“Azərbaycan və Türkiyə diaspor təşkilatları daim
əməkdaşlıq çərçivəsində fəaliyyət
göstərirlər”
Elmir Səfərli: “Türkiyədə
yaşayan tələbələr, həqiqətən,
bacardıqları qədər fəallıq göstərməyə
çalışırlar”
Müsahibimiz Türkiyədə
yaşayan azərbaycanlı gənc diaspor fəalı, iqtisad
üzrə doktorant Elmir Səfərlidir.
-
Elmir müəllim, ilk olaraq özünüz haqda məlumat
verərdiniz...
-
Qeyd edim ki, mən Elmir Səfərli Novruz oğlu 1987-ci ildə
Cəbrayıl rayonunda anadan olmuşam. 2004-cü ildə Xətai
rayonu 27saylı ingilis dili təmayüllü orta məktəbi
yüksək qiymətlərlə bitirmişəm və elə
həmin il də Azərbaycan Dövlət İqtisad
Universiteti ilə Türkiyə İstanbul Universiteti Türk
Dünyası Araştırmaları Vakfının
anlaşmalı şəkildə birgə fakültəsi olan
Türk dünyası işlətmə fakültəsinə
daxil olmuşam. Universitetdə təhsil aldığım
müddətdə respublikanın bir sıra universitet və
fakültələrində “Azərbaycan Respublikasının
2005-2007 ci illərdə büdcə analizi”, “Comparison of
economic system in CIS countries”, “Corporate finance and economy”, “Network
deciding models-short way problems” mövzularında, o cümlədən
marketing, statistik proqramlar və tətbiqi, beynəlxalq finans və
inteqrasiya sahələri üzrə seminar və təlimlər
vermişəm. Fakültədə oxuduğum müddətdə
bir sıra beynəlxalq və yerli konfranslarda, o cümlədən
Amerika Dövlət Departamenti Yardım Fondunun və Beynəlxalq
Respublikaçılar İnstitutunun birgə layihəsi olan
“Liderlik” layihəsində, Türkiyənin İstanbul şəhərində
keçirilən Birləşmiş Millətlər Təşkilatının
gənclər üzrə “İstanbul İnternational Model of
United Nations-Free trade zones” layihəsində, Almaniyanın
Fridrix Nauman Fondunun təşkil etdiyi Dünya Ticarət Təşkilatı
layihəsində iştirak edərək Azərbaycan
Respublikasını təmsil etmiş və müvafiq sertifikat
və diplomlarla təltif olunmuşam. Eyni zamanda Gənclər
və İdman Nazirliyinin, Mədəniyyət və Turizm
Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan
Respublikası Universitetlərində Bolonya prosesinin tətbiqi”
layihəsində aparıcı koordinator-trener olaraq fəaliyyət
göstərmişəm. Bunlarla yanaşı, “ANS”
telekanalında Britaniya Konsulluğunun dəstəyi ilə
yayımlanan “Avropa İttifaqı və Mən” verilişinin
aparıcı iştirakçısı olmuşam. Universitet
illərində həmçinin tədris və sosial fəaliyyətlərlə
yanaşı, Amerika Dövlət Departamenti, Beynəlxalq Mətbuat
İnstitutu, Avropa Qaçqınlar Şurası, Amerika
Dövlət Departamenti İqtisadi və Sosial İnkişaf
Şurası, ən əsası Azərbaycan Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi ilə əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərən
Beynəlxalq Avrasiya Mətbuat Fondunda maliyyə departamentində
çalışmışam. 2008-ci ildə təhsil
aldığım fakültəni müvəffəqiyyətlə
başa vuraraq Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə
Dövlət Təqaüdü ilə Türkiyə
Respublikası İzmir Şəhəri Dokuz Eylül
Universitetinin İngiliscə işlətmə fakültəsinə-MBA-ya
(Master of Business Administration) daxil olmuşam. 5 illik təhsilimi
1 il 8 aya başa vuraraq Böyük Britaniya və Şimali
İrlandiya Krallığında doktorantura pilləsini
qazanmışam. Lakin bəzi səbəblərdən
dolayı təhsilimi dondurub 2010-cu ildə Azərbaycana geri
dönmüşəm. Döndüyüm günlərdən
etibarən YapıKredi Bank Azərbaycan QSC genel müdirliyində
kredit departamentində çalışmağa başlamışam.
2011-ci ildə Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə
Dövlət Təqaüdü ilə yenidən Türkiyə
Respublikası İzmir şəhəri Dokuz Eylül
Universitetində İngiliscə işlətmə və finans
fakültəsində doktrantura (İqtisadi elmlər üzrə
fəlsəfə doktorluğu) pilləsinə daxil olmuşam.
Hazırda elmi işçi olaraq fəaliyyətimi davam etdirirəm.
- Sizin hansı elmi
araşdırmalarınız var?
-
Doğrusu, orta məktəb illərimdə və eləcə
də bakalavr dərəcəsində təhsil zamanı
akademik sahədə fəaliyyət göstərəcəyimi
və elmi araşdırmalarla məşğul
olacağımı çox da düşünmürdüm.
Universitet müəllimlərimiz bizə müəyyən
mövzuları araşdırmağı tapşıranda Azərbaycanın
elm sahəsində digər ölkələrə nəzərən
nisbətən geridə olduğunun fərqinə vardım.
Beynəlxalq elmi platforma və məlumat topluluqlarına nəzər
yetirsəniz, bunu açıq şəkildə görə
bilərsiniz. Və elə o gündən etibarən
bacardığım qədər Azərbaycan elm sektoruna öz
töhfəmi verəcəyimə söz verdim.
Hazırda “The effect of macroeconomic factors on the performance of Azerbaijan
Banking System” adlı elmi
məqaləm “Eurojournals”
elmi jurnallar silsiləsindən olan
“Journal of Money, İnvestment and Banking” jurnalında dərc olunub. Bu məqalə
bir çox ölkələrin və məşhur universitetlərin
elmi platformlarında istifadə olunur. Daha sonra isə
eyni mövzuda və daha böyük
bir şəkildə yazdığım “Azerbaijan Banking System: The
effect of macroeconomic factors on the performance of banking system” adlı kitabım Almaniyanın “Lambert Publishing” nəşriyyatı
tərəfindən dərc
olunaraq 45-ə yaxın
ölkənin kitab satış nöqtələrində
və eləcə də internet səhifələrində
(“Amazon.com” daxil olmaqla)
satışa çıxarılıb.
Bununla yanaşı, bir çox yerli, beynəlxalq qəzet və jurnallarda çap olunan yazıların müəllifiyəm.
- Xaricdəki azərbaycanlıların birliyi
və həmrəyliyini
necə dəyərləndirirsiniz?
- İstər Türkiyə
olsun, istər Avropa, Amerika olsun, istərsə də Uzaq Şərq
ölkələri olsun,
xaricdə yaşayan həmyerlilərimiz arasında
müxtəlif fikirdə
olanlar var. Amma önəmli nöqtə odur ki, Azərbaycanla
bağlı hər hansısa bir tədbir, bir göstəriş, nümayiş
və ya toplantı olanda bu insanlar fikirlərindən
asılı olmayaraq bir arada toplanmağı
bacarırlar. Çünki önəmli olan vətən həqiqətlərinin
dünyaya tanıdılmasıdır.
Çünki önəmli olan
haqq səsimizin dünya ictimaiyyətinə
çatdırılmasıdır.
- Türkiyədəki
azərbaycanlı tələbələr
fəaldırlarmı?
- Xaricdə təhsil alan Azərbaycanlı
tələbələrin böyük
əksəriyyəti Türkiyədə
təhsil alır. İstər İstanbulda, istər İzmirdə, istər Ankarada və eləcə də, Türkiyənin digər şəhərlərində yaşayan
tələbələr, həqiqətən,
bacardıqları qədər
fəallıq göstərməyə
çalışırlar. Universitetlərdə, beynəlxalq tədbirlərdə,
səfirliklərdə, sivil
və dövlət təşkilatlarında müxtəlif
tədbirlər həyata
keçirərək Azərbaycan
həqiqətlərini, Qarabağ
problemini, önəmli
strateji məsələləri
qabardaraq dünya ictimaiyyətinin nəzərinə
çatdırmağa çalışırlar.
Məsələn, bu il Xocalı
soyqırımı ilə
əlaqədar İzmirdə
təhsil alan azərbaycanlı tələbələr
olaraq şəhərin
mərkəzi olan Cümhuriyyət meydanında
insanlardan ibarət Hocalı sözünü
yazdıq. Bu bütün
Türkiyə mediasında
əks-səda doğurdu.
Kənardan gəlib keçən
insanların marağını
o qədər çəkmişdi
ki, özləri könüllü olaraq bu aksiyaya qatılaraq
dəstək olurdular.
- Türkiyədəki
diasporumuzu güclü
hesab etmək olarmı?
- Əksər ölkələrdə
lobbiçilik və diaspor fəaliyyətləri
səfirlikliklər, diaspor
təşkilatları və
o ölkədə yaşayan
həmvətənlərimiz tərəfindən milli bayramlar, Azərbaycan adət-ənənələri, millətin, dövlətin
unudulmaz yarası olan Qarabağ problemi və eləcə də dövlətlər arasında
olan iqtisadi, siyasi, sosial və ictimai münasibətlərin gücləndirilməsi
yönündə müxtəlif
üsullarla tədbirlər
şəklində həyata
keçirilir.
Bəzən insanlar elə düşünürlər ki,
Türkiyə dili, dini, adət-ənənəsi
bir olan qardaş ölkədir və burda diaspor
və lobbiçilik fəaliyyətlərinə o qədər
də önəm vermək lazım deyil. Amma mən bu fikirlə qətiyyən razılaşmıram. Əksinə, bizim Türkiyədə göstərdiyimiz fəaliyyətləri
bir neçə dəfə artırmağımız
lazımdır. Digər ölkələrə
nəzərən təbii
ki, Türkiyədə
diaspor daha güclüdür. Amma bu, hələ tam demək deyil. Türkiyə Respublikası böyük
dövlətdir və
bu dövlətdə onlarla xalq yaşayır.
Bu xalqların nümayəndələrinə Azərbaycanla bağlı
həqiqətləri çatdırmaq
üçün mütləq
şəkildə fəaliyyətimizi
daha da gücləndirməliyik.
- Azərbaycan və türk diaspor təşkilatlarının
erməni məsələsinin
qabardılmasında fəaliyyəti
yetərincəmidir?
- Bu bir faktdır ki, Türkiyədə Osmanlı imperiyasının
dövründən çoxsaylı
ermənilər yaşayır.
Onlar da daim təşkilatlanmış
şəkildə uydurma
həqiqətlərini Türkiyədə
gündəmə gətirməyə
çalışırlar. Məsələn, tez tez “Hepimiz ermeniyiz”, “Ermeni soykırımını
tanı” kimi şüarlarla yürüşlər,
mitinqlər keçirərək
ictimaiyyətin nəzərini
cəlb etməyə çalışırlar. Amma mən deyərdim ki, türk xalqı
bunu qəbul etmir. Əksinə, belə hadisələrlə
rastlaşdıqda o dəqiqə
Qarabağda, Xocalıda,
Şuşada, Ağdamda
həlak olan minlərlə şəhidimizin
haqqını tələb
edir, bu hadisələrin məhz ermənilər tərəfindən
törədildiyini qabardırlar.
2012-ci ildə İstanbulda keçirdiyimiz
400 min nəfərlik böyük
mitinq “Hepimiz ermeniyiz” deyənlərə
bir cavab oldu. Bütün dünya anladı
ki, türkün gücü nədir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları
daim əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərirlər.
Müxtəlif regionlarda tədbirlər,
aksiyalar keçirərək
birliyimizin gücünü
ortaya qoymağa çalışırlar.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsinizmi?
- Həm Türkiyədə,
həm də dünyanın bir çox ölkələrində
çalışan diaspor
təşkilatları ilə
əməkdaşlıq edirik.
Bir çox ölkələrdə,
eləcə də Türkiyədə silsilə
tədbirlər həyata
keçiririk. Çalışırıq ki, bacardığımız
qədər yeni insanları özümüzə
tərəf çəkə
bilək. Çalışırıq ki, həqiqətləri,
tarixi faktları olduğu kimi qanun çərçivəsində
insanların diqqətinə
çatdıra bilək.
- Siz Azərbaycan diasporunun birləşməsi, ölkəmizin
tarixinin və mədəniyyətinin təbliği
istiqamətində hansı
işlər görürsünüz?
- Qeyd edim ki,
təşkilatlar vasitəsilə
fəaliyyətdən başqa,
həmişə çalışmışam
ki, özüm ölkəmizin tarixinin və mədəniyyətinin
təbliği istiqamətində
nə isə edim. Elmi işçi olaraq
fəaliyyət göstərdiyim
və təhsil aldığım universitetdə
hər zaman araşdırmalarımı Azərbaycan
üzərində etməyə
çalışmışam. Bununla bir növ professorların,
universitetin müəllim-tələbə
heyətinin diqqətini
cəlb etməyi hədəfləmişəm. Demək olar ki, istədiyimə
nail oluram. Mən hər
dəfə hansısa
bir araşdırma edəndə, universitetdə
o araşdırmanın mühazirəsinin
təqdimatını edirəm.
Bu zaman akademik
fəaliyyət göstərən
insanların böyük
maraqla o araşdırmanı
oxuyub Azərbaycanı
daha yaxından tanımağa çalışdıqlarının
şahidi oluram.
Bundan başqa, Xocalı soyqırımı ərəfəsində
mən özüm şəxsən Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğana və Türkiyə Böyük
Millət Məclisinin
550 millət vəkilinə
Xocalı soyqırımının
parlamentdə tanınması
üçün öz
yaşadığım səmimi
hisslərimi məktub
şəklində ünvanlamışdım.
Bu məktub da
Türkiyənin və
Azərbaycanın demək
olar ki, bütün mətbuat orqanlarında çap olunub. İnanırsınız, mənə bununla
bağlı o qədər
dəstək məktubları
gəldi ki, özüm bir daha bu tip fəaliyyətlərin
diaspor və lobbiçilikdə nə qədər önəmli olduğunun şahidi oldum.
Fuad Hüseynzadə
Palitra.-2013.-11 iyun.-S.7.