Gənc heykəltəraş Rahib Qarayevin
yaradıcılığı
Heykəltəraşlıq təsviri sənətin
geniş yayılmış və həyat hadisələrini bədii
obrazlar vasitəsilə əks etdirən bir sənət
növüdür. Kökü ta qədim
zamanlara dayanan heykəltəraşlıq sənətinin
tarixinə dair mövcud tədqiqatlar sübut edir ki, bu sənətin
kökləri və mənşəyi ibtidai icma quruluşu
dövründə insanın əmək fəaliyyəti, mənəvi
etiqadı, estetik təsəvvürü ilə əlaqədardır.
Bu günümüzdə də heykəltəraşlığın
inkişafında öz sözünü demiş qocaman sənətkarlarla
yanaşı, gənclərin də əvəzsiz xidmətləri
olub. Bu sahədə fəaliyyət göstərən gənc
heykəltəraşlardan biri də tanınmış tişə
ustası, professor Natiq Əliyevdən heykəltəraşlıq
sənətinin sirlərini öyrənən Rahib Qarayevdir.
Qarayev
Rahib Arif oğlu 1986-cı il aprelin 8-də
Masallı rayonunda anadan olub. Onun bu sahəyə
olan marağı hələ uşaqlıq illərindən
yaranıb. Rahib orta məktəb təhsilini
bitirdikdən sonra 2008-2012-ci illərdə Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında heykəltəraşlıq
ixtisası üzrə bakalavr təhsili alıb, 2012-ci ildən
isə həmin ixtisasın magistr pilləsində təhsilini
davam etdirir.
Rahib Qarayev hələ gənc olmasına baxmayaraq, onun
yaradıcılıq nümunələri güclü emosional
təsir qüvvəsinə malik olmaqla yanaşı,
özünəməxsusluğu, dərin psixologizmi,
düşündürücülüyü və ifadəliliyi
ilə seçilir. O, bu sahədə daha çox dəzgah heykəltəraşlığının
həcmli və relyef növünə üstünlük verir.
Əsasən portret janrında işləyən, plastilin, gil, gips, mis, tunc, polyestr, serazin və s.
materiallardan istifadə edən gənc heykəltəraşın
yaradıcılığında müxtəlif
ölçülərdə və texnikalarda işlədiyi
yaradıcılıq nümunələri əsas yer tutur. Qeyd edək ki, Rahibin yaradıcılıq nümunələrinin
müəyyən qismi realist üslubda olsa da,
yaradıcılığında daha çox abstrakt
üslubunun təsiri də hiss olunmaqdadır. Bu baxımdan onun yaradıcılıq nümunələri
üslub etibarilə abstrakt və realizm üslubunun vəhdətindən
ibarət olmaqla yanaşı, günümüzdəki qlobal
problemləri əks etdirdiyindən, ilk baxışdan
tamaşaçı diqqətini özünə çəkə
bilir. Abstrakt üslubda işlədiyi əsərlər
insanın düşünməsinə, müxtəlif məna
və fikirlərin yaranmasına səbəb olur və onun
maraq dairəsinin geniş olması, yeni-yeni ideyaları,
özünəməxsus fantaziya və düşüncələri
ilə yanaşı, heykəltəraşın daxili aləmindən,
bu sənətə olan sevgisindən, vurğunluğundan xəbər
verir.
Rahib
Qarayevin müxtəlif dövrlərdə
yaratdığı-“Əkizlər” (2008), “Koroğlu” (2011),
“Düşünən beyin” (2012), “Leonardo Da Vinçi” (2012),
“İmtina” (2012), “Tələbə qızın portreti” (2013),
“Afrikalı qadın” (2013) və s. bu kimi bədii
yaradıcılıq nümunələri öz təbiiliyi, dəqiqliyi
və dərin məntiqi məna ifadəliliyi ilə fərqlənir.
2008-ci ildən
etibarən mütəmadi olaraq müxtəlif respublika,
regional, beynəlxalq sərgi və müsabiqələrin
iştirakçısı olan Rahib Qarayev 2008-ci ildə
Amerikaya həsr olunmuş sərgidə “Amerika” adlı əsəri,
elə həmin il 2008-ci ildə Türkiyədə
keçirilən sərgidə “Əkizlər” adlı əsəri
ilə iştirak etmiş və fəxri fərmanlarla təltif
olunub. Onun Azərbaycan-Türkiyə
dostluğuna həsr edilmiş “Əkizlər” adlı əsərinin
kompozisiya quruluşu çox sadədir. Əsərdə
sakit, mehriban, qayğılı tərzdə-ana və isti ana
qucağına sığınmış, dünyadan xəbərsiz
iki əkiz körpə obrazları təsvir olunub. Heykəltəraş bu əsəri ilə bir soydan
olan iki qolu, yəni bir ananın ayrılmaz, iki əkiz
övladını Azərbaycan və Türkiyə dövlətinin
qardaşlıq rəmzini ifadə edib.
Gənc heykəltəraş
yaradıcılığında tarixi janra da müraciət
edib. Onun
“Koroğlu”, “Leonardo Da Vinçi” əsərləri bu qəbildəndir.
Heykəltəraşın 2011-ci ildə
tamamladığı “Koroğlu” əsərində o, xalq qəhrəmanlarımızdan
biri olan Koroğlunun hücuma keçdiyi
anı-döyüş zamanını təsvir edib. Koroğlu əsərdə heykəltəraş tərəfindən
at belində, əlində tutduğu Misri qılıncı ilə
hücuma keçərkən təsvir olunub. Əsərdə Koroğlunun döyüşdən əvvəl
gərgin vəziyyəti, onun keçirdiyi stress və həyəcanlı
əhvali-ruhiyyəsi açıq-aydın əks etdirilib.
Bundan əlavə, R.Qarayev bu əsərində
animalistik janrdan da məharətlə istifadə edib. Kompozisiyaya uyğun atın portreti ilə quyruğu
paralel olaraq öz həllini tapıb. Əsərdə
Qıratın döyüşə qəhrəmanı qədər
hazır olması diqqəti çəkən əsas məqamlardandır.
Bu əsərlə rəssam döyüş
ruhunun çatdırılmasını və unudulmaz qəhrəmanın
yad olunmasını ön plana çəkib. Rahib Qarayev Koroğlu obrazında vətənin
qayğısını, qeyrətini çəkən, onu
düşmənlərdən qoruyan Azərbaycanın igid, mərd,
qəhrəman oğullarının ümumiləşdirilmiş
obrazını əks etdirib.
R.Qarayevin
tarixi janrda işlədiyi digər bir əsəri 2012-ci il bakalavr diplom işi olan “Leonardo da Vinçi” əsəridir.
Əsərin kompozisiyasında natural insan fiquru
olan-Leonardo da Vinçi stulda əyləşmiş,
özünün məşhur “Qızıl bölgü” əsərinin
eskizini edərkən təsvir olunub. Əsərdə
Leonardo da Vinçi həyatda sol əli ilə işlədiyindən
elə əsərdə də heykəltəraş tərəfindən
bu cür təsvir olunub. Əsərin
adının süjet və simvolikası uyğunluq təşkil
edir. R.Qarayev bu əsərdə dahi rəssamın
yeni ideyalar axtaran və düşüncəli vəziyyətini
təsvir edib.
“Düşünən
beyin” əsəri ilə gənc heykəltəraş 2012-ci
ilin dekabr ayında Türkiyənin İstanbul şəhərində
Memar Sinan Universitetində keçirilən simpoziumda və daha
sonra elə həmin il yenidən bu əsəri
ilə Rusiyada keçirilən sərgidə iştirak
etmiş, fəxri fərmanlarla təltif olunub.
Gənc
heykəltəraşın tamaşaçıda böyük
marağa səbəb olan abstrakt əsərlərindən biri
“Düşünən beyin” əsəridir ki, insanın profildən
təsvir olunmuş əli, çiyni və başı ön
planda verilib, bu da print olaraq qranit daşı üzərində
yerləşdirilib. İşin stilistikası dəzgah
heykəltəraşlığına daha yaxındır və
əsər bütövlükdə yaxılarla işlənilib.
İnsanın həyatında önəmli rollardan birini oynayan
beyin insan həyatının yönləndirilməsində, dərrakəli
şəkildə düşünməsində, yeni-yeni nailiyyətlər
qazanmasında və yaxud da əksinə insanın həyatını
puç etməsində, ciddi şəkildə
düşünməməsində, uğursuzluqlara
aparmasında, nəfsinə uymasında, həyatdan bezməsində
və s. əsas rol oynayır. Gənc heykəltəraş
da öz növbəsində məhz bu səbəbləri əsas
tutaraq insanların düşünülmüş şəkildə
hərəkət etmələrini, bunun nəticəsi olaraq
insanların bir-birinə olan sevgisini, xoş rəftarının
və münasibətlərinin artmağını, firəvan
yaşamalarını bu əsərində ifadə edib. Ən
əsası bu günümüzdə bütün dünyada
hökm sürən ədalətsizliklərin, müharibələrin
olmamasını, zindanların, illərlə min bir əziyyətlə
böyüdüb boya-başa çatdırdığı,
yaşlananda isə lazımsız bir əşya kimi doğma
balası tərəfindən tərk edilmiş bu ahıl qocaların,
valideyn himayəsindən məhrum olmuş, taleyin ümidinə
buraxılmış bu balaların valideyn himayəsində
sevgi ilə böyümələrini istəyən heykəltəraş
saat kimi dayanmadan işləyən insan beynini, sonradan
peşmançılıq hissi keçirməmək
üçün sadəcə doğru, düşünülmüş
şəkildə addım atmalarını bu əsərində
məharətlə əks etdirib.
Bəlkə də heykəltəraş eyni zamanda
insanın düşünən obrazını təsvir etməklə
tamaşaçını özünün Tanrı tərəfindən
yaradılmış ən möhtəşəm və ən
qiymətli bir əsər olduğunu bir daha düşünməyə
vadar edir.
Gənc heykəltəraşın 2012-ci ildə abstrakt
üslubda işlədiyi əsərlərdən biri də
“İmtina” adlanır. Burada insanın özündən, mənliyindən,
insanlığından uzaqlaşmasını heyrətamiz bir
şəkildə təsvir edən heykəltəraş insan
skeletinin öz ətini, dərisini, bir sözlə, öz
vücudunu adi bir paltar kimi üzərindən
çıxarıb atmasını, xarici
görünüşündən xoşu gəlmədiyi zaman
plastik əməliyyatlara üz tutmasını və s.
günümüzdəki mövcud qlobal problemlərdən
birini heyrətamiz əsəri ilə gündəmə gətirib.
Bir növ karikatura janrına bənzər bir
şəkildə, satirik gülüşlə insanlara öz
eyiblərini göstərməyə çalışan gənc
heykəltəraş bu vəziyyətə öz
etirazını və tənqidini bildirib. R.Qarayev
“İmtina” adlı əsəri ilə bəlkə də bəzi
insanların öz dinindən, dilindən, vətənindən,
ailəsindən, övladlarından, sevdiklərindən və
ən əsası özü bir qarışqa belə yarada
bilməyəcəyi halda, Yaradanın ona bəxş etdiyi
simasından asanlıqla imtina etməyini, onu istədiyi şəklə
salmağını və Yaradana qarşı
naşükürlük etməyini, ürək
ağrıdıcı bir şəkildə təsvir edib.
2012-ci ildə Rahib Qarayev “Almaniya bir rəssamın
gözü ilə” mövzusunda keçirilən 5-ci rəssamlıq
müsabiqəsində “Alman beyni” (2012) adlı əsəri ilə
iştirak etmiş, sertifikatla təltif olunub.
R.Qarayev portret janrına da müraciət edib. Onun “Tələbə
qızın portreti”, “Tələbə oğlanın portreti”
adlı əsərləri buna misal ola bilər.
Onun portret janrında olan əsərləri
realizm üslubunda olmaqla yanaşı, dəqiq və ifadəlidir.
Gənc heykəltəraş təsvir olunmuş obrazların
hiss və duyğularını asanlıqla
tamaşaçıya ötürə bilir və onun portretlərinin
hər birində zərifliklə canlanmış insan
simalarının təsvirini görə bilərik. Sakit, xəyala dalmış, fikirli vəziyyətdə
təsvir olunması ilə diqqəti çəkən portretlərdə
gənc heykəltəraş sanki özünün əsərləri
üzərində işləyərkən dalğın, yeni
ideyalar, yeni kompozisiyalar haqqında düşündüyü
anı canlandırıb.
R.Qarayevin tamaşaçıda maraq doğuran başqa
bir əsəri “Afrikalı qadın” əsəridir. Heykəltəraş
tərəfindən işlənilmiş bu obraz Afrikada
yaşayan səfil gənc bir qadının yaşayış
tərzini əks etdirir. Heykəltəraşın
bu əsəri işləməsinin səbəbi, gündəlik
həyatda rastlaşdığı səfil bir qaraçı
qızından təsirlənməsi olub. Əsərdə
təsvir olunmuş gənc qadının qıvrım
saçları, qara dərisi, qulağından
asılmış tək sırğası, əyninə
geyinmiş olduğu özündən qat-qat böyük
paltarı, yalın ayaqları tamaşaçı diqqətini
özündə cəmləşdirir. Bu əsərində
gənc heykəltəraş sanki aclıqdan, susuzluqdan əzab-əziyyət
çəkən, çarəsiz xəstəliklərdən
canını qurtara bilməyən, ölümlə hər an qarşı-qarşıya dayanan çarəsiz
insanların həyatlarını gözlər önünə
sərməyə çalışıb.
Hazırda gənc heykəltəraşın üzərində
işlədiyi magistr diplom işi olan “Bəhruz Kəngərli”
adlı əsəridir. Əsər ümumilikdə bir neçə
eskizdən ibarətdir və heykəltəraş bu eskizlərdə
Bəhruz Kəngərli obrazının
axtarışındadır. Üzərində
işlənildiyindən əsər hələ
tamamlanmayıb. Çox güman ki, heykəltəraş
B.Kəngərlinin əsərləri üzərində
işlədiyi obrazını təsvir etməyi
düşünür.
Heykəltəraşlıq sənətində hələ
gənc olmasına baxmayaraq, Rahib Qarayev
düşündürücü, ifadəli və heyrətamiz
əsərləri ilə öz sözünü qürurla deməkdədir. Ümid edirik
ki, o, gələcəkdə Azərbaycan heykəltəraşlığını
dünyaya tanıdan heykəltəraşlardan olacaq.
Xalidə ƏLƏSGƏROVA,
Sənətşünas
Palitra.-2013.-6 iyun.-S.13.