“Gənc alimlərə qrantlar vasitəsilə
dəstək olmağa çalışırıq”
Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin
Babayev: “Nanotexnologiyalar sahəsində tədqiqatlar aparmaq
üçün Yaponiya, Avropa, Amerika, Kanada istehsalı olan
elmi cihazlar alınaraq alimlərin istifadəsinə verilib”
Elmin inkişafı respublikanın tərəqqisində
mühüm rol oynayır. Ölkə başçısı
da bidlirib ki, elmin inkişafı ümumi inkişaf templəri
ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi
yaradılmalı, bunun üçün prioritetlər
düzgün seçilməli və onun üzərində
işlər aparılmalıdır: “Bizim üçün
elmin inkişafı ilə bağlı əsas məsələ
prioritetlərin düzgün seçilməsidir. Bütün
dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif
istiqamətlərdə inkişafına dəyərli töhfələrini
veriblər. İndiki şəraitdə, müstəqilliyimizin
inkişafı və möhkəmlənməsi şəraitində,
elmi potensialın güclənməsinə böyük ehtiyac
var”. Bu gün ölkədə elmin inkişafı istiqamətində
öz töhfəsini verən qurumlardan biri Prezident yanında
Elmin İnkişafı Fondudur. Müsahibimiz Prezident yanında
Elmin İnkişafı Fondunun icraçı direktoru
Elçin Babayevdir:
-Ölkə
başçısının qeyd etdiyi kimi, artıq Azərbaycan
keçid dövrünü uğurla başa vurub və
inkişafının yeni mərhələsinə daxil olub. Bu
inkişaf bütün sahələrdə olduğu kimi elm və
təhsilin də inkişafını əhatə edir. Konkret
olaraq, elmin inkişafı istiqamətində xeyli böyük
tutumlu işlər yerinə yetirilib. Bunların
sırasında elmin inkişafı üzrə Milli
Strategiyanın qəbul olunmasını xüsusilə qeyd etmək
lazımdır. Digər bir mühüm məsələ kimi
isə hazırda müzakirəsi gedən “Elm haqqında
qanun”u göstərmək olar. AMEA-da son aylar aparılan islahatlar da diqqəti cəlb
edir. Milli Strategiyaya uyğun olaraq 2009-cu ildə Prezident tərəfindən
Elmin İnkişafı Fondu yaradılıb və bu Fondun
qarşısına ölkədə elmin inkişafı
üzrə konkret vəzifələr qoyulub. Artıq Elmin
İnkişafı Fondu bir püxtələşmiş quruma
çevrilib. Ötən dövr ərzində fond
özünün bir neçə qrant müsabiqəsini elan edərək
keçirib. Bu müddət ərzində fond müsabiqələrin
formatının zənginləşməsinə də
çalışıb. Klassik qrant müsabiqələri ilə
yanaşı, məqsədli və beynəlxalq xarakterli
müsabiqələr də təşkil olunaraq keçirilib.
Ölkə
başçısı elmin bütün istiqamətlərinin
inkişafına xüsusi maraq göstərir və bu proseslərin
gedişini bilavasitə izləyir. Bu yaxınlarda Şamaxı
Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir
və yenidənqurma işləri ilə tanış olarkən
cənab Prezident əslində Azərbaycanda elmin
inkişafı üçün bir növ prioritetlər müəyyənləşdirdi
və mühüm bəyanatlar verdi. Bunların
sırasında Azərbaycanın regional elmi mərkəzə
çevrilməsi kimi ideyanı, məqsədi qeyd etmək
lazımdır. Digər məsələ isə ölkədə
elmin inkişafına daim ən yüksək səviyyədə
dəstək göstəriləcəyi fikrinin bir daha bəyan
edilməsi və bunun üçün isə lazım olan
bütün vasitələrdən istifadə ediləcəyi
fikrinin bir daha səsləndirilməsi oldu. Artıq ölkədə
elmin inkişafı da yeni bir mərhələsinə qədəm
qoyub. Bu prosesdə elmlə məşğul olan, elmin
inkişafına cavabdeh olan bütün qurumlar və müəssisələr
birgə fəaliyyət göstərir və Elmin
İnkişafı Fondunun da bu inkişafa xüsusi töhfəsi
var. Fondun strategiyasına görə ölkədə
bütün elm sahələri paralel olaraq dəstəklənməlidir,
prioritetlər nəzərə alınmalıdır.
- Bu sahədə alimlərə dəstək
olaraq hansı istiqamətlər müəyyənləşdirilib?
- Ölkədə
fəal çalışan alimlər həm də alternativ
şəkildə - qrantlar yolu ilə dəstəklənməlidir.
Bu dəstək tək fundamental tədqiqatları əhatə
etməməlidir. Eyni zamanda tətbiqi, axtarış-innovasiya
xarakterli layihələr də yüksək səviyyədə
dəstəklənməlidir. Fondun iri maliyyə həcmli pilot
layihələri isə qurum və alimlərin ən modern elmi
cihaz və avadanlıqlarla təchiz olunmasını, bu
cihazlarla işləyə biləcək kadr
hazırlığını nəzərdə tutur. Fond elmi-tədqiqat
layihələri ilə yanaşı, müxtəlif xarakterli
xüsusi layihələrin və tədbirlərin də maliyyələşdirilməsinə
yardımçı olur. Bunların sırasında Azərbaycanda
beynəlxalq və regional səviyyəli elmi tədbirlərin
təşkil olunaraq keçirilməsini, alimlərimizin elmi əsərlərinin
nəşrinin dəstəklənməsini, alim və mütəxəssislərin
xaricdə keçirilən yüksək səviyyəli elmi tədbirlərdə,
yəni, konfrans, simpozium, seminarlarda iştirakının təmin
olunmasını, onların xaricdə qısa müddətli
elmi təcrübəkeçmədə iştirakının
fond tərəfindən maliyyələşdirilməsini,
ekspedisiya-çöl işləri, maddi-texniki təminat
üzrə layihələri qeyd etmək mümkündür.
Ölkədə
elmin inkişafı artıq yüksələn xətlə
gedir. Bu sahədə müxtəlif qurumlarda aparılan islahat
işləri, yeni elmi istiqamətlərin, aktual və dinamik
prioritetlərin müəyyənləşdirilməsi və
bu prioritetlər əsasında elmin maliyyələşdirilməsi
yaxın zamanda öz bəhrəsini verəcək. Bu işdə
eyni zamanda kadr hazırlanması məsələsi önəmli
yerlərdən birini tutur. Xüsusilə də gənc alimlərə
olan qayğını qeyd etmək lazımdır. Fond tərəfindən
keçirilən gənc alim və mütəxəssislərin
qrant müsabiqələrini qeyd etmək istərdim. Artıq I
müsabiqə üzrə yerinə yetirilən elmi-tədqiqat
işlərinin əksəriyyəti tamamlanmaq üzrədir.
Birinci müsabiqədə 25 layihə qalib olub. Hazırda isə
gənc alim və mütəxəssislərin II qrant
müsabiqəsinə daxil olan layihələrin ekspertiza
işi aparılır və yaxın müddət ərzində
onların da nəticələri açıqlanacaq. Həm
pilot qrant layihələr, həm gənc alim və mütəxəssislər
üçün keçirilən müsabiqələr, həm
də mobillik qrantları vasitəsilə biz gənc elmi
kadrların hazırlanmasına diqqət yetiririk.
Digər
bir vacib məsələ Azərbaycanda alınmış elmi nəticələrin
xaricdə tanıdılmasıdır. Qrant layihələri
üzrə yerinə yetirilmiş işlərin nəticələrinin
məhz xaricdəki nüfuzlu jurnallarda və digər nəşrlərdə
çap olunması fond tərəfindən təkidlə
tövsiyə olunur. Artıq bu, öz müsbət nəticəsini
verməkdədir. Fondda hətta qrantların dəstəyi ilə
çap olunmuş çap işlərinin sərgisini də
açmışıq.
- Ölkə başçısı
bildirib ki, Azərbaycan bölgənin elm mərkəzinə
çevrilməlidir. Bunun reallaşması üçün
hansı zəruri addımların atılmasını vacib
hesab edirsiniz?
- Azərbaycanın
regionun elm mərkəzinə çevrilməsi
üçün artıq ölkədə bazis də, şərait
də, stimul da var. Həm əvvəlki illərdən, sovet
dövründən qalan əqli və elmi-texniki miras, həm də
son illərdə daha böyük vüsət almış kadr
hazırlığı məsələsi bizə imkan verir ki,
Azərbaycan digər sahələrdə olduğu kimi, elm sahəsində
də liderə çevrilsin. Xüsusilə də fundanmental və
tətbiqi elmlər sahəsində rəqabət apara biləcək
nəticələr alınması üçün elmi-tədqiqatların
maddi-texniki bazası gücləndirilməlidir. Əksər
hallarda isə tamamilə inqilabi şəkildə yeniləndirilməlidir.
Bu məqsədlə fond yuxarıda adıçəkilən
xüsusi layihələrə dəstək verir. Böyük
maliyyə həcmli pilot layihələr adlandırılan bu
layihənin məbləği ən azı yarım milyon
manatdan başlayır. Məqsəd isə elmi-tədqiqat
institutlarını ən müasir parametrlərə malik və
dünyada tanınmış elmi cihaz, avadanlıq və
qurğular istehsal edən xarici şirkətlərin məhsulları
ilə təmin etməkdir. Onları alıb-gətirmək,
quraşdırıb-istifadəyə vermək, onlarda
çalışa biləcək kadrların hazırlanması
məsələsi məhz bu pilot layihələr vasitəsilə
fond tərəfindən həyata keçirilir. Artıq bu sahədə
bizim uğurlarımız var. Bir neçə pilot layihəsi
uğurla reallaşdırılıb. Bunların
sırasında AMEA-nın Fizika İnstitutunda
reallaşdırılan pilot layihələri qeyd etmək olar.
Bu layihələr çərçivəsində
nanotexnologiyalar sahəsində tədqiqatlar aparmaq
üçün Yaponiya, Avropa, Amerika, Kanadanın istehsalı
olan ən müasir və bahalı elmi cihazlar alınaraq gətirilib,
quraşdırılıb, sazlanıb və alimlərin istifadəsinə
verilib. Artıq Fizika İnstitutunda bu cihazların bazasında
innovasiyalar mərkəzi yaradılıb. İlkin tədqiqatlar
aparılıb, çox gözəl nəticələr
alınıb. Xüsusilə qeyd edim ki, Fizika İnstitutunda
aparılan tədqiqatlar o qədər əhəmiyyətlidir
ki, hətta Yaponiyadan gənc mütəxəssislər gəlib
burada hazırlıq mərhələsi keçir və birgə
elmi-tədqiqat işləri aparırlar. Digər bir pilot layihəmiz
isə Geologiya İnstitutunda reallaşdırılıb. Orada
Yaponiya istehsalı olan və ən müasir parametrlərə
malik skanedici elektron mikroskop quraşdırılıb. Nüfuzedici
elektron mikroskop isə başqa bir pilot layihə əsasında
Tibb Universitetində istifadəyə verilib. Bundan başqa
Aşqarlar Kimyası İnstitutunda müasir elmi-tədqiqatlar
aparılması üçün maddi-texniki cihaz bazası
tamamilə yenilənib. Bu cür layihələr davam etməkdədir.
Yaxınlarda belə bir layihə Botanika İnstitutunda
reallaşdırılacaq. Başqa bir pilot layihə Genetika
İnstitutunda həyata keçirilmək üzrədir. Bu
institutda gen kodlarını oxuya biləcək müasir
sekvenzer alınaraq quraşdırılacaq. Bu pilot layihələrin
gələcəkdə daimi əsaslarla davam etdirilməsi nəzərdə
tutulub. Hesab edirik ki, yaxın bir neçə il ərzində
həm maddi-texniki bazanın yenilənməsi, həm də
kadr hazırlığı ölkədə elmin
inkişafına güclü təkan verəcək. Elmi-tədqiqaat
layihələri fondun fəaliyyətində hər zaman dəstəklənir
və bu layihələr çərçivəsində aktiv
işləyən alimlərimizə
stimullaşdırıcı əməkhaqqı verilir. Onlar
elmi müzakirələrin aparılması üçün
xarici ölkələrə ezamiyyətə göndərilir.
Onlar üçün İKT avadanlıqları, xüsusi elmi
cihazlar, məmulatlar alınır və bunların
hamısının məqsədi fəal çalışan
alimlərimiz üçün əlavə müvafiq
işçi şəraitin yaradılması, elmi əlaqələrin
qurulması, beynəlxalq əməkdaşlığın
inkişafı kimi ülvi məqsədlərdir.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-12 iyun.-S.6.