Mən onunla da razıyam ki, bir neçə
keyfiyyətsiz film Azərbaycan kinosunu arxaya ata bilir. Hazırda
televiziyalarda nümayiş olunan bəzi filmlərimiz var ki,
onlara film deməyə çətinlik çəkirəm.
Amma bütün bunların fonunda düşünürəm
ki, tamaşaçı yavaş-yavaş kinoteatra Azərbaycan
filminə baxmaq üçün gələcək.
Çünki ildə bir-iki keyfiyyətli film istehsal edirik,
nümayiş üçün məkanımız da var.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-26 fevral.-S.11.