“Bizdə obyektiv təhsil
ekspertləri institutu formalaşmayıb”
Telman Cəfərov: “Ali məktəblər
üçün dərslik yaradıcılığı stimullaşdırılmalı,
orta məktəblər üçün alternativ dərsliklərin
yazılmasına şərait yaradılmalıdır”
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa
etdikdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil
sahəsində də geniş və dərinləşdirilmiş
islahatlara ehtiyac duyulurdu. Hazırda isə təhsil sistemimiz
dünya təhsil sisteminə sürətlə inteqrasiya edir,
tələbələrimiz dünyanın bir çox mötəbər
universitetlərində təhsil alırlar. Azərbaycan təhsil sisteminin ən böyük vəzifəsi
intellektual, milli dövlətçilik şüuruna malik vətəndaşların
yetişdirilməsidir. Bugünədək
Azərbaycan təhsili bir çox böyük uğurlar əldə
edib. Lakin problemlər, çatışmazlıqlar da
var. Çatışmazlıqların aradan
qaldırılması, problemlərin həll edilməsi
üçün gələcəkdə də dövlətimizin
həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən
olan təhsil siyasətinin daha da təkmilləşdirilməsinə,
eyni zamanda təhsil sahəsində müəyyən tədbirlərin
həyata keçirilməsinə ehtiyac var. Mövzu ilə
bağlı suallarımızı Bakı Slavyan Universitetinin Məktəb-Lisey
Kompleksinin direktoru, filologiya elmləri doktoru, professor Telman Cəfərov
cavablandırdı:
-Azərbaycan 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etdikdən sonra bugünədək
təhsilimizdə əldə edilən uğurları, təhsilimizin
inkişafını necə qiymətləndirirsiniz?
- Bu barədə
müxtəlif vaxtlarda mətbuatda
çıxışlarım olub. Bu gün ali
və orta təhsil pillələrində mövcud problemlər
və görülməli işlər barədə konkret təsəvvürlərimiz
var. Bir təhsil işçisi və vətəndaş kimi
fikir və düşüncələrimi daim həmkarlarımla,
təhsil ekspertləri və valideynlərlə
bölüşməyə hazır olmuşam. 1998-ci ildən
respublikamızda həyata keçirilən təhsil
islahatları və bu istiqamətdə qəbul edilən
dövlət proqramlarının reallaşdırılması
həm orta, həm də ali təhsilin məzmununa
ciddi şəkildə təsir göstərməkdədir.
Orta məktəblərimizdə milli kurikulum
anlayışı, ali məktəblərimizdə
isə kredit sistemi artıq təsdiqini tapıb. Ən əsası da odur ki, geniş ictimaiyyət bu
proseslərin içindədir, ölkədə aparılan təhsil
islahatları və onun məzmunu barədə hər kəsin
məlumatı var, əldə edilən nəticələrə
və üzə çıxan çatışmazlıqlara
biganə qalan, demək olar ki, yoxdur. Təhsil
sistemimizin Avropa və dünya təhsil məkanına sürətli
inteqrasiyası göz qabağındadır. Bunun nəticəsidir
ki, ölkəmizdə reallaşmaqda olan xaricdə təhsil
proqramı ilə yanaşı, həm də xarici tələbələrin
Azərbaycan ali məktəblərində
təhsili üçün imkanlar genişlənir. Təbii ki, çatışmazlıqlar var. Daha
çox və səmərəli işlər görə, təhsil
qanunvericiliyi bazası yarada, qəbul edilmiş qanun və
qaydaların işləmə mexanizmini tapa bilərdik. Mənə
elə gəlir ki, daha böyük uğurlar
qazanmamağımızın, subyektiv amillərin
üstünlük təşkil etməsinin əsas səbəbi
köhnə stereotiplərdən azad ola
bilməməyimizdir. Anlaşılmalıdır
ki, «bəlkə də qaytardılar» xülyası ilə
yaşamağa yer qalmayıb. Yəni təmayül
və ixtisası üzrə kifayət qədər biliyi,
bacarıq və vərdişləri olmayan şagird və tələbənin
qeyri-adekvat şəkildə qiymətləndirilməsinə,
motivasiyasız təhsilin planlaşdırılmasına
lüzum yoxdur. İndi işə qəbul olunan və irəli
çəkilən şəxslərin orta məktəbi
qızıl medalla və ya ali məktəbi
qırmızı diplomla bitirməsinə yox, konkret dil və
peşə bacarığına, şəxsi keyfiyyətləri
və dünyagörüşünə diqqət verilir. Bu meyarların üstünlük təşkil etməsi,
bizcə, təhsildə və ictimai şüurda
uğurlarımızdan xəbər verir.
- Sizcə, təhsil sistemimizin
dünya standartları səviyyəsinə
çatdırılması və beynəlxalq aləmdə rəqabətə
davamlılığını artırmaq üçün daha
hansı işlər görülməlidir?
- Diqqəti
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın müəllifi
olduğu gözəl bir devizə yönəltmək istəyirəm:
«Yeniləşən Azərbaycana yeni məktəblər». Söhbət təkcə tədris binalarının
təmir və tikintisindən, müasir standartlara cavab verən
maddi-texniki bazanın yaradılmasından, «bir şagird-bir
kompyuter» kimi vacib layihələrin
reallaşdırılmasından getmir. Burada
həm də yeni və müasir təfəkkür tərzinin,
kadrlar ordusunun, ictimaiyyət və məktəb münasibətlərinin
formalaşdırılmasından, ölkənin
sosial-iqtisadi-diplomatik inkişaf meyillərinə uyğun səmərəli
elmi-pedaqoji-psixoloji yanaşmaların və mobil təlim
texnologiyalarının reallaşdırılmasının zəruriliyindən
danışmalıyıq.
Maraqlıdır
ki, biz həm ali, həm də orta təhsil
pillələri üçün tədris standartları
hazırlamışıq və artıq müəyyən mərhələlərdə
onların tətbiqinə başlamışıq. Hesab edirik ki, biz yeni standartlara əsaslanan təhsili
köhnə metodikalarla hazırlanmış tədris vəsaitlərinin
köməyi ilə həyata keçiririk. Ali məktəblər üçün dərslik
yaradıcılığı stimullaşdırılmalı,
orta məktəblər üçün alternativ dərsliklərin
yazılmasına şərait yaradılmalıdır. Bu barədə fikirlərimizi bu yaxınlarda mətbuatda
çap olunmuş yazıda geniş şəkildə ifadə
etmişik. Təəssüf ki, indi
heç kəs heç kəsi oxumur və yazılanlara
reaksiya verilmir. Axı bu düşüncələr və
rasional təkliflər 30 ilə yaxın pedaqoji iş təcrübəmizdən,
ali və orta təhsil pillələrində
gördüklərimizdən irəli gəlir...
Beynəlxalq səviyyəli təhsil verə bilməməyimizin
başlıca səbəblərini təhsildə
ardıcıllıq və davamlılıq prinsiplərinin
gözlənilməməsində, həyata keçirilən
eksperiment və layihələrin nəticələrinin (hətta
qənaətbəxş olmasa belə) müzakirəyə
çıxarılmamasında, distant təhsildə ciddi
geriliyimizdə, elektron təhsil resursları bazasının lazımi
səviyyədə formalaşdırılmamasında və əlbəttə,
subyektiv amillərin mövcudluğunda görürük. Təəssüflər
olsun ki, bizdə obyektiv təhsil ekspertləri institutu
formalaşmayıb. Bu da bəzən
yalançı ictimai rəylərə və ölkə rəhbərliyinin
apardığı təhsil siyasəti barədə
qeyri-adekvat fikirlərə meydan açır. Bəli, təhsil iştirakçısı olan hər
kəs öz rəyini bildirə bilər, lakin bu rəylərin
ekran və ya mətbuat vasitəsi ilə ictimai rəyə
ötürülməsi yolverilməzdir. Deyilənlər
nəzərə alınarsa, uğurlar da olacaq.
- Ölkəmizdə
son dövrlərdə gənclər arasında Azərbaycanın
inkişafını istəməyən qüvvələr tərəfindən
müxtəlif fikir cərəyanlarının
yayılmasına cəhdlər var. Sizcə, gənclərimizin
belə zərərli yollara düşməsinin
qarşısını almaq üçün orta və ali məktəblərin üzərinə
hansı vəzifələr düşür?
-
Açığını desək, bugünkü gənclərimiz
beş-on il bundan əvvəlkinə nisbətən
daha ayıq və fərasətlidirlər; inkişafın, cəmiyyətdə
öz yerini tutmağın, irəli getməyin, öz
bacarığına uyğun işin qulpundan
yapışmağın yollarını gözəl
anlayırlar. 24-26 may 2013-cü il tarixlərdə
İzmirdə keçirilən «Türkcə olimpiadaları. Mədəniyyətlər sərgisi» və bu tədbir
çərçivəsində baş tutan «Azərbaycan
günü»ndə qardaş ölkədə oxuyan tələbələrimizin
Azərbaycan sevgisi, öz gələcəkləri barədə
dürüst düşüncələri bizi əməlli-başlı
təsirləndirmişdi. Təbii ki, təhsil
müəssisələri bu yönümdə ciddi fəaliyyət
göstərməlidirlər. Bakı
Slavyan Universitetində keçirilən və universitetimizin
iştirakı ilə təşkil olunan istənilən tədbirin,
o cümlədən beynəlxalq konfrans və forumların ən
fəal iştirakçıları tələbələrimizdir.
Onlar qonaqları qarşılayır, respublikamızla tanış edir, tərcüməçi kimi
özlərini sınayırlar. Rektorumuz, AMEA-nın müxbir
üzvü, prof. Kamal Abdullayevin təşəbbüsü ilə
yaradılan tələbələrdən ibarət Kölgə
kabineti, «Bir günlük xəlifə» tədbiri, Tələbə
və Şagird elmi cəmiyyətləri, Şagird parlamenti gənc
nəslin təlim-tərbiyə işinin vacib həlqələrinə
çevrilib. Bakı Slavyan Universiteti 2005-ci ildən
başlayaraq ənənəvi olaraq tələbələrin
pedaqoji təcrübəsinin qaçqın məktəblərində
keçirilməsinə nail olmuş, qaçqın məktəblərinin
istedadlı şagirdlərinin şagird-tələbə elmi
konfranslarında iştirakına, onlara professor-müəllim
heyətinin elmi rəhbərliyinə şərait
yaratmışdır... Bu və digər
addımlar sağlam gəncliyimizin formalaşması, hər
bir tələbənin seçdiyi ixtisas üzrə lazımi
hazırlıq keçməsi üçün imkanların
bolluğuna işarədir. Ali məktəblərimizdə
belə bir mühit yaransa, tələbənin marağı təmin
edilərsə, başqa təmayüllərə yer
qalarmı? Əsla yox! Dövlətin təhsil
siyasətini həyata keçirən təhsil müəssisələri
öz vəzifələrinin öhdəsindən gəlməlidirlər.
- BSU-nun Məktəb - Lisey Kompleksi
ölkəmizdə ilk yeni tipli orta təhsil müəssisələrindən
biridir. Bu təhsil ocağında şagirdlərin
savadlı, intellektual, milli dövlətçiliyimizə sadiq
şəkildə formalaşdırılması
üçün nə kimi işlər görülür?
- Məktəb-lisey
kompleksi Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət
göstərir. BSU Humanitar Liseyi və Bakı
şəhər 15 nömrəli tam orta məktəbinin
bazasında 2010-cu ildə yaradılıb. Kompleksin
Azərbaycan və rus bölmələrində 41 sinif
komplektində 900 nəfərədək şagird təhsil
alır. Dərslər 110-dan artıq
yüksək ixtisaslı fənn müəllimi tərəfindən
aparılır. Kompleksdə ingilis, rus,
alman, fransız dilləri tədris olunur. Müqavilə
əsasında dil daşıyıcıları olan xarici
mütəxəssislər də tədrisə cəlb olunur.
Təmayül fənləri, maraq üzrə
kurslar, fakultativ məşğələlər,
günüuzadılmış qruplar və dərsanə məşğələləri
hesabına lisey siniflərində ingilisdilli fənlər bloku
(Azərbaycan və dünya tarixi, ingilis ədəbiyyatı,
ifadəli oxu) tədris olunur ki, bu fənlər
üçün tədris vəsaitləri müəllimlərimiz
tərəfindən yazılıb. Ali və orta təhsil
pillələri arasında əlaqələrin möhkəmləndirilməsi
istiqamətində atılan bu addım ali
təhsil sistemində novatorluq kimi qiymətləndirilə bilər.
Respublikamızın qabaqcıl universitetlərinin
elmi-metodik potensialının orta məktəblərə
ünvanlanması, professor-müəllim heyətinin elmi
potensialından daha səmərəli istifadə məqsədi
güdən bu təşəbbüs pedaqoji ictimaiyyət tərəfindən
düzgün dəyərləndirilsə, təhsildə daha
ciddi nailiyyətlər əldə edə bilərik.
Fəaliyyətimizə gəlincə, onu qeyd edək ki,
şagirdlərimizin tədbirlərdə, müxtəlif məktəb
və müştərək layihələrdə
iştirakı, onlara fərdi yanaşma diqqət mərkəzindədir. Optimal tədris
planlarının yaradılması və icrası, müəllimlərin
professionallıq səviyyəsinin yüksəldilməsi,
şagirdlərə bədii qiraət və yazı vərdişlərinin
aşılanması, onların yaradıcılıq məşğələlərinə,
təqdimat və debatlara cəlb olunması, şagirdlərin
fiziki təlimi, valideyn-məktəb münasibətlərinin
nizamlanması istiqamətində işlər
görürük.
Söhrab İSMAYIL
Palitra.-2013.-5 iyun.-S.12.