“İstedadlı gənclərə xüsusi dəstək göstərilir”

 

“Musiqiyə qəlbən bağlı deyilsənsə, heç vaxt musiqinin sehrinə dala bilməzsən”

 

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin inspektoru Aqil Rzayevdir:

 

-Musiqiyə gəlişiniz... Sizdə musiqi həyatı nədən başladı?

- Musiqi həyatım hələ uşaq yaşlarımdan başlamışdı. Məndə musiqiyə çox böyük həvəs olub. Musiqiyə bağlılığım valideynlərimin diqqətindən yayınmadı. Orta məktəbdə 3-cü sinifdə oxuduğum zaman valideynlərim məni musiqi məktəbinə, həvəskarı olduğum tar sinfinə qoydular. Çünki mənim uşaqlıqdan tar alətinə həvəsim və sevgim olub. Musiqi təhsilimi aldığım zaman bir ifaçı kimi nailiyyətlərim oldu. Hacı Xanməmmədova həsr olunmuş konkurslarda iştirak edərək, laureat oldum, birinci yerə layiq görüldüm. Musiqi dərslərimi mükəmməl bildiyim üçün məktəbdə məni 1-ci sinifdən 3-cü sinfə keçirdilər. Musiqi məktəbini əla qiymətlərlə bitirdikdən sonra ixtisasım üzrə 1997-ci ildə A.Zeynallı adına musiqi texnikumuna-indiki Musiqi kollecinə qəbul oldum. Orada tar ifa etməklə bərabər, oxumağa qarşı da həvəsim artmışdı. Bir müğənni kimi də tanınmaq arzum olub. Texnikumda oxuduğum zaman ixtisas dərslərimdən əlavə muğam dərslərinə də gedirdim. Orta ixtisasımdan sonra 2001-ci ildə ali məktəbə, Azərbaycan Milli Konservatoriyasına qəbul oldum. Konservatoriyaya daxil olandan sonra müğənni və ya xanəndə kimi özümü sınamaq iddiasına düşdüm. Dostum Faiq müəllim məni mərhum xanəndəmiz olan Xalq artisti İslam Rzayevin yanına apardı. Mən İslam müəllimə xalq mahnısı “Ahu kimini ifa etdim. O, səsimi dinlədikdən sonra mənə dedi ki, sənin çox gözəl səsin var, sən niyə bu sənətin dalınca getmirsən? İslam müəllimin sözlərindən sonra ifaçılığa məndə böyük həvəs yarandı. Bundan sonra mən vokal dərsləri almağa başladım. Tələbəlik illərimdə əsrimizin Koroğlusu olan Ramil Qasımovla tanışlığımız oldu. Vokal dərslərimdə Ramil müəllimin də çox böyük köməyi oldu. Bu günün özündə də çox köməyi olur.

Müğənni kimi fəaliyyət göstərirəm. Bir çox müsabiqələrdə iştirak etmişəm. “Ulduzla duet”, “Arazın starı” müsabiqələrinin laureatı olmuşam. Hazırda “Azərbaycanın səsi” müsabiqəsində iştirak edirəm. İki həftədir ki, birinciliyi saxlayıram. Bir musiqiçi kimi bu müsabiqədə də ifamı bəyənirlər. Repertuarımda bəstəkar Rəşid Şəfəqin, Ramiz Mirişlinin əsərləri xüsusi yer tutur.

- Hansı musiqi janrına daha çox üstünlük verirsiniz?

- Mən klassik musiqiyə üstünlük verirəm. Milli janra daha çox müraciət edirəm. Müasir musiqilərimiz gözəldir. Sadəcə olaraq mənim daha çox ruhuma klassik milli musiqilərimiz yaxındır. Bu musiqilər mənim daha çox incəsənətə, musiqi dünyasına yaxın olmağıma səbəb olur. Gənc bəstəkarlar yeni bəstələnən mahnıları mənə təqdim edəndə mən o mahnılara ürəyimi bəxş edə bilmirəm. Çünki o musiqilər mənə uzaqdır. Tofiq Quliyevin, Səid Rüstəmovun əsərlərini ifa edəndə mən öz bacarığımı tam şəkildə göstərə bilirəm.

-Azərbaycan Respublikasının gənc vətəndaşı kimi ölkə siyasətinə baxışınız...

- Onu qeyd edim ki, institut illərində oxuduğum zaman 2005-ci ildə YAP-a könüllü olaraq üzv oldum. Bugünkü gündə bu partiyanın üzvüyəm. Bu gün çox böyük fəxr hissi duyuram ki, bizim partiya gənclərə dəstək olur. Xüsusilə onu qeyd etmək istərdim ki, ümummilli liderimiz vəzifəyə gəldiyi ilk gündən ölkədə çox böyük dəyişikliklər oldu. Yadımdadır ki, hələ ulu öndər vəzifəyə gəlməmişdən az öncə ailəmizdə tez-tez bir fikir söylənərdi ki, bircə Heydər Əliyev vəzifəyə gəlsəydi, ölkəmizdə bir çox şeylər dəyişərdi. Yadımdadır ki, o zamanlar millətimiz bir çox əziyyətlər görürdü. Bir sözlə, dərəbəylik idi. Lakin Heydər Əliyevin gəlişi bütün bunlara son qoydu. Artıq müstəqil vətənimizdə, demokratik ölkəmizdə yaşayırıq. Ən əsası bu, mənim üçün böyük şərəfdir.

-Bu gün cəmiyyətimizdə gənclərə, gənc diplomatlara münasibətiniz...

- Münasibətim çox müsbətdir. Çünki bu gün Azərbaycan gəncliyi yüksək səviyyədə inkişaf edir. İstər savad baxımından, istərsə siyasi-ictimai həyatda çox irəli gedirlər. Bugünkü Azərbaycan gəncliyi ölkə siyasətinə çox güclü amalla yanaşır, gələcəyə böyük ümidlə baxır. Mən hazırda Azərbaycan Dövlət Televiziyasının S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində inspektor vəzifəsində çalışıram. Bizim orkestrdə əksəriyyət gənclər fəaliyyət göstərir. Azərbaycan Televiziyası da öz növbəsində istedadlı gənclərə xüsusi dəstək göstərir.

-Gənclərin həyatında təhsil kimi rol oynayır?

- Mən belə düşünürəm ki, hər şey insanın özündən asılıdır. Çünki bu gün bütün sahələr inkişaf edib. Yeni imkanlar yaranıb ki, gənclər hər sahədə inkişaf etsin. Bunun üçün dövlətin gənclərə xüsusi diqqəti qayğısı çox vacibdir. Bundan sonrası insanın özündən asılıdır. Əgər insan qabağına məqsəd qoyursa, o zaman hər istəyinə nail olur. Bəzi insanlar var ki, Allahın ona bəxş etdiklərinin qiymətini bilmir. Yaxud naşükürlük edir.

- İncəsənət sizin aləminizdə necə ifadə olunur?

- Mən belə başa düşürəm ki, insan gərək ruhən incəsənətdə olsun. Çünki incəsənət ruhən ona bağlı olan insanlarındır. Musiqi dünyası da belədir. Musiqiyə qəlbən bağlı deyilsənsə, heç vaxt musiqinin sehrinə dala bilməzsən. Ona görə incə sənətdə olan hər kəs çox həssas olur. Mən isə özümü incəsənətsiz təsəvvür edə bilmirəm. Təsəvvür edə bilmirəm ki, mən incəsənət sahəsindən ayrılıb başqa sahəyə üz tutum. Hiss edirəm ki, mən bu sahə üçün yaranmışam. Bir müddət incəsənətdən uzaq düşmüşdüm. Lakin yenə musiqi aləmi məni özünə çəkib apardı. İnsanlar var ki, illərdir çalışdığı sənətini, peşəsini bir anlıq ata bilir. Ancaq musiqi biz incəsənət insanlarının həyatında mümkünsüz bir hala çevrilib.

- Sənətinizdə hansı korifey sənətkarın pərəstişkarı olmusunuz? Onu özünüzün kumiri seçmisiniz?

- Mən hələ kiçik yaşlarımdan korifey sənətkarlarımızdan Rəşid Behbudovun pərəstişkarı olmuşam. R.Behbudovun ifasında xüsusənKüçələrə su səpmişəmmahnısını eşidəndə, mənəvi ruh yüksəkliyi alıram. Bir çox böyük sənətkarlarımız var. Lakin Rəşid Behbudovun mənim sənət dünyamdakı yeri tam başqadır.

Bugünkü gündə gənclər arasında korifey sənətkarların yolunu davam etdirənlər var. Ancaq Rəşid Behbudovun yeganə davamçısı Ramil Qasımovu görürəm. Tam əminliklə deyə bilərəm ki, gənc olmasına baxmayaraq, onun potensialı buna yol verir. Bu sənət elədir ki, hər zaman göz qabağındadır.

 

Xəyalə GÜNƏŞ

 

Palitra.- 2013.- 30 iyul.- S. 13.