“Gənclərimiz nə qədər fəal olsa, dövlətimiz bir o qədər güclü olar 

 

Orxan Səfərov: “Yaxşı təhsil alıb, müxtəlif

mərhələlərə çata, mühəndis, alim adını qazana bilərik, ancaq ilk növbədə yaxşı vətəndaş olmağa çalışmalıyıq”

Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühün tərkib hissəsidir. Hazırda gənclərimiz ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bu gün gənclərimiz beynəlxalq səviyyəli yarışlarda, hər il müxtəlif idman növləri üzrə keçirilən Avropadünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar. Eləcə də gənclərimizin təhsilə marağının nəticəsidir ki, hər il istər ölkədəki, istərsə də xaricdə təhsilə üstünlük verən tələbələrimizin sayı getdikcə artır. Müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq münasibətlər və menecment fakültəsinin II kurs tələbəsi Orxan Səfərovdur:

- Mən Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşam. Artıq mənim doğulduğum qəsəbəyə şəhər statusu verilib. 2011-ci ildə Ə.Məmmədov adına orta məktəbi bitirmişəm. Sonra isə 580 balla Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq münasibətlər və menecment fakültəsinə daxil olmuşam. İxtisasım dünya iqtisadiyyatıdır. Hazırda ödənişsiz təhsil alıram. Çox yaxşı haldır ki, Azərbaycanda ödənişsiz təhsil sistemi var. Onu da qeyd edim ki, mən hələ orta məktəbdə oxuyarkən dərslərimdən yüksək qiymətlər alırdım. Eyni zamanda şagirdləri ruhlandıran müxtəlif tədbirlərdə, yarışlarda iştirak edirdim. Bunlardan biri kimi Tovuz rayon millət vəkili Qənirə Paşayevanın təşkilatçılığı ilə keçirilən marafon bilik yarışması idi ki, orada şagirdlər müxtəlif fənlərdən yarışda iştirak edirdi. Mən də X sinifdə oxuyarkən həmin yarışda ən çox sevdiyim Azərbaycan tarixi fənni ilə bağlı bu yarışda iştirak etdimbeşinci yeri qazandım. Daha sonra XI sinifdə mən digər olimpiadalara qoşulurdum. Müxtəlif siniflərdə oxuyarkən mən tarix fənnindən həmin olimpiadalarda iştirak edirdim və nəhayət, XI sinifdə oxuyarkən yüksək nəticələrə görə, Tovuz rayon birincisi oldum. Beləliklə, rayon birincisi olduğuma görə, məni Bakıda keçirilən olmipiadada iştirak etməyə göndərdilər və yer tutmaq uğrunda mübarizəyə qatıldım. Bu olimpiadada isə ölkə üzrə ilk onluğa düşmüşdüm. 2012-ci ildə isə ali məktəbə daxil oldum və hazırda II kursda təhsilimi davam etdirirəm. Təhsil aldığım müddətdə fəal tələbələrə qoşuldum və nəticədə hələ I kursda oxuyarkən universitetimizin həmkarlar təşkilatının idarə heyətinə üzv oldum. Bundan sonra fəal olduğuma görə məni fakültəmizdə gənclər təşkilatının sədri seçdilər, sonra isə mən YAP üzvü olmağa qərar verdim. Bu partiyaya üzv olmağıma gəldikdə isə onu əsas götürdüm ki, ulu öndər Heydər Əliyevin sözləri ilə desək YAP-bu günün, sabahın və gələcəyin partiyasıdır. Hazırda YAP-ın üzvüyəm və bir sıra tədbirlərdə fəallıq göstərməyə başladım. Buna görə də ADNA-nın Gənclər Birliyinin idarə heyətində adım var.

- Bu gün ölkədəki ali təhsil ocaqlarında, müxtəlif ixtisaslarda təhsil almaq mümkündür. ADNA-ya üstünlük verməyinizin səbəbini necə izah edərdiniz?

- Hələ sovet dövründə “AZİ” adlanan indiki ADNA yüksək səviyyədə təhsil verməsi ilə seçilirdi. Lakin orada oxumağın çətin olduğunu deyirdilər, amma mən oxumaqdan qorxmadığım üçün ADNA-nı seçdim. Bu gün də mən fəxr edirəm ki, məhz ADNA-da təhsil alıram. Çox şükürlər olsun ki, arzuma çatmışam. Bu gün müəllimlərimdən, tələbə yoldaşlarımdan da çox razıyam. ADNA neft üzrə ixtisaslaşmış bir texniki məktəbdir. Bizim fakültə iqtisadiyyat olsa da müəyyən mənada mühəndis sayılırıq. Onu da qeyd edim ki, bizim fakültənin diplomu dünyanın 56 ölkəsində tanınır. Çünki bu ixtisas geniş anlamda iqtisadiyyatı əhatə edir. Bu ixtisası başa vuran universitetin məzunları yalnız ARDNŞ deyil, digər sahələrdə də çalışa bilərlər. Məsələn, Azərbaycanda ümumiyyətlə, hər bir dövlət qurumunun, o cümlədən İİN, VN-in Beynəlxalq münasibətlər şöbəsi var. Bu ixtisas üzrə biz həmin qurumlarda çalışa bilərik.

- Bu gün ölkənin təhsil sistemində bir sıra yeniliklər tətbiq edilir. Belə ki, Boloniya sistemi tətbiq edilir. Yaxud gənclərimizin bir qismi təhsilini xaricdə davam etdirir. Tələbə kimi hazırkı təhsil prosesini necə qiymətləndirisən?

- Mən gələcəkdə təhsilimi davam etdirmək, bakalavr pilləsindən sonra magistraturada təhsil almaq istəyirəm. Sonra imkan olarsa digər pillələrdə davam etdirəcəm. Ümumiyyətlə, xaricdə təhsilə üstünlük verirəm. Dövlət tərəfindən bu istiqamətdə bir sıra işlər görülür və gənclərimiz üçün hər cür şərait yaradılır. Bu baxımdan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərimizə göstərilən ən böyük diqqətin nəticəsidir. Ancaq mənim fikrimcə, bizim elə təhsil sahələrimiz var ki, heç də xaricdəki təhsildən geri qalmır. Məsələn, ADNA-da elə sahə var ki, orada təhsil ingilis dilində aparılır. Yaxud Qafqaz, Xəzər universitetlərində də təhsil ingilis dilində aparılır. Hazırda mən Azərbaycan dilində təhsil alıram, magistraturanı isə ADNA, yaxud digər ali təhsil ocaqlarımızda ingilis dilində təhsil ala bilərəm. Burada təhsilin ingilis dilində olmasının bizim üçün daha böyük əhəmiyyəti var. Mənə elə gəlir ki, bizim tələbələrin əksəriyyəti xaricdə ona görə təhsil almaq istəyir ki, məhz təhsil ingilis dilindədir. Bu baxımdan məncə bunu ölkəmizdə də reallaşdırmaq olar. Eyni zamanda xaricdə təhsilin daha güclü olduğu düşünülür, onu da qeyd edim ki, bizim tədris prosesi Avropa standartlarına cavab verən səviyyələrdə keçilir. Ümumiyyətlə, ölkəmizdə təhsil prosesi çox yaxşıdır. İrəliləyişə doğru gedir. Bizdə artıq yeni bir sistem-kredit sistemi qurulub. Təhsilin bu sistem əsasında olması bizi daha da fəal edir. Kredit sisteminin mahiyyəti ondan ibarətdr ki, tələbənin oxumaqdan başqa fikri olmasın. Bundan başqa bizim şagirdlərin məntiqini düzgün inkişaf etdirmək üçün kurikulum sisteminə keçiblər. Nisbətən çətin olsa da adaptasiya olmaq prosesləri var ki, bundan sonra yaxşı olacaq. Bizim təhsilimizin Avropa standartlarına cavab verməsi üçün Boloniya sisteminə keçilib. Oxumayan tələbələr əvvəlki təhsil sistemini daha yaxşı hesab etsələr , oxuyanlar üçün fərqi yoxdur. Buna fərqli yanaşmalar var, ancaq çoxluq yaxşı qiymətləndirir. Bundan başqa mən bu ali təhsil ocağında professor Qəzənfər Süleymanovla tanış oldum. Onunla elmi araşdırmalara başladıq. Bizdə çeşid siyasəti adlanan mövzu vardı ki, digər ədəbiyyatlardan istifadə edərək elmi araşdırmalar apardıq. Məqaləmiz Sumqayıt Dövlət Universiteti konfransında, həm Samara şəhərindəki konfransda dərc olunub. Həmçinin bu araşdırmamız ADNA 61-ci elmi-texniki konfransında da dərc olunub ki, nəticədə mən bu münasibətlə 4-cü yerə çıxdım. Bundan başqa bu münasibətlə həmkarlar ittifaqı komitəsi tərəfindən pul mükafatına layiq görüldüm.

- Gənclərin cəmiyyət həyatında iştirakını necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, tələbələrin fəaliyyətini müsbət qiymətləndirirəm. Mən hazırdaTəkanTələbə Gənclər İctimai Birliyinin koordinatoruyam. Gənclərin bəziləri boş vaxtları olanda, bir qismi isə ictimaiyyətlə daha yaxın olmaq, gələcəkdə işi düzgün aparmaq üçün belə təşkilatlara gedirlər. Məncə, tələbə qədər tez ictimai işlərdə fəal olsa, ictimaiyyətlə işləmək təcrübəsi bir o qədər çox olar. Hazırda ölkədə tələbə gənclər təşkilatlarının sayı çoxdur. Bəzi tələbələr həqiqətən belə təşkilatlarda sadəcə boş vaxtlarını keçirmək üçün cəmləşsələr , bir qisminin isə həqiqətən müəyyən məqsədləri var. Hansısa mənasız tədbirlərə qatılan tələbələr məhz həmin boş vaxtlarını keçirmək istəyənlərdir. Mənim üzv olduğum təşkilatda belə bir məqsəd yoxdur, yalnız düzgün istiqamət, ictimaiyyətə yaxın olmaqdır.

- Son vaxtlar xaricdəki diaspor təşkilatlarımız sırasında gənclərimizin fəaliyyəti daha da artıb. Bu istiqamətdə sizin fikirlərinizi bilmək istərdik...

- Mən gənclərimizin bu istiqamətdə fəaliyyətini çox düzgün hesab edirəm. Onların ölkəmizlə bağlı reallaşdırdıqları tədbirlər çox vacibdir. Müxtəlif tədbirlər təşkil etməklə ölkəmizi təbliğ edirlər. Eləcə mövcud reallığı dünyaya çatdırırlar. Bu günlərdə Xocalı soyqırımı ilə bağlı bir çox dünya ölkələrində gənclərimiz tədbirlər, aksiyalar keçirdilər. Bunun sayəsində ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı daha da artıb. Bu o deməkdir ki, gənclərimiz düzgün məqsəd seçdikləri üçün buna nail oldular. Ulu öndər Heydər Əliyev bildirib ki, “Gənclər bizim gələcəyimizdir”. Gənclərimiz qədər fəal olsa, dövlətimiz bir o qədər güclü olar. Bu gün bizim savadlı, fəal gənclərimiz var. Yaxşı təhsil alıb, müxtəlif mərhələlərə çata, mühəndis, alim adını qazana bilərik, ancaq ilk növbədə yaxşı vətəndaş olmağa çalışmalıyıq. Mən də istərdim, gənclərimiz məhz məqsədlərini bu istiqamətdə qursunlar.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-5 mart.-S.7.