“Mənim səhnədəki dünyam tamam
başqadır...”
Xalq artisti Nəzakət Teymurova: “Mənim
üçün ən əsası Azərbaycan torpağı
və dövlətimdir. Ona görə də Vətənini
sevən bir insan kimi ölkəmizin inkişafı
üçün əlimdən gələni edirəm”
Nəzakət
Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunda dünyaya gəlib.
Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza
Energetika Texnikumuna daxil olub. Ordan müsabiqə yolu ilə Asəf
Zeynallı adına musiqi məktəbinə daxil olub və
1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.
1995-ci
ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət
Konservatoriyasına daxil olub, Xalq artisti, professor Arif Babayevdən
dərs alıb. Elə həmin ildən də Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
İlk rolu “Leyli və Məcnun”da Leyli olub. “Qərib”də
Şahsənəm, “Gəlin Qayası”nda Gülbahar, “Natavan”da
Xanəndə qız, “Vaqif”də Xanəndə qız,
“Koroğlu”da Xanəndə qız rolları ilə
çıxış edib.
Opera
solisti kimi fəaliyyət göstərməklə
yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq
və bəstəkar mahnılarını da yüksək
professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə,
yubileylərdə tez-tez çıxış edir. Sənətçi
Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə,
İran, İsveçrədə konsert proqramları ilə
çıxış edərək milli muğam sənətini
ləyaqətlə təmsil edib. Hazırda Opera və Balet
Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində
muğam dərsi deyir.
2000-ci ildə
Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci
ildə Xalq artisti adlarına, 9 may 2012-ci ildə Prezident
Mükafatına layiq görülüb. 2011-ci ilin avqust
ayında Özbəkistanın Səmərqənd şəhərində
keçirilən “Şərq təranələri” VIII Beynəlxalq
musiqi festivalında YUNESKO-nun “Ən gözəl səs”
xüsusi mükafatını alıb.
Müsahibim
muğam dünyamızın böyük avazı, səhnəmizin
gözəl Leylilərindən biri olan, Prezident
mükafatçısı, Xalq artisti Nəzakət
Teymurovadır.
-Nəzakət xanım, şübhəsiz
ki, muğam sənətinin inkişafında əvəzsiz
rolunuz var. Bir muğam ustası kimi incəsənətimizin,
xüsusilə muğamımızın dünyada təbliğ
olunması sizdə hansı hisslər yaradır?
- İlk
öncə bir faktı qeyd etmək istəyirəm ki, mən
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
Əməkdar artist adına və Prezident mükafatına
layiq görüldüm. Bu bizim milli musiqimizə və mənə
göstərilən qayğıdır. Biz qarşılıq
gözləmədən çalışırıq. Mən tələbələrimə
də deyirəm ki, əsas öyrənməkdir. Pul,
var-dövlət sonra gələcək. Bu son illər ərzində
Heydər Əliyev Fondunun və ümumiyyətlə, dövlətimizin
qayğısı nəticəsində Azərbaycan musiqisi,
xüsusilə, muğamımız zirvələrə
qalxıb. Azərbaycan musiqisinin təbliğinə gəldikdə
isə biz fərəhlənirik ki, musiqimizin varlığı
bütün ölkələrə bəllidir. Ümumiyyətlə,
sovetlər dövründə bizim musiqimizin inkişafına
imkan verməyiblər. Ona görə vaxtilə yaxşı təbliğ
olunmayıb. Amma indi müstəqil olduqdan sonra bizim musiqimiz
dünyaya yayılıb ki, bu da Azərbaycan musiqisinin uğuru
deməkdir.
- Siz
özünüzdə muğama olan həvəsi bu gün dərs
dediyiniz gənclərdə də
görürsünüzmü?
- İndi
informasiya dövrüdür. Əgər bizim
dövrümüzdə musiqini beyinə
köçürürdülərsə, indi onu telefona
köçürürlər. Bunlar bambaşqa şeylərdir.
Bu baxımdan bir az çətinlik yaranır. İstəyən
öyrənir, istəməyən isə burada sadəcə
illərini keçirir. Ona görə heç olmasa,
keçmiş ustadlarımızdan bəhrələnmək
lazımdır. Çünki onlar gələcəyə
çatdırırlar. Amma indi bir az səhlənkarlıq var.
-Bir pedaqoq kimi sizin fikrinizcə, gələcəkdə
sizin davamçılarınız olacaqmı?
- Bizdən
əvvəl olub, biz də varıq və bizdən sonra da
olacaq. Kiminsə müəyyən
çatışmazlığı ola bilər. Bu sənət
heç vaxt kiminləsə bitmir. Mən ada görə
çalışmağı sevmirəm. Ad altında
yaşayan insanları da sevirəm. Hər xanəndənin sənətə
qarşı öz yanaşma tərzi var. Xanəndə hərtərəfli
inkişaf etməlidir. Bir muğam oxumaqla, ya da bir rolu ifa etməklə
kifayətlənməməlidir. Azərbaycan operasında nə
varsa, onu da ifa etməlidir. Mən musiqi dünyasına tamam
başqa cür baxıram. Çünki mənim iş qrafikim
aktivdir. Mən bir ay işləməyəndə depressiyada
oluram.
-Leyli obrazını yaradan xanəndələrimizdən
birisiniz. Bəs siz hansı Leyli obrazını yaradan sənətkarın
rolunun vurğunu olmusunuz?
- Yenə
deyirəm, bütün sənətkarlarımızdan bəhrələnmək
lazımdır. Onlara qulaq asıb nəsə götürmək,
nəticə çıxarmaq lazımdır. Ona görə
ki, onlar bu musiqini xalqımıza çatdırıblar. Mən
onların qarşısında baş əyirəm. Onlar
olmasaydı, təbii ki, biz də olmazdıq. Mən
ustadlarımızı müzakirə etməyi sevmirəm.
-Leyli obrazı
oynadığınız zaman əsl Leylini içinizdə
hiss etmisinizmi?
- Mən
səhnədə süniliyi sevmirəm. İstəyirəm
ki, hər şey təbii olsun. Biri var rejissor nə deyirsə,
aktyor da onu edir. Biri də var ki, hər sözü, frazanı
ürəkdən hiss edəsən. Ona görə də mənim
səhnədəki dünyam tamam başqadır. Mən kimisə
təqlid etməyi sevmirəm. Ustadlarımız
toxunulmazdır. Onların əvəzsiz ifaları və tərzləri
olub. Biz Rübabə xanım, Sara xanım, Səkinə
xanım, Qəndab xanım kimi sənətkarlara baxıb bu sənətə
gəlmişik.
-Muğam dedikdə, Nəzakət
Teymurovanın fikrində hansı sözlər ifadə olunur?
- Bilmirəm.
Onu siz deyə bilərsiniz.
-Hansı muğamla səsinizin
gücünü göstərmək istəmisiniz?
-
Muğamı sevməsən, onu ifa edə bilməzsən. Mən
bütün muğamlarımızı sevirəm və
onları sevə-sevə ifa edirəm.
-Tələbələrinizin səs
diapazonunu rahatlıqla hiss edə bilirsinizmi? Onların
hansısa yöndə çalışması
üçün səy göstərirsinizmi?
- Biz əsas
meyar kimi səs diapazonunu götürürük. Təbii ki,
ümidverici tələbələr də var. Səsləri
olub öz üzərlərində işləməyən tələbələr
də var. Mən həmişə deyirəm ki, xanəndə
zaman-zaman yetişir. Elə olur ki, muğam müsabiqələrində
yer tuturlar, amma bunun ağırlığına dözməyib
gedirlər.
-
İndiki gənclərin əsas meyarı xarici musiqilər və
dünya səhnəsidir. Sizin fikrinizcə, onların
maraqlarını milli musiqiyə yönəltmək və
dünya səhnəsində milli musiqimizlə təmsil olunmaq
üçün hansı işlər görülməlidir? Ən
əsası, bugünkü gəncliyin meyarlarından
razısınızmı?
- Müəyyən
qismi ilə razıyam. Onlar öz üzərlərində
çalışırlar. Artıq 8 ildir ki, muğam müsəbiqələri
keçirilir və indi onlar konsert verməlidirlər, püxtələşməlidirlər.
-Opera səhnəsində obraz yaratmaq
sizə çətinliklər yaradır?
- Mən
1995-ci ildən orada çalışıram və işimdən
zövq alıram. Oynadığım ilk rolum da Leyli olub. Bu rol
mənə teatrda oxumağa başladıqdan yeddi ay sonra
verildi. Bizim baş rejissorumuz Hafiz Quliyev, Mənsum İbrahimov,
Məlahət İsmayılova, tarzən Elxan Mansurov və
bütün heyət mənimlə birlikdə bu rol üzərində
çalışdı. Mən o dövr üçün nə
isə etməyə çalışmışam və
tamaşaçı kütləsi məni bəyənib. Amma mən
bütün bunları zaman keçdikcə qazandım.
-Teatra gələn
tamaşaçılar sizi qane edirmi? Sizcə, müasir
dövrdə “Leyli və Məcnun” tamaşasına tələbat
varmı?
- Tələbat
olmasaydı, “Leyli və Məcnun” operasının səsi
YUNESKO-dan gəlməzdi. Bu yaxınlarda mən, Mənsum
İbrahimov, Məlahət İsmayılova, dirijor
Yalçın Adıgözəlov, baş rejissor Hafiz Quliyev
Tacikistana qastrol səfərinə getmişdik. Üzeyir bəyin
əsərlərini dünyanın hansı ölkəsinə
aparsan, onu beşəlli alqışlayarlar. Ona görə ki,
bizim musiqimizdən, muğamımızdan, incəsənətimizdən,
ümumiyyətlə, Azərbaycanımızdan heç bir
yerdə yoxdur. Demək olar ki, dünyanın hər yerini gəzmişəm.
Amma mənim üçün ən əsası Azərbaycan
torpağı və dövlətimdir. Ona görə də Vətənini
sevən bir insan kimi ölkəmizin inkişafı
üçün əlimdən gələni edirəm.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-11 iyun.- S.13.