Azərbaycanda idman hərəkatı
yeni mərhələdə
Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanıb. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Azərbaycanda və Bakıda keçirilmiş
dünya və Avropa
çempionatları bir daha
sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf
edir. Eyni zamanda Azərbaycanda Olimpiya
hərəkatı çox yüksək səviyyədədir.
Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə
- 2016-cı və 2020-ci illərdə keçiriləcək Yay olimpiya oyunlarına öz iddiasını irəli sürüb.
Müstəqillik dövründə Azərbaycan
idmançılarının Olimpiya
oyunlarında qazandığı nəticələrin artan dinamikası bu
iddianın nə qədər ciddi olduğunu sübut edir.
«İlk oyunların Bakıda
keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir,
bizim böyük uğurumuzdur»
Bu baxımdan ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Tarixdə ilk dəfə olaraq, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu, həqiqətən də, tarixi hadisədir və artıq ölkə idman hərəkatı üçün yeni mərhəlinin başlandığını göstərir. Prezident İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında dövlət başçısı qeyd edib ki, ilk dəfədir ki, Avropa Oyunları keçiriləcək: «Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur». Prezident vurğulayıb ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Məlum olduğu kimi 21 illik müstəqillik tarixinə rəğmən ölkəmiz dünyada dinamik inkişaf edən müasir, güclü ölkə kimi tanınır. Eyni zamanda ölkəmiz etibarlı tərəfdaş dövlət kimi böyük nüfuz sahibidir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuzun ən bariz göstəricisi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi və nüfuzlu qurumun iclasına sədrlik etməsidir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində vacib rol oynayıb. Müstəqillik illəri ərzində ölkəmizdə keçirilən yarışlar, tədbirlər həmişə təşkilatçılıq baxımından fərqlənib. Yəni, Azərbaycan həmişə ən yüksək səviyyədə təşkilatçılıq etməklə bir növ öz standartını tətbiq edir. İndi isə sıra Avropa Oyunlarındadır. Tarixin ilk Avropa Oyunları tarixə Azərbaycanın tətbiq edəcəyi yeni standartlara uyğun səviyyədə düşəcək. Dövlət başçısı da bildirib ki, beynəlxalq qurumlar həmişə bizim təşkilatçılıq qabiliyyətimizi yüksək qiymətləndirib: «Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir».
Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbər təyin edilməsi oyunların yüksək səviyyədə keçiriləcəyinə təminat yaradır
Yarışa
hazırlıqla bağlı yaradılan Təşkilat Komitəsi
artıq genişmiqyaslı işlərə start verib. Mehriban
xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbər
təyin edilməsi Avropa Oyunlarının
ən yüksək səviyyədə keçiriləcəyinə
indidən böyük təminat
yaradır. Çünki
M.Əliyevanın rəhbərliyi ilə indiyə qədər
keçirilən bütün tədbirlər
həmişə yüksək təşkilatçılıq
səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və
beynəlxaq təşkilatlar, xarici qonaqlar və KİV təmsilçiləri
ötən il keçirilən «Eurovision» yarışmasında bu
təşkilatçılıq bacarığının
hansı səviyyədə olmasının şahidi
oldular. Məhz Azərbaycan
dövlətinin iradəsi, Mehriban
Əliyevanın təşkilatçılıq qabiliyyəti
sayəsində «Eurovision» tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük
miqyaslı yarışı ən yüksək səviyyədə
keçirməklə xeyli nüfuz
qazandı. Yəni, M.Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi böyük
tədbiri ən yüksək səviyyədə keçirməklə
Azərbaycanın üzünü ağ etdi. İndi
sıra ilk Avropa Olimpiya Oyunlarındadır. Dövlət
başçısı İlham
Əliyevin məsələyə münasibəti belə olub: «Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda keçən il “Eurovision” mahnı
müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik
etmişdir. Ümumi rəyə
görə, “Eurovision” mahnı müsabiqəsi
Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də “Eurovision” müsabiqəsinin tarixində belə
gözəl müsabiqə keçirilməmişdir.
Əminəm ki, Avropa
Olimpiya Komitəsinin bizə göstərdiyi
etimadı Mehriban Əliyevanın rəhbərliyi
altında Təşkilat Komitəsi yüksək səviyyədə
doğruldacaq və bu
oyunlar Olimpiya
Oyunlarının tarixində sadəcə, birinci
Avropa Oyunları kimi deyil, eyni zamanda,
ən gözəl oyunlar kimi qalacaqdır».
Bakıya 5 mindən çox
idmançı, 2 mindən çox KİV təmsilçisi gələcək
Təşkilat
Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın
iclasda çıxışı zamanı səsləndirdiyi
fikirlər artıq genişmiqyaslı işlərə start
verildiyini təsdiqləyir. Eyni zamanda, ilk Avropa
Olimpiya Oyunlarının ən yüksək
səviyyədə keçiriləcəyinə böyük inam
yaradır. Təşkilat Komitəsinin rəhbəri bildirib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi
ölkəmiz üçün, ümumiyyətlə,
bütün Avropa Olimpiya hərəkatı üçün
tarixi hadisədir. Artıq
yarışın bir çox
konturu indidən məlumdur. Təşkilat Komitəsi təxmini konturları
müəyyənləşdirərək ayrı-ayrı məsələlər
barəsində dəqiqləşmələr aparır. İlk öncə onu qeyd edək ki, I Avropa Oyunlarının 2015-ci ilin
iyun-iyul aylarında keçirilməsi nəzərdə
tutulub. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən,
Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək
idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin
sayının təxminən mindən çox
olması gözlənilir. Tədbirin işıqlandırılması
üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi
informasiya vasitələri nümayəndələrinin
gəlişi gözlənilir. Yarışlarla bağlı
maraqlı məqam Avropa Oyunlarında
neçə və hansı idman növlərinin
olacağıdır. Bu məsələ
ilə bağlı beynəlxalq federasiyalarla
bağlı bir müddətdir ki, danışıqlar aparılır. Oyunlarda iştirak edəcək
idmançıların yerləşdirilməsi məqsədi
ilə Atletlər Kəndi yaradılacaq. KİV nümayəndələri
isə Media Kəndində yerləşdiriləcək.
Bu ərazidə yaradılacaq mərkəzdə
və “Baku Crystal
Hall”dakı Media Mərkəzində onlara tələb olunan
şərait yaradılacaq.
Yarışların proqramına
iki qeyri-olimpiya idman növü də daxil ediləcək
Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən, I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-si və iki qeyri-olimpiya idman növü daxil olmalıdır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu göndərilib. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və qeyd edilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır.
Su polosu və
çimərlik
voleybolu üzrə müvəqqəti arenalar inşa edilə bilər
Şübhəsiz, burada ən mühüm məqam idman kompleksləri ilə bağlıdır. Avropa Olimpiya Komitəsinin də qarşıya qoyduğu əsas şərtlərdən biri də müasir səviyyəli, hər cür şərtlərə cavab verən idman arenalarının olması, idmançıların məskunlaşacağı şəhərciklərlə bağlıdır. Təşkilat Komitəsi artıq yarışların keçiriləcəyi yerlərlə bağlı müəyyən dəqiqləşdirmələr aparıb. İlkin plana əsasən, yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi planlaşdırılır. Eyni zamanda üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi planlaşdırılır. Su polosu üzrə yarışların keçirilməsi üçün Mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur.
Burada bir
incə məqamı unutmaq lazım deyil ki, indiyə qədər
Avropa Olimpiya
Oyunları keçirilməyib və Azərbaycan bu yolda ilk
nümunə olacaq. Bu
amili nəzərdə tutan
dövlət başçısı bildirib
ki, bu oyunların öz siması, öz
standartları olacaqdır və deyə bilərəm ki, bu standartları biz tətbiq edəcəyik: «Bizim
qoyduğumuz təməl üzərində
bundan sonra da Avropa Oyunları
keçiriləcəkdir. Bir növ həm bu
oyunların, eyni zamanda,
gələcək oyunların başqa
şəhərlərdə keçirilməsi üçün
yeni standartları biz
tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir.
Mən bir daha demək
istəyirəm ki, bu oyunlar Yay Olimpiya
Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir.
Əminəm ki, biz buna nail olacağıq».
Anar MIRIYEV
Palitra.-2013.-5 mart.-S.10.