Gürcüstanda sırf etnik bir siyasi partiyanın yaradılması qadağandır” 

 

Ramilya Əliyeva: “Gürcüstanda yaşayan azərbaycanlıların gürcü siyasətində fəal olan partiyalarda yüksək səviyyədə təmsil olunmaları daha məqsədəuyğun olardı”

 

Bildiyiniz kimi, Rusiya vətəndaşı Söyün Sadıqov Gürcüstanda Borçalı Partiyası yaradır. Məlumata görə, yeni partiyanın təşəbbüs qrupu yaradılıb və atributları qəbul edilib. Bu partiyanın proqramı və nizamnaməsini qəbul edən istənilən Gürcüstan vətəndaşı qurumun üzvü ola biləcək. Bundan başqa, Azərbaycanda yaşayan Borçalı əsillilər də partiya üzvü, hətta onun rəhbərliyində belə təmsil oluna bilərlər. Borçalı Partiyasının qarşısında duran əsas vəzifə isə Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyətə nail olmaqdır. Maraqlıdır ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu məsələylə bağlı nə düşünürlər? Onların S.Sadıqovu dəstəkləməsi və ya rədd etməsi sual doğurur. Hər şeydən əvvəl isə rəsmi Tbilisinin bu məsələyə münasibəti necədir. Bu və digər məsələlərlə bağlı Gürcüstandakı gənc soydaşlarımız arasında fəallığı ilə seçilən Dialoq və İnkişaf Fondunun rəhbəri Ramilya Əliyeva ilə əlaqə saxladıq. Qeyd edək ki, Qardabani şəhərində anadan olan R.Əliyeva Gürcüstan mədəniyyət nazirinin müşaviridir. O həm də bir neçə filmin müəllif və rejissorudur.

-Ramilya xanım, Borçalı Partiyasının yaradılması ilə bağlı fikriniz nədir?

- Ümumiyyətlə, Gürcüstanda hər hansı etnik nişanə ilə siyasi partiyanın yaradılması qanunvericiliyə əsasən, qadağandır. Bu baxımdan düşünürəm ki, qeyd edilən partiyanın məhz təkmillətli bir funksiya daşıması ilk növbədə qanuna ziddir. Mənim şəxsi fikrimə gəldikdə isə, Gürcüstanda yaşayan azərbaycanlıların gürcü siyasətində fəal olan partiyalarda yüksək səviyyədə təmsil olunmaları daha məqsədəuyğun olardı. Biz Gürcüstan vətəndaşlarıyıq və bu ölkənin siyasi-ictimai həyatına tamhüquqlu vətəndaş kimi inteqrasiya etməliyik. Bunun üçün ayrıca hər hansı bir partiyanın yaradılmasının lazım olduğunu düşünmürəm.

- Bu partiyanın yaradılması nə dərəcədə separatizmə yol açır?

- Suveren bir dövlətin tərkibində etnik köklərə əsaslanan siyasi partiyanın yaradılması və bu siyasi partiyanın əsas tələbi kimi Kvemo-Kartli (Borçalı) bölgəsinin muxtariyyətinin tələb edilməsi artıq özündə separatizm nişanələrini əks etdirir. Beynəlxalq cəmiyyət, beynəlxalq siyasi arena Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsasında da məhz hər iki dövlətin bir-birinin suverenliyini tanıması prinsipi dayanır. Gürcüstan müasir müstəqillik tarixində artıq iki etnik münaqişə (Abxaziya və Cənubi Osetiya) yaşayıb. Hər hansı bir etnik münaqişəyə başlanğıc qığılcımları vermək çox böyük tarixisiyasi səhv ola bilər.

-Hər halda S.Sadıqovun bu ideyası Gürcüstan tərəfinin də maraqlarına ziddir. Sizcə, Gürcüstan hökuməti buna imkan verəcək, yoxsa rədd edəcək?

- Dediyim kimi, qanunvericiliyə əsasən, sırf etnik bir siyasi partiyanın yaradılması qadağandır. Lakin istənilən cəmiyyət və qurumların üzvləri müvafiq qanuni prosedurlara riayət edərək birləşib siyasi partiya yarada bilərlər. Dövlət ərazisində yaranan siyasi partiyanın ideologiyası, siyasi fəaliyyəti Gürcüstan dövlətinin suverenliyinə zidd olarsa, Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alarsa, əlbəttə, dövlət müəyyən tədbirlər görməlidir. Lakin bu məsələdə Gürcüstan vətəndaşı olan azərbaycanlıların mövqeyi çox maraqlıdır. Onların mövqeyini həmişəki kimi soruşan belə yoxdur. Mənim fikrimcə, belə məsələlərdə əsas söz məhz bizlərin-Gürcüstan vətəndaşı olan azərbaycanlılarındır. Kvemo-Kartliyə (Borçalıya) muxtariyyət deyil, iqtisadi cəhətdən güclənmək, yeni yerlərinin yaradılması, soydaşlarımızın əsas gəlir mənbəyi olan kənd təsərrüfatı məhsullarının ixrac edilməsi üçün müvafiq bazarlar lazımdır. Düşünürəm ki, bu elə canı yanan hər bir insan etdiyi addımları ciddi düşünməli və tarix qarşısında səhvə yol verməməlidir.

-Bununla bağlı oradakı borçalılar hər hansı etirazya reaksiya bildiriblərmi?

- Bu xəbər Gürcüstanda geniş yayılmayıb. Düşünürəm ki, yaxın zamanda qeyd edilən məsələ ilə əlaqədar həm ictimai sektor, həm də dövlət qurumları rəsmi bəyanat verəcəklər.

-Gürcüstandakı soydaşlarımızın bu ölkənin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun deyə hansı layihələr həyata keçirirsiniz?

- Gürcüstanda bir çox qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onlar arasında, məhz bizim soydaşlarımızın məsələləri ilə məşğul olanlar da az deyil. Düşünürəm ki, bu günə qədər ictimai-siyasi mərkəzlərlə dialoq hələ də lazımi səviyyədə qurulmayıb və bu sahə üzərində işləmək lazımdır. Dialoqİnkişaf Fondu və digər bir neçə QHT-nin dövlət qurumları ilə birgə layihələr planı var.

Gürcüstanda yaşayan azərbaycanlılar əksər hallarda informasiya vakuumu ilə üzləşirlər. Bu bəzən onların dövlətin ictimai-siyasi hadisələrindən xəbərdar olmasına dair ciddi problem yaradır. İnformasiya vakuumu dedikdə, tək media sahəsində olan çatışmazlıqlardan danışmıram. Gürcüstan dövlətində vətəndaşlara dair bir çox imtiyazlar, onların sosial durumunu yaxşılaşdırmaq üçün bir sıra islahatlar var. Adicə informasiya çatışmazlığı üzündən soydaşlarımız bu imtiyazlardan istifadə edə bilmirlər.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-2 mart.-S.6.