Muğamı dünyaya yayacaq “Muğam aləmi” 

 

Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olub. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib. Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimi açaraq çıxış edib.

Mehriban Əliyeva çıxışında qeyd edib ki, artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcək: “Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcək”. M.Əliyeva bildirib ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcək: “Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcək. Builki festival bir neçə yeniliklə seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcək. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir. Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcək. Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər”. M.Əliyeva qeyd edib ki, hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir və Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. 24 ölkədən, o cümlədən Türkiyə, İtaliya, İspaniya, Misir, Hindistan, Çin, İran, Tunis, Mərakeş, Liviyadan gəlmiş qonaqların iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam edib.

 

 

Palitra.-2013.-12 mart.-S.3.