Koreya ilə təhsil və mədəniyyət
mübadiləsi genişlənir
Naxçıvan Dövlət
Universitetində Cənubi Koreya Mərkəzi və dil kursu fəaliyyət
göstərir
Naxçıvan
Dövlət Universiteti ilə Cənubi Koreya universitetləri
arasında elm və təhsil sahəsində əməkdaşlıq
ildən-ilə genişlənir. İndi ölkənin
nüfuzlu ali təhsil ocaqlarından biri, Avropa Rektorlar Klubunun,
Asiya Universitetləri Assosiasiyasının, Qara Dəniz Ölkələri
Birliyinin üzvü olan, dünyanın 79 tanınmış
universiteti ilə tərəfdaşlıq edən, 10 ölkədən
300-dən artıq xarici vətəndaşın təhsil
aldığı, həmçinin “Minilliyin Universiteti”
adını daşıyan, NATO, BMT, Avropa Şurası kimi
nüfuzlu beynəlxalq təşkilatların layihələrində
uğurla təmsil olunan Naxçıvan Dövlət
Universiteti Cənubi Koreyanın ali təhsil ocaqları ilə
də hərtərəfli əməkdaşlığa
malikdir. Bu barədə qəzetimizə məlumat verən
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı Mina
Qasımova bildirdi ki, məhz bu baxımdan, Naxçıvan
Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və
Busan Kyumqsunq universitetləri ilə əməkdaşlıq
edir. Qeyd edək ki, hazırda universitetdə 12 nəfərə
yaxın koreyalı tələbə, həmçinin doktorant
təhsil almaqdadır.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olması, Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə yaxından tanışlığı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. NDU-nun Mətbuat şöbəsinin əməkdaşı bildirir ki, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində koreyaşünaslıq seçmə fənni tədris olunur. Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında elm, təhsil və yeni texnologiyanın tətbiqi istiqamətində yaradılmış sıx əlaqələrin nəticəsində, Kimçonq Universitetinin “Elmi əsərlər” jurnalının 2012-ci ildə çıxan 33-cü sayında Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Azərbaycan-Cənubi Koreya əlaqələrində Naxçıvan” mövzusunda məqaləsi çap edilib. Kimçonq Universiteti bu məqaləni çap etməklə universitetlərarası əlaqələrin gələcək inkişafının günü-gündən möhkəmlənməsinə daha bir şərait yaratdı.
Naxçıvan Dövlət Universitetində 11 noyabr 2011-ci il tarixdən Cənubi Koreya Mərkəzi fəaliyyət göstərir. Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır. Cənubi Koreyanın Kimçonq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlayıb. Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.
Koreya Mərkəzinin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Koreyanın Kimçonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hee Cun Lee və köməkçisi David K.H.Leenin iştirak etmişdilər.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar və universitetə gələn bir çox xarici qonaqlar da Naxçıvan Dövlət Universitetində olarkən Cənubi Koreya Mərkəzi ilə tanış olublar. Naxçıvan Dövlət Universitetində Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsinin isə ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında, elmin, təhsilin və dilin müstəsna rolu var. Universitetin tədrisinə böyük əhəmiyyət verdiyi dillər arasında Koreya dilinin xüsusi yeri var. Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar 2012-2013-cü tədris ilindən etibarən fəaliyyət göstərir. Koreya Dil Mərkəzi müasir kitablar, qabaqcıl texnologiya və zəngin tədris materialları ilə təchiz edilib. Cənubi Koreya Mərkəzində uğurla fəaliyyət göstərən Koreya dili üzrə hazırlıq kursları Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük rol oynayır.
Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı, ilk koreyaca-azərbaycanca danışıq kitabçasının müəllifi Çanq Se Cunq tədris edir. 1 Oktyabr 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzində Koreya dili üzrə hazırlıq kursları ödənişsiz olaraq fəaliyyətə başlayıb. Mina Qasımova qeyd etdi ki, Altay dil qrupuna daxil olan Azərbaycan və Koreya dillərinin oxşar cəhətləri çoxdur. Koreya dilində də cümlə quruluşu eynilə Azərbaycan dilində olduğu kimidir. Buna görə də kursda iştirak edən tələbələr Koreya dilini asanlıqla mənimsəyirlər. Hər iki dildə bəzi sözlər, hətta şəkilçilər eynilik təşkil edir. Koreya dilini həftədə 2 dəfə olmaqla, bir il ərzində öyrətmək nəzərdə tutulub. Koreya dilini öyrənməkdə ən çox fərqlənənlərin yay tətili günlərində Cənubi Koreyaya səfəri nəzərdə tutulur. Hazırlıq kurslarına universitetin beynəlxalq əlaqələr ixtisası üzrə IV kurs tələbələri Səkinə Hüseynova, Püstə İsmayıllı, Gülçin Ağayeva, Fəridə Əsədova, iqtisadiyyat, hüquq və ingilis dili ixtisaslarının I kurs tələbələri Fərdi Novruzov, coğrafiya ixtisası üzrə II kurs tələbəsi Şəbnəm Salahlı və digərləri böyük həvəs göstərirlər. Yerli tələbələrlə söhbət zamanı onlarda Koreya dilinə böyük maraq olduğunu gördük.
Qeyd etmək lazımdır ki, qloballaşma prosesinin
sürətlə getdiyi dövrdə Azərbaycanın
beynəlxalq təhsil məkanına inteqrasiya
sahəsindəki uğurlu siyasətinin nəticəsi
olaraq azərbaycanlı gənclər
dünyanın qabaqcıl ölkələrində təhsil almaq imkanı qazanırlar. Bu baxımdan Koreya
Respublikası da həmin ölkələr
sırasındadır və 2009-cu ildən burada
təhsil alan azərbaycanlıların
sayı nəzərə çarpacaq dərəcədə
artmaqdadır. Məlum olduğu
kimi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil
almaları ilə bağlı həyata keçirilən
dövlət proqramı nəticəsində bu
gün kütləvi sayda
gənc inkişaf etmiş
xarici ölkələrin ən qabaqcıl
universitetlərində təhsil alır, vacib
ixtisaslara yiyələnirlər. Bu baxımdan isə dünyanın inkişaf etmiş, texnoloji ölkələrindən sayılan Cənubi
Koreya universitetləri ilə təhsil sahəsində
əməkdaşlıq xüsusilə böyük
önəm kəsb edir. Ona
görə də Cənubi Koreya
universitetləri ilə tələbə mübadilələrinin
həyata keçirilməsi bu baxımdan çox məqsədəuyğundur. Boloniya sisteminin prinsiplərinə
uyğun olaraq
Naxçıvan Dövlət Universiteti ilə
Cənubi Koreyanın Kimçonq universiteti arasında da
artıq tələbə mübadiləsinə
başlanılıb. Bu barədə bizə məlumat verən Mina Qasımova qeyd etdi ki, tərəflər
arasında tələbə mübadiləsi məqsədilə
Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə
- tərcümə (ingilis dili-
Azərbaycan dili) ixtisası üzrə birinci kurs tələbəsi
Nəsir Neymətli,
hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbəsi
Əkbər Həsənli, stomotologiya
ixtisası üzrə birinci kurs tələbəsi Şahin
Tağıyev Cənubi Koreyanın Kimçonq
Universitetində 6 ay müddətində təhsillərini
davam etdirəcəklər. Həmçinin
Kimçonq Universitetindən gələn
2 tələbə Lee Sumi
və Jeonq Seok bakalavr pilləsində təhsillərini bir il müddətində
Naxçıvan Dövlət Universitetində davam
etdirəcəklər. Qeyd edək ki, Cənubi Koreyaya
göndərilən tələbələr universitetdə fəaliyyət
göstərən Koreya dili
üzrə hazırlıq kurslarında fəal iştirak edən bir
neçə tələbənin arasından seçiliblər.
İlkin AĞAYEV
Palitra.-2013.-6 mart.-S.11.