“Birinci növbədə, milli musiqimizi təbliğ etməyimiz daha vacibdir”

 

Əməkdar artist Elnur Əhmədov: “Xanəndənin ani bir dəqiqədə ya boğazı quruya bilər, ya da fikri yayınar. Həmin anda onu vəziyyətdən elə çıxarmaq lazımdır ki, bu hiss olunmasın”

 

Əhmədov Elnur Oruc oğlu 1977-ci il mayın 13-də Zəngilan rayonunda anadan olub. 2000-ci ildə Bakı Musiqi Akademiyasının kamança ixtisası üzrə magistr dərəcəsini bitirib. Hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir. Eyni zamanda Musiqi Kollecində muğam müəllimi kimi dərs deyir. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestr solisti vəzifəsində çalışır.

Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, Niyazinin “Rast” və s. kimi milli tamaşalarda muğam partiyalarını ifa edib. Azərbaycan xalq musiqisi və muğamlarını bir neçə xarici ölkədə tərənnüm edib. 2000-ci ildə İstanbulda “Leyli-Məcnun” tamaşasında, 2001-ci ildə Strasburqda Azərbaycan AŞPA-ya qəbul edilərkən, 2002-ci ildə ABŞ Vaşinqton İpək Yolu Festivalında, Amsterdam Atlas Ansamblı lahiyəsində dünya musiqiçilərinin birgə orkestrində çıxış edib. 2003-cü ildə Səmərqənddə Beynəlxalq “Şərq Təranələrı” musiqi festivalında 2-ci yerə layiq görülüb. Eyni zamanda Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Aygün Bayramova ilə Avstriya, Belçika, Norveç, İsveç, İngiltərə, İspaniya, İran, Rusiya, Ukrayna, Belarus, Misir, İsveçrə, Finlandiyada birgə çıxış edib. 2005-ci ildə H.Əliyev Fondunun rəhbərliyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində gənc xanəndələrin püxtələşməsində çox böyük rolu olub və bu əməklərinə görə “Humay” mükafatına layiq görülüb. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. H.Əliyev Fondunun mükafatçısıdır. Fondun bir neçə layihəsində yaxından iştirak edib. 2007-ci ildə Xalq artisti, professor Siyavuş Kəriminin Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə layihəsi olan “Trans Atlantik Non Stop” adlı kompakt diskində ifa edib. 2009-cu ildə H.Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Festivalında xanəndə, Əməkdar artist Təyyar Bayramovla Qran-Pri mükafatına və eləcə də müsabiqənin ən yaxşı musiqiçiləri adına layiq görülüblər. 2010-cu ildə “Tarım Kamanım mənim” adlı yeni instrumental audio CD-ləri işıq üzü görüb.

Müsahibim Prezident mükafatına layiq görülmüş incəsənət xadimlərindən biri, müasir Azərbaycanın bugünkü günündə yaşca gənc, ancaq sənət stajı baxımından kamança ustadlarından biri sayılan Əməkdar artist Elnur Əhmədovdur.

- Elnur müəllim, bugünkü kaman ustadlarımızın sırasında siz də varsınız. Sizin də adınız ön sıralarda çəkilir. Siz də görkəmli kamança ustası, incəsənət xadimisiniz. Bu sahədə arzuladığınız mərtəbəyə sahib ola bilmisiniz?

- Əgər mənim də adım ön sıralarda çəkilirsə, bir musiqiçi olaraq özümü çox xoşbəxt sayıram. Çünki ifaçılıq sənətinin zirvəsi yoxdur. Sonsuzdur. Deyərdim ki, bu zərrə-zərrə qazanılan zəhmətin nəticəsidir. Gəlib hansısa zirvəyə çatmaq, tamaşaçıların sevimlisinə çevrilmək, tamaşaçının qəlbinə yol tapmaq hər bir ifaçının arzusudur. Əgər ifamla tamaşaçıya nəyisə çatdırmağı bacarıramsa, istər ifaçılıq, istərsə də pedaqoji fəaliyyətdə tələbə yetişdirməyi bacarıramsa, mən özümü xoşbəxt sayıram. Musiqiçinin ən böyük xoşbəxtliyi odur ki, çıxış etdiyi zaman professional tamaşaçı onu dinləyir.

-Müşayiət etdiyiniz musiqiçilər görkəmli sənətkarlarımızdır. Onları müşayiət etdiyiniz zaman, sizcə, hansı hissləri keçirirsiniz?

- Solo ifaçılıq başqa bir janrdır, müşayiət ifaçılığı tamam başqa bir janrdır. Müşayiət etmək solo ifaçılıqdan daha çətindir. Çünki solo ifaçılıqda hər hansı bir musiqini ifa etdiyin zaman onu özününküləşdirmək olur. Amma müşayiətdə sirlər çoxdur. İstər opera səhnəsində, istərsə də muğam üçlüyü şəklində çıxış edərkən, xanəndəni elə izləmək lazımdır ki, xanəndə hansı istiqamətə yönəlirsə, sən onu elə müşayiət etməlisən. Onu da deyim ki, üçlükdə çıxış etdikdə kamançanın rolu daha böyük olur. Onun rolu ilk növbədə dəm verməkdir. Çünki bu zaman xanəndə tonallıqdan detonasiya olmur. İkincisi, müasir dildə desək, müəyyən musiqilərdə harmoniya ilə mahnılara kömək edir. Yəni, üçlükdə çıxış etmək çətin olduğu qədər həm də şərəflidir. Əgər ifaçı həm müşayiətdə, həm də solo ifaçılıqda tam şəkildə bunu bacarırsa, bu, onun xoşbəxtliyidir. Xanəndənin ani bir dəqiqədə ya boğazı quruya bilər, ya da fikri yayınar. Həmin anda onu vəziyyətdən elə çıxarmaq lazımdır ki, bu hiss olunmasın. Təvazökarlıqdan uzaq olsun, bəlkə də Mənsum müəllimlə sevilməyimizin başlıca səbəbi elə budur. Bizim bir-birimizi başa düşməyimiz ən vacib faktordur. Əgər ayrı-ayrılıqda Mənsum müəllimdən, Elçin müəllimə bu sualı versəniz, yəqin ki, onlar da eyni cavabı verərlər. Əlbəttə ki, birinci növbədə bizim mehribançılığımızdır.

-Kamança bizim milli musiqi alətimizdir. Onda milli musiqilərimiz, muğamımızın ifa olunduğu aydın məsələdir. Bəs sizcə, klassik musiqilərin kamançada ifa olunması musiqiçi üçün hansı əhəmiyyət daşıyır?

- Hər bir musiqiçinin keçdiyi dərs yolu üç mərhələdən ibarətdir. I mərhələ 5 illik musiqi məktəbi, II mərhələ 4 illik Bakı musiqi kolleci və nəhayət, III mərhələ 4 illik Milli Konservatoriya təhsilidir. Burada musiqi məktəbindən tutmuş ali təhsil alana qədər tələbə istər Azərbaycan bəstəkarlarının əsərləri, istərsə də klassik dünya əsərlərini öyrənir. Artıq tələbə Milli Konservatoriyanı bitirdiyi zaman tam professional şəkildə meydana atılır. Ustadım (Allah Rəhmət etsin) Ədalət Vəzirov dünyasını dəyişən günə qədər, Türkiyənin Tekfen simfonik orkestrilə birgə İzmirdə, İstanbulda, Ankarada dəfələrlə konsertləri oldu. İstər bizim milli əsərlərimizi, istərsə də xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdi. Təkcə Ədalət müəllim deyil, görkəmli kamança ustadlarımız Şəfiqə Eyvazova, Ağa Cəbrayıl Abasəliyev, Elşən Mansurov kimi müəllimləri misal göstərmək olar. Bildiyiniz kimi, bizim xarici ölkələrdə bir neçə layihələrimiz var. Onlardan biri “Simfonik muğam” (“Simfomuğam”) layihəsidir. Onu da qeyd edim ki, layihənin rəhbəri Xalq artisti, professor Səyavuş Kərimidir. Layihələrimizlə dünyanın bir neçə ölkələrində Ukraynada, Türkiyədə, İngiltərədə, Tacikistanda, Almaniyada simfonik əsərləri konsert proqramında ifa etmişik. Məsələn, Niyazinin “Rast” simfonik muğamından bir hissəni, Fikrət Əmirovun “Şur” simfonik muğam əsərindən fraqmenti ayrıca ifa etmişik. Həmçinin elə konsertlərimiz də olub ki, instrumental əsərlər də ifa etmişik. Məsələn, Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün yazılmış əsərinin II hissəsini ifa etmişəm. Ondan əlavə, Elçin müəllim Vasif Adıgözəlovun “Qərənfil” əsərini ifa edib. Bu yaxınlarda ulu öndərimizin 90 illiyi münasibətilə Lüksemburqa səfərimiz oldu. Orada konsert proqramımızda mən Hacı Xanməmmədovun kamança üçün konsertini ifa edirdim, Mənsum müəllim kamera orkestrinin müşayiətilə Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nı, “Sarı gəlin”i ifa edib, Elçin müəllim isə Həsən Rzayevin “Çargah Rapsodiyası”nı və nəhayət, bir yerdə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən türk qızlarının rəqsini ifa etdik. Əsas fikrim də milli alətimiz olan kamançada istər bizim, istərsə də dünya klassik musiqilərinin ifa olunmasıdır. Bu, musiqiçinin bacarığının hansı səviyyədə olmasını büruzə verir.

- Dünya səhnələrində zalda əyləşən tamaşaçılar milli musiqimizə qulaq asmaqla daha çox zövq alır, yoxsa klassik dünya musiqilərini dinləməklə?

-Əlbəttə ki, milli musiqimizə. Ən əsası da muğamı eşidib, kamançaın səsi ilə seyrə dalanda. Çünki biz nə qədər Avropa bəstəkarlarının əsərlərini ifa etsək də, avropalıdan yaxşı ifa edə bilmərik. İfa edərik, amma müəyyən qədər. Öz gücümüz müqabilində. Özümüzün hiss etdiyi kimi ifa edəcəyik. O ki qaldı dünya səhnəsində kamançanın səsindən xarici tamaşaçının zövq almasına, şübhəsiz ki, kamançanın səsində milli musiqimizi, daha doğrusunu desək, muğamımızı dinləmək xarici tamaşaçıda daha çox maraq doğurar. Çünki dünya səhnəsində tamaşaçıya birinci növbədə bizim muğamımız maraqlıdır. Burada bir xatirə yadıma düşdü. Təxminən 2002-ci il idi. Biz Amerikada dostum Elçinlə səfərdə idik. Smitsoniyanın İpək yolu festivalı idi. Bu festival 34 il idi ki, hər il keçirilirdi. Bizim ölkə də birinci dəfə idi ki, həmin il festivalda yarışırdı. Bu festivalda 10 gün ərzində hər gün yarım saata yaxın çıxışımız olurdu. Festival günü ərzində səhnədə ifa edib qurtarandan sonra səhnə arxasında 70-75 yaşlı amerikalı vətəndaş bizə yaxınlaşıb bizim hardan gəldiyimizi soruşdu, biz də cavabında “Azərbaycandan gəlmişik” dedik. Biz nə qədər başa saldıqsa da, amerikalı vətəndaş bir az tanımaqda çətinlik çəkdi. Amma bizə bir vacib nüansı qeyd etdi: “Mən düşünürəm ki, hər hansı yerdən asılı olmayaraq, bu cür milli musiqisi olan bir ölkə adi bir dövlət ola bilməz... Bu zəngin ölkədir. Mən sizin musiqi tarixinizi mütləq araşdıracağam...” Baxın, adi bir tamaşaçıdır. Xarici ölkə vətəndaşıdır. Onun ürəyinə əgər yol tapa bilmişiksə, ona nə isə göstərməyi bacarmışıqsa, o gedib Azərbaycanla maraqlanacaqsa, ən azından o da sabah 5 nəfərin, 10 nəfərin yanında təbliğatçıdır. Mən düşünürəm ki, bizim birinci növbədə milli musiqimizi təbliğ etməyimiz daha vacibdir. Onu da qeyd edim ki, cənab Prezidentimiz və onun xanımının Azərbaycanın bütün sahələrdə dünyaya inteqrasiya olunmasında zəhmətləri böyük olduğu kimi, mədəniyyət sahəsində, musiqimizin təbliğində biz də əlimizdən gələni etməliyik.

-Elnur müəllim, barmaqlarınız kamançanın siminə toxunanda ürəyinizdə hansı sözlər dilə gəlir?

- Mən artıq kamança ilə 87-ci ildən bir yerdəyəm. Belə desək, kamança ilə dostluq edirəm. Bizim alət elədir ki, yaxşı baxdınsa, sevdinsə, alət də səni sevir. Əgər alətə qarşı laqeyd qaldınsa, o da səni yarı yolda qoyur. Kamançaya barmaqlarımı toxunduranda... Düzü, bu sual mənim üçün çox çətin oldu. Amma fikrimi belə ifadə edə bilərəm ki, hər insanın hər gün əhvalı dəyişdiyi kimi, hər musiqini də kamançada ifa etdiyin zaman ruhdan-ruha düşürsən. Bu gün kamançaya toxunanda, onu muğamın səsilə dilləndirəndə, bir anlıq kəndimiz, Zəngilanda olan evimiz, babamın eyvanda oturub mənim ifama qulaq asması yadıma düşür. Hər bir insanın arzuları olduğu kimi, mənim də böyük arzularımdan biri də odur ki, bəlkə də bu söz bir az çox işlənir, amma tam səmimi deyirəm ki, o torpaqlarımızda konsertlər verək, simpoziumlar keçirilsin, o torpaqlarda beynəlxalq muğam festivalları keçirilsin. Nəcə ki bu gün Bakımızda böyük muğam festivalları keçirilir və dünyadan gələn qonaqlar musiqimizə və mədəniyyətimizə heyran olurlar. Təsəvvür edin ki, o torpaqlar alınandan sonra və biz orada hər dəfə bir bölgədə böyük muğam festivalları keçirsək, necə gözəl olar? Məsələn, Cıdır düzündə muğam festivalı. Düzü niyə də olmasın? Elə muğam festivalının əsl vətəni də, mənbəyi də oradır. Bu hamımızın böyük arzusudur. Amma mənim üçün bu hissi dilə gətirmək çox çətindir. Sağlıq olsun... Sonda ölkə başçımız, cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, kiçik bir zəhmətimə böyük mükafatı layiq görüb.

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-4 iyun.-S.13.