Masallıda Beynəlxalq Folklor Festivalı fərqli şəkildə
keçirilir
“Bu
festival daha maraqlı və möhtəşəm tədbirləri
ilə yadda qalacaq”
Son
dövrlərdə Masallı rayonunda mədəniyyət,
folklor və maarifləndirmə tədbirləri intensiv şəkildə
keçirilməkdədir. Xatırladaq ki, 2012-ci ildə
Masallının “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi
ilə bağlı rayonda bir sıra respublika və beynəlxalq
səviyyəli tədbirlər keçirilib. Bundan başqa
elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr,
sərgilər və s. bu sıradan qeyd edilməlidir.
Bunların ən çox yadda qalanı Masallıda
keçirilən Beynəlxalq Folklor Festivalıdır.
Masallı Rayon İcra Hakimiyyətindən
aldığımız məlumata görə, bu tədbir
Masallının zəngin folklor nümunələrinin beynəlxalq
aləmdə tanınması, eləcə də bir sıra
xalqların bu qiymətli sənət inciləri ilə
tanışlığı üçün çox dəyərli
olub.
Ulu
öndərimiz Heydər Əliyevin anadan olmasının 90
illiyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı
geniş çərçivədə qeyd olunur, tədbirdə
daha çox ölkədən qonaqlar iştirak edirlər:
“İyunun 12-16-da Masallıda keçirilən festivalda
dünyanın 12 ölkəsindən incəsənət
ustaları öz xalqlarının mahnı və rəqslərini
ifa edirlər. Festivala qatılan kollektivlər Türkiyə,
İran, Qazaxıstan, Ukrayna, Belarus, Dağıstan,
Gürcüstan, Latviya, Rusiya və sair incəsənət
ustalarıdır. Onlarla yanaşı, Ağdamın
“Qarabağ bülbülləri”, habelə Masallının
dörd kollektivi maraqlı konsert proqramı
hazırlayıblar”.
O da qeyd
edildi ki, festival günlərində rayonun turizm obyektlərinə,
Masallının tarixi ilə bağlı yerlərə
ekskursiyalar nəzərdə tutulub: “Turizm obyektlərində,
eləcə də şəhərdə, qəsəbə və
kəndlərdə konsertlər təşkil olunacaq, el sənətkarlığı
nümunələrinə baxış keçirilir, sənətkarların
əl işlərindən ibarət sərgilər düzənlənir.
Xalqların
mədəniyyət yaxınlığının ən
gözəl nümunəsi olan festivalların keçirilməsi,
qonaqların qarşılanıb yola salınması,
onların istirahətinin təşkili, rayonla, incəsənətimiz,
musiqimiz, təbiətimiz, tariximizlə tanışlıq
marağının təmin edilməsi mühüm şərtdir.
Keçən il Masallı sakinləri bu tədbiri keçirmək
üçün mütəşəkkillik göstərdilər.
Qonaqlar gedəndən sonra xeyli müddət onların
rayonumuzda qarşılanıb yola salınması ilə əlaqədar
razılıq məktubları gəldi. Masallı öz
qonaqlarını bu il daha yaraşıqlı, abad şəhər
kimi qarşılayır. Bağlar, parklar, xiyabanlar genişləndirilmiş,
küçələr abadlaşdırılıb. Şəhərin
panoramı bu gün göz oxşayır. 2013-cü ildə
kecirilən festival daha maraqlı və möhtəşəm
tədbirləri, təşkilatçılığı,
çoxsaylı uğurları ilə yadda qalacaq”.
Rayonda
aktual məsələlərlə bağlı kulturoloji maarifləndirmə
tədbirləri də diqqətdədir. Məsələn, erkən
nikahlar cəmiyyət üçün ciddi problemlər
yaradır. Bu faciə insan həyatını iflic edir,
genefondumuza zərbə vurur. Onun törətdiyi bəlalar təkcə
bir nəsildə təzahür etmir, gələcək nəsillər
üçün də faciəyə dönür. Masallıda
erkən nikahlarla mübarizədə cəmiyyət dövlət
rəsmiləri ilə birgə mübarizəyə qalxıb.
Bir-birindən əhatəli tədbirlərdə, kəskin
söhbətlərdə erkən nikahların doğurduğu
bədbəxtliklər göstərilməklə valideynlər
təlimatlandırılır, maarifləndirmə işləri
görülür, belə halların qarşısının
alınması yolunda işlər aparılır. Bu
yaxınlarda rayonun bir sıra qəsəbə və kəndlərində
keçirilən tədbirlər “Erkən nikahlara yox deyək!”
kampaniyasına dönüb: “Belə tədbirlərdən biri
də 11 iyun 2013-cü il tarixdə Boradigah qəsəbəsində
təşkil olunub. Tədbirdə qəsəbə
ağsaqqalları, ziyalılar, valideynlər, gənclər və
məktəblərin yuxarı sinif şagirdləri iştirak
edirdilər. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin
başçısı Rafil Hüseynov toplaşanları erkən
nikahlara qarşı ciddi mübarizəyə səslədi, həyəcan
təbili çaldı. Rayon rəhbəri valideynləri tərəfindən
erkən nikahlara təhrik edilən gənclərin ilk növbədə
Konstitusiya hüquqlarının pozulduğunu diqqətə
çatdırdı. Bildirdi ki, rayonda belə hallara
qarşı ciddi mübarizə nəticəsində bu sahədə
müəyyən irəliləyişlər var. Bəzən
erkən nikahlıların toyu dayandırılır. Bu qorxulu
kabus ilk növbədə insan həyatı üçün
faciədir. Bir sıra ciddi sosial-problemlər yaradır. Erkən
doğuş vaxtı fiziki hazırlıq bir yana, mənəvi
cəhətdən də yetişməyiblər:
qayınata-qayınana münasibətləri saxlamaq, ailəyə
nüfuz etmək, ana olmaq, övlad böyütmək
iqtidarında da deyillər. Rayon rəhbəri hamını bu
faciəyə qarşı mübariz olmağa
çağırdı. Rayon mərkəzi xəstəxanasının
baş həkimi Cəlil Nəzərov dedi ki, belə nikahlar
zamanı anaların doğuş vaxtı ölüm riski daha
çox olur. Doğuşların 98 faizində ana və ya
uşağın ciddi zədə alması ilə nikahda
olanların sağlamlığında və nəsil
artırmada böyük problemlər yaranır. Rayon
ağsaqqallar şurasının sədri Cavanşir Əsədov
ağsaqqal, ziyalı mövqeyindən toplaşanlara müraciət
edib onları erkən nikahlara qarşı rayon rəhbərinin
prinsipiallığını daha fəal dəstəkləməyə
çağırdı. Rayon prokuroru Fikrət Əsgərov,
rayon polis şöbəsinin rəisi Nəriman İmanov
göstərdilər ki, erkən nikahlar vətəndaşın
bir sıra hüquqlarının pozulması deməkdir.
Xüsusilə bu yaşda olanlara dövlət nikahı
düşmür və sonradan tərəflər arasında
narazılıq yarananda münasibətləri tənzimləmək
bir sıra ciddi çətinliklər yaradır. Qəsəbə
ərazi nümayəndəsi Nəcməddin Quliyev, əmək
veteranı Musarza Kazımov, Boradigah qəsəbə xəstəxanasının
baş həkimi Aygün Quliyeva, ağsaqqal Məmməd
Qurbanov və başqaları çıxış edib tədbirin
qəsəbədə keçirilməsinə görə
rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Söz verdilər ki, bu aktual məsələyə biganə
qalmaq olmaz, bu sahədə rayon rəhbərinin qəti
mövqeyini daim müdafiə edəcəklər”.
Son
günlərdə rayonun Bədəlan ərazisinin Dəmirçi
kəndində “erkən nigaha yox deyək” devizi altında tədbir
keçirilib: “Tədbirdə rayonun aparıcı idarələrinin
rəhbərləri, kənd sakinləri, müxtəlif
zümrədən olanlar fikir birliyi ifadə ediblər. Tədbirdə
Rafil Hüseynov deyib ki, ailə kiçik dövlətdir. Onun
uğurlu olması vacibdir. Ona zərbə vurmaq olmaz.
Uşaqlarını erkən nikaha vadar edən valideynlər bu
təşəbbüsdə olurlar. Rayon MX-nın baş həkimi
Cəlil Nəzərov diqqəti azyaşlıların
nikahı zamanı gənclərin sağlamlığında
baş verən ciddi qüsurlara, onların dünyaya övlad
gətirərkən rastlaşdıqları bədbəxt hadisələrə
cəlb edib. Dəmirçi kənd ümumi orta məktəbinin
direktoru Aytən Şükürova göstərdi ki, erkən
nikahlara girmiş qızlar məktəbdən yayınır
ki, bu da ilk növbədə onların intellektual
inkişafına mənfi təsir göstərir.
Çıxış edən sakinlər erkən nikahlara
qarşı mübarizədə əlbir olmağa, bu sahədə
hər hansı addıma qarşı çıxmağa
söz verdilər. Rayon rəhbəri tədbiri
yekunlaşdırıb bir daha xatırladıb ki, 18
yaşına çatmayanlar yeniyetmədirlər. Nikaha
hazır olmayan belələrinin ailəsi davamlı olmur, cəmiyyətin
probleminə çevrilir”.
Qeyd edilənlərdən
başqa, bu yaxınlarda Masallı şəhərindəki Gənclər
Mərkəzində “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın təbliği və tətbiqi, seçki
hüququ məsələlərinin müzakirəsinə həsr
olunmuş ictimai dinləmələr də keçirilib ki, bu
da sözügedən sahədə kulturoloji maarifləndirmə
baxımından böyük önəm kəsb edir: “Tədbirdə
rayon icra hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin,
QHT-lərin, KİV-lərin, ictmaiyyətin nümayəndələri,
rayon sakinləri iştirak ediblər. Masallı Rayon İcra
Hakimiyyətinin başçısı Rafil Hüseynov bu
ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O,
dövlətimizin başçısı cənab İlham Əliyevin
dəstək və qayğısı nəticəsində
Regionların sosial-iqtisadi inkişafı Proqramına
müvafiq olaraq, respublikamızda, o cümlədən
Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata
keçirildiyini, əhalinin rifah halının
yaxşılaşdığını və bu sahədə
işlərin davam etdirildiyini bildirib. Toplantıda
çıxış edən ombudsman Elmira Süleymanova “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək
bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları
sahəsində islahatların yeni bir mərhələsidir.
Ombudsman E.Süleymanova ölkə həyatının
bütün sahələrində inkişaf siyasətinin əsas
strateji hədəflərini ehtiva edən və həyata
keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə
gerçəkləşdiriləcək "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasını da xüsusi qeyd edərək,
respublikamızın yeni inkişaf mərhələsində əsas
məqsədinin çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişafın təmin olunması və əhalinin
rifahının yüksək səviyyəyə
çatdırılmasından ibarət olduğunu, habelə
ictimai həyatın bütün istiqamətlərində yeni
nailiyyətlərin əldə olunmasının insan
hüquqlarının da təşəkkülünə
mühüm töhfələr verdiyini bildirib. E.Süleymanova
respublikamızda insan hüquqları sahəsində ilk
proqramın-“İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nın ümummilli lider Heydər Əliyevin
1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq
edildiyini və ölkəmizdə müvafiq sahədə
önəmli rol oynadığını, o cümlədən
Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş Milli Fəaliyyət
Proqramının 2006-cı ildən uğurla həyata
keçirilən İnsan Hüquqlarının Müdafiəsi
üzrə Milli Fəaliyyət Planının məntiqi
davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər,
tədbirlər müəyyən etdiyini bildirib”.
Həmçinin
2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili
olduğu qeyd edilib, seçki təcrübəsinin təkmilləşdirilməsi
ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının
əhəmiyyəti, bu sənədlərin təbliğinin və
tətbiqinin zəruriliyi qeyd edilib, əhalinin seçkilərdə
fəal iştirakının, bu seçkilərin də
demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara
uyğun keçirilməsinin vacibliyi diqqətə
çatdırılıb.
İlkin AĞAYEV
Palitra.-2013.-15 iyun.-S.11.