Dünya musiqi fəzasında Azərbaycan
musiqisi artıq layiq olduğu yerini tutmaqdadır
Layihə
çərçivəsində müsahibimiz UNESCO-nun
qeyri-maddi mədəni irs üzrə eksperti, Ənənəvi
Musiqi üzrə Beynəlxalq Şuranın üzvü, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət
xadimi, AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”
şöbəsinin böyük elmi işçisi Sənubər
Bağırovadır:
-Mən
tanınmış şərqşünas, türkoloq, tarix
elmləri doktoru, professor Yusif Bağırovun ailəsində
dünyaya gəlmişəm. Mən Moskvada anadan
olmuşam.
Atam üç institut bitirmişdi, rus, fransız, türk və
fars dillərini bilirdi. O, 40-cı illərin
ikinci yarısı - 50-ci illərin əvvəllərində
Moskvada SSRİ Xarici İşlər Nazirliyində, SSRİ Ali
Sovetində şöbə müdiri vəzifəsində
işləyirdi, ömrünün son 25 ilini isə elmə sərf
etdi. O, hələ sovet vaxtı Azərbaycan-Türkiyə
münasibətləri haqqında kitab yazmışdı. Atam çox vətənpərvər idi. Bəlkə
ona görə ki həyatının çox illərini Vətəndən
uzaqda keçirmişdi. Qəribçilikdə insan Vətənin
dəyərini daha çox bilir. Bir gün atam qərara gəldi
ki, Vətənə dönsün. Muğamı çox sevərdi
və çox zamanlar onu evdə avazla oxuyardı. O, Nizaminin,
Xaqaninin, Füzulinin, Vahidin qəzəllərini yaxşı
bilirdi. Körpəlikdə anamı itirdikdən sonra Azərbaycanın
ilk professional qadın bəstəkarı Ağabacı
Rzayevanın bacısı Ruqiyyə xanım ikinci anam olub. Mən
uşaqlıqdan Ruqiyyə xanımı görmüşəm,
ona ana, Ağabacı xanıma xala demişəm. Xalam
Ağabacı xanım uşaq vaxtı mənim musiqi duyumumu
yoxlayıb dedi ki, bunu mütləq musiqiyə yönəltmək
lazımdır. Mən də əvvəlcə Bülbül
adına orta ixtisas musiqi məktəbini, sonra Asəf
Zeynallı adına Musiqi Texnikumunu və Azərbaycan Dövlət
Konservatoriyasının Musiqinin nəzəriyyəsi və
tarixi fakültəsini bitirdim. XX əsrin əvvəllərində
yaşamış Avstriya bəstəkarı Qustav Malerin
yaradıcılığından diplom işi yazdım. Diplom
işinin müdafiəsinə Leninqrad Konservatoriyasının
professoru Anatoli Dmitriyev gəlmişdi. İşi yüksək
qiymətləndirdi və dedi ki, bu elə dissertasiyadır.
1976-cı ildə o, sənədlərimi aspiranturaya təqdim
etdim. Bu dəfə muğama üz tutub və bu mövzuda elmi
iş götürdüm. Muğamı, onun qəzəllərini
dinləyə-dinləyə, öyrənə-öyrənə,
tərcümə edə-edə həm də Azərbaycan
dilinin incəliklərinə dərindən bələd
olurdum. Bir musiqiçi kimi başa düşürdüm ki,
muğam şedevrdir. Muğamın musiqi forması
unikaldır. Onu təhlil etmək üçün heç bir
Avropa üsulu uyğun gəlmir. Mən yeni bir analitik üsulu
tapmağa məcbur oldum. Belə forma, dinamik profil yaratmaq, zilə
doğru hərəkət, zildə tam ekstaz halına gəlmək
- bütün bunlara görə muğamın dramaturgiyası
çox böyük təsir gücünə malikdir.
Dissertasiyam üç fəsildən ibarət idi:
muğamın yaranma tarixi, nəzəriyyəsi və fəlsəfi
ideyası. Dissertasiya üzərində çox zəhmət
çəkdim, onun üç müxtəlif variantını
yazdım. Beləliklə, 1984-cü ildə Azərbaycanda
muğam üzrə ilk dissertasiya müdafiə edərək sənətşünaslıq
elmləri namizədi adını qazandım. O vaxtdan indiyədək
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”
şöbəsində böyük elmi işçi vəzifəsində
çalışıram. İlk dəfə öz elmi fikirlərimi
1978-ci ildə Səmərqənddə beynəlxalq simpoziumda təqdim
etdim. Sonralar dünyanın müxtəlif ölkələrində
30-dan çox beynəlxalq elmi konfrans və konqresdə
çıxış etdim. 1992-ci ildə Almaniyada Ənənəvi
Musiqi üzrə Beynəlxalq Şuranın sessiyasına dəvət
olundum və orada böyük məruzə ilə
çıxış etdim. “Azərbaycan muğamının bədii,
ideya və struktur xüsusiyyətləri” adlı məqaləm
çap olunub. İndi də xaricdə tələbələr
muğamatı bu məqalə əsasında öyrənirlər.
- Azərbaycan musiqisinin, o cümlədən
muğamın təbliği istiqamətində hansı tədbirlər
həyata keçirmisiniz?
- Mən
30 ildən artıqdır ki, Azərbaycan xalq musiqisinin -
muğamların, aşıq sənətinin öyrənilməsi
və təbliği ilə məşğul oluram. Bu istiqamətdə
işlərdən biri kimi 2002-ci ildə UNESCO-nun qeyri-maddi mədəni
irs üzrə şöbəsinin təklifi ilə Azərbaycan
muğamı üzrə fayl hazırlamışam. 2002-ci ildə
UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin
müdiri Azərbaycana gəldi. Bakıda üç gün
qaldı. Bu müddət ərzində mənimlə hər
gün görüşür və saatlarla muğama dair
müxtəlif suallar verirdi. Sonda mənə bir sual verdi ki,
"Siz necə sübut edə bilərsiniz ki, Azərbaycan
muğamı unikaldır, yəni yalnız sizin xalqa məxsusdur?"
Yəni ərəb və ya fars muğamından törəmə
deyil. Bu yeganə sual idi ki, məni çaşdırdı.
Çünki biz uşaqlıqdan şəksiz bilirdik ki, Azərbaycan
muğamı unikaldır, bunun isbatına ehtiyac yoxdur. Bunu biz
aksiom kimi qəbul etdiyimizdən, onun sübutuna nə vaxtsa
ehtiyac olacağını düşünməmişik. Onda mən
dedim ki, "Hər xalqın öz dili olduğu kimi, musiqi dili
də var. Heç kim deyə bilməz ki, bir xalqın musiqi
dili başqasından üstündür. Bu bizim
muğamdır, çünki Azərbaycan musiqi dilində ifadə
olunur. Başqa xalqlar öz emosiyalarını musiqidə
başqa dildə ifadə edirlər". Bu cavab onu qane etdi.
Bundan sonra o da təklif etdi ki, muğamın namizədlik
faylını hazırlamaq mənə
tapşırılsın. Bu fayla muğamın elmi tərifi,
müxtəlif lent yazıları, fotoşəkillər və
sənədli film daxil idi. Qeyd edim ki, 2003-cü ildə
muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və
qeyri-maddi mədəni irsinin şah əsərləri"
siyahısına daxil edilib. Musiqi üzrə üç
nominasiyamız - muğam, aşıq sənəti və bu
yaxınlarda tar ifaçılıq sənəti UNESCO-nun
siyahısına salınıb.
Aşıq
sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına təqdim edilməsi ilə bağlı
çox iş gördük. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə “Aşıq sənətinin
çağdaş problemləri” üzrə dəyirmi
masanın keçirilməsi, sonra Aşıqlar Birliyinin V
Qurultayının təşkili, namizədlik faylının
elmi mətninin yazılışı, aşıq sənətinin
yayılma dairəsinin xəritəsinin çəkilməsi,
sənədli filmin ssenarisinin hazırlanması və s. 2008-ci
ildə Mədəniyyət və Turizm Nazirliyinin
tapşırığı ilə UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsi
üçün Azərbaycan aşıq sənəti üzrə
fayl hazırladım. 2009-cu ildə aşıq sənətimiz
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
salınıb. Bundan başqa, Fransada
aşıqlarımızın konsertlərini təşkil
etdik, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə "Aşıq antologiyası" adlı iki diskdən
ibarət albom işıq üzü gördü.
Muğam
və aşıq sənəti üzrə xarici ölkələrdə
məqalələrim dərc olunub. "Azərbaycan
muğamı" ikicildlik kitabın müəllifiyəm.
Nüfuzlu beynəlxalq simpozium və konqreslərdə elmi məruzələrlə
çıxış etmişəm, xarici universitetlərdə
(ABŞ, Böyük Britaniya) Azərbaycan musiqisi üzrə
mühazirələr oxumuşam. Mənim iştirakımla BBC
radio korporasiyası 2007 və 2008-ci illərdə London
radiosunda Azərbaycan xalq musiqisi haqqında üç
veriliş hazırlayıb. 2008-ci ildən 2012-ci ilədək
Böyük Britaniyada, Avstraliyada və İtaliyada
muğamlarımızın kompakt disklərinin, Fransada
aşıq musiqisi antologiyasının buraxılmasına nail
oldum. 2011-2012-ci illərdə İtaliyada Azərbaycan muğam
ifaçılarının dörd diskinin, o cümlədən
görkəmli tarzənimiz Ramiz Quliyevin solo diskinin
buraxılmasına nail olduq. Bu günlərdə isə
UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komitəsinin Parisdə
keçirilən 7-ci sessiyasında Azərbaycan tar
ifaçılıq sənəti Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edildi. Bunların hamısı Azərbaycan
mədəniyyətinin uğurudur.
- Bu gün dünyada Azərbaycan
musiqisinin yerini necə görürsünüz?
- Orta və
Şərqi Asiya musiqisi XX əsrin əvvəllərindən
başlayaraq Avropaya ayaq açmağa başladı. Bu musiqi
Avropa dinləyicisi tərəfindən tez bir zamanda qəbul
edildi. Hazırda avropalılar ərəb, hind, çin, yapon,
iran və türk musiqisi ilə kifayət qədər
tanışdırlar. Sovet İttifaqının dəmir pərdəsi
Azərbaycan musiqisinin Avropada səslənməsinin
qarşısını alırdı. Halbuki ötən əsrin
əvvəllərində Avropaya Şərq musiqiçiləri
arasında ilk olaraq bizim musiqiçilər ayaq
açıblar. Polşada, Fransada, Almaniyada Məşədi Fərzəliyevin
konsertləri olub. Bundan başqa, Cabbar Qaryağdıoğlunun
Avropada qrammofon valları yayılırdı. Stalin
dövründən başlayaraq Azərbaycan xanəndələrinin
Avropa ilə əlaqəsi itdi. İlk dəfə 1989-cu ildə
Dünya Mədəniyyətləri Evi tərəfindən
Parisdə Alim Qasımovun konserti təşkil edildi. Ondan sonra
Fransada bir neçə konsert oldu və disklər
buraxıldı. Dövlət müstəqilliyimizin bərpası
Azərbaycan musiqisinin dünyada daha geniş
tanıtımına imkan yaratdı. 2010-cu ilin noyabrında BBC
radiosunun "Dünya yolları" verilişinin 10 illik
yubileyində Qoçaq Əsgərovun
çıxışından sonra Londonun nüfuzlu
"Songlines" jurnalının baş redaktoru Azərbaycan
musiqisinə münasibətini bildirərək dedi ki,
dünyada hind musiqisi deyiləndə, insanlar təxminən
söhbətin hansı musiqidən getdiyini bilirlər.
Türk, İran, ərəb, çin, yapon musiqisi də
müəyyən mənada tanınır. Azərbaycan musiqisi
isə sən demə, gizli xəzinə imiş.
Mən təkcə
Azərbaycan musiqisi deyil, həmçinin Avropa musiqisi
içində böyümüşəm. Mən bunu tam
obyektiv deyə bilərəm ki, Azərbaycan musiqisinin bədii
dəyəri çox yüksəkdir. Tayvandan Amerikaya qədər
insanların musiqimizə necə heyranlıqla qulaq
asdıqlarını görmüşəm. Dünya musiqi fəzasında
Azərbaycan musiqisi artıq layiq olduğu yerini tutmaqdadır.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-8 mart.-S.12.