Azərbaycan Los-Ancelesdə keçirilən turizm sərgisində təmsil olunub

 

Fevralın 22-24-də “Los Anceles Times” qəzeti tərəfindən Los-Ancelesdə keçirilən Turizm Sərgisində Azərbaycan təmsil olunub. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. İştirakçılara Los-Ancelesdə fəaliyyət göstərən “Wonders of Azerbaijan” turizm şirkəti “İpək Yolu üzərində Azərbaycan”, “Aleksandr Dümanın izi ilə qida və şərab turu”,  “Mədəni müxtəliflik turu” və “Eko-tur” kimi turizm paketleri təqdim edib.

Qeyd edilib ki, stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq, sərgi iştirakçıları arasında paylanıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir.

 

 

Nigar

 

Palitra.-2013.-26 fevral.-S.15.