Azərbaycanda idman hərəkatı
yeni mərhələdə
Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanıb. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Azərbaycanda və Bakıda keçirilmiş
dünya və Avropa
çempionatları bir daha
sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf
edir. Eyni zamanda Azərbaycanda Olimpiya
hərəkatı çox yüksək səviyyədədir.
Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə
- 2016-cı və 2020-ci illərdə keçiriləcək Yay olimpiya oyunlarına öz iddiasını irəli sürüb.
Müstəqillik dövründə Azərbaycan
idmançılarının Olimpiya
oyunlarında qazandığı nəticələrin artan dinamikası bu
iddianın nə qədər ciddi olduğunu sübut edir.
«İlk oyunların Bakıda
keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir,
bizim böyük uğurumuzdur»
Bu baxımdan ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Tarixdə ilk dəfə olaraq, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu, həqiqətən də, tarixi hadisədir və artıq ölkə idman hərəkatı üçün yeni mərhəlinin başlandığını göstərir. Prezident İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında dövlət başçısı qeyd edib ki, ilk dəfədir ki, Avropa Oyunları keçiriləcək: «Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur». Prezident vurğulayıb ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Məlum olduğu kimi 21 illik müstəqillik tarixinə rəğmən ölkəmiz dünyada dinamik inkişaf edən müasir, güclü ölkə kimi tanınır. Eyni zamanda ölkəmiz etibarlı tərəfdaş dövlət kimi böyük nüfuz sahibidir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuzun ən bariz göstəricisi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi və nüfuzlu qurumun iclasına sədrlik etməsidir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində vacib rol oynayıb. Müstəqillik illəri ərzində ölkəmizdə keçirilən yarışlar, tədbirlər həmişə təşkilatçılıq baxımından fərqlənib. Yəni, Azərbaycan həmişə ən yüksək səviyyədə təşkilatçılıq etməklə bir növ öz standartını tətbiq edir. İndi isə sıra Avropa Oyunlarındadır. Tarixin ilk Avropa Oyunları tarixə Azərbaycanın tətbiq edəcəyi yeni standartlara uyğun səviyyədə düşəcək. Dövlət başçısı da bildirib ki, beynəlxalq qurumlar həmişə bizim təşkilatçılıq qabiliyyətimizi yüksək qiymətləndirib: «Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir».
Mehriban Əliyevanın Təşkilat
Komitəsinə rəhbər təyin edilməsi oyunların
yüksək səviyyədə keçiriləcəyinə
təminat yaradır
Yarışa
hazırlıqla bağlı yaradılan Təşkilat Komitəsi
artıq genişmiqyaslı işlərə start verib. Mehriban
xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbər
təyin edilməsi Avropa Oyunlarının ən yüksək
səviyyədə keçiriləcəyinə indidən
böyük təminat yaradır. Çünki M.Əliyevanın
rəhbərliyi ilə indiyə qədər keçirilən
bütün tədbirlər həmişə yüksək təşkilatçılıq
səviyyəsi və keyfiyyət standartı ilə
seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar,
xarici qonaqlar və KİV təmsilçiləri ötən
il keçirilən «Eurovision» yarışmasında bu təşkilatçılıq
bacarığının hansı səviyyədə
olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin
iradəsi, Mehriban Əliyevanın təşkilatçılıq
qabiliyyəti sayəsində «Eurovision» tarixində yeni keyfiyyət
standartı müəyyən edildi və ölkəmiz
böyük miqyaslı yarışı ən yüksək səviyyədə
keçirməklə xeyli nüfuz qazandı. Yəni, M.Əliyevanın
rəhbərlik etdiyi Təşkilat Komitəsi böyük tədbiri
ən yüksək səviyyədə keçirməklə
Azərbaycanın üzünü ağ etdi. İndi sıra
ilk Avropa Olimpiya Oyunlarındadır. Dövlət
başçısı İlham Əliyevin məsələyə
münasibəti belə olub: «Deyə bilərəm ki, Mehriban Əliyeva,
eyni zamanda keçən il “Eurovision” mahnı müsabiqəsinin
Təşkilat Komitəsinə rəhbərlik etmişdir.
Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi
Bakıda ən yüksək səviyyədə
keçirilmişdir və bəlkə də “Eurovision” müsabiqəsinin
tarixində belə gözəl müsabiqə keçirilməmişdir.
Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi
etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat
Komitəsi yüksək səviyyədə doğruldacaq və
bu oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə,
birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl
oyunlar kimi qalacaqdır».
Bakıya 5 mindən çox
idmançı, 2 mindən çox KİV təmsilçisi gələcək
Təşkilat
Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın
iclasda çıxışı zamanı səsləndirdiyi
fikirlər artıq genişmiqyaslı işlərə start
verildiyini təsdiqləyir. Eyni zamanda, ilk Avropa Olimpiya
Oyunlarının ən yüksək səviyyədə
keçiriləcəyinə böyük inam yaradır. Təşkilat
Komitəsinin rəhbəri bildirib ki, I Avropa Oyunlarının
Bakıda keçirilməsi ölkəmiz üçün,
ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı
üçün tarixi hadisədir. Artıq yarışın
bir çox konturu indidən məlumdur. Təşkilat Komitəsi
təxmini konturları müəyyənləşdirərək
ayrı-ayrı məsələlər barəsində dəqiqləşmələr
aparır. İlk öncə onu qeyd edək ki, I Avropa
Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi
nəzərdə tutulub. Avropa Olimpiya Komitəsi ilə əldə
olunmuş razılığa əsasən, Bakıda
keçiriləcək yarışlarda 5 min nəfərədək
idmançının iştirakı nəzərdə tutulub.
Rəsmi nümayəndə heyətinin sayının təxminən
mindən çox olması gözlənilir. Tədbirin
işıqlandırılması üçün Bakıya 2
min nəfərədək beynəlxalq kütləvi informasiya
vasitələri nümayəndələrinin gəlişi
gözlənilir. Yarışlarla bağlı maraqlı məqam
Avropa Oyunlarında neçə və hansı idman növlərinin
olacağıdır. Bu məsələ ilə bağlı
beynəlxalq federasiyalarla bağlı bir müddətdir ki,
danışıqlar aparılır. Oyunlarda iştirak edəcək
idmançıların yerləşdirilməsi məqsədi
ilə Atletlər Kəndi yaradılacaq. KİV nümayəndələri
isə Media Kəndində yerləşdiriləcək. Bu ərazidə
yaradılacaq mərkəzdə və “Baku Crystal Hall”dakı
Media Mərkəzində onlara tələb olunan şərait
yaradılacaq.
Yarışların proqramına
iki qeyri-olimpiya idman növü də daxil ediləcək
Avropa
Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin
razılaşmaya əsasən, I Avropa Oyunlarının
proqramına 28 Olimpiya idman növündən minimum 12-si və
iki qeyri-olimpiya idman növü daxil olmalıdır. Yarışların
17 Olimpiya idman növü üzrə keçirilməsi ilə
bağlı Avropa idman federasiyalarından niyyət məktubu
göndərilib. Bu idman növləri güləş, həndbol,
voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo,
taekvondo, badminton, qılıncoynatma, atıcılıq,
kamandan oxatma, stolüstü tennis,
üzgüçülük, suyatullanma, su polosu və reqbi-7
daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini
nəzərə alaraq, bir çox məsələlər
üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar
davam edir və qeyd edilən göstəricilər dəyişə
bilər. Proqrama daxil olacaq iki qeyri-olimpiya idman
növünün müəyyən edilməsi istiqamətində
Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə
danışıqlar aparılır.
Su polosu və çimərlik voleybolu
üzrə müvəqqəti arenalar inşa edilə bilər
Şübhəsiz,
burada ən mühüm məqam idman kompleksləri ilə
bağlıdır. Avropa Olimpiya Komitəsinin də
qarşıya qoyduğu əsas şərtlərdən biri də
müasir səviyyəli, hər cür şərtlərə
cavab verən idman arenalarının olması,
idmançıların məskunlaşacağı şəhərciklərlə
bağlıdır. Təşkilat Komitəsi artıq
yarışların keçiriləcəyi yerlərlə
bağlı müəyyən dəqiqləşdirmələr
aparıb. İlkin plana əsasən, yarışların Heydər
Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov
adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi”
İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr
stadionu, Güllə atıcılığı stendi və
Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə
tutulub. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri
Mərkəzinin və Gimnastika Kompleksinin inşasının
bitməsi planlaşdırılır və bu yeni qurulan idman
sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa
Oyunlarının rəsmi açılış və
bağlanış mərasimlərinin Bakıda,
Böyükşor gölünün yaxınlığında
inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə
tutulub. I Avropa Oyunları zamanı idman və bədii gimnastika
üzrə yarışların Gimnastika Kompleksində
keçirilməsi planlaşdırılır. Eyni zamanda
üzgüçülük və suyatullanma üzrə
yarışların Bakıda inşa olunan Su İdman Növləri
Mərkəzində keçirilməsi
planlaşdırılır. Su polosu üzrə
yarışların keçirilməsi üçün Mərkəzin
yanında müvəqqəti arena inşa olunmalıdır.
Atletika üzrə yarışlar keçirilsə, 32 min 200
yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə
oluna bilər. Çimərlik voleybolu üzrə
yarışların keçirilməsi üçün dənizkənarı
bulvarda müvəqqəti arenanın inşası tələb
olunur.
Burada
bir incə məqamı unutmaq lazım deyil ki, indiyə qədər
Avropa Olimpiya Oyunları keçirilməyib və Azərbaycan
bu yolda ilk nümunə olacaq. Bu amili nəzərdə tutan
dövlət başçısı bildirib ki, bu oyunların
öz siması, öz standartları olacaqdır və deyə
bilərəm ki, bu standartları biz tətbiq edəcəyik:
«Bizim qoyduğumuz təməl üzərində bundan sonra da
Avropa Oyunları keçiriləcəkdir. Bir növ həm bu
oyunların, eyni zamanda, gələcək oyunların başqa
şəhərlərdə keçirilməsi
üçün yeni standartları biz tətbiq edəcəyik.
Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha
demək istəyirəm ki, bu oyunlar Yay Olimpiya
Oyunlarının səviyyəsindən aşağı olmamaq
şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq».
Anar MİRİYEV
Palitra.-2013.-5 mart.-S.10.