“Texnoparklarda sahibkarlıq subyektləri üçün bir sıra güzəştlər nəzərdə tutulub” 

 

Elçin Zeynalov: “Texnoparklar xaricdə təhsil almış gənclərimiz və alimlərimiz üçün aktiv fəaliyyət meydanına çevriləcək”

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir sıra məsələlərə toxunan ölkə başçısı qeyri-neft sektorunda sənaye istehsalının artdığını, sənaye parkları tikildiyini bildirib. Yüksək texnologiyalar parkının yaradılmasının mühüm amil olduğunu qeyd edən ölkə başçısı xüsusilə bu il “İnformasiya Kommunikasiya Texnologiyaları ili”olduğunu bildirib. Bu il yaradılacaq İnformasiya Texnologiyaları Universitetində hazırlanan kadrların həmin yüksək texnologiyalar parkında işləyəcəklərni qeyd edib. Qeyd edək ki, ötən il iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı (“YT Park”) yaradılması haqqında Prezident fərman imzalayıb. “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Qeyd edək ki, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müvafiq tapşırıqlar verilib. Müsahibimiz RİTN-in Strateji Planlaşdırma, İnvestisiya və Elmi Potensial Şöbəsinin müdiri Elçin Zeynalovdur:

-Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir. Dünya iqtisadiyyatında İKT-nin və müasir texnologiyaların aparıcı mövqeyi Azərbaycana da öz təsirini göstərib. Bu gün İKT sektoru ölkəmizin yaxın gələcək inkişafında neft gəlirlərindən asılılığını aradan qaldıra biləcək sahə kimi qəbul olunur. Bu səbəbdən, İKT-nin ölkəmizdə sürətlə inkişafını təmin etmək məqsədilə lazımi addımlar atılır ki, Yüksək Texnologiyalar Parkının yaradılması da bu addımlardan biridir. Son illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tapşırıqlardan irəli gələn məsələlərə çox böyük diqqətlə yanaşılır. Sahibkarların texnopark çərçivəsində fəaliyyətlərini stimullaşdırmaq üçün güzəştlərin verilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz idxal olunan məhsulların istehsalını təşkil etməkdir. Belə ki, bundan illərlə sonra istifadə olunan və ölkədən maliyyə axınına səbəb olan məhsulların istehsalına şərait yaratmaq, bu layihələrə xarici investorları cəlb etmək və s. tədbirlər görməkdir. Region ölkələrini təhlil etsək, bu ölkələrin İKT məhsullarının istehsalı üzrə ölkəmizdən o qədər də fərqlənmədiyinin şahidi olarıq. Bizim start vəziyyətində olmağımız ölkəyə daha geniş imkanlar açır. Bu fikirlər Dünya İqtisadi Forumunun reytinqlərində də öz əksini tapıb. Danılmaz faktdır ki, Azərbaycanda İKT sektoru hazırda həm iqtisadi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30% təşkil edir. 2011-ci ildə artım 13% olub və sektorun həcmi təqribən 1,4 milyard manata çatıb. İKT sektoruna qoyulmuş investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların 3,2% -ni təşkil edir. Bu 415 milyon manata bərabərdir. Dövlət sektoru üzrə investisiyanın məbləği 146,5 milyon manat təşkil edir. 2011-ci ildə İKT sektoru üzrə xarici investisiyaların məbləği 42,0 milyon manat olub.

-İstehsal yönümlü texnoloji inkişafı təmin etmək üçün hansı imkanlardan daha çox istifadə edilməlidir?

-İKT sektoru üzrə inkişaf templərini daha da artırmaq, gəlirlərin səviyyəsini yüksəltmək, ölkənin valyuta imkanlarını çoxaltmaq və ölkənin yüksək texnologiyalara olan tələbatını ödəməklə yanaşı, yüksək gəlirli bazarlara çıxmaq imkanını qazanmaq üçün dayanmadan səylə çalışmaq lazımdır. Ölkə rəhbərliyi bu gün düzgün yol seçərək, texnoparkların inkişafına ciddi önəm verir. Biz hesab edirik ki, Yüksək Texnologiyalar Parkı İKT sektorunun katalizatoru rolunda çıxış edəcək və yaxın zamanda Qafqaz regionunun ən uğurlu təcrübəsi kimi beynəlxalq arenada yerini tutacaq. Azərbaycanın dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya etdiyi bir zamanda, texnoparkların yaradılmasına ciddi önəm verilir. Texnoparkların yaradılması zamanı ölkə üzrə prioritet sahə elan edilən informasiya-kommunikasiya texnologiyaları sahəsi də diqqət mərkəzində saxlanılır. Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikası fərmanı ilə "Yüksək Texnologiyalar Parkı" yaradılıb. 4 may 2009-cu ildə Prezident tərəfindən təsdiq edilən "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd olunan əsas məqamlardan biri də İnformasiya Cəmiyyətinin tələblərinə uyğun olaraq, biliklərə əsaslanan iqtisadiyyatın formalaşması və yaradılmasıdır. Milli strategiyada verilən tapşırıqlar içində elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin və istehsalın inteqrasiyasını təmin etmək, bununla bərabər texnoparklar, biznes inkubatorlar şəbəkəsinin genişləndirilməsi məsələsi qarşıya qoyulub. Yüksək Texnologiyalar Parkının yaradılması da bu iqtisadi siyasətin bilavasitə ardıcıl davamıdır. Yüksək Texnologiyalar Parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin, Yüksək Texnologiyalar Parkı innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcək.

- Texnoparkların yaradılması tələbə və gənc alimlər üçün yeni bir platforma ola bilərmi?

- Dünyada texnologiyaların inkişafı üzrə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Cənubi Koreya kimi ölkələr xüsusi yer tuturlar. Bu ölkələr müasir dövrün səviyyəsinə çatmaq üçün tarixləri ərzində müxtəlif mərhələli inkişaf yollarından keçiblər. Bu inkişaf yolunda texnoparklar xüsusi rol oynayıb. Müasir dövrümüzdə inkişaf etmiş ölkələrin əksəriyyətində texnoparklar mövcuddur, hətta bir sıra ölkələrdə onların sayı ali təhsil ocaqlarının sayına çatır. Bu texnoparkların universitetlər və elmi institutlar qədər əhəmiyyətli olduğunu göstərir. Texnoparkların dünya üzrə təcrübəsini təhlil edərkən müxtəlif növ inkişaf yollarını görmək olar. Onlar arasında ən mükəmməl ABŞ təcrübəsi kimi qəbul olunan "Silikon Vadisi"ni, təhsil ocaqları ilə birgə fəaliyyət göstərən Türkiyənin "Arı Texno" kəndini, müstəqil elmi və biznes məkanı kimi formalaşmış Rusiyanın "Skolkova" mərkəzini, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhərini nümunə kimi göstərmək olar. Əlbəttə, texnoparkların yaradılması tələbə və gənc alimlər üçün nəinki yeni bir platforma, mən deyərdim ki, texnopark xaricdə təhsil almış gənclərimiz və alimlərimiz üçün aktiv fəaliyyət meydanına çevriləcək. Burada gənc alimlər və mütəxəssislər innovativ və start-up layihələri ilə məşğul olmaq üçün lazımi dəstəyi alacaqlar. Onların uğurlu fəaliyyətləri nəticəsində xırda layihələrin uğurlu biznes təcrübəsinə qədər inkişaf etdirilməsi mümkün olacaq.

-Fərmanda öz əksini tapan məqamlardan biri də “YT-Park”da vergi, gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulub?

-Mühüm məqamlardan biri İKT sahəsində tətbiq olunan vergi-gömrük tarifləri ilə bağlıdır. Hazırda Azərbaycanda informasiya texnologiyalarının hazır məhsulları və onların komponentləri üçün tətbiq olunan gömrük rüsumları daha çox idxalı təşviq edir. Hazırda şəxsi kompyuter üçün gömrük rüsumu 3%, kompyuterin komponentləri üçün isə 10-15%-ə bərabərdir ki, bu da ölkədə İT məhsullarının istehsalı üçün çətinliklər yaradır. Bunun nəticəsidir ki, ölkədə İKT məhsullarına olan tələbatın sürətli artımı əsasən idxal olunan məhsullar və xidmətlər hesabına təmin edilir. Kompyuter və əlavə avadanlıqlar üçün Azərbaycanın gömrük rüsumları region ölkələri ilə müqayisədə yüksək olması ölkənin İKT sektorunun rəqabət qabiliyyətinin zəif olmasına şərait yaradan əsas amillərdən biridir. Bununla belə, texnopark ərazisində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün bir sıra güzəştlər nəzərdə tutulub. Burada fəaliyyət göstərən şirkətlər həm vergi, həm də gömrük sahəsi üzrə lazımi güzəştlər ilə təmin olunacaqlar. Yeni yaradılan şirkətlərə isə əlavə olaraq həm təşkilati, həm də texniki yardım göstəriləcək. Onlar təcrübəli hüquqşünaslar, maliyyəçilər, menecerlər və İT mütəxəssislər ilə sıx təmasda olacaqlar və dəyərli məsləhətlər, tövsiyələr əldə etmək imkanı qazanacaqlar.

-Texnoparkda istehsal olunacaq vasitələr, elmi tədqiqatların reallaşması, iri şirkətlərin korporativ əlaqələrinin genişləndirilməsi ilə bağlı nə deyərdiniz?

-Texnoparkda fəaliyyət göstərən şirkətlər əsasən proqram təminatının hazırlanması, İT məhsulların istehsalı, milli internet kontentdə yeni resursların yaradılması və mütərəqqi texnologiyaların inkişafı istiqaməti üzrə fəaliyyət göstərəcəklər. Həmçinin, texnoparkın müasir komplekslərində telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələri üzrə tədqiqatlar aparılacaq və yüksək texnologiyaların hazırlanması həyata keçiriləcək. Texnoparkda elmi-tədqiqat və texnoloji-transfer mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Çünki bu mərkəzlər vasitəsi ilə yüksək texnologiyaların, o cümlədən nanotexnologiyaların yaradılması mümkün olacaq. RİTN-də yüksək texnologiyalar sahəsi üzrə müsbət təcrübə formalaşıb. Belə ki, artıq 2008-ci ildən nazirliyin tabeliyində yüksək texnologiyalar mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə aparılan işlər nəticəsində bir sıra elmi və praktik nəticələr əldə olunub. Bundan başqa, texnopark ərazisinə iri şirkətlərin cəlb edilməsinə də xüsusi diqqət ayrılacaq. Burada fəaliyyət göstərəcək şirkətlər eyni məkanda öz korporativ əməkdaşlıqlarını qurmaq imkanını qazanacaqlar. Bu təcrübə iri biznes subyektlərinin gənc iş adamları ilə birgə fəaliyyətinə imkan verəcək. Belə bir kompleks sistemin qurulması bütün tərəflər üçün səmərəli olacaq. Gənc sahibkarlar biznes təcrübəsi qazanacaqlar, iri şirkətlər isə yeni layihələrin komersiyalaşdırılması imkanına sahib olacaqlar.

Texnoparkın əsas maliyyə dəstəyi rolunda dövlət çıxış edir və burada əsas pay RİTN-in tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna aid olacaq. Bildiyiniz kimi, Dövlət Fondunun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir. Güman edirik ki, Dövlət Fondu real mexanizm olaraq İKT sahəsinin güclənməsini təmin edəcək. Fond texnopark ərazisində fəaliyyət göstərən şirkətlərə qrantlar, kreditlər və investisiyalar vasitəsilə dəstək olacaq.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-27 fevral.-S.4.