Füzulinin tarixi abidələri haqda nə bilirik?

 

Layihə çərçivəsində müsahibimiz Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Bayram Niftəliyevdir. O, bizə Füzuli rayonu ərazisində olan tarixi və mədəni abidələr barəsində məlumat verdi.

 

B.Niftəliyev bildirdi ki, Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb: “1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb”.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri də olub. Təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilib, yandırılıb.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşüb. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalıb. Müharibənin əsas ağırlığını Yağlıvənd, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunub. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıdıb. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Fizuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində - 9 milyon metr ərazidə partlamamış hərbi sursat var.

Azərbaycanın işğal altında olan bölgələrində yüzlərlə tarixi əhəmiyyətli memarlıq abidəmiz əsir qalır. Onlardan bəzilərinin dağıdıldığı, bəzilərinin üzərində isə dəyişikliklər edilərək özgələşdirildiyi haqda məlumatlar var. Bu mövzuda belə abidələrdən bir qrupu - Füzuli rayonundakı türbələr haqqında söhbət açacağıq. Məlum olduğu kimi, Füzuli rayonu Qarabağın ən qədim tarixi abidələrinin qeydə alındığı məkandır. Dünyanın ən unikal tapıntılarından biri olan Azıx mağarası da burada yerləşir. Rayon ərazisində mövcud olan abidələr sırasında türbələr də xüsusi yer tutur. Belə türbələrdən biri rayonun Aşağı Aybasanlı kəndindəki qədim məzarlıqda ucaldılan Qara Şeyx İbrahim türbəsidir.

El arasında “İbə İbrahim” kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin kitabəsi abidənin tarixi haqqında məlumat əldə etməyə imkan verir. Belə ki, onun qapısının sol yuxarı küncündə qoyulmuş sal daş üzərinə ağac altında dayanmış qadın və yanında at şəkli işlənib. Qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə var. Kitabədə “Allahın Rəsulu Məhəmmədə salam. 1042.. Əvəzəli bin Əlimərdan..” sözləri yazılıb. Mülahizələrə görə, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi nişan verir. Həmin tarixi miladi təqvimə çevirdikdə isə bu, 1632-33-cü illərə uyğun gəlir. Ehtimal olunur ki, türbəni bərpa edən usta onun əvvəlki tikilmə tarixini göstərən kitabəli daşın yazılarına toxunmadan yenidən onu divara qoyub. Giriş qapısının bütün tərəflərində kitabə yazılmış daşın başqa divar daşlarından kəskin surətdə fərqlənməsi bunu bir daha təsdiq edir. Bununla, tarixi dəlillərə əsasən, Şeyx İbrahim türbəsinin əsrimizin əvvəllərində bərpa olunmadığını, onun əvvəlki bünövrəsi üzərində yenidən səkkizbucaqlı şəkildə tikildiyini söyləmək mümkündür.

Bu türbənin gövdəsi daşdan tikilsə də, onun günbəzi bişmiş kərpiclə hörülüb. Amma əsrin əvvəllərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülüb. Sonrakı tarixlərdə yerli sakinlərin köməyilə türbənin yarıuçuq günbəzinə toxunmadan onun üst hissəsini yenidən dəmir-beton günbəzlə örtüblər. Amma bu örtük də təbii suları saxlamadığından, onu da bayır tərəfdən paslanmayan rəngli əlvan metal təbəqə ilə üzləyiblər. Metal təbəqə təbii suları türbənin mərkəzinə buraxmasa da, abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görünüşünə xələl gətirir. Belə metal təbəqələrdən Füzuli şəhərindəki Hacı Ələkbər məscidinin və Horadiz kəndindəki Cümə məscidinin dam örtüyündə də istifadə olunub.

Azərbaycandakı bənzər qəbirüstü abidələrdən fərqli olaraq, burada Şeyxin məzarı türbənin mərkəzində, döşəmədən 80 sm hündürlüyə malikdir. Qəbirlərin türbə daxilində bu formada yerləşdirilmə həllinə həmin bölgəyə məxsus Horadiz kəndi yaxınlığındakı İmamzadə abidəsində də rast gəlinir. Xatırladaq ki, bu bölgənin orta əsrlərə aid (Babı kəndindəki Şeyx Babı türbəsi, Aşağı Veysəlli kəndindəki Mir Əli və Əhmədallar türbəsi və s.) türbələri isə əksinə, ikimərtəbəli olmuş, məzarlar isə onun yeraltı hissəsindədir. Şeyx İbrahim türbəsinə daxil olarkən məzarın aşağı tərəfində üstü ərəb qrafikası ilə yazılar olan bir sal daş parçası diqqəti cəlb edir.

 

Arğalı və Şeyx Babı türbələri

 

Rayonun belə tarixi abidələrindən biri də Əhmədalılar kəndi yaxınlığında yerləşən Arğalı türbəsidir. Memarlıq və konstruksiya baxımından bu türbə rayondakı Şeyx Babı türbəsi ilə bir oxşarlıq təşkil edir. Sadəcə, Şeyx Babı türbəsindən fərqli olaraq, Arğalı türbəsi əkin üçün yararlı olan düzən sahədədir. Babı türbəsində olduğu kimi, Əhmədalılar türbəsinin də planı səkkizbucaqlı həll olunduğundan, onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Buna baxmayaraq, memarlıq və konstruksiya cəhətdən Əhmədalılar türbəsini Babı türbəsindən fərqləndirən bəzi cəhətlər də var. Məsələn, Babı türbəsinin günbəzi birqat olduğu halda, Əhmədalılar türbəsinin günbəzi ikiqatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Bundan başqa, türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub. Hər iki qapının çərçivələri həndəsi naxışlarla bəzədilib.

Ən böyük fərq isə odur ki, Babı türbəsindən fərqli olaraq Əhmədalılar türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Bu səbəbdən də el arasında “Arğalı türbəsi” kimi də tanınan Əhmədalılar türbəsinin memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.

Hər iki türbə üzərində aparılmış müqayisəli elmi təhlil onu göstərir ki, Əhmədalılar türbəsini tikməzdən əvvəl Babı türbəsinin çertyoj cizgiləri və divar daşlarının ülgüləri çəkilmiş, sonra həmin çertyoja cüzi əlavələr və dəyişikliklər edilməklə Əhmədalılar türbəsi inşa olunub. Təbii, bu hadisə Babı türbəsinin tikilməsindən bir yox, bir neçə əsr sonra da ola bilər. Ona görə də, Əhmədalılar türbəsini konkret olaraq XIII əsrə aid etmək də müəyyən şübhələr doğurur.

Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması isə araşdırma mövzusudur. Şeyx Babı türbəsi rayonun Babı kəndində yerləşir. Bu türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Alimlərin təsdiqlədiyinə görə, türbə 1273-1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Səkkiz guşəli abidə daşdan hörülüb, üstü səkkizguşəli çatma günbəzlə örtülüb. Türbə kompleksindən 1 türbə və zədələnmiş bir minarə qalıb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Möminə Xatun türbəsinin təsiri görünür.

 

Sofu Həsən və Şıxbabalı türbələri

 

Yuxarı Kürdmahmudlu kəndində yerləşən Sofu Həsən türbəsi də rayonun maraqlı abidələrindəndir. Ancaq yeraltı sərdabəsi salamat qalmış bu türbə kəndarası yolun kənarındakı boş sahədədir. Sərdabə daxilini yeraltı suların lil çöküntüləri doldurduğundan, döşəmə səviyyəsi xeyli yuxarı qalxmış və sadəcə əli yuxarı qaldırmaqla tavana sərbəst toxunmaq olur. Ona görə də, burada tədqiqat işləri apararkən yalnız onun üfüqi ölçülərini izləmək mümkün olub. Abidə üzərində heç bir kitabəyə rast gəlinməyib. Ona görə də, onun hansı tarixdə inşa olunması barədə konkret fikir söyləmək çətindir.

Abidənin bütövlükdə “epoxa” adlı kərpiclə inşa olunması onu həmin rayonun Qarğabazar kənd məzarlığındakı Cəlil türbəsi ilə əlaqələndirməyə imkan yaradır. O türbə də eynilə bu tip kərpiclə tikilib. Bununla yanaşı, hər iki türbənin divarlarına düzülmüş kərpic düzümündə və bu düzümlərlə salınmış naxışlarda da bir oxşarlıq var. Alimlərin mülahizələrinə görə, hər iki abidədə bir memarın dəst-xətti sezilir. Bu memar XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Çox güman ki, Cəlil türbəsində olduğu kimi, Kürdmahmudlu türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilib.

Rayonun Şıxbabalı kəndində qeydə alınan Şıxbabalı türbəsi də yaranma tarixi etibarilə ən qədim binalardan biri hesab oluna bilər. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də var. Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda, Şıxbabalı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülüb. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.

O da maraqlıdır ki, ikiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim dövrümüzə qədər tamamilə dağıldığı halda, Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilib. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilib.

Onun bu forma xüsusiyyətlərinə ancaq Möminə Xatun türbəsində rast gəlinir. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır.

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-8 iyun.-S.11.