Milli uşaq mahnıları bazasından səmərəli istifadə edilmir

 

ELS-Müstəqil Araşdırmalar Mərkəzi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari il iyunun 1-dən həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirib.

Tədbiri açan layihənin rəhbəri İradə Yaqubova mövcud milli uşaq mahnıları bazasından hazırda səmərəli istifadə edilməməsi, onların səsləndirilməməsi və təbliğ olunmaması nəticəsində bu boşluğun böyüklər üçün yazılmış mahnılarla doldurulması ilə nəticələnməsi, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə, yəni yeni mahnıların və ya köhnə mahnıların müasir aranjimanda yazılmasına həvəslərinin xeyli azalmasını qeyd edib. Digər tərəfdən ELS-in 2011-ci ilin yanvar ayından bugünədək apardığı araşdırmalar zamanı gənc və yaşlı nəsil tərəfindən incəsənətin müstəsna rola malik olması, uşaqların təlim-tərbiyəsində və formalaşmasında uşaq mahnılarının zəruri olması müəyyənləşdirilib. Uşaq üçün ilk günündən dünyaya bələdçi rolunu oynayan mahnıların, onun fiziki, əqli və mənəvi cəhətdən inkişafına və dünyagörüşünə bilavasitə təsir edən uşaq mahnılarının bəstələnməsi, yayılması və populyarlaşdırılması məsələlərinin həllinə yönəldilmiş müsabiqələr, yeni aranjimanda yazılmış uşaq mahnılarının diskləri və “minusovka”larının buraxılışı həyata keçirilməlidir və bu məsələdə dövlət qurumlarının dəstəyi vacibdir” - deyə layihə rəhbəri əlavə edib. İ.Yaqubova layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Məqsəd uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bugünkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir. Təqdimat mərasimində müsabiqə ilə bağlı incəsənət xadimlərindən-Azərbaycan Dövlət Konservatoriyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarət münsiflər heyəti formalaşdı. Oqtay ZülfüqarovGülnaz Abdullazadə münsiflər heyətinə həmsədr seçildilər. Qeyd edək ki, müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər. Müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğusair mənəvi keyfiyyətləri əhatə etməlidir. Təqdim olunan mahnılar müsabiqəyə qədər heç yerdə səslənməməlidir. Mahnı deviz altında not, audio yazı və yaxud canlı ifanın videoaudio yazı şəklində təqdim oluna bilər. Təqdim olunan mahnıların münsiflər heyətində baxılması zamanı müəllifin anonimliyinə tam zəmanət verilir. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılması nəzərdə tutulubqalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək. Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər müsabiqənin Təşkilat Komitəsinə təqdim olunmalıdır. Mərasimdə onu da qeyd etdilər ki, müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmayacaq.

 

Xəyalə GÜNƏŞ

 

Palitra.- 2013.- 8 iyun.-S.15.