“Elə məsələlər var ki, orda dövlət yox, QHT sinəsini irəli verməlidir” 

 

“Milli-mənəvi dəyərlərin qorunması bir vəzifə olaraq hamımızın qarşısındadır”

 

Suallarımızı “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal cavablandırır.

-Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

- Müasir dövrdə ən qapalı ölkələr və cəmiyyətlər belə, özlərini nə qədər dünyadan təcrid etməyə çalışsalar da, qloballaşan dünyada bu kimi tədbirlər heçeffektli deyil. Hazırda dünya ortaq həyat tərzinə, ortaq dəyərlərə, ortaq düşüncələrə yönəlməkdədir. Və bu zaman daha güclü olan ideologiyalar, tərzlər özünə daha çox tərəfdar tapa bilir, dünyanın daha böyük coğrafiyasını öz ağuşuna ala bilir. Xüsusən də, hər hansı ideyanın, dəyərin arxasında böyük maddi güc dayanırsa, o ideyalar məqsədli şəkildə yayılırsa, onların əhatə dairəsi, cəzbediciliyi da böyük olur. Və ən mühafizəkar cəmiyyətlər, dövlətlər dünyada gedən bu prosesi narahatlıqla izləməkdədirlər. Ona görə də bu prosesin qarşısının alınmasının mümkünsüzlüyünü dərk edirlər. Lakin bu burulğanda öz varlıqlarını, özünəməxsusluqlarını qoruyub saxlamaq üçün müxtəlif tədbirlər alırlar.

Azərbaycan da bu ümumdünya prosesinin içərisindədir və yerləşdiyi önəmli coğrafi, geostrateji mövqeyinə görə müxtəlif ideyaların, baxışların, tərzlərin çarpazlaşdığı, kəsişdiyi bir ölkədir. Ona görə də deyə bilərəm ki, bizim toplumun üzərində daha çox işlənilir. İstər mənəvi aspektdən, dini cərəyanlar tərəfindən, istərsə də siyasi, iqtisadi nöqteyi-nəzərdən. Belə bir dövrdə, sərhədlərimizin şəffaf olduğu bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə ötürülməsi bu gün bir vəzifə olaraq hamımızın qarşısındadır. Xüsusən, ətrafında ənənəvi rəqibləri olan bir ölkə kimi özünəməxsusluğu, milli və mənəvi dəyərləri qorumaq Azərbaycan üçün xüsusilə vacibdir.

- Milli-mənəvi dəyərlərin qorunmasında QHT-lərin üzərinə hansı vəzifə düşür?

- Ölkədə dövləti və milli maraqları hər şeydən üstün tutan QHT-lərimiz var. Ancaq təəssüf doğuran hal budur ki, bəzən həssas məqamlarda onların səsi ucadan eşidilmir. Bir çox QHT-lər sanki hesab edirlər ki, QHT fəaliyyəti yalnız maliyyələşdirilən layihələri icra etmək, məsələn, sahibsiz heyvana sahib durmaq, buklet paylamaq kimi məsələlərlə yekunlaşmalıdır. Bunlar da olmalıdır. Amma yeri gələndə, dövlətin dəstəyindən yararlandığın kimi, onun maraqlarının müdafiəsində də fəal olmalısan. Bir qrup QHT-lər də hesab edirlər ki, bu cür məsələlər dövlət qurumlarının işidir, onlara müdaxilə etmək olmaz. Halbuki, bəzi məsələlərdə beynəlxalq normaları, dövlətlərarası münasibətləri nəzərə alaraq dövlət qurumununya dövlət məmurunun birbaşa öndə olması məqsədəuyğun deyil. Belə hallarda, cəmiyyət, media, QHT-lər sinəsini irəli verməlidir. Bu halda dövlət də özünü güclü və inamlı hiss edəcək.

- QHT-lər bu işin öhdəsindən yetərincə gələ bilirlərmi?

- Burada bir məsələyə aydınlıq gətirmək lazımdır. Bizdə, təəssüf ki, hələ QHT-lər arasında profilləşmə prosesi getmir. Yəni, hansı təşkilat səhiyyə, sosial, mədəni sahədə fəaliyyət göstərəcək, hansı isə ictimai, siyasi, milli-mənəvi məsələlər üzrə profilləşəcək. Bu məsələ hələ bizdə oturuşmayıb. Bəzən görürsən ki, bir ictimai birlik sosial mövzuda layihə həyata keçirir, növbəti ildə isə deyək ki, Qarabağ mövzusunda. Bu cür ziqzaqlar əslində həmin QHT-nin özünün inkişafına, cəmiyyətdə tanınmasına, bir sahə üzrə təcrübə qazanmasına əngəl törədir. QHT-lərin milli-mənəvi dəyərlərin qorunmasında iştirak payına gəlincə, bu yöndə təşəbbüslər olur. Ancaq təbii ki, bunları yetərli saymaq olmaz.

-“Ortaq Dəyərlər” İB olaraq milli-mənəvi dəyərlərin təbliği ilə bağlı hansı layihələr həyata keçirmisiniz?

- Ümumi götürdükdə, həm fərdi şəkildə, həm də ictimai birlik olaraq ölkəmizin ictimai-siyasi həyatında imkan çərçivəsində iştirakçı olmağa çalışırıq. Konkret layihələrə gəlincə, ötən bir neçə ildə həm donor təşkilatının dəstəyi ilə, həm də öz gücümüzlə bir neçə layihə həyata keçirmişik. Öncə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2010-cu ilin oktyabr-dekabr aylarında icra etdiyimiz layihə haqda danışmaq istəyirəm. Qarabağ problemi türk dünyasının ortaq problemidirmövzusunda müzakirələrin təşkilini nəzərdə tutan layihəmiz daha çox mediada aparılırdı. Layihə çərçivəsində Azərbaycan və türk dünyası mediasında Qarabağ probleminin müxtəlif istiqamətlərini-tarixini, mahiyyətini, sülh danışıqlarının durumunu əhatə edən məqalələr, müsahibələr hazırlanaraq dərc olunub. türk dünyasının çeşidli yerlərindən gələrək Azərbaycanda təhsil alan tələbələrə Ermənistanın Azərbaycan torpaqlarını işğalı mövzusunda seminarlar keçirilib. Həmçinin layihənin sonunda ictimaiyyət nümayəndələrinin və türk dünyasından gəlmiş qonaqların iştirakı ilə geniş təqdimat mərasimi keçirilib, geniş müzakirə təşkil olunub.

Yenə də şuranın dəstəyi ilə 2011-ci ildə “Eurovision” paytaxtının sakiniyikdevizi ilə bir layihə icra etdik. Burada da əslində milli-mənəvi dəyərlər önə çəkilirdi. Yəni “Eurovision” müsabiqəsi günlərində paytaxtımızda, ölkəmizdə olan qonaqlara xalqımızı daha yaxşı şəkildə təqdim etmək, gözəl xüsusiyyətlərimizlə onların xatirində qalmaq, xalqımızın imicinə zərər gətirən hallardan imtina etmək kimi məsələlər bu layihə çərçivəsində önə çəkilirdi.

2012-ci ildə isə şuranın dəstəklədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətrafında mediada ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirmişik. Bu layihəmiz söhbətimizin mövzusuna daha çox uyğundur. Çünki bu layihədə biz birbaşa dövlət dilinin qloballaşma şəraitində yad ünsürlərdən qorunması və gələcək nəslə çatdırılması məsələsini önə çəkmişdik.

- Bəs öz gücünüzə gerçəkləşdirdiyiniz layihələr hansıdır?

- Bunlardan biri gənclərlə tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin görüşlərinin təşkil edilməsidir. Bu sıradan şair Rüstəm Behrudinin, yazıçı Seyran Səxavətin, Əməkdar rəssam Rəis Rəsulzadənin gənclərlə görüşlərini qeyd edə bilərəm. Bu görüşlərin məqsədi milli düşüncəli aydınlarımızla gənclər arasında körpü yaratmaq, onların düşüncələrinin gəncliyə ötürülməsində vasitəçi olmaqdır.

Ötən müddətdə bir kampaniya da həyata keçirmişik. Məlumdur ki, son illər qonşu İran İslam Respublikasının bəzi dairələri Azərbaycan Respublikasına qarşı müxtəlif səpkili təxribat, antitəbliğat fəaliyyətləri ilə məşğuldurlar. Bu cür bədnam işlərdə daha çox fəallıq göstərən İranın “Səhər-2” telekanalı, sırf Azərbaycana, onun dünyəvi inkişafına qarşı yaradılmış bir qurumdur. Bu telekanalda Azərbaycan dövlətinin varlığını, inkişafını inkar edən, guya Azərbaycan xalqının milli-dini ənənələrindən uzaq düşdüyünü iddia edən verilişlər hazırlanır, molla qiyafəli müasirşeyx nəsrullahlar” Azərbaycan xalqına mənəviyyat və əxlaq dərsi keçirlər. Təəssüf ki, bəzi hallarda bilərəkdən və ya bilməyərəkdən Azərbaycan vətəndaşları da bu kanalın efirində görünür, müəyyən problemlərlə bağlı fikir bildirirlər. Bu hal Azərbaycanı istəməyən qüvvələrin layihələrində rol almaq, daha doğrusu, üzərində gəzdiyin, çörəyini yediyin, vətəndaşı olduğun ölkəyə xəyanət etməkdir. Biz ictimai birlik olaraq bu mövzuda internetdə və mətbuatda bir aylıq kampaniya keçirdik. Üzərində “SəhərTV”nin kamerasına yox” sözləri yazılmış lövhə hazırlandı və yayınlandı. Məqsəd, vətəndaşlarımızı bu bədnam telekanalın kamerasına danışmaqdan çəkindirmək idi. Bilirsiniz, kiminsə həyatında bir problem varsa, bu barədə ölkədə istənilən media qurumuna, ən qatı müxalif qəzetə belə, üz tutub dərdini deyə bilər. Ancaq bunu bizi özünə təhlükə görən bir dövlətin mediasından söyləmək qətiyyən yolverilməzdir və düşmən dəyirmanına su tökməkdir.

Bu günlərdə isə “Ortaq Dəyərlər” İB-nin də təşəbbüsü və təşkilatçılığı ilə türk dünyasından olan 20-yə yaxın qurumun birgə keçirdiyiTürk dünyasına xidmət 2012” rəy sorğusunu başa vurduq və nəticələri açıqladıq. Qeyd edim ki, bu sorğu və nəticələri Azərbaycan və türk dünyası mediasında geniş şəkildə işıqlandırıldı. Bu layihə isə təşkilatımızın beynəlxalq layihələrdə tərəfdaş kimi iştirakı və tanınması üçün əhəmiyyətli oldu.

- Perspektivdə hansı layihələr gözlənilir?

- Hazırda işğal altında olan torpaqlarımızda tarixi şəxsiyyətlərin və tanınmış insanların məzar yerlərinin müəyyən edilməsi və bu barədə YUNESKO-ya müraciətin hazırlanmsı ilə bağlı bir layihə təqdim etmişik. Hələlik, bu layihənin dəstəklənib-dəstəklənməyəcəyi bəlli deyil. Amma istənilən halda, biz bu ideyanı gerçəkləşdirmək niyyətindəyik.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-13 mart.-S.11.