“Rəsmi dövlət
dilinin, diplomatik dilin özünəməxsus incəlikləri
var”
Layihə
çərçivəsində müsahibimiz Azərbaycan Fəlsəfə
və Sosial-siyasi Elmlər Assosiasiyasının İdarə
Heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Səlahəddin müəllim dövlət və
dil, dilçilik məsələləri ilə bağlı
bizə fikirlərini bildirdi.
I yazı
Professorun düşüncəsinə görə, bir
hadisələr dünyası, bir biliklər dünyası, bir
də söz dünyası var. Əsas vəzifələrdən
biri bu dünyalar arasında qarşılıqlı
anlaşma, adekvat münasibət qurmaqdır. Söz,
anlayış, logos adi danışıq dilinin əsasını
təşkil edir. Məhz buna görədir
ki, bir çox filosofların fikrinə görə, adi
danışıq dili həqiqi varlığın
özüdür. Yəni hadisələr dünyası
da, ideyalar dünyası da məhz adi danışıq dili sayəsində
həyatiləşir, insaniləşir və bizim
üçün dünyaya çevrilir: “Bir ünsiyyət
vasitəsi olmaqla bərabər, dil həm də biliklərin
saxlanması, ötürülməsi və mənimsənilməsinə
xidmət edir. Dili bilməyən adam həmin
dildə saxlanmış bilik və dəyərlər sistemini
də mənimsəyə bilməz. Dilin
daşıyıcısı yalnız bu dili bilən, bu dildə
danışan konkret insanlar deyil, onların toplusu da deyil,
bütövlükdə millət,cəmiyyətdir;
kütlə yox, strukturlaşmış sosial sistemdir. Və bu cəmiyyətdə dil özü də bir
sosial institut kimi formalaşır və onun mövcudluğunun
da konkret insanlardan asılı olmayan obyektiv real formaları
(qrammatika, lüğətlər, kitablar, disklər və s.),
maddiləşmiş sosial hafizə yaranır. Xalqın bütün nümayəndələri sadəcə
bu dildə danışdığı halda, onu tam şəkildə,
bütöv bir fenomen kimi tədqiq edən, qoruyan, ümumi cəhətlərini,
qanunauyğunluqlarını, invariantlarını, habelə
başqa dillərə nəzərən xüsusiyyətlərini
öyrənən ixtisaslaşmış adamlar - dilçilər
yetişir”.
Dilçilər
çox vaxt sözlərin mənasından sərf-nəzər
olunaraq ancaq formanı, strukturu öyrənməyə
çalışırlar: “Nəyin deyilməsi yox, necə
deyilməsi, hansı qaydaya əməl edilməsi önə
çəkilir. Doğrudan da, onların əsas
işi məhz formaların, qəliblərin öyrənilməsidir”.
Sözlər dünyası hadisələr
dünyasından və ideyalar dünyasından nə ilə fərqlənir? Sözlər
dünyasının təşkilatlanma prinsipi, struk turu
(qrammatika) dünyanın öz quruluşu ilə nə dərəcədə
həmahəngdir? Professor bildirir: “Bu
baxımdan, quruluş, struktur önə keçir, mahiyyət
göstəricisi olur. Lakin dilin gücü təkcə
onun strukturunda, formasında, quruluşunun mükəmməl
olmasında deyil. Dilin gücü onun leksik
zənginliyində, sözlərin çoxluğu və ya
azlığında da deyil. Dilin
gücü daha çox dərəcədə sözlərin
məna yükündə, onların sərhədlərinin
aydınlığında, demarkasiya prinsipinin təmin
olunmasındadır.
Frensis Bekon müxtəlif filosofların bu məsələdə
baxışlarını müqayisə edərək
yazırdı ki, antik dövrün materialistləri «zəkanı
şeylərin təbiətindən asılı hesab edirdisə,
Platon dünyanı fikrə, Aristotel isə fikri sözə
tabe edirdi». V.Humboldta görə, dil ruhun fəaliyyətidir;
dilin öz strukturunda dünyaya müəyyən bir
baxış yerləşib. Struktur və məzmun
arasında daxili rabitə, bir əks əlaqə münasibəti
vardır.
Ana dili digər dillərdən onunla fərqlənir ki,
ilk dəfə dil öyrənərkən uşaq həm də
yaşamağı, həyatı, dünyanı öyrənir. Yəni ana
dili dünyaya pəncərədir”.
Azərbaycan dili zəngin dildir və ölkəmizdə
bəlağətlə danışan gözəl natiqlər
çoxdur. Bədii
qiraət ustaları, toylarda, məclislərdə, mərasimlərdə
çıxış edənlər çoxdur: “Lakin rəsmi
dövlət dilinin, diplomatik dilin, iqtisadi, hüquqi
razılaşmaların, müqavilələrin özünəməxsus
dil incəlikləri var... Hər sözə
xüsusi diqqət verilməsi, hər sözün hətta
yaxın mənalı sözlər içərisindən daha
dəqiq seçilib tapılması, incə mətləblərin
maksimal bir dəqiqliklə çatdırılması
üçün dilin bütün imkanlarının səfərbər
edilməsini çoxları ancaq daha mükəmməl dil
axtarışı kimi, natiqlik məharətinin nümayiş
etdirilməsi kimi izah edirlər. Lakin bu belə
deyil. Dilin kamilliyi məqsəd deyil, məqsədə
çatmaq üçün vasitədir. İncə
mətləblər ancaq mükəmməl dillə
çatdırıla bilər”.
Professor qeyd edir: “Nəzəri olaraq hamının
bildiyi, amma əməli həyatda nə üçünsə
tez-tez yaddan çıxan bir həqiqətdən söz
açmaq istəyirəm. Dil bütün xalqa məxsusdur
və dilin subyekti, hərəkətverici qüvvəsi də
dilçilər yox, bütün sahələrdə
çalışan insanlardır. Bu müqəddəs
işdə hərənin öz funksiyası, öz
missiyası var.
Dil milli varlığın ən mühüm göstəricilərindən
biridir. Təbii ki, biz bir millət olaraq öz ana dilimizin
inkişafında maraqlıyıq. Amma
öncə qarşıda duran vəzifənin miqyasını
və əsas istiqamətlərini düzgün təsəvvür
etmək lazımdır. Dil nə isə
dilçilərə aid olan, dilçiliyin miqyası ilə
ölçülən bir şey deyil.
Dilçiliyin inkişafı dilin inkişafının
mühüm şərtlərindən və istiqamətlərindən
ancaq biridir. Biz bunu ona görə xüsusi vurğulayırıq
ki, çağdaş ictimai şüurda bu miqyas fərqi
çox vaxt nəzərdən qaçırılır.
Təkcə bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan
dili ilə bağlı söz düşəndə, onun mahiyyətini,
məzmununu, əhəmiyyətini, inkişaf perspektivlərini
müzakirə edəndə, bir qayda olaraq dilçilərə
müraciət edilir. Kütləvi
informasiya vasitələrinin, jurnalistlərin məsələni
məhz bu miqyasda gündəmə gətirməsi bir daha
göstərir ki, dilimiz bir ictimai gerçəklik, milli atribut
kimi çox məhdud və bəsit çərçivədə
təsəvvür olunur. Jurnalistlər bir yana
dursun, elm adamları da bu məsələyə münasibətdə
eyni səhvə tez-tez yol verirlər. Məsələn,
izahlı lüğətlərin yazılması əslində
bir dilçilik məsələsi olmayıb, geniş
dünyagörüşü tələb edir və bir
çox elm sahələri üzrə mütəxəssislərin
səylərinin birləşməsinə ehtiyac yaranır.
Belə bir faktı da xatırlatmaq yerinə düşərdi
ki, müasir dilçiliyin baniləri V.Humboldt və Noam
Çomski siyasətçi və filosof, Freqe, Vitqenşteyn və
Rassel riyaziyyatçı və filosof olmuş və dilin yeni nəzəriyyələrini
yaratmaqla linqvist kimi də xidmət göstəriblər. Rus dilinin
klassik izahlı lüğətinin müəllifi olan Vladimir
Dal da bir dilçi deyil, ensiklopedik biliklərə malik görkəmli
təbiətşünas alim olub. Yalnız
lüğət yazıldıqdan sonra o həm də bir
leksikoqraf kimi məşhurlaşıb. Müasir
dövrdə də bu cür məsuliyyətli məsələlər
kollegial surətdə, müxtəlif elm sahələrini təmsil
edən görkəmli alimlərin birgə iştirakı ilə
həll olunur. Amma bizdə nə
üçünsə bu məsul vəzifə hələ də
ancaq dilçilərə aid imiş kimi başa
düşülür. Nəticədə
müxtəlif ixtisas sahələrinə aid anlayışlar,
elmi və fəlsəfi terminlər çox bəsit və bəzən
yanlış izah olunur. Eləcə də
terminologiya məsələləri. Elmlər
Akademiyasının strukturunda ayrıca bir Dilçilik
İnstitutunun olmasındadırmı, ya nədəndirsə,
dillə bağlı məsələlərdə hamı
yaxasını qırağa çəkib üzünü
dilçilərə tutur. Hətta
Terminologiya Komitəsi də rəsmən, formal surətdə
ümumakademiya miqyasında yaradılmasına baxmayaraq,
reallıqda Dilçilik İnstitutunun şöbələrindən
biri kimi fəaliyyət göstərir. Maraqlıdır
ki, bəzən hətta kimya, biologiya və s. təbiət
elmlərinə dair terminologiya lüğətləri də
dilçilər tərəfindən hazırlanır və bu
sahədə dissertasiya işlərini də filoloqlar
yazırlar.
Nə
yaxşı ki, bu məsələnin böyük əhəmiyyətini
nəzərə alan dövlət başçısı
bu Komissiyanın statusunu dəyişmək və Nazirlər
Kabineti nəzdində daha böyük səlahiyyətləri
və fəaliyyət miqyası olan yeni Terminologiya
Komissiyası yaratmaq haqqında sərəncam verib. Ümid edirik ki, bu böyük və məsuliyyətli
məsələ yenə dilçiliyin hüdudları ilə
məhdudlaşdırılmayacaq”.
Milli elmi dilin formalaşması və ədəbi dilin
beynəlmiləl terminlər və elmi üslub hesabına zənginləşməsi
prosesinə nəzarət etmək üçün təkcə
müşavirələr, terminologiya komitələrinin
iclasları kifayət deyil. Bunun üçün
həmin dildə elmi və fəlsəfi əsərlər
yaradılmalıdır. Dilin gözəlliyi
onun səslənmə xüsusiyyətləri və bədii
ifadə imkanları ilə müəyyən olunduğu kimi,
dilin tutumu da onun ifadə edə bildiyi fikrin dərinliyi və
dəqiqliyi ilə müəyyən olunur.
Lakin bununla belə, elmi-fəlsəfi dil bədii dildən
fərqli olaraq milli çərçivələr daxilində
deyil, daha çox ümumbəşəri elmi-fəlsəfi
fikir prosesinin təsiri altında formalaşır. Fundamental elmi əsərlər
təkcə müəllifin mənsub olduğu millətin yox,
bütün bəşəriyyətin intellektual sərvətinə
çevrilir. Burada aparıcı olan
ümumbəşəri elmi təfəkkürdür ki, o da
ilk dəfə bu elmi yaradan xalqın dilində ifadə olunur,
həmin dilin qəlibinə salınır. Başqa xalqlar isə orijinalda deyilmiş fikirləri
ilkin dil qəlibindən çıxardaraq öz dil qəliblərinə
salmaq və müstəqil yaradıcılıqla yox, tərcümə
ilə bağlı «baş sındırmaq» məcburiyyətində
qalırlar.
Hegel
deyir: “Öz dilində elmin bütün xəzinəsini ifadə
etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. Başqa dildə çatdırılan biliklər
öz dilimizdə nüfuz edə biləcəyimiz incəliklərdən
məhrumdur. Onlar bizdən arakəsmə
ilə ayrılaraq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!”
Ancaq tərcümələr sayəsində
inkişaf etmək istəyən dillər kənar təsirlərə
məruz qalır, təbii inkişaf meyillərindən, öz
immanent xüsusiyyətlərindən uzaqlaşmış olur
və nəticədə dildə özgələşmə
prosesi gedir. Lakin əgər ancaq sözlər yox, həm
də elmi mətnin ümumi ruhu milli dilə çevrilirsə
və milli dilin potensialı buna imkan verirsə, ancaq bu zaman dil
özgələşmədən xilas ola
bilər və milli elmi dil üslubu formalaşmış olar. Bunun üçün isə əsas yük,
ağırlıq mərkəzi dilin üzərinə yox,
elmi-fəlsəfi fikir prosesinin üzərinə düşməlidir.
Azərbaycanda nəinki dilçilər, heç fəlsəfəçilər də ümumi dilçilik, dilin fəlsəfəsi sahəsində müasir tələblər səviyyəsində elmi-tədqiqat aparmadığından, dilşünaslarımız bu sahədə dərslik yazarkən ancaq rus mənbələrinə istinad etmək məcburiyyətində qalırlar. Lakin Rusiyada da dilşünaslıq əsasən öz məcrasında inkişaf etdiyindən müasir fəlsəfi tədqiqatlarla əlaqə yaradılmayıb. Düzdür, «ümumi dilçilik» məsələləri, «dilin mahiyyəti», «dil və nitq», «dil və təfəkkür» kimi problemlər əsasən fəlsəfi ədəbiyyata istinadla işıqandırılır, lakin burada başlıca olaraq klassik fəlsəfi irs nəzərə alınır. Halbuki, XX əsrin ikinci yarısında dilin fəlsəfi məsələləri bilavasitə fəlsəfənin aparıcı tədqiqat istiqamətlərindən birinə çevrilmiş və bu təməldə tənqidi rasionalizm, analitik fəlsəfə, linqvistik analiz, strukturalizm, poststrukturalizm, hermenevtika və s. təlimlər inkişaf tapıb. Lakin filosoflar bu problemlə dilçilik kontekstində deyil, məhz fəlsəfənin əsas məsələsi kimi məşğul olduqlarından, görünür, dilçilərin bu prosesə müdaxiləsi o qədər də asan deyil. Hər halda dilşünaslığın rus dilli mənbələrində bu baryer hələ keçilmədiyindən, Azərbaycan dilşünaslarından bunu gözləmək sadəlövhlük olardı.
Azərbaycanda fəlsəfi fikrin də səviyyəsi
ən azı yarım əsr geri qaldığından fəlsəfi
fikirlə dilşünaslıq arasında müəyyən
bir paritet əmələ gəlib. Həm də etiraf etmək
lazımdır ki, bu paritet hərdən bir pozulursa, onu yenə
də fəlsəfəçilər yox, dilçilər
pozur. Amma yeganə çıxış yolu bu iki elmi fəaliyyət
istiqamətinin sıx surətdə əlaqələndirilməsi,
birgə axtarışlar aparılmasıdır.
İlkin AĞAYEV
Palitra.-2013.-14 mart.-S.11.