Dövlətçiliyin təbliğində
milli ideologiyanın rolu
“Azərbaycanın
dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir”
Milli ruhu
qorumağın, inkişaf etdirməyin və
yeni nəsillərə
çatdırmağın ən mühüm
şərti milli dövlətçilikdir.
Milli dövlət ancaq
ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin
qorunmasına xidmət edir. Milli-fəlsəfi
fikrin, əxlaqın, adət-ənənələrin
yeni nəslə
çatdırılması, davam etdirilməsi
üçün milli-mənəvi abidələrin,
bədii ədəbiyyatın rolu həqiqətən
böyükdür. Bir millət üçün
canlı tarix haradasa
qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri
məhdudlaşdırılanda, inkişaf
kənar qüvvələrlə məqsədyönlü surətdə
başqa səmtə istiqamətləndiriləndə
milli genin heç olmazsa, başqa ampluada, fövqəltarixi
formalarda, fikirlərdə, xatirələrdə,
ədəbiyyatda, incəsənətdə
yaşadılması zərurəti yaranır.
Dövlətçilik
ümummilli iqtisadi mənafe duyğusu tələb edir. Dövlətçilik
mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından, tayfa
miqyasından, zona, region miqyasından kənara çıxaraq
bütöv vətən duyğusunu hər şeydən
yüksək tutmaq vərdişi tələb edir. Öz
dövlət simvollarına hörmət və sevgi bəslənməsini,
öz dövlətinin nailiyyətlərinə görə
iftixar hissi keçirilməsini, dövlətin
uğursuzluqlarını isə şəxsi faciə kimi
yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə
“milli” anlamının etnik-millidən fərqli yeni mənası,
siyasi aspekti, dövlətlə adekvatlığı ortaya
çıxır.
Milli
dövlət qurulması və dövlətçilik
ideyalarının həyata keçirilməsi və bu proseslərin
dönməzliyinin təmin edilməsi xalq qarşısında
ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyinin
təmin edilməsi baxımından ziyalı məramının
siyasi müstəviyə keçirilməsi deməkdir. Belə
ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri
də, dini dəyərləri də qoruyub saxlayan,
bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət
qurmaq və dövlətçilik ənənələrini bərpa
etmək təkcə ziyalılığın deyil, həm də
siyasətin ən ali amalı olmalıdır.
Ən
doğru yol-yeni ümumbəşəri mədəniyyətin
milli mədəniyyətlərin fövqündə deyil,
onlarla sintez halında formalaşmasıdır. Bu baxımdan,
ulu öndər Heydər Əliyevin milli ideologiyamızın əsas
prinsipi kimi irəli sürdüyü “milliliklə ümumbəşəriliyin
vəhdəti” ideyası əsas götürülməlidir.
"Azərbaycanın
dövlət müstəqilliyi Azərbaycan xalqının
tarixi nailiyyətidir" deyən ulu öndərin ən
böyük xidmətlərindən biri də bundan ibarətdir
ki, o, azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi
tanınmasını təmin edən ideologiya yaratdı, həm
də yeni və sağlam nəslin yetişməsi
üçün kifayət qədər mükəmməl bir
şərait formalaşdırdı. Nə qədər çətin
və ağrılı mərhələlərdən
keçsə də, ulu öndərin yaratdığı milli
dövlətçilik ideologiyası tarixin sınaqlarından
uğurla çıxa bildi və onun müəllifinin kifayət
qədər müdrik şəxsiyyət olduğunu təsdiqləyən
əsas faktlardan biri də elə bundan ibarətdir.
“Milli
ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli
surətdə həyata keçirmək lazımdır”
Milli
dövlətçilik ideologiyasının tarixi-siyasi mahiyyətini
araşdırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən
etmək olduqca mürəkkəb bir məsələdir. Bu
ideologiya ilk növbədə azərbaycançılıq
ideologiyasını elə bir səviyyədə özündə
birləşdirir ki, onun söykəndiyi dəyərlər
sistemi bütövlükdə Azərbaycan xalqının
ümumi xarakterini müəyyənləşdirir. Bu ideologiya
adi bir həyat hadisəsi deyil, müasir dünyanın mürəkkəb
geosiyasi reallıqları fonunda öz xalqının milli
mentalitetinə və demokratik prinsiplərə əsaslanan
qüdrətli dövlət yaratmış böyük siyasi
xadimin idarə etdiyi tarixi prosesdir. Heydər Əliyev azərbaycançılıq
ideologiyasının həyata keçirilməsini
başlıca vəzifələrdən biri kimi qiymətləndirirdi:
“Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni
zamanda əməli surətdə həyata keçirmək
lazımdır” deyirdi.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “XXI əsrdə
milli dövlətçilik” adlı kitabında qeyd edir ki,
milli dövlət cəmiyyət haqqında təsəvvürləri
dəyişdirməyə və dövləti yalnız
tamın bir hissəsi kimi deyil, həm də daha artıq dərəcədə
bəşər tarixinin dərk edilməsi üçün
mühüm əhəmiyyət kəsb edən bütöv
bir sistem tək dəyərləndirməyə imkan verdi:
“Kommunist rejimin süqutundan və totalitar sistemin iflasından
sonra formalaşan milli dövlətimiz təbii-tarixi inkişaf
yoluna çıxmaq üçün geniş imkan qazandı.
Azərbaycanın son dövr tarixi göstərdi ki,
iqtisadiyyatı və cəmiyyəti sosialist metodları ilə
idarə etmək praktikasından imtina edərkən, biz sərbəst
bazar iqtisadiyyatına əsaslanan demokratik cəmiyyətə
keçid prosesini çox sürətlə aparmağa
başladıq. Bu isə öz növbəsində yaranan
problemlərin optimal həlli yollarının tapılmasını
xeyli çətinləşdirdi. Milli dövlət
quruculuğu ətrafımızda cərəyan edən hadisə
və proseslərə yeni nəzərlə baxmağa və
onları keyfiyyətcə başqa səviyyədə dəyərləndirməyə
şərait yaratdı. İctimai şüurun yeniləşməsinə
və müasir təfəkkür tərzinin
formalaşmasına güclü təsir göstərən
milli dövlətimiz bu gün həm ölkə daxilində,
həm də onun hüdudlarından kənardakı milyonlarla
azərbaycanlını birləşdirən ümummilli ideyaya
və vacib həyati faktora çevrilib”.
Kitabda
bildirilir ki, dünya tarixi ən qədim dövrlərdən bəri
dövlətçiliyin müxtəlif formalarının
şahididir: “Üçüncü minilliyin ilk
çağlarında keçmişi araşdırarkən
asanlıqla başa düşmək olar ki, tarix totalitar
keçmişi yeni nəslin səmərələşdirici
potensialı ilə tez-tez əvəz edir. Bu potensial cəmiyyətin
həyatına daxil edilir, köhnə stereotipləri və həyatın
adət halını almış normalarını dəyişdirir,
cəmiyyətin inkişafını zənginləşdirir və
təkmilləşdirir, müəyyən çərçivələri
qurur və yeni sosiumun yaranmasına təkan verir. Tarixi təcrübə
sübut edir: milli dövlətçilik yalnız elə bir cəmiyyətdə
sabit və möhkəm ola bilər ki, orada icmanı milli
dövlət quruculuğu səviyyəsinə qaldıraraq bu
icmanı millətə, onun nailiyyətlərini isə tarixi qələbələrə
çevirməyə qadir güclü və istedadlı lider
olsun. Təbii ki, hər bir quruluş dövlətçilik
formalarına öz düzəlişlərini verərək
idarəetmənin prioritetlərini və tiplərini dəyişdirib.
Quldarlıq quruluşu dövründə yol verilənlər,
bəlkə də zəruri olanlar feodalizm dövründə
aktuallığını çox tezliklə itirib, Avropada
maarifçilik və reformasiya dövrü fərdin azadlıq
və hüquqlarının yeni tərzdə başa
düşülməsinə və tamamilə yeni tərzdə
dərk olunmasına yol açıb. Bu gün qloballaşma
dünya proseslərinin ümumi nizamına, iqtisadiyyata, siyasətə
və sosial-mədəni məkana yeni düzəlişlər
edir”.
“Çalışmalıyıq ki,
dövlətimizin tarixini dərindən öyrənək və
təbliğ edək”
R.Mehdiyev
kitabında qeyd edir ki, milli dövlətçilik vahid məqsəd
uğrunda-dövləti möhkəmləndirmək,
iqtisadiyyatı modernləşdirmək və gələcək
nəsillər üçün daha mükəmməl şərait
yaratmaq naminə bütün millətin, bütün cəmiyyətin
birliyinin rəmzidir: “Azərbaycanın ən yeni tarixini əsas
götürsək, habelə dövlət quruculuğu sahəsində
dünya təcrübəsini nəzərə alsaq, inamla təsdiq
edə bilərik ki, Azərbaycanda milli dövlətçiliyin
bünövrəsi 1993-cü ildə, yeni siyasi elitanın səmərələşdirici
potensialı əvvəlki elitanın dövlətin mahiyyəti
və dünya birliyində yeri barədəki anarxist təsəvvürlərini
dəyişdirdiyi dövrdə qoyulub. Bugünkü
qloballaşma şəraitində, dünyanın və
yaşadığımız regionun işlərinin
çox-çox mürəkkəbləşdiyi bir zamanda, Azərbaycanın
taleyüklü problemlərinin həlli bütün kəskinliyi
ilə qarşımızda dayandığı bir vaxtda Heydər
Əliyev kimi bir rəhbərə ehtiyacın daha çox
olduğu haqqında kitabı oxuyarkən oxucuda inam və yəqinlik
daha da artır”.
Kitabda
həmçinin belə bir fikir də inamla əsaslandırılır
ki, Heydər Əliyev məktəbinin layiqli
davamçısı olan İlham Əliyevin simasında bu
gün Azərbaycan siyasətçilərinin gənc nəsli
formalaşıb: “Bu gün biz məhz İlham Əliyevin
şəxsində xalqa xidmətdən güc alan, milli mənafeləri
üstün tutan, bacarıqlı, istedadlı, səriştəli,
idarəetmə işində artıq kifayət qədər təcrübəsi
olan kamil bir şəxsiyyətin, bir siyasət adamının
yetişdiyini aydın görürük. İlham Əliyevin
yeni dövrün siyasətçisi kimi yetişməsi və
çalışdığı sahələrdəki uğurları
onun çox böyük siyasi gələcəyindən xəbər
verir. Bu gələcək isə Azərbaycanın siyasi gələcəyi
ilə bilavasitə uzlaşır”.
Bakı
Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri
doktoru, professor Anar İsgəndərovun sözlərinə
görə, Azərbaycanın dövlətçilik tarixinin təbliğinə
hər zaman ehtiyac var: “Ölkəmizin dövlətçilik
tarixi ilə bağlı nə yazılırsa, təqdirəlayiqdir.
Çünki torpaqları işğal olunan bizik, təcavüzə
məruz qalan və yalan tarixi faktlarla qarşılaşan da
bizik. Ona görə çalışmalıyıq ki, dövlətimizin
tarixini dərindən öyrənək və təbliğ edək.
Dövlətçilik tarixi elə şeydir ki, burada hər
fakt mənbəyə əsaslanmalıdır”.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-7 mart.-S.11.