Azərbaycan xalça sənəti Gürcüstanda təbliğ olunur 

 

Ş.Aminaşvili adına İncəsənət Muzeyində təşkil olunan sərgidə 50-yədək nadir Borçalı xalçaları, tar, kaman, saz və digər alətlər, mis və saxsı nümunələr nümayiş olunub

 

Azərbaycan xalçasının müasir tarixi dünya şöhrətli xalçaçı-alimlərimizin misilsiz fəaliyyəti ilə bağlıdır. Onlar xalça sənətinin tərəqqisi naminə bütün həyatlarını ona həsr edib və bu şərəfli işin öhdəsindən layiqincə gəliblər. Qədim bir xalqın adət-ənənəsini özündə birləşdirən, keçmişin informasiyasını bizə ötürən tarixi qaynaqdır.

Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.

Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir. Doğma torpağımızın rəngarəng boyaqların hazırlanmasına imkan verən zəngin bitki aləmi və zərif yunu xalça sənətinin yaranmasına və inkişafına şərait yaradıb. Artıq bütün dünya Azərbaycan xalçasını tanıyır, qəbul edir, sevir, üzərində tədqiqat işləri aparır. Bu gün Azərbaycan sülh, sabitlik, milli-dini tolerantlıq məkanı, fərqli mədəniyyətlərin dialoq meydanına çevrilən bir dövlətdir. Milli-mənəvi dəyərlərimizə söykənən daxilixarici siyasət, sivil demokratik inkişaf yolu mədəniyyətimizə də təsir edir. Elə bunun nəticəsidir ki, Azərbaycanın xalça sənəti Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycanda dövlətin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. İncəsənətimizin əsasını təşkil edən xalçanın xarici dövlətlərdə dəfələrlə sərgilənməsi bu təsirin parlaq təzahürüdür. Hər bir xalqın özünün qeyri-maddi mədəni irsi, adət-ənənəsi, xalq yaradıcılığı, dini mərasimləri və s. mövcuddur. Bu irsi qoruyub saxlayan, gələcək nəsillərə ötürən bir sıra qurumlarictimai birliklər fəaliyyət göstərir, aparırlar.

 

Xalçaçılıq dərnəyinin üzvləri maraqlı işləri ilə zəngin xalçaçılıq ənənəsini yaşadırlar

 

Bu məqsədlə Gürcüstanda M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin bu istiqamətdə apardığı işlər diqqətəlayiqdir. Xalqımızın qədim adət-ənənələrini, mənəvi dəyərlərini, qədim xalça sənətini müqəddəs sayıb, onu qayğı və ehtiramla qoruyub, digər xalqlara da təqdim etmək muzeyin başlıca prinsipidir. Muzeyin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Həmin Mərkəzdə qədim xalçaçılıq dərnəyi təşkil edilib. Dərnək üzvləri maraqlı işləri ilə zəngin xalçaçılıq sənətini bu gün yaşadaraq, bu sənətdə öz dəst-xətlərini yaradırlar. Öz xalqını, mədəni irsini, adət-ənənəsini, onun xalça sənətini ürəkdən sevib, onu başqalarına da sevdirən muzeyin direktoru L.Əliyeva rəhbərlik etdiyi kollektivlə birlikdə mədəniyyətimizin, incəsənətimizin keşiyində duraraq, onu yorulmadan, böyük həvəslə qoruyur, tanıdır, təbliğ edir, maraqlı layihələr, sərgilər təşkil edir. Belə ki, 2011-ci il 9 dekabr tarixində Ş.Amiranaşvili adına Gürcüstan Dövlət Milli İncəsənət Muzeyində Azərbaycan xalçalarını və mədəni irsini əks etdirən sərgi keçirilmişdi. Sərgi Azərbaycan müstəqilliyinin 20 illiyinə, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Azərbaycan və Gürcüstan Prezidentlərinin ad günlərinə həsr edilmişdi. Sərgidə 35-dən artıq Borçalı, Qaraçöp, Qazax və s. müxtəlif çeşidli xalçalar, azərbaycanlı rəssamlarının rəsm əsərləri və muzeyin tarixi əşyaları nümayiş etdirilmişdi. Tədbirdə Gürcüstan Prezidentinin anası, Gürcüstan-Azərbaycan “Dostluq Evi”nin prezidenti Giuliya Alasaniya iştirak edərək, nümayiş olunan Azərbaycan xalçalarının gözəlliyini və müxtəlif çeşidli olmasını xüsusi vurğulamışdı: “Mən bu xalçalara baxanda heyran qaldım. Mədəni irsi yenidən canlandırmaq, bu ənənəni yenidən yaşatmaq çox dəyərli və lazımlı işdir. Mən Mədəniyyət Muzeyinin bu təşəbbüsünü bəyənir və alqışlayıram. Buradakı xalçalar mənim gördüyüm digər xalçalara bənzəmir. Bu xalçalar Gürcüstanda yaşayan azərbaycanlıların əli ilə toxunan xalçalardır. Çox şadam ki, bu sərgi hər iki ölkənin dövlət başçılarının ad gününə həsr edilib. Mən hər iki Prezidenti ad günü münasibəti ilə təbrik edir və hamıya uğurlar arzulayıram”.

 

Soydaşlarımızın toxuduqları xalçaların satış-sərgisi keçirilib

 

2011-ci il 25 may tarixində isə Gürcüstan Milli Musiqi Mərkəzində Gürcüstanda yaşayan soydaşlarımızın toxuduqları xalçaların satış-sərgisi keçirilmişdi. Bu xalçalar da Azərbaycan xalça məktəblərinin nümunələri əsasında toxunub. Sərgidə xalçalarla yanaşı, xalça məmulatları, məişət əşyaları, milli musiqi alətlərimiz də nümayiş olunurdu. Azərbaycanın mədəni irsini özündə əks etdirən “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində növbəti sərgi bu il fevralın 15-də Ş.Aminaşvili adına İncəsənət Muzeyində təşkil olunub. Sərgi Gürcüstanda yaşayan azərbaycanlı ailələrindən toplanılmış özəl kolleksiyalardan nümunələr və dərnək üzvlərinin yüksək zövq və zərif hisslərlə hazırladıqları nümunələrdən təşkil olunub. Sərgi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və M. F.Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə keçirilmişdi. Tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq, sərgini Azərbaycan xalçaçılıq məktəbini, mədəni irsini, adət-ənənəsini Gürcüstanda da yaşadıb, gələcək nəsillərə ötürmək, təbliğ etmək məqsədi daşıdığını vurğulayıb. Sonra ARDNŞ rəsmisi Şövqi Mehdizadə son illər Tiflisdə milli dəyərlərimizə, o cümlədən Azərbaycan mədəniyyətinə, xalçaçılıq sənətinə diqqətin artdığını qeyd edib. Tədbirdə Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani, Gürcüstan Dövlət Milli Muzeyinin rəhbəri David Lortkipanidze, Gürcüstan İncəsənət Muzeyinin rəhbəri Lela Cicuaşvili, Gürcüstan Mədəniyyət Nazirliyinin nümayəndələri İamze Qotua, Maka Burçuladze və başqaları çıxış edərək nümayiş etdirilən Azərbaycanın mədəni irs nümunələrinin sənətkarlıq baxımından əvəzsiz nümunələr olduğunu bildiriblər. Tədbirdə Gürcüstanda yaşayan müxtəlif xalqların nümayəndələri, Tiflisonun ətraf rayonlarından gələn azərbaycanlılar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə 50-yədək nadir Borçalı xalçaları, tar, kaman, saz və digər alətlər, mis və saxsı nümunələr nümayiş olunub. Azərbaycan xalçası bu gün yüksək zirvələr fəth edən zəngin mədəniyyət xəzinəsi, sabah isə bütöv bir xalqın gələcəyidir.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-14 mart.-S.13.