“Layihə təklifi hazırlayıb regionların inkişafına dəstək olmağa çalışırıq” 

 

Xuraman Mirzəzadə: “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Mingəçevirdə də böyük ardıcıllıq və prinsipiallıqla icra edilib”

 

Demokratik cəmiyyətlərdə inkişafın ən başlıca şərtlərindən biri də ölkənin mərkəz və regionlarında vətəndaş təşəbbüskarlığının olmasıdır. Məhz belə olanda vətəndaş cəmiyyətinin qurulmasına nail olmaq mümkündür. Prezident İlham Əliyevin 2004-2008 və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını təsdiqləməsi də dövlət tərəfindən bu istiqamətdə atılmış əsas addımlardandır. Bu işdə paytaxt və regionlarda fəaliyyət göstərən vətəndaş institutlarının da əvəzediməz rolu var. Elə mərkəzi Mingəçevirdə yerləşən Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin də əsas məqsədi Azərbaycanın regionlarında sosial problemlərin həllinə kömək etməkdən ibarətdir. Müsahibimiz birliyin sədri Xuraman Mirzəzadədir.

-Sizcə, regionların inkişafı üçün hansı porblem və ehtiyaclar var. Eyni zamanda təşkilat olaraq regionların inkişafına hansı formada dəstək olursunuz?

- Regionların inkişafı üçün əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsini azaltmaq üçün yeni istehsal sahələrinin yaradılması, aztəminatlı əhali qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması səviyyəsini müəyyənləşdirmək başlıca amillərdəndir. QHT sahəsində regionların inkişafı üçün problemlərimiz də az deyil. Regionlarda fəaliyyət göstərən QHT-lərin vahid informasiya bazasının yaradılması məqsədəuyğun olardı. Bu bazada QHT-lər, onların fəaliyyət istiqamətləri, üzvləri, həyata keçirdikləri layihələr və s. barədə məlumatlar cəmlənə bilər. Bu QHT-lərə müntəzəm olaraq həm ölkədaxili donorların, həm də xaricdəki donorların elan etdikləri qrant proqramları barədə məlumatlar çatdırıla bilər (elektron poçt, faks, görüşlərin təşkili vasitəsilə və s.). Regionlarda fəaliyyət göstərən QHT-lərin əksəriyyətinin layihə yazmaq, layihələri idarə etmək vərdişlərinin inkişafına yönələn təlimlər keçirilməlidir, həmçinin regionlarda fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin digər nüfuzlu təşkilatlarda təcrübə proqramlarında iştirakına kömək etməklə onların bacarıqları daha da artırılmalıdır.

Biz vətəndaş cəmiyyəti olaraq regionlarda olan problemləri keçirdiyimiz sorğu əsasında müəyyənləşdiririk və aşkarlanan problemlər üzrə layihə təklifi hazırlayıb bu yolla regionların inkişafına dəstək olmağa çalışırıq.

- 2004-2008 və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının sizin regionun inkişafına nə kimi köməkliyi oldu?

- Azərbaycan Respublikasında son illərdə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində ölkədə makro-iqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması, çoxsaylı yeni iş yerlərinin yaradılması, istehsal təyinatlı sənaye müəssisələrinin fəaliyyətinin bərpası bütünlükdə məhsul istehsalının həcminin və milli gəlirin artmasına səbəb olub. Əgər bir neçə il əvvəl həmin nailiyyətlər əsasən ölkəmizin paytaxtında qeydə alınırdısa, hazırda respublikamızın bütün regionlarında iqtisadi inkişaf, yenidənqurma geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafını dövrün ən mühüm məsələsinə çevirib. O, qeyd edirdi: “Biz istəyirik ki, aparılan islahatların müsbət nəticələrindən ölkənin bütün vətəndaşları bəhrələnsinlər”. Elə bu istəyin həyata keçirilməsini təmin etmək üçün ölkə Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü ildə imzaladığı fərmanla “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib və uğurla həyata keçirilib. Belə ki, ayrı-ayı kateqoriyadan olan işçilərin əməkhaqqının, pensiya və müavinətlərin artırılması, ziyalılara, əmək və müharibə veteranlarına adlı təqaüdlərin verilməsi, onların müasir dəbdə tikilmiş mənzillərlə təmin olunması həmin təbəqələrdən olan əhalinin sosial rifah halının yaxşılaşmasına və onların maddi-mənəvi tələbatlarının ödənilməsinə şərait yaradıb.

Adıçəkilən dövlət proqramı respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Mingəçevirdə də böyük ardıcıllıq və prinsipiallıqla icra edilib. Proqramda göstərildiyi kimi, Aran iqtisadi rayonunda sənaye nisbətən inkişaf edib, lakin Mingəçevir şəhərinin özünün sənaye potensialı sosial infrastruktur sahələrinin sıxlığı baxımından diqqəti cəlb edir və orada fəaliyyət göstərən 2 elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin 60%-dən çoxunu təşkil edir. Eyni zamanda proqramın icra müddətində Mingəçevirdə reallaşdırılan tədbirlər sırasında energetika, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyətinin bərpasının və inkişafının dəstəklənməsi Mingəçevirdə iqtisadi və sosial rifahın yaxşılaşmasına sözsüz təminat yaradır.

Mingəçevirin Dəmir Yol Stansiyası Bakı-Tiflis magistral dəmir yolundan 28 km məsafədə, respublika əhəmiyyətli ən yaxın aeroport 30 km məsafədə Yevlax şəhərində, beynəlxalq miqyaslı hava limanı isə 80 km məsafədə Gəncə şəhərində yerləşir. Şəhərdə 20-dən çox iri və orta sənaye müəssisələrində 300-dən çox çeşiddə sənaye məhsulu, maşın və mexanizmlər, kompyuterlər istehsal edilir.

Reallaşan layihələr sırasında gənc nəslin intellektual və fiziki inkişafına zəmin yaradan əsas amillər sırasında idmana xüsusi diqqət yetirilib. İndi ölkəmizin elə bir bölgəsi tapılmaz ki, orada yeni idman qurğuları tikilməsin. Mingəçevirdə ölkə Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və bilavasitə tapşırığı əsasında işlənib-hazırlanmış çox möhtəşəm idman mərkəzi-"Kür" Avarçəkmə Bazası yenidən qurulub, Mingəçevirdə Beynəlxalq avarçəkmə bazası və məkrəzi yaradılıb. O, vaxtilə sovet məkanında yeganə baza idi ki, il ərzində orada təlim-məşq toplanışları keçirilirdi. Amma indi o baza faktiki olaraq yenidən qurulub. Lakin bir addım da irəliyə getmişik, indi həm də təlim-məşq toplanışlarının keçirilməsi üçün imkanlar yaradılır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-2013-cü illər üçün proqram təsdiqlənib. Proqrama əsasən, bir çox infrastruktur layihələr başa çatdırılıb, qeyri-neft sektorunun daha da inkişafına təkan verilib. Ölkənin içməli su problemi, demək olar ki, həll edilmək üzrədir. Burada suvarma, meliorasiya, ekoloji proqramların həyata keçirilməsi prioritet təşkil edib. Bütün bunlar da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəldilib.

- Sizin regionda vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi baxımından QHT-lərin hansı rolu var?

- Ümumiyyətlə, regionlarda vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi baxımından QHT-lərin rolu danılmazdır. Belə ki, regionlarda olan QHT-lər sənaye, ticarət, maliyyə və s. sahələrdə çalışanların peşəkarlığının artırılması, yeni təsərrüfatçılıq formaları və metodlarının tətbiqi, işgüzar görüşlər, treninqlər keçirilməsi, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması və s. ilə məşğul olurlar.

- Siz “QHT idarəedilməsinin təkmilləşdirilməsi, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması” layihəsini həyata keçirmiziniz. Bu layihəni keçirməkdə məqsəd nədir?

- Azərbaycan vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai-siyasi münasibətlərin yeni mərhələyə keçməsi QHT sektorunun institusional inkişafına daha çox diqqət ayırmağı, hazırda onun üzləşdiyi problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirləri həyata keçirməyi və nəticədə qeyri-hökumət təşkilatlarının davamlı fəaliyyətinə nail olmağı tələb edir. Məhz bu ehtiyacları qarşılamaq və QHT sektorunun inkişafı üçün yeni imkanlar aramaq zərurəti ictimai birliyin problemlərinə və perspektiv inkişafına kompleks yanaşmanı şərhləndirdi. Təşkilatımız Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə əməkdaşlıq edərək, mərkəzə daxil olan rayon koordinatorları ilə görüşüb, şifahi sorğu apararaq yerlərdə üçüncü sektor və onun inkişaf etdirilməsi ilə bağlı məlumatın qıtlığı ilə rastlaşdı. Bu məlumat qıtlığı üçüncü sektorun inkişafını öyrənən təşkilatlar üçün o qədər nəzərə çarpan olmasa da, bəzi ətraf rayonlarda fəaliyyət göstərən təşkilatlar üçün çıxılmaz vəziyyət yaradır. Rayonlarda fəaliyyət göstərən QHT-lər haqqında daxil olan məlumatlardan aydın olub ki, rayonlarda fəaliyyət göstərən əsasən mərkəzi təşkilatların filial və şöbələridir, müstəqil təşkilatlar isə demək olar ki, yox dərəcəsindədir. Bunun bir çox səbəbləri var. Və bu səbəblərin sırasında ən mühüm amillərdən biri məlumatsızlıqdır. Vətəndaşlarımızın böyük əksəriyyəti mövcud qanunvericiliklə onlara müxtəlif ictimai qurumlarda birləşərək müştərək şəkildə ölkə və ya məhəllə problemlərini həll etmək hüquqlarının verilməsi barədə çox az halidirlər. Və belə bir vəziyyətdə təşkilat olaraq “QHT idarəedilməsinin təkmilləşdirilməsi, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması” layihəsini həyata keçirməyi zəruri hesab etdik.

- Regionlarda QHT-hökumət münasibətlərinə dair ictimai müzakirələr təşkil edirsinizmi?

- 10 iyul-10 oktyabr 2012-ci il tarixdə təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda QHT-Hökumət münasibətlərinə dair ictimai müzakirələrin təşkil olunması” adlı layihə həyata keçirib. Layihə çərçivəsində Bərdə, Goranboy, Yevlax, Ağdam, Tərtər, Ucar, Zərdab, Kürdəmir, Ağcabədi, Beyləqan rayonlarında debatlar keçirilib. Debatlarda 30 nəfər QHT, hökumət nümayəndələri, ictimaiyyətin digər nümayəndələri iştirak edib. Təlimdə müxtəlif fikirlər səsləndi. Əsasən yeni yaradılan QHT-lərin Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasında olan problem müzakirə olundu. Sonra ictimaiyyətin hələ də qeyri-hökumət təşkilatına dövlətdən kənar qurum kimi yanaşması müzakirə olundu. Növbəti problem isə icra hakimiyyətinin yerlərdə tədbirlərin keçirilməsinə şərait yaradılmaması müzakirə olundu. Layihənin icrası zamanı 14 sentyabr 2012-ci il tarixdə 24 şəhər və rayonun QHT nümayəndələrinin iştirakı ilə “QHT-lərdə maliyyə dayanıqlığı” mövzusunda debat da keçirilib. Tədbirdə son vaxtlar QHT-lərə dövlət dəstəyinin daha da gücləndiyi vurğulanıb, bu sahənin inkişafı üçün gələcəkdə yeni təkliflərin hazırlanacağı bildirilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, yerli QHT nümayəndələrinin irəli sürdükləri təkliflər müzakirə edilib.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-13 mart.-S.13.