Qara Qarayevin yubileyinə
həsr olunan konsert keçirildi
Naxçıvan
Dövlət Universiteti İncəsənət fakültəsinin
Musiqişünaslıq və metodika kafedrasının SSRİ
xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli
Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 95
illiyinə həsr edilmiş hesabat konserti keçirilib. Hesabat
konsertində çıxış edən,
Musiqişünaslıq və metodika kafedrasının
müdiri, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İnara Məhərrəmova, rəhbərlik
etdiyi kafedra haqqında məlumat verdikdən sonra, dahi bəstəkar
Qara Qarayevin həyat və yaradıcılıq yolundan bəhs
edib.
Qeyd olunub ki, bu münasibətlə ölkəmizdə fevral ayının 5-dən etibarən keçirilən dahi bəstəkara həsr edilmiş tədbirlər silsilə xarakter alıb. Bildirilib ki, Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olub. Onun "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Onun birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. "Don Kixot" simfonik qravürləri, "Leyli və Məcnun", "Vyetnam süitası" əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. "Don Kixot" və "Vyetnam süitası" əsərləri Qarayevin eyni adlı filmlərə bəstələdiyi musiqi əsasında yaradılıb. Bundan əlavə, Q.Qarayev "Dənizi fəth edənlər", "Qızıl eşelon", "Xəzər neftçiləri haqqında povest", "Uzaq sahillərdə" və digər filmərə də musiqi bəstələyib.
Musiqi müəllimliyi ixtisası üzrə I
kurs tələbəsi Zəhra Nəcəfli “Qara Qarayev
yaradıcılığının ümumi
xarakteristikası”, Musiqişünaslıq ixtisası üzrə
III kurs tələbəsi Səmra Əliyeva “Qara Qarayevin
simfonik yaradıcılığı”, Musiqi müəllimliyi
ixtisası üzrə II kurs tələbəsi Aysel Məsumova
“Q. Qarayevin balet yaradıcılığı”,
Musiqişünaslıq ixtisası üzrə II kurs tələbəsi
Nuray Bektaşi “Q. Qarayevin kamera-instrumental
yaradıcılığı”, Musiqi müəllimliyi
ixtisası üzrə I kurs tələbəsi Aysel Ələkbərova
“Q. Qarayevin yaradıcılığında kino musiqisi”
mövzularında məruzələr ediblər. Sonra tələbələr
bəstəkarın əsərlərini səsləndiriblər.
Bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi
Ülvi Əhmədovun “Don Kixot” simfonik qravürlərindən
“Səyahət”, Orkestr alətləri ixtisası üzrə I
kurs tələbəsi Cahangir Qurbanov Fortepiano
kafedrasının baş müəllimi Xalubər
Namazovanın müşayiəti ilə “Skripka
üçün Prelüd” adlı parçaları uğurla
ifa ediblər. Konfransda, Qara Qarayevin həyat və
yaradıcılığına həsr olunmuş film, “Yeddi
gözəl” və “İldırımlı yollarda” baletindən,
simfonik və kino musiqisindən fraqmentlər nümayiş
etdirilib. Sonda konsert proqramından razılığını
bildirən uiversitetin rektoru, akademik İsa Həbibbəyli təəssüratlarını
bölüşərək, “Yaşadığı zəmanəsinin
və bugünkü zəmanəmizin bəstəkarı” olan
Q. Qarayevin 95 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətini
vurğulayıb. Rektor, universitetin incəsənət
fakültəsində istedadlı musiqiçi
kadrlarının yetişməsi üçün hərtərəfli
şəraitin olduğunu, belə konsertlərin gənc
ifaçıların həyatında çox mühüm rol
oynadığını, onların səhnə mədəniyyətinə,
professional ifaçılıq məziyyətlərinə
çox müsbət təsir göstərdiyini qeyd edib.
Rektor, tələbələrin və onların üzərində
ciddi çalışan müəllimlərin işini yüksək
qiymətləndirərək onlara gələcəkdə
böyük səhnələri fəth etməyi arzulayıb.
Mina QASIMOVA
Palitra.-2013.-28 fevral.-S.10