“Gənclərimiz nə qədər fəal
olsa, dövlətimiz bir
o qədər güclü
olar”
Orxan Səfərov: “Yaxşı təhsil
alıb, müxtəlif mərhələlərə çata,
mühəndis, alim adını qazana bilərik, ancaq ilk
növbədə yaxşı vətəndaş olmağa
çalışmalıyıq”
Azərbaycanda
gənclər siyasəti bu gün dövlət siyasətinin
mühün tərkib hissəsidir. Hazırda gənclərimiz
ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti
ilə seçilir. Respublikamızda həyata keçirilən
dövlət gənclər siyasəti gənclərin hərtərəfli
inkişafını, onların cəmiyyət həyatında fəal
iştirakını təmin etməkdədir. Bu siyasət
çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi,
sağlamlığı, intellektual və mənəvi
inkişafı, asudə vaxtının səmərəli təşkili,
cəmiyyətin bütün sahələrində fəal
iştirakı ilə bağlı məsələləri əhatə
edir.
Artıq
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal
sosial təbəqəyə çevrilib. Ölkə gəncləri
demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət,
incəsənət, elm və digər sahələrdə
parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini
daim uca tutur, çoxşaxəli islahatların
reallaşdırılmasında yaxından iştirak edirlər.
Bu gün gənclərimiz beynəlxalq səviyyəli
yarışlarda, hər il müxtəlif idman növləri
üzrə keçirilən Avropa və dünya
çempionatlarında iştirak edərək uğurlu nəticələrə
imza atırlar. Eləcə də gənclərimizin təhsilə
marağının nəticəsidir ki, hər il istər
ölkədəki, istərsə də xaricdə təhsilə
üstünlük verən tələbələrimizin
sayı getdikcə artır. Müsahibimiz Azərbaycan Dövlət
Neft Akademiyasının Beynəlxalq münasibətlər və
menecment fakültəsinin II kurs tələbəsi Orxan Səfərovdur:
- Mən
Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşam.
Artıq mənim doğulduğum qəsəbəyə şəhər
statusu verilib. 2011-ci ildə Ə.Məmmədov adına orta məktəbi
bitirmişəm. Sonra isə 580 balla Azərbaycan Dövlət
Neft Akademiyasının Beynəlxalq münasibətlər və
menecment fakültəsinə daxil olmuşam. İxtisasım
dünya iqtisadiyyatıdır. Hazırda ödənişsiz təhsil
alıram. Çox yaxşı haldır ki, Azərbaycanda
ödənişsiz təhsil sistemi var. Onu da qeyd edim ki, mən
hələ orta məktəbdə oxuyarkən dərslərimdən
yüksək qiymətlər alırdım. Eyni zamanda
şagirdləri ruhlandıran müxtəlif tədbirlərdə,
yarışlarda iştirak edirdim. Bunlardan biri kimi Tovuz rayon millət
vəkili Qənirə Paşayevanın təşkilatçılığı
ilə keçirilən marafon bilik yarışması idi ki,
orada şagirdlər müxtəlif fənlərdən
yarışda iştirak edirdi. Mən də X sinifdə oxuyarkən
həmin yarışda ən çox sevdiyim Azərbaycan tarixi
fənni ilə bağlı bu yarışda iştirak etdim və
beşinci yeri qazandım. Daha sonra XI sinifdə mən digər
olimpiadalara qoşulurdum. Müxtəlif siniflərdə oxuyarkən
mən tarix fənnindən həmin olimpiadalarda iştirak
edirdim və nəhayət, XI sinifdə oxuyarkən yüksək
nəticələrə görə, Tovuz rayon birincisi oldum. Beləliklə,
rayon birincisi olduğuma görə, məni Bakıda
keçirilən olmipiadada iştirak etməyə göndərdilər
və yer tutmaq uğrunda mübarizəyə qatıldım.
Bu olimpiadada isə ölkə üzrə ilk onluğa
düşmüşdüm. 2012-ci ildə isə ali məktəbə
daxil oldum və hazırda II kursda təhsilimi davam etdirirəm.
Təhsil aldığım müddətdə fəal tələbələrə
qoşuldum və nəticədə hələ I kursda oxuyarkən
universitetimizin həmkarlar təşkilatının idarə
heyətinə üzv oldum. Bundan sonra fəal olduğuma
görə məni fakültəmizdə gənclər təşkilatının
sədri seçdilər, sonra isə mən YAP üzvü
olmağa qərar verdim. Bu partiyaya üzv olmağıma gəldikdə
isə onu əsas götürdüm ki, ulu öndər Heydər
Əliyevin sözləri ilə desək YAP-bu günün,
sabahın və gələcəyin partiyasıdır.
Hazırda YAP-ın üzvüyəm və bir sıra tədbirlərdə
fəallıq göstərməyə başladım. Buna
görə də ADNA-nın Gənclər Birliyinin idarə
heyətində adım var.
- Bu gün ölkədəki ali təhsil
ocaqlarında, müxtəlif ixtisaslarda təhsil almaq
mümkündür. ADNA-ya üstünlük verməyinizin səbəbini
necə izah edərdiniz?
- Hələ
sovet dövründə “AZİ” adlanan indiki ADNA yüksək səviyyədə
təhsil verməsi ilə seçilirdi. Lakin orada oxumağın
çətin olduğunu deyirdilər, amma mən oxumaqdan
qorxmadığım üçün ADNA-nı seçdim. Bu
gün də mən fəxr edirəm ki, məhz ADNA-da təhsil
alıram. Çox şükürlər olsun ki, arzuma
çatmışam. Bu gün müəllimlərimdən, tələbə
yoldaşlarımdan da çox razıyam. ADNA neft üzrə
ixtisaslaşmış bir texniki məktəbdir. Bizim fakültə
iqtisadiyyat olsa da müəyyən mənada mühəndis
sayılırıq. Onu da qeyd edim ki, bizim fakültənin
diplomu dünyanın 56 ölkəsində tanınır.
Çünki bu ixtisas geniş anlamda iqtisadiyyatı əhatə
edir. Bu ixtisası başa vuran universitetin məzunları
yalnız ARDNŞ deyil, digər sahələrdə də
çalışa bilərlər. Məsələn, Azərbaycanda
ümumiyyətlə, hər bir dövlət qurumunun, o
cümlədən İİN, VN-in Beynəlxalq münasibətlər
şöbəsi var. Bu ixtisas üzrə biz həmin qurumlarda
çalışa bilərik.
- Bu gün ölkənin təhsil
sistemində bir sıra yeniliklər tətbiq edilir. Belə ki,
Boloniya sistemi tətbiq edilir. Yaxud gənclərimizin bir qismi təhsilini
xaricdə davam etdirir. Tələbə kimi hazırkı təhsil
prosesini necə qiymətləndirisən?
- Mən
gələcəkdə təhsilimi davam etdirmək, bakalavr pilləsindən
sonra magistraturada təhsil almaq istəyirəm. Sonra imkan olarsa
digər pillələrdə davam etdirəcəm. Ümumiyyətlə,
xaricdə təhsilə üstünlük verirəm. Dövlət
tərəfindən bu istiqamətdə bir sıra işlər
görülür və gənclərimiz üçün hər
cür şərait yaradılır. Bu baxımdan “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” gənclərimizə
göstərilən ən böyük diqqətin nəticəsidir.
Ancaq mənim fikrimcə, bizim elə təhsil sahələrimiz
var ki, heç də xaricdəki təhsildən geri qalmır.
Məsələn, ADNA-da elə sahə var ki, orada təhsil
ingilis dilində aparılır. Yaxud Qafqaz, Xəzər
universitetlərində də təhsil ingilis dilində
aparılır. Hazırda mən Azərbaycan dilində təhsil
alıram, magistraturanı isə ADNA, yaxud digər ali təhsil
ocaqlarımızda ingilis dilində təhsil ala bilərəm.
Burada təhsilin ingilis dilində olmasının bizim
üçün daha böyük əhəmiyyəti var. Mənə
elə gəlir ki, bizim tələbələrin əksəriyyəti
xaricdə ona görə təhsil almaq istəyir ki, məhz təhsil
ingilis dilindədir. Bu baxımdan məncə bunu ölkəmizdə
də reallaşdırmaq olar. Eyni zamanda xaricdə təhsilin
daha güclü olduğu düşünülür, onu da
qeyd edim ki, bizim tədris prosesi Avropa standartlarına cavab verən
səviyyələrdə keçilir. Ümumiyyətlə, ölkəmizdə
təhsil prosesi çox yaxşıdır. İrəliləyişə
doğru gedir. Bizdə artıq yeni bir sistem-kredit sistemi qurulub.
Təhsilin bu sistem əsasında olması bizi daha da fəal
edir. Kredit sisteminin mahiyyəti
ondan ibarətdr ki, tələbənin oxumaqdan başqa fikri olmasın. Bundan başqa bizim şagirdlərin məntiqini
düzgün inkişaf
etdirmək üçün
kurikulum sisteminə keçiblər. Nisbətən çətin olsa da adaptasiya olmaq
prosesləri var ki, bundan sonra
yaxşı olacaq.
Bizim təhsilimizin Avropa standartlarına cavab verməsi üçün
Boloniya sisteminə keçilib. Oxumayan tələbələr
əvvəlki təhsil
sistemini daha yaxşı hesab etsələr də, oxuyanlar üçün fərqi yoxdur. Buna fərqli yanaşmalar
var, ancaq çoxluq yaxşı qiymətləndirir. Bundan
başqa mən bu ali təhsil ocağında
professor Qəzənfər Süleymanovla
tanış oldum. Onunla elmi araşdırmalara başladıq. Bizdə çeşid
siyasəti adlanan mövzu vardı ki, digər ədəbiyyatlardan istifadə
edərək elmi araşdırmalar apardıq.
Məqaləmiz Sumqayıt Dövlət
Universiteti konfransında,
həm də Samara şəhərindəki konfransda
dərc olunub. Həmçinin bu araşdırmamız
ADNA 61-ci elmi-texniki konfransında
da dərc olunub ki, nəticədə
mən bu münasibətlə 4-cü yerə
çıxdım. Bundan başqa
bu münasibətlə
həmkarlar ittifaqı
komitəsi tərəfindən
pul mükafatına layiq görüldüm.
- Gənclərin
cəmiyyət həyatında
iştirakını necə
qiymətləndirirsiz?
- Ümumiyyətlə, tələbələrin
fəaliyyətini müsbət
qiymətləndirirəm. Mən hazırda
“Təkan” Tələbə
Gənclər İctimai
Birliyinin koordinatoruyam.
Gənclərin bəziləri boş
vaxtları olanda, bir qismi isə
ictimaiyyətlə daha
yaxın olmaq, gələcəkdə işi
düzgün aparmaq üçün belə təşkilatlara gedirlər.
Məncə, tələbə nə qədər tez ictimai işlərdə
fəal olsa, ictimaiyyətlə işləmək
təcrübəsi bir
o qədər çox
olar. Hazırda ölkədə tələbə gənclər
təşkilatlarının sayı çoxdur. Bəzi tələbələr həqiqətən
də belə təşkilatlarda sadəcə
boş vaxtlarını
keçirmək üçün
cəmləşsələr də, bir qisminin
isə həqiqətən
müəyyən məqsədləri
var. Hansısa mənasız
tədbirlərə qatılan
tələbələr də
məhz həmin boş vaxtlarını keçirmək istəyənlərdir.
Mənim
üzv olduğum təşkilatda belə bir məqsəd yoxdur, yalnız düzgün istiqamət, ictimaiyyətə yaxın
olmaqdır.
- Son vaxtlar xaricdəki diaspor təşkilatlarımız
sırasında gənclərimizin
fəaliyyəti daha da artıb. Bu istiqamətdə sizin fikirlərinizi bilmək istərdik...
- Mən gənclərimizin bu istiqamətdə fəaliyyətini çox
düzgün hesab edirəm. Onların ölkəmizlə bağlı reallaşdırdıqları
tədbirlər çox
vacibdir. Müxtəlif tədbirlər təşkil
etməklə ölkəmizi
təbliğ edirlər.
Eləcə də mövcud
reallığı dünyaya
çatdırırlar. Bu günlərdə Xocalı soyqırımı
ilə bağlı bir çox dünya ölkələrində
də gənclərimiz
tədbirlər, aksiyalar
keçirdilər. Bunun sayəsində
ABŞ-da Xocalı soyqırımını tanıyan
ştatların sayı
daha da artıb.
Bu o deməkdir ki, gənclərimiz düzgün
məqsəd seçdikləri
üçün buna
nail oldular. Ulu öndər Heydər
Əliyev bildirib ki, “Gənclər bizim gələcəyimizdir”.
Gənclərimiz nə qədər
fəal olsa, dövlətimiz bir o qədər güclü olar. Bu gün
bizim savadlı, fəal gənclərimiz
var. Yaxşı təhsil
alıb, müxtəlif
mərhələlərə çata, mühəndis, alim adını qazana bilərik, ancaq ilk növbədə yaxşı vətəndaş
olmağa çalışmalıyıq.
Mən də istərdim, gənclərimiz məhz məqsədlərini bu istiqamətdə qursunlar.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-5 mart.-S.7.