Unudulmaz Hacı Fərəc müəllim 

 

Yeni rayona prokuror vəzifəsinə təyin edildikdən, təxminən 4 ay sonra, Fərəc müəllimin həmin vaxt rayonda diş həkimi işləyən böyük oğlu Pərvizlə tanış oldum, bu tanışlıq sonradan ailəvi dostluğa çevrildi və hazırda da bu dostluğumuz davam edir. Hələ o zaman mən Fərəc müəllimlə şəxsən tanış deyildim. Fərəc müəllim o zamanlar ailə üzvləri ilə birlikdə Ermənistan Respublikasının tərkibində olan Mehri rayonunun Nüvədi kəndində yaşayırdı.

Nüvədi kəndi özünün tanınmış ziyalıları ilə məşhurdur və onlar respublikamızın bir çox ali məktəblərində bu gün də səmərəli fəaliyyət göstərirlər.

Fərəc müəllim uzun illər Zəngilan rayonunda, orta məktəb müəllimi kimi işləmiş və yaşamış, 1960-cı ildə ailəsi ilə birlikdə Nüvədi kəndinə köçmüş və orada kənd məktəbində müəllim işləyib. O, rayonda ictimaiyyət tərəfindən çox tanınmış və hörmətli müəllim kimi qəbul edilirdi.

Rayonda Fərəc müəllim, demək olar ki, sayılıb-seçilən bütün ziyalılara orta məktəbdə dərs demişdi. Mənə isə sözün əsl mənasında, həyat dərsi vermişdi. O, 1948-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsini bitirmişdi, işini bilən, savadlı, ictimaiyyət arasında böyük nüfuza malik, gözəl pedaqoq idi.

Fərəc müəllim, həmçinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmaqla, onun dostu-tanışı çox idi. Bir də görürdün, rayonda yoxdur. Soruşanda ki haradadır, deyirdilər əsgərlik dostunun övladının toyuna gedib. Ümumiyyətlə, Fərəc müəllim, hansı rayonda yaşamasından asılı olmayaraq, xeyirdən-şərdən qalan adam deyildi. Təsadüfi deyildir ki, o, yaxın dostunun yas məclisində dünyasını dəyişmişdi.

Əlbəttə, yaxşı olardı ki, mən onun haqqında öz sözlərimi yubiley mərasimində deyəm. Lakin təbiətin öz qanunları vardır və onlar insan iradəsindən asılı deyildir, həyatın bu qanunları ilə istər-istəməz razılaşmalı olursan. Bu sətirləri qələmə alarkən bircə onunla təskinlik tapıram ki, heç olmasa, Fərəc müəllimin ölümündən sonra deyəcəyim fikirlər xatirələrdə həmişəlik qalacaq.

Nüvədi kəndinə ilk səfərim Fərəc müəllimin yaşca üçüncü oğlu Xəyyamın həqiqi hərbi xidmətdən təxris olması ilə əlaqədar idi. Mən ailə üzvlərimlə birlikdə, səhv eləmirəmsə, payız günlərinin birində Fərəc müəllimgilə getdik. Fərəc müəllimin evi həmişə qonaqlı-qaralı olardı. Bizi evdə çox gözəl qarşıladılar və Fərəc müəllimlə mən ilk dəfə orada tanış oldum. Gecədən xeyli keçmiş biz ailə üzvlərimlə birlikdə yüksək əhvali-ruhiyyə ilə Zəngilan rayonuna qayıtdıq.

Mənim ailəvi Nüvədi kəndinə ikinci səfərim Fərəc müəllimin yaşca ikinci oğlu İltifatın toyu ilə bağlı idi. Artıq qondarma Dağlıq Qarabağ hadisələri başlamışdı. İltifatın toy mərasimi əvvəl Nüvədi kəndində, sonra isə Bakı şəhərində davam etdirildi. Mən isə ailə üzvlərimlə birlikdə onun kəndə olan toy mərasimində iştirak etdim və təklif etdik ki, Bakıya qayıdarkən naharı Zəngilanda bizim evimizdə etsinlər. Elə belə də oldu.

Artıq 1988-ci il idi. Qondarma Dağlıq Qarabağ məsələsi gündən-günə ciddi şəkil alırdı. Bu o dövr idi ki, Nüvədi kəndi Yerevandan və digər bölgələrdən gələn millətçi erməni yaraqlılarının, xüsusən də saqqallıların mütəmadi hücumuna məruz qalırdı.

Bir gün günortaya yaxın olardı, xidməti otağımda oturmuşdum. Bu zaman Fərəc müəllim yanıma gəldi. Mən hal-əhval tutdum, kənddəki vəziyyətlə maraqlandım. Fərəc müəllim dedi ki, vəziyyətimiz çox ağırdı, ov silahların və ov sursatlarını yığıblar, yenə bəzilərimizdə tüfəngimiz qalıb, lakin patronumuz heç yoxdur.

Həmin vaxt mənim seyfimdə 12 kalibrli patronlar var idi. El arasında buna dovşan gülləsi də deyilirdi. Soruşdum ki, Fərəc müəllim, dəhlizdə gözləyən varmı? Fərəc müəllim dəhlizə çıxıb qayıtdı ki, heç kəs yoxdur. Buna baxmayaraq, mən sürücünü çağırdım, dedim ki, gör, prokurorluğun ətrafında nabələd adam varmı? Sürücü otaqdan çıxdı və bir azdan qayıdıb dedi ki, yoldaş prokuror, küçədə heç kəs yoxdur, dedim, onda işində ol. Mən ayağa durub qapını bağladım, seyfin alt gözünü açıb, iki qutu 12 kalibrli patronları Fərəc müəllimə verdim. Dedim, Fərəc müəllim, bax mən bu patronları sizə verirəm, mənim də gücüm buna çatır, kəndinizin müdafiəsində istifadə edin, lakin patronları sizə verməyimi heç kəsə deməyin.

Ermənistanla həmsərhəd olan rayonlara həmin vaxtlar keçmiş SSRİ-nin hərbi və milis məktəblərinin kursantları ezam edilmişdilər. Fərəc müəllimə dedim ki, bax ha, hərbçilər səni saxlasalar, patronları sənə verdiyimi danacağam və deyəcəyəm ki, səni də, ümumiyyətlə, tanımıram. Bu sözlərdən sonra gülümsədi və dedi ki, baş üstə. Yəqin ki, o dövrün şəraitini, ab-havasını bilən hörmətli oxucu məni qınamaz. Həmin dövrdə belə hərəkətlər etmək olduqca təhlükəli idi. Adama, xüsusən də vəzifəli şəxslərə millətçi damğası vurula bilərdi.

Aradan bir-neçə gün keçmişdi. Yanıma Nüvədi kəndindən olan bir nəfər tanışım gəlmişdi. Sözarası mənə dedi ki, çox sağol da, kəndin camaatı səndən çox razıdır. Dedim nəyə görə? Cavab verdi ki, patrona görə. Daha söhbəti uzatmadım, sadəcə olaraq, «Borcumuzdur» deməklə kifayətləndim…

Artıq 1989-cu ilin soyuqlu yaz günlərinin biri idi. Nüvədi kəndinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilmişdi, kənd əsl blokada şəraitində idi. Rayon mərkəzindən sobalarda işlətmək üçün yanacaq da almaq mümkün deyildi. Zəngilan rayonunun Mincivan dəmiryol stansiyasında qovşaq partiya komitəsinin binasında Dağlıq Qarabağ hadisələri ilə bağlı qərargah yaradılmışdı, rayon prokuroru kimi mən də qərargahın üzvü idim, səhər və axşamlar qərargaha baş çəkir, vəziyyətlə tanış olur, müxtəlif tapşırıqları yerinə yetirirdim.

Axşam saat 17 radələri olardı. Qərargahda mənə məlum oldu ki, Bakıdan o zamankı Dövlət Yanacaq Komitəsinin bir neçə vəzifəli şəxsi Nüvədi kəndi üçün yanacaq çəni olan bir avtomaşınla soba yanacağı-salyarka gətiriblər. Lakin kəndin yolunu tanımadıqlarına görə, həmçinin erməni yaraqlılarından ehtiyat etdiklərinə görə kəndə gedə bilmirlər. Qərargahda Nüvədiyə getmək üçün bələdçi olmadığına görə özüm həmin şəxslərlə getmək qərarına gəldim. Dedim ki, gəlin maşınımda əyləşin, gedək. Səhv etmirəmsə, Bakıdan gələn 3 nəfər idi. Lakin təəssüf ki, həmin şəxslərin adları və soyadları yadımda qalmayıb. Yadımda qalan odur ki, onlardan biri şöbə rəisi idi. Qonaqlar mənim rayon prokuroru olduğumu biləndən sonra sanki, bir qədər arxayınlaşdılar və prokurorluğun xidməti «Niva» markalı maşınının arxa oturacağında oturdular, mən isə qabaqda oturdum və Nüvədiyə doğru istiqamət götürdük. Bizim oturduğumuz avtomaşın irəlidə, yanacaq avtomaşını isə arxamızca gəlirdi.

Yolda hiss etdim ki, qonaqlar çox narahatdırlar. Hava da qaralmağa doğru gedirdi, yaz fəsli olduğundan qaranlıq da tez düşürdü. Qonaqlar elə soruşurdular ki, ermənilər bizi girov götürə bilərmi, yaxud erməni yaşayış məntəqəsi bura yaxındırmı və s. bu kimi sualları elə yağdırırdılar. Mən gördüm ki, bunlar çox qorxurlar və zarafatla dedim:

-Siz heç narahat olmayın, mən imkan vermərəm ki, erməniyə sağ girov düşəsiniz, xidməti silahım üstümdədir, gördüm ki, girov düşürsünüz, hərənizə bir patron çaxacağam, əlavə də hərənizə bir kontrolnı atəş (nəzarəti atəş-İ.A.) açacağam, sürücülərə bir patron, axırda bir patronu özümə vuracağam. Mən qoymaram, qonaqlarım erməniyə girov düşsünlər.

Belə deyəndə qonaqların narahatçılığı daha da artdı. Onlardan biri özünü saxlamayıb dedi:

- Necə yəni bizə patron çaxacaqsan?!

Mən vəziyyəti belə görüb dedim:

- Mən zarafat edirəm, prokuror olan yerdə siz narahat olmayın, mənim yanımda siz özünüzü tam təhlükəsiz yerdə hesab edə bilərsiniz.

Mən bu sözləri yaranmış gərginliyi azaltmaq üçün dedim. Əslində, təhlükə bizi hər an yaxalaya bilərdi.

Nə isə Nüvədiyə çatanda artıq qaranlıq düşmüşdü. Kəndin girəcəyində bir qrup kənd adamı bizi qarşıladı, təbii ki, Fərəc müəllim də bunların önündə idi. Kənd ağsaqqallarından vaxtı ilə kolxoz idarə heyətinin sədri işləmiş Cəlal müəllim, Əhmədalı müəllim də orada idilər. Bizi Cəlal müəllimin evinə dəvət etdilər, çay içdik. Mən orada olan nüvədililərə dedim ki, bu yoldaşlar Bakıdan gəliblər və sizə yardım olaraq, bir avtomaşın soba yanacağı-salyarka gətiriblər. Cəlal müəllimin evinə toplaşan şəxslər, birinci növbədə Fərəc müəllim, kənd adamları adından qonaqlara öz təşəkkürlərini bildirdi, həmçinin qonaqları axşam yeməyinə dəvət etdilər. Lakin hiss etdim ki, qonaqlar çox narahatdılar və yeməyə qalmağa heç cür razılıq vermədilər, dedilər ki, çox sağ olun, biz axşam Bakıya qayıtmalıyıq, vaxtımız azdır.

İndi onların üçü də-Cəlal müəllim, Əhmədalı müəllim və Fərəc müəllim də dünyalarını dəyişiblər. Allah onlara qəni-qəni rəhmət eləsin.

Yanacağı boşaldıb, eyni qayda ilə avtomaşına oturub Zəngilana üz tutduq. Nüvədidən bir az aralanmışdıq, mənə elə gəldi ki, ermənilər qabaqda yolu bağlayıblar. Belə ki, irəlidə getdiyimiz yola perpendikulyar işıqlar yanırdı. Fikirləşdim ki, yəqin, ermənilər avtomaşınlarla yolu kəsib işıqlarını yandırıblar. Sürücüyə avtomaşını dayandırmağı barədə göstəriş verdim. Bir onu dedim ki, yaxşı yerdə axşamladıq. Bir az dayanıb fikirləşdik. Sürücü Cümşüd çox mahir ovçu idi və gözləri də yaxşı görürdü. O, bir qədər qabağa baxıb dedi:

- Yoldaş prokuror, axı deyəsən, işıqlar sərhəd zastavasının (sərhəd dəstəsinin-İ.A.) işıqlarıdır. Orada sərt döngə var idi, yol qəfildən sola dönür, yəqin, siz gələndə fikir verməmisiniz.

Bu zaman mən sürücüyə göstəriş verdim ki, maşını sür, bir az irəli gedək. Bir az irəli gedəndə aydın oldu ki, burada nəinki erməni, heç azərbaycanlı da yoxdur. O da aydın oldu ki, sərhəd dəstəsinin yaxınlığında şosse yolu sola 90 dərəcəlik bucaq altında dönür və yolun kənarında elektrik fanarları olan dirəklər vardı. Lakin mən gələrkən yolun qəfil dönməyinə fikir verməmişdim, sən demə, yolu kəsən yox imiş. Məsələni belə görüb qonaqlar da, mən də rahat nəfəs aldıq. Üzərimdən elə bil ağır yük götürüldü.

Mincivan qəsəbəsinə çatanda artıq Bakıya gedəcək qatarın stansiyaya gəlməsinə az qalırdı. Nə qədər təklif etdimsə, qonaqlar axşam yeməyi yeməkdən imtina etdilər, dedilər ki, Allah xətrinə, yeməyə halımız yoxdur, heç nə istəmirik, bizi Bakıya yola salın, çıxıb gedək. Beləcə qonaqlar ac Bakıya qayıtmalı oldular. Həmin vaxtlar Zəngilana Bakıdan çoxlu vəzifəli şəxslər gəlirdilər, onların çoxunu tanıyırdım, lakin həmin vəzifəli şəxsləri bir daha Zəngilanda görmədim…

Zəngilan rayonuna təyinat alarkən iki qızım vardı. Qohum-əqrəba, tanış-biliş çox arzu edirdilər ki, mənim də oğlum olsun və 1989-cu ilin sentyabr ayının 18-də Mübariz adlı bir oğlum dünyaya gəldi. Təbii ki, qohum-əqraba, tanış-biliş oğlumun anadan olmasına da sevindilər. Ancaq sən demə, Fərəc müəllim, bu məqsədlə bir qurban da demişmiş. Oğlum təxminən 8-9 aylıq olanda Fərəc müəllim mənə dedi ki, mən oğlun olması ilə əlaqədar bir quban demişəm, Allah qoysa, bu qurbanı «Xənəzir piri»ndə kəsəcəyik. Onu da deyim ki, «Xənəzir piri» Zəngilan rayonundakı ən müqəddəs ziyarətlərdən biri idi. Fərəc müəllim yazqabağı bizi ailəlikcə «Xənəzir piri»nə dəvət etdi, qurbanı da orada kəsdi və çayın kənarında həmin qurbanın ətindən kabab çəkib yedik. Tədbirdə Fərəc müəllimin ailə üzvləri də iştirak edirdilər.

Fərəc müəllim, çox söhbətçil, məlumatlı və dəqiq adam idi. Hər şeyi yerli-yataqlı söyləməyi xoşlayırdı. Gözəl kabab bişirməyi də vardı. Xidməti işimlə əlaqədar olaraq respublikamızın bir çox rayonlarında olmuşam. Lakin təndir kababını birinci dəfə Zəngilanda Fərəc müəllimin oğlu Pərvizgildə yemişəm və burada aydın oldu ki, kababın ətini Fərəc müəllim şəxsən özü doğramış, kababı təndirdə özü bişirmişdi.

Nüvədinin işğalından sonra Fərəc müəllim ailəsi ilə birlikdə bir müddət Zəngilanda yaşadı, Zəngilanın işğalından sonra isə o Bakıda məskunlaşdı.

Fərəc müəllim, ən çətin anlarda da özünü itirməzdi, mərd və nikbin adam idi. O, Nüvədi kəndinin barmaqla sayılan ağsaqqallarından, kəndin sayılıb-seçilən hörmətli şəxslərindən biri idi. Mən dəfələrlə Fərəc müəllimin yaxınlarının xeyir işlərində və ailə məclislərində ailə üzvlərimlə birlikdə iştirak etmişəm. Həmişə də bu məclislərdən böyük ləzzət almışam.

Səkkiz uşaq atası olan Fərəc müəllimin iyirmi nəvəsi və yeddi nəticəsi var. Fərəc müəllimin, ağsaqqallığı ondan ibarət idi ki, uşaqlarını və nəvələrini özü kimi zəhmətkeş və işgüzar böyütməyə müvəffəq olmuşdu. O, böyük bir ailənin başçısı kimi də böyük nüfuza və hörmətə malik idi. Uşaqları həmişə onun hörmətini saxlayır, Fərəc müəllim olan yerdə övladları susmağı üstün tuturdular.

Həyat yoldaşı rəhmətlik Gülbəsti xala da ondan geri qalmırdı. Yaxşı yadımdadır, Gülbəsti xala evdə ağır xəstə yatırdı, həyat yoldaşımla ona baş çəkməyə getmişdik. Eşidəndə ki onu görməyə gəlmişik, ağır xəstə olan Gülbəsti xala yataqdan durub divanda oturdu və biz oradan gedənəcən yatmaqdan imtina etdi. Gülbəsti xala da mərd qadın idi. Allah ona da qəni-qəni rəhmət eləsin.

Fərəc müəllim təbiət vurğunu idi, əli bərəkətli idi, nə əkirdisə, o bitir və bol məhsul verirdi. Fərəc müəllim oğlu Pərvizin Zəngilanda tikdirdiyi evinin həyətində qısa müddətdə gözəl bağ və yaşıllıq salmışdı.

2005-ci ildə Fərəc müəllimə müsəlmanlar üçün müqəddəs olan Həcc ziyarətinə getmək də qismət oldu. Allah Hacı Fərəc müəllimin ziyarətini qəbul etsin.

Bu gün, təəssüflər olsun ki, Hacı Fərəc müəllim aramızda yoxdur. Çox arzu edərdim ki, mən Hacı Fərəc müəllimin yubileyində ürək sözlərimi deyəm, lakin mən Hacı Fərəc müəllimin ölümündən sonra xatirələrimi qələmə almalı oldum. Təskinlik ondan ibarətdir ki, Hacı Fərəc müəllim özündən sonra gözəl bir nəsil və bir də gözəl bir ad, xoş xatirələr qoyub getdi.

Allah Hacı Fərəc müəllimə və ömür-gün yoldaşı Gülbəsti xalaya qəni-qəni rəhmət eləsin!

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru-

hüquq üzrə fəlsəfə doktoru

Baş ədliyyə müşaviri

Prokurorluğun fəxri işçisi

 

Palitra.-2013.-14 mart.-S.15.