“Yazıçı sırf öz xeyrinə, mənfəətinə görə xalqın faciəsinə göz yumursa, bu, insanlığa xəyanətdir” 

 

Sahilə İbrahimova: “Forslu mövzular, gender bərabərliyi, eynicinsdən olan evliliklər və s. mövzuda yazılan əsərlər artıq dəbdən düşməkdədir”

 

Arayış:

Sahilə İbrahimova 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsi üzrə bakalavr, Etnologiya üzrə isə magistr təhsili alıb. “Azərbaycanda demokratiyanın inkişaf perspektivləri”adlı esse müsabiqəsində 1-ci yer (2006), Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş “Yeni adlar”müsabiqəsində “Qorxu”adlı hekayəsi ilə 1-ci yer (2010) tutub, “Azadlıq Radiosu”nun 2010-cu ildə keçirdiyi qısa hekayə müsabiqəsində “Mən deyildim” və “Avqustun iyirmi üçünə üç gün qalmış” hekayələri 10-luğa düşüb. “Varlı kişinin portmanatı” adlı hekayələr kitabı 2010-cu ildə “Milli Kitab mükafatı”nın uzun siyahısına daxil edilib. Gənclər və İdman nazirliyinin layihəsi olan “Azərbaycan Gənclər Parlamenti”nin üzvü olub (2006-2008-ci illər). 2010-11-ci illərdə Prezident təqaüdü alıb. 2011-ci il Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat nominasiyası üzrə “İlin Gənci” adına layiq görülüb. Kitabları: “Varlı kişinin portmanatı” (2010), “Yuxarı və Aşağı ətraflar” (2012)

-Sahilə xanım, yazmağa nədən başladınız?

- İlk hekayəmi 8 yaşımda yazmışdım. O dönəmlər ilk dəfə “müəllif” sözünü eşitmişdim, xoşuma gəlmişdi. Qarabağ hadisələrindən bəhs edən “Yanmış evin nağılı” adlı tamaşada balaca Nigar rolunu oynayırdım. Xüsusi günlərdə əsərin ssenari müəllifi tamaşalara gəlirdi, hamı ona xüsusi hörmət edirdi. Deyirdilər, bu gün müəllif də gələcək. Həmin gün aktyor heyəti işinə daha məsuliyyətlə yanaşırdı. Sonda xüsusi alqışlarla müəllifi səhnəyə dəvət edirdilər. Deyim ki, o da həmişə yanına çağırıb gülünü mənə verirdi. Yəqin müəllifə olan hörmət xoşuma gəlib və nəsə yazmağa qərar vermişəm. Sonra heç nə yazmamışam, yazmaq fikrim də olmayıb.

-İnsanlarda adətən “dünyanın ən çətin peşəsi”ni stereotipləşdirmək ənənəsi var. Çətindirmi yazıçı olmaq?

- Mən çətinlikdən bacardıqca az şikayətlənməyə çalışıram. Çalışıram, ya çətin işi asanlaşdırım, ya o çətinlikdən canımı tamamilə qurtarım, ya da ona dözməliyəmsə, susuram. Çətin tərəfi odur ki, hələ də oxucu qıtlığı var. Amma mən bu işə başlayanda nə ilə qarşılaşacağımı bilirdim. Nəyi itirib, nəyi qazanacağımı təxmin edirdim. Kimsə mənə “gəl sən yaz, biz səni oxuyacağıq” deyib yazıçı olmağa dəvət eləməyib. Kimsə məni yazıçılığa vadar etmir. Reallıq ortada idi. Mən yazmağa başlayanda da oxucu az idi, indi də. Mənim şikayətlənməyə haqqım yoxdur.

-Yazmaq daha maraqlıdır, yoxsa başqalarının yazdıqlarını oxumaq?

- Yerlərini dəyişə bilirlər. Bəzən birinci, bəzən ikinci, bəzənsə heç biri. Bir də yazanda başqasını oxuyurmuş kimi özünü oxuya bilirsən. Məncə, bu, oxumağın ən zövqverici tərəfidir. Ağlına nə gələcəyini bilmirsən, beyninin bir küncündə gizlənmiş bir fikrini kəşf etməyin səni həyəcanlandırır. Sənə səni tanıdır. Yazmaq adama özünü oxudur.

-Ən çox kimləri mütaliə edirsiniz? Kumiriniz kimdir?

-Mütaliyə etdiyim yazıçıların siyahısı son illərdə xeyli böyüyüb. Ona görə sadalamaq istəmirəm. Hazırda ispan ədəbiyyatı ilə tanış oluram. Daha öncə Servantesdən və Lorkadan başqa ispan ədəbiyyatından heç kimin adını belə eşitməmişdim. Konkret yazıçı kumirim yoxdur. Tez-tez dəyişir. Ən çox sevdiyim ədəbi obraz isə “Səfillər”dəki Jan Valjandır. İdeal insan obrazım da ona bənzəyir: istənilən çətinliyə, qarşılaşdığı eybəcərliyə rəğmən, mərhəmətini və sevgisini qoruyub saxlaya bilən adamlar.

-Sizcə, yazıçının milliyyəti olmalıdır, yoxsa burada kosmopolit düşüncə daha çox işə yarayır?

- İnsanlar daim “Mən” lərini yerləşdirmək üçün “Biz” axtarışındadırlar. Biz daim daxil olmaq üçün qruplar axtarırıq. Müxtəlif təşkilatlarda, dərnəklərdə, futbol klubları ətrafında birləşməmiz, ailə qurmamız belə bizim “Biz”in içərisində olmaq istəyimizdən irəli gəlir. Millət, xalq qeyd etdiyim qrupların hamısından daha stabil, daha dayanıqlı “Biz” dir. Ona görə insanlar ondan belə bərk yapışırlar. Ondan imtina edən insanlar isə mənən daha tənha, eyni zamanda daha güclü və ya zəif insanlardırlar. Onlar bir az cığal, bir az da qeyri-adidirlər. Açığı, sabah dünyada bircə millət, bircə din, bircə dil qalacaq desələr, mən o, bircənin dalınca gedən ilk adamlardan olacam. Mən bu qədər dilin, dinin, bu qədər millətin olmasının əleyhinəyəm, iqtisadi və mədəni qloballaşmanı dəstəkləyirəm. Lakin dünyanın səmimi “BİR”ləşməsi reallaşmadıqca şəxsən mən özümü millətimin himayəsindən məhrum edə bilmərəm. Bilirsiniz, əsas odur, hər şey olmasa da, çox şey səmimi olsun. Sualınızdakı “işə yarayır” prinsipi kiminsə şəxsini bütünlüklə bürüyürsə, mən o, yazıçını və insanı sevə bilmirəm.

-Sizcə Orxan Pamuk, Əkrəm Əylisli, Əli Əkbər əsərlərində kosmopolit idilər, yoxsa “Vətən xaini”?

-Mənim qənaətimə görə, forslu mövzular, gender bərabərliyi, eynicinsdən olan evliliklər və s. mövzuda yazılan əsərlər artıq dəbdən düşməkdədir. Çoxu məhz bu yolla dünyəvi düşündüyünü göstərməyə çalışırdı, amma bu, artıq gücünü itirməyə doğru gedir. Artıq dünya nəsrinin rəngarəngliyi üçün hər xalqın özünəməxsus cəhətlərini özündə əks etdirən əsərlərə ehtiyacı var. Nəsrdə kosmopolitlik dekoru gözləri yorub. Bəşəri ideya qalmalı, amma dekor dəyişməlidir.

Adlarını çəkdiyiniz imzaları ayrı-ayrılıqda təhlil etmək lazımdır deyə düşünürəm. Şəxsən mən onları özüm üçün eyniləşdirmirəm. Üçünün ayrı-ayrılıqda təhlili isə vaxt aparacaq. Ümumiləşdirib yalnız bir şeyi deyə bilərəm, Vətən xaini olmağı kiməsə bağışlamaq olar, əsas odur, insanlığa xəyanət etməyəsən. Məsələn, bu yaxında İsrail qanunla əsir düşmüş əsgərlərinə canlarını qurtarmaq üçün dövlət sirlərini düşmən tərəfə açmağa icazə verdi. Buna görə kimsə onları Vətən xaini adlandırmayacaq. Hər şeydən öndə insanlıq gəlməlidir. Yazıçı sırf öz xeyrinə, mənfəətinə görə hansısa xalqın insan faciəsini qabardıb hansınasa göz yumursa, bu, Vətənə yox, insanlığa xəyanətdir. Onun “insan faciəsinə olan həssaslıq” adlandırdığı şey artistlikdir. Ümumiyyətlə, mənim sevdiyim nəsr təxminən Knut Hamsunun nəsridir. Şəxsi iddialara, qəzəbə, kinə bulaşmayan estetik etirazlı mehriban nəsr.

-Hekayələrinizin mövzularını nədən götürürsünüz: həyatdan daha çox, yoxsa fantaziyalardan və yaxud da bunların sintezindən?

-Sintezindən. Mən yazıçı uydurması olmayan əsəri bədii əsər saymıram. Bədii cümlələrlə yazılmış məqalə sayıram. Bədii əsərdə qurma, dağıtma olmalıdır. Həyat hadisəsi bir dilim çörəkdirsə, yazıçı ona yağ çəkməli, bal sürtməli, duz səpməli, onu daha yeməli hala gətirməlidir. Yaxud həyat hadisəsi bir parçadırsa, yazıçı bir dərzi kimi onu qəhrəmanının ölçülərinə uyğun biçib-kəsməlidir.

- Kimlər əsərlərinizin qəhrəmanı ola bilər: aciz, miskin insanlar, yoxsa güclü, iradəli olanlar? Hansıları qəhrəman etmək daha asandır?

- İndi üzərində işlədiyim əsərdə təxminən belə bir söz var: ədəbiyyat yeganə istehsal sahəsidir ki, ən keyfiyyətli məhsullar ucuz xammaldan əldə edilir. Altı deşilmiş ayaqqabılardan, cırıq uşaq paltarlarından, köhnəlmiş sevgilərdən, çox işlənib yeyilmiş insanlardan... Hələlik, qəhrəman obrazı yarada bilməmişəm, “Yuxarı və Aşağı ətraflar” romanımda Gün adlı qız bir az mübariz idi, amma çoxu sonda onu məğlub kimi gördü. 2012-ci ilin ədəbi yekunları haqqında tənqidi yazıda mütəxəssislər bütün dünyada güclü insan obrazlarının az yaradılmasından gileylənirdilər. Bir hekayəmdə dediyim kimi, indi qəhrəmanlığın böhran dövrüdür. Hətta ədəbiyyatda da.

-Hekayələrinizlə tanış olandan sonra belə qənaətə gəldim ki, sizdə satira daha çox uğurludur. Bunun üçün yazıçıya nə lazımdır?

-Mənim üçün satirik hekayə yazmaq çətindir. Onu bayağılıqdan qurtarmaq üçün çox əziyyət çəkirəm. Ona görə nazir müavinindən bəhs edən “Zırrama” hekayəmdən sonra satirik bir yazım olmayıb.

-Müsahibələrinizin birində “böyük iddialarım, uzunmüddətli planlarım yoxdur” demisiniz. S.İbrahimova nədən stimul alır?

- Xüsusi heç nədən. Yaxud özüm də gözləmədiyim halda, hər şeydən. Sadəcə hələlik yaşamaq xoşuma gəlir.

-Ədəbi mühitdəki “köhnə nəsil” “yeni nəsil” çəkişmələrindən xəbəriniz var. Kimi haqlı sayırsınız?

- Söhbət indiki çəkişmələrdən gedirsə, konkret danışmaq istərdim. Yazıçılar Birliyinin indiki fəaliyyətini müasir beynəlxalq standartlara cavab verməyən fəaliyyət olaraq qiymətləndirirəm. Təbi gələndə iki alababat şeir yazıb dövlətdən mənzil, təqaüd tələb eləyən adamları da qəbul edə bilmirəm. Nə Azərbaycan oxucusu onlardan yararlanıb, nə də beynəlxaq səviyyədə bir fəaliyyətləri olub. Ola bilsin, imkan yaranmayıb özlərini göstərsinlər. Yazıçılar birliyinə ayrılan pulların şəffaflığını təmin etmək üçün müxtəlif müsabiqələrin, qrant layihələrin təşkil edilməsini zəruri sayıram. Bu layihələr dinindən, siyasi baxışından asılı olmayaraq, bütün yazıçıların üzünə açıq olmalıdır. Mükafat olaraq yazıçıların kitabları tərcümə olunmalıdır, xarici kitab agentləri ilə müqavilələr imzalanmalı, peşəkar kitab marketoloqları yazıçılarımızın beynəlxalq səviyyədə tanıdılması üçün peşəkar plan hazırlamalıdırlar, bir sözlə, kitab bazarının bütün tələblərinə uyğun iş prosesi yaradılmalıdır. Təəssüf ki, bunların heç biri yoxdur. Gənc nəslə gəldikdə isə, çox zaman ittihamlar şəxslərə ünvanlanır, köşə yazı müstəvisində aşağı səviyyəli yazılar yazılır ki, bu da kənardan çox qeyri-etik və naşı görünür. Hətta haqlı olsalar belə, haqsız duruma düşürlər və insanlarda ikrah hissi doğura bilirlər. Düşünürəm ki, düşmənçiliyin də ədəbi olmalıdır.

-Müasir ədəbiyyata gənclərin meylinin az olması müasir yazıçıların, yoxsa elə gənclərin günahıdır?

- Bütün dünyada oxucu darıxqanlığı var. Romanları əsasən evdar qadınlar oxuyurlar. O boyda Avstraliyada şeir kitabı 500 tirajla çıxırsa, mən necə Azərbaycan oxucusunu qınaya bilərəm? Sən maraqlı olmalısan ki, səni oxusunlar. Oxucunu o vaxt qınaya bilərsən ki, ona nəyisə pulsuz verəsən. Bir halda ki, kitabı satırsan, bazarın qaydaları ilə oturub-durmalısan. İqtisadiyyatda isə qayda belədir: alıcı həmişə haqlıdır. Bu, ədalətli olmasa da, reallıqdır. Bəzən bizim yazıçılarımız kütləvi bulvar ədəbiyyatı yazmadığını bəyan edir, eyni zamanda çoxluq tətəfindən oxunmadığından şikayətlənir. Hər yazıçı oxucusunu özü yetişdirməlidir. Yaxşı ki, indi sosial şəbəkələr var. Artıq yazıçılar sosial şəbəkələrdəki fəaliyyətləri ilə özlərinə oxucu yetişdirirlər. Bu, çox yaxşı haldır.

-Gələcək planlarınız. Oxucularınızı hansı yeniliklər gözləyir?

- Bu yaxında tammetraj film üçün bir ssenari yazıb bitirmişəm. Təəssüf ki, düşünmürəm, tezliklə ekranlaşması mümkün olsun. Roman üzərində işləyirəm. Bir də bu yaxında kiçik bir layihə etmək istəyirəm. İkinci kitabımın nəşrinə xərclədiyim pulları satışdan əldə etdiyimdən, əlavə qazanc istəmirəm. Qalan təxminən 100 kitabı “Açıq hava kitabxanası” adlı layihə üçün istifadə etməyi planlayıram. Kitablar ictimai yerlərdə skamyaların üstünə, fontanların qırağına qoyulacaq, adamlar kitabları oxuyub başqalarının da oxuması üçün yenidən küçələrdən birinə qoyacaqlar. Kitabın içində bu barədə qeyd olacaq.

 

 

Nuranə ABBASOVA

 

Palitra.-2013.-27 fevral.-S.12