“Gənclərin hüquqi
maarifləndirilməsinə ehtiyac var”
Tünzalə Cavadova: “Gənclər
dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında təmsil olunur və cəmiyyətin
inkişafına öz töhfələrini verirlər”
Layihə çərçivəsində
müsahibimiz Qadın və Gənc Ailələrin Sosial
İnkişafı İctimai Birliyinin rəhbəri Tünzalə
Cavadovadır.
-Gənclərlə
bağlı həyata keçirdiyiniz layihənin önəmi
və məqsədləri barədə məlumat verin.
- Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
maliyyə dəstəyi ilə “Regionlarda gənc
qadınların cəmiyyətə inteqrasiyasında
qanunvericiliyin təbliği” layihəsı uğurla davam edir.
Layihə 2013-cü ilin aprel-iyul aylarını əhatə
edir. Layihənin ünvanlandığı əhali qrupu əsasən
regionda yaşayan 18-35 yaşlı gənc qadınlardır. Gənc
qadınların cəmiyyətə inteqrasiyası - ictimai, mədəni,
sosial-siyasi sahədə gənc qadınların
iştirakı cəmiyyətin demokratik göstəricilərindən
sayılmalıdır. Ailədə və məişətdə
gənc qadınların rolunun əvəzsiz olması
onların ictimai-siyasi sahədə də iştirakını aktuallaşdırır.
Belə ki, onların müəllimə və ya həkim
olması, bələdiyyə üzvü və ya deputat
olması, nazir vəzifəsini yerinə yetirməsi cəmiyyətin
sağlam və təhsilli olmasını, ictimai və sosial
problemlərin tez həll edilməsini, ədalətli
qanunların qəbulunu, bürokratik əngəllərin aradan
qalxmasını zəruri edir. Buna görə də cəmiyyətin
bütün sahələrində gənc qadınların
iştirakına şərait yaratmaq həm cəmiyyət tərəfindən
dəstəklənməli, həm də dövlət tərəfindən
müəyyən islahatlarla tənzimlənməlidir. Beynəlxalq
sənədlərdə və Azərbaycan qanunvericiliyində
gənc qadınların ictimai-siyasi həyatda
iştirakını təmin etmək üçün bir
sıra hüquqi sənədlər qəbul edilib. Həmin sənədlərdə
qadınların inkişaf istiqamətləri, idarəetmə
prosesində yeri, cəmiyyətin mədəni həyatında
fəal iştirakı istiqamətində konkret olaraq müddəalar
göstərilib. Bu gün Azərbaycanın regionlarında
qadınların cəmiyyətə aktiv inteqrasiyası, gender
bərabərliyinin təmin olunması, qadınların ictimai
həyatda balanslaşdırılmış
iştirakının təmin edilməsi üçün effektiv
təsirli tədbirlərin görülməsinə ehtiyac var.
Region qadınlarının cəmiyyətə aktiv
inteqrasiyası üçün tədqiqatlar və monitorinqlər
aparmaq, probelmləri ekspertlərin iştirakı ilə təhlil
etmək, ictimai müzakirələri genişləndirmək və
imkanları təbliğ etmək lazımdır.
Azərbaycanın
regionlarında gender statistikasını nəzərdən
keçirsək, siyasətdə və ictimai həyatda
qadınların balanslaşdırılmış
iştirakının zəif olduğu aydınlaşar. Buna səbəb
cəmiyyətdə mövcud olan bəzi patriarxal sosial
normalarla yanaşı, həm də regionlarda bu istiqamətdə
maarifləndirmə işlərinin düzgün
qurulmamasıyla bağlıdır. Burada xüsusilə regional
TV-lərin və digər mətbuat vasitələrinin
imkanlarından istifadə etməklə ictimai məlumatlandırmanı
həyata keçirmək mümkündür.
Təşkilatımız bu ilin yanvar ayında 4 regionda - Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarında sosial sorğu keçirib və qadına münasibətlə bağlı onları narahat edən başlıca problemlər öyrənilib. 300 nəfər müxtəlif təbəqələrdən olan gənc qadın (evdar qadın, müəllimə, həkim, fəhlə, dərzi, aşbaz və s.) arasında keçirilmış sorğular 4 regionda, hər regionda 75 nəfər olmaqla (25 nəfər subay, 25 nəfər ailəli, 25 nəfər boşanmış və ya dul) keçirilib. Sorğularda qadına münasibətlə bağlı onları narahat edən başlıca problemlər öyrənilib. Sorğuda respondentlərə təqdim edilmiş suallar bunlardır: a) Qadın olaraq özünüzü azad hiss edirsinizmi? b) Kişilərin qadınlara münasibətindən razısınızmı? c) Qadın hüquqları hansı milli və beynəlxalaq qanunlarla qorunur? Sorğuların nəticələrindən belə məlum olub ki, 40 faiz qadın hüquqlarını bilməməsi səbəbindən kişilərdən iqtisadi-sosial asılı vəziyyətdədirlər, 60 faiz qadın isə ümumiyyətlə, qanunvericilikdə onlarla bağlı hansı qanunların olmasını, qadınlar haqqında çıxarılan beynəlxalq hüquqi normativ sənədlər və Azərbaycan Respublikası Prezidentinin imzaladığı qadınlara hüquqi azadlıq verən və bir çox sosial problemlərinin həllində köməklik edə biləcək fərmanlarının mövcudluğundan xəbərsizdirlər. Bütün bunları nəzərə alaraq, gənc qadınların cəmiyyətə aktiv inteqrasiyasını təmin etmək üçün regionda yaşayan gənc qadınlar üçün qanunvericiliyin təbliği layihəsini həyata keçiririk.
Layihənin əsas məqsədi regionlarda gənc qadınların cəmiyyətə aktiv inteqrasiyasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları, fərmanları və beynəlxalq hüquqi normativ sənədlərin təbliği işini təşkil etməkdir.
Layihədə əsas məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: Gənc qadınların Azərbaycan Respublikası Prezidentinin sərəncamları, fərmanları və beynəlxalq hüquqi normativ sənədlərin təbliği işini təşkil edərək dəyirmi masaların təşkili; region əhalisinin maarifləndirilməsi; tv müzakirələrdə ictimai məlumatlandırmanın təşkili; qanunvericiliyin müddəalarının izah edilməsi; gənc qadınların inkişafına nail olmaq; gender bərabərliyi mədəniyyətinin təbliği.
-Azərbaycan gənclərinin maarifləndirilməsi və təşkilatlanması üçün son zamanlar həyata keçirilən dövlət siyasəti və tədbirləri, bu sahədə həyata keçirilən layihələr barədə ətraflı fikir bildirmənizi istərdik.
- Məlumdur ki, əvvəllər mövcud olan partiya-sovet ideologiyası prinsiplərində və əsaslarında formalaşdırılan cəmiyyətin mənəvi və mədəni həyatının inkişaf siyasəti qətiyyən indiki cəmiyyətimizin can atdığı ictimai həyata uyğun gələ bilməzdi. Artıq cəmiyyətin hərtərəfli inkişafını, mənəvi mədəniyyətin əsl zənginlikləri sisteminin yaradılmasını tələb edən yeni baxışlar sistemi formalaşmaqda idi. Bütün bu əlamətdar hadisələrdən sonra respublikanın qarşısında öz milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan biri də dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə müstəqil suveren respublikamızın atdığı ilk addım “Dövlət gənclər siyasəti haqqında” qanunun qəbulu oldu. Bu dövrü xarakterizə edəndə görürük ki, ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, Azərbaycan gəncləri istər ölkə, istərsə də öz şəxsi vicdanları qarşısında vəzifələrini yerinə yetirirdi. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları və onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə malik gəncləri vahid “Dövlət gənclər siyasəti haqqında” qanunun ətrafında birləşdirmək vacib idi. Bu qanunun qəbul edilməsi onun uğurla yürüdülməsinə güclü təkan vermiş oldu. Hesab edirəm ki, gənclərin problemləri ilə bağlı lazımi qanunvericilik bazası olsa da, bəzən onların hüquqi maarifləndirilməsinə böyük ehtiyac yaranır. Gənclərlə bağlı problemlərin çoxu adətən onların öz hüquqlarını bilməməsi səbəbindən meydana çıxır. Bir QHT olaraq biz zorakılıq qurbanı olan gənc qadınların, problemli gənc ailələrin maarifləndirilməsi istiqamətində iş aparırıq. Onlara öz hüquqlarını başa salırıq, qarşılarına çıxan problemlərin həllinə köməklik edirik. Bu istiqamətdə bir neçə layihə həyata keçirmişik. Biz fəaliyyətimizdə əsasən regionlarda iş aparmağa daha çox üstünlük veririk. Mövzularımızın əsas aspekti hüquqi maarifləndirmə ilə bağlı olur. Məlumdur ki, yaranmış problemdən gənclər yalnız öz hüquqlarını yaxşı bilməklə çıxa bilər. Apardığımız fəaliyyətin gözəl nəticələri olur. Hazırda Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Xaçmaz rayonunda keçirdiyimiz “Regionlarda gənc qadınların cəmiyyətə inteqrasiyasında qanunvericiliyin təbliği” layihəsı buna misal ola bilər. Layihə məhz gənc qadınların problemlərinin həllinə və onların hüquqi maarifləndirilməsinə həsr olunub.
-Azərbaycan gənclərinin
dövlət idarəçiliyində iştirakının
artırılması üçün
yürüdülən siyasət barədə nə deyərdiniz?
- “Azərbaycan gəncliyi 2011- 2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamında əksini tapan fikirlər gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin işlə təminatına, sosial-iqtisadi problemlərinin həllinə öz müsbət təsirini göstərən bir qanunvericilik aktıdır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bələdiyyə üzvlərinin 28%-i (4303 nəfəri) gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədrləridir. Eyni zamanda hazırda gənclər sektorunun fəal nümayəndələrindən bir neçəsi Milli Məclisdə millət vəkili olaraq, qanun layihələrinin hazırlanmasında və müzakirəsində fəal iştirak edirlər. Bundan başqa bir neçə dövlət orqanının tərkibində gənclərin nümayəndələri qanunvericiliyə uyğun olaraq, rəsmən iştirak edirlər. Həmçinin son zamanlar dövlət başçısının verdiyi qərarlara əsasən, gənclər təşkilatlarının bir neçə nümayəndəsinin dövlət qurumlarında mühüm vəzifələrə təyin olunması gənclərin idarəetmə prosesinə cəlb olunmasının bir nümunəsidir.
-Diasporla
gənclərimiz və gənclər təşkilatlarımızın
əməkdaşlığının gücləndirilməsi
və Azərbaycan mədəniyyətinin təbliğində
səylərin birləşdirilməsi üçün
nələr etmək lazımdır?
- Azərbaycan diasporunun əsas hissəsi gənclər olduğu üçün onların təşkilatlanmasına böyük ehtiyac var.
Son dövrlərdə gənclər sahəsində
görülən işlər, bu işdə
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın göstərdiyi fəaliyyət
və bütün istiqamətlərdə
bu fəaliyyətlər gənclərin daha da təşkilatlanmasına
yönəlir. Dünya Azərbaycanlı
Gənclər Birliyinin yaradılması, gənclərin
fəaliyyətinin vahid mərkəzdən
koordinasiya edilməsi barədə fikir çoxdan
formalaşmışdı və bu fəaliyyətlər
uğurla davam etdirilir. Bu fəaliyyətlərin
Azərbaycan naminə faydalılığı və səmərəsi
artıq müxtəlif məsələlərlə
bağlı özünü büruzə
verməyə başlayıb.
İlkin AĞAYEV
Palitra.-2013.-6 iyun.-S.11.