Əməkdar artist Ağalar Bayramov:
“Yaxşı şeir bəzən bir dram əsərindən
daha əhəmiyyətlidir...”
Müsahibim Azərbaycan incəsənəti sahəsində bu gün bədii qiraət ustalarından biri olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramovdur. Sənət fəaliyyəti, bu günün söz yaradıcılığına müasir gəncliyin münasibəti və bədii qiraət dünyasına daha yaxından bələd olmaq üçün Ağalar müəllimlə həmsöhbət oldum. Ağalar müəllimlə müsahibəni oxuculara təqdim edirik:
- Ağalar müəllim, siz Azərbaycan səhnəsində bədii qiraət ustadlarımızdansınız. Bu gün indiki gənclər arasında mükəmməl bədii qiraət söyləyəcək davamçılarınızı görürsünüzmü?
- Bu, çox çətin sənətdir. Soruşa bilərsiniz ki, incəsənətin digər qolları da asan deyil. Xeyr. Aktyorlar çoxdur və bu da mahiyyət etibarilə aktyorluqdur. Fərq ondan ibarətdir ki, bizim ünsiyyət yaratdığımız tamaşaçıdır. Amma aktyorların partnyorları olur. Bu sənətin sahibləri, daşıyıcıları çox azdır. Bu sənətin bünövrəsini qoyan Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Mikayıl Mirzə olub. Daha sonra Əminə Yusifqızı, İlham Əsgərov və mən Ağalar Bayramov. Bir neçə gənci də saysaq, içi mən qarışıq heç on nəfərə də çatmır. Görün nə qədər müqəddəs sənətdir bədii qiraət. Tam məsuliyyət tələb edən bir sənətdir. Çünki bu sənətdə yaddaş, poeziyaya məhəbbət, ədəbi mətnə məhəbbət və bir də Allahın verdiyi ilahi səs olmalıdır. Bəlkə də bu gün yeni nəsil nümayəndələrindən şeir söyləyənlər var. Amma səs o səs deyil. Səsdə məlahət yoxdu. Poetik cümlələri səsin ahəngliyi ilə cilalamaq lazımdır. Necə ki xalça ilmələrilə gözəl olursa, poetik fikrə də gərək həmişə səslə ilmə vurasan. Bu baxımdan bədii qiraət çox çətin və mürəkkəb sənətdir. Bu sahənin davamçılarını, düzü, hələ görmürəm.
Bu yaxınlarda Müxlis Cənizadənin xatirəsinə həsr olunmuş müsabiqədə Əminə xanım Yusifqızı və mən münsiflər heyəti idik. Bu tədbiri hazırlayan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov idi. Biz orada üç nəfəri seçdik. Biri Gənc Tamaşaçılar Teatrından aktrisa, ikincisi Naxçıvan Dövlət Musiqili Dram Teatrından aktyor, biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən tələbə idi. Amma bu, hələ o demək deyil ki, onlar bədii qiraətçi oldu. Bu illərin bəhrəsindən yaranır. Gərək sözə qarşı məhəbbət olsun. Sözü əzbərləmək şərt deyil. Gərək oxuduğun misraları əvvəlcədən cilalayasan.
Bədii qiraətçilər-az sayda olan insanları deyirəm ki, onlar sözü dirildəndir, sözə əhya verəndir, sözə bəzək verəndirlər. Dəfələrlə olub ki, mən bir şeir söyləmişəm və mənə yaxınlaşıb deyiblər ki, o şeirin olduğu kitab məndə var, amma heç fikir verməmişəm. Mənim ifamda eşitdikdən sonra o şeiri oxuyur. Çünki mən o şeirə həyat verirəm. Bədii qiraət də elə budur. Amma bu, sənətdə aktyorluqdur. Bunun da yaşama məktəbi var. Burada da sözə qarşı münasibət var. Sadəcə partnyor minlərlə tamaşaçıdır. Mərhum aktyorumuz, SSRİ Xalq artisti Adil İsgəndərov deyərdi: “Qadam, danışanın sözü toxumdur. Tamaşaçı isə tarla. Söz ora elə düşməlidir ki, cücərsin, böyüyüb boy atsın”.
Mən Ağalar Bayramov da artıq 21 ildən çox müddətdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Səhnə danışığı kafedrasında, səhnə danışığını tədris edən müəllim kimi bu sənət ilə fəxr edirəm ki, mən Müxlis Cənizadənin, Kazım Ziyanın və hər zaman sənətlərindən öyrəndiyim, səslərindən ilham aldığım Həsən Əblucun, Mikayıl Mirzənin yolunu davam etdirirəm. Belə desək, onların bir zərrəsiyəm. Bu yolun davamçısıyam.
- Bu
sənət yolunda addım atmaq və irəli getməyinizə nə səbəb
oldu?
- Mən bu sənətə birdən-birə addım atmadım. Desəm, məni bu sənətə əvvəlcədən öyrədiblər, bu da yalan olar. İlk olaraq Mədəni Maarif Texnikumunu bitirdim. Daha sonra İncəsənət Universitetində təhsil almışam. Sadəcə olaraq bu sənət gərək içəridə doğulsun. Bu sənət belədir ki, məktəb, universitet sadəcə olaraq yolu göstərir. Amma başqa tərəflər insanın özündən asılıdır. Bu, mənim devizimdir ki, əgər məlahətli səs yoxdursa, ürəyəyatımlı səs yoxdursa, heç bir bədii qiraətdən söz gedə bilməz. Yaddaşında ola bilər, təsəvvürlərində ola bilər. Lakin bunların içində ən yüksəkdə duran gözəl danışıq səsidir. Amma yenə də bədii qiraətdə sadaladığım xüsusiyyətlərin olması əsasdır. Mükəmməl yaddaş, zəngin təsəvvür, hansı materialdan necə istifadə etmək, hər hansı tədbirdə publikanı nəzərə alıb çıxış etmək bu da başlıca şərtlərdən biridir. Səmimi sözümdür, bu gün mən belə davamçıları hələ görmürəm. Bəlkə də olacaq, çünki bu, xalqın xüsusiyyətidir. Nə qədər sənət nəhəngləri var idi. Onların hamısı dünyalarını dəyişib. Mən də bir gün gedəsiyəm. Yəqin ki, arzuladığımız istedadlar olacaq. Sadəcə zaman lazımdır.
- Keçmişə
nəzər salsaq, mükəmməl ədəbiyyatımız
vardı. Böyük ustad
şairlərimiz yaranmışdı. Gələcək nəsillərə
baxanda onların yolu
ilə gedənləri görə bilirsiniz?
- Yazarlar var. Bədii qiraətçinin əsas mənbəyi sözdür. Məmməd Araz deyərdi ki, sözlə zarafat etmək olmaz.
Dahi Məhəmməd Füzuli də söz haqqında söyləmişdi:
Artıran söz qədrini, sidqilə qədrin artırar.
Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz.
Mərhum xalq şairimiz Nəbi Xəzri isə söz haqda belə bir fikir demişdir ki,
Söz ucaldar bu cahanda
insanı,
Bu cahan da əzizləyər insanı.
Vaxt olur ki, bircə
anda insanı,
Əlli ilin hörmətindən salar söz.
Söz müqəddəsdir. Söz ilə
gərək zarafat etməyəsən. Mən bədii
qiraət sənətinə
ünvan tutanda ilk olaraq bayatılara, aşıq sənətinə
müraciət etmişəm.
Məmməd Araz poeziyası
məni Ağalar Bayramov etdi. Sərbəst vəzndə yazılan
Rəsul Rza, Fikrət Qoca, Rüstəm Behrudi poeziyası mənim üçün bədii qiraətin dünyasıdır.
Məsələn, Qubada yaşayıb
yaradan Ramiz Qusarçaylının neçə-neçə
şeirləri mənim
repertuarımın şah
damarını təşkil
edir. Sevimli şairimiz, Xalq
şairi Zəlimxan Yaqubun neçə-neçə
bir-birindən gözəl
misraları mənim həyat yolumda, bədii qiraət sənətimdə yol açıblar. Bu gün gənclərimiz yaxınlaşıb mənə
deyirlər ki, Ağalar müəllim, mən bədii qiraət söylədim.
Bəli! Söyləyirlər. Amma bilmirlər, nə
söyləyirlər. Əsas odur ki, poeziyanı
bilməyin lazımdır.
Çünki hər yazılan
şeir deyil. Yaxşı şeir bəzən bir dram əsərindən daha əhəmiyyətlidir... Əsas onu
da bilmək lazımdır ki, sözün arxasında hansı mənanın olduğunu başa düşəsən. Sözün yükünü
bilmək lazımdır.
Söhbətimiz əsnasında Ağalar
müəllim Qismət
adlı bir gəncin yazdığı
şeiri söylədi:
Daha son ümidə
ümid qalmayıb.
Qalsa, yollarına baxardım, olmur!
Soyuq əllərimi üzük
yerinə
Qaynar əllərinə
taxardım, olmur.
Elə bil yanında yersiz qonağam.
Mən sənə
günaham, suçam,
yasağam.
Sən güllə deyil, mənsə qorxağam,
Səni öz başıma sıxardım, olmur.
Neyləyim, olmadı, çatmadı gücüm.
Fərz edək, tutmadı bürcünlə bürcüm.
Səni
ürəyimdən çıxarmaq
üçün
Gərək ürəyimi çıxardım,
olmur.
- Fikir verin məhəbbət
ünvanına üç
bəndlik şeirdi. Amma görün bu şerdə nə qədər məntiq var. Məsələn
Ramiz Qusarçaylının
şeirində:
Düşməndən dərs yükü alıb, dərsinə daldığım Vətən.
Qarabağda iki alıb sinifdə
qaldığım Vətən.
Oğul-oğul çiçəkləndi, şəhid-şəhid
ləçəkləndi.
Xocalıda çilikləndi, əlimdən
saldığım Vətən.
Gedir yad əldə, can gedir, can-can Azərbaycan gedir.
Düşmənlərə qurban gedir, qurban
olduğum Vətən.
- Şair Məmməd
İlqar isə şeirində belə vurğulayır.
Vətən başa çox
iş gələr,
baş əymə, başın sağ olsun.
Biz
ölməyə doğulmuşuq, torpağın, daşın
sağ olsun.
Neçə
cəfakeşin qalır, bir evdən bir qoşun qalır,
Beşin
ölsə, beşin qalır, o qalan beşin sağ olsun.
Çat
verir, çatlayır dözüm, sən çatlama,
canım gözüm.
Bizə
ağalamağa gözün, bir də göz yaşın
sağ olsun.
-
Bunları niyə söylədim, çünki bunlar mənim
mənbəyimdir. Sözün deyilişindən, sözün
gücündən çox şey asılıdır. Ola
bilsin, bir bəndlik şeirdir, amma böyük məna
daşıyıcısıdır. Rəhim Rəvan (30 il
bundan əvvəl dünyasını dəyişib) deyib:
Ay nazənin
qızlar, ay gözəl qızlar,
Siz bu
oğlanların həyatısınız.
İkiniz
bir yerdə Füzuli beyti,
Dördünüz
bir yerdə bayatısınız.
- Bugünkü şairlərin
söz yaradıcılığı sizi qane edirmi?
- Gənclərdən
Qisməti qeyd etdim, yaxşı yazıb yaradır. Orta nəsil
nümayəndələrindən olan Salam Sarvan, Sabir Sarvan,
Ramiz Qusarçaylı, Əjdər Ol, Musa Yaqub, Ramiz
Rövşən, bunlar az deyil. Həqiqətən də,
yazıb-yaradırlar. Bu dəqiqə məni
qayğılandıran Qarabağ torpağı öz yerində,
söz mənəviyyatsızlığımızdır.
Ekranlara nəzər salsaq, ucuz verilişlərin ucuz söhbətləri
mədəniyyətimizdə bir bəla kimi baş alıb
gedir. Bu, məni çox narahat edir. Çünki söz
qüdrət sahibidir. Sözün hər zaman gücü olub.
Burada Nəsiminin bir beyti yadıma düşdü.
Zahidin bir
barmağını kəssən, dönüb haqdan qaçar,
Gör bu
gerçək aşiqi sərpa soyarlar ağrımaz...
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-21 iyun.-S.13.