“Bakıda fəaliyyət göstərən
teatrlardan geri
qalmırıq”
Əməkdar artist Firudin Məhərrəmov:
“Bu il Sumqayıt
Dövlət Dram Teatrında qoyulacaq beş tamaşadan üçünü
digər teatrların rejissorları, birini
isə əcnəbi rejissor hazırlayacaq”
Layihə çərçivəsində
müsahibimiz H.Ərəblinski adına Sumqayıt Dövlət
Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur:
-1968-ci
ilin sentyabr ayında Nazirlər Kabinetinin qərarı və Mədəniyyət
Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional
kollektiv - H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər
Teatrı yaranıb. Öz pərdəsini 1969-cu ilin mart
ayının 14-də Azərbaycan dramaturgiyasının banisi
M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli
şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə
açan teatr, sabahısı gün öz tamaşaçılarını
ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic”
tragikomediyası ilə sevindirdi. Yalnız 1974-cü ildə
teatr Mədəniyyət Nazirliyinin qərarı ilə
Sumqayıt Dövlət Dram teatrı statusu aldı. Bir-birinin
ardınca bu teatra işləməyə gələn Xalq artistləri
Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa
Ağayev, Məlik Dadaşov, Əməkdar artistlər
Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov
gənc aktyorlara səhnə sirlərini öyrətməklə
yanaşı, samballı tamaşaların hazırlanmasında
da əllərindən gələni əsirgəmədilər.
“Toy” (S.Rəhman), “Müsibəti-Fəxrəddin” (N.B.Vəzirov),
“Maskarad” (M.Lermontov), “Arvadımın əri” və “Elbrus evlənir”
(G.Xuqayev), “Tribunal” (A.Makayonak), “Solğun çiçəklər”
(C.Cabbarlı), “Skapenin kələkləri” (Molyer) və s. məhz
həmin illərin məhsuludur. 1981-ci ildə Moskva şəhərində
keçirilən “Ümumittifaq teatr festivalı”nda Nəriman Həsənzadənin
“Bütün Şərq bilsin” əsərinin tamaşası
ilə çıxış edən Sumqayıt teatrı
festivalın II dərəcəli diplomuna, N.Nərimanovun
obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə I dərəcəli
diploma layiq görülüb. Dahi şair və dramaturq
Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar
olaraq teatr, 1982-ci ildə yazıldığı vaxtdan
tamaşası hazırlanmamış “Afət” əsərini səhnələşdirməyi
qərara alır. Əsərə Oruc Qurbanov səhnə həyatı
verir. Afət rolunun ifaçısı Hicran Mehbalıyeva məhz
bu tamaşadan sonra Respublikanın Əməkdar artisti fəxri
adına layiq görülüb. “Afət” tamaşasından
sonra Oruc Qurbanov teatrın səhnəsində bir-birinin
ardınca “13”-cü sədr”, “Oqtay Eloğlu”, “Dağlar
arxasız olmur”, “Cahargah fantaziyası”, “Təhminə və
Zaur” və s. əsərlərə quruluş verib. 1985-ci ildən
1989-cu ilədək teatrın baş rejissoru olan Y.Əkbərovun
tamaşaya qoyduğu “Bəxt üzüyü” (Vaqif Səmədoğlu)
komediyası uzunömürlü olmaqla yanaşı, həm də
tamaşaçılar tərəfindən sevilərək
baxılan tamaşalardan biri olub. Hazırda Respublikanın Xalq
artistləri olan Afaq Bəşirqızı, Valeh Kərimov,
Vaqif Əliyev, Məzahir Süleymanov, Əməkdar artist Sabir
Məmmədov və s. rejissor Y.Əkbərovun rəhbərliyi
ilə samballı aktyor ansamblı yaradıb və tamaşaya
uğur qazandırıb. Sumqayıt teatrı bir çox
istedadlı aktyor və rejissorları yetişdirib. Bunlara misal
olaraq, Respublikanın Xalq artistləri rejissor Ağakişi
Kazımovu, Mərahim Fərzəlibəyovu, Afaq Bəşirqızını,
Vaqif Əliyevi, Valeh Kərimovu, Əməkdar artistlər Oruc
Qurbanovu, Rafiq Hacıyevi, Səmayə Sadıqovanı, Tofiq
Bayramovu, Kazım Abdullayevi, Elmira Həşimzadəni, Hicran
Mehbalıyevanı, Əli Nurini, Sabir Məmmədovu, Əməkdar
rəssam Mübariz Gəncəlini, Əməkdar mədəniyyət
işcisi İlqar Cəfərovu göstərmək olar. Valeh
Kərimov, Svetlana Həkimova, Növrəstə Həşimova
və Əməkdar rəssam Mübariz Gəncəli teatra
sadiq qalaraq, bu günə kimi H.Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Dram Teatrında
çalışırlar.
- Teatr öz repertuarını
hansı tamaşalarla zənginləşdirib?
- 1992-ci ildə Musiqili Dram teatrı statusu alan Sumqayıt teatrı öz repertuarını milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdirib. “Arşın mal alan”, “Subaylarınızdan görəsiniz”, “Dünyaxanım ev axtarır” əsərləri sevilə-sevilə baxılan tamaşalar sırasında yer alır. 1995-ci ildə Azərbaycan dramaturgiyasının banisi M. F.Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” əsərinə səhnələşdirilən eyniadlı tamaşa Gürcüstan Respublikasının Rustavi şəhərinin 50- illik yubileyinə həsr olunmuş Beynəlxalq teatr festivalında xüsusi prizə layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi mən “Klassik əsərlərə cürətli müdaxilə” diplomuna layiq görüldüm. Teatrın aktyor və rejissorları 1990-cı ildən bu günə kimi Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdikləri “Mono-tamaşalar” festivallarında mütəmadi olaraq çıxış edərək, festivalın diplom və fəxri fərmanlarına layiq görülüblər. Sumqayıt teatrının repertuarı zəngin və rəngarəngdir. Keyfiyyətcə biz Bakıda fəaliyyət göstərən teatrlardan geri qalmırıq. Teatrımızda müxtəlif zövqlərə və tələblərə görə əsərlər səhnəyə qoyulur. Bizim repertuarda Con Qolsuorsinin, Yucin Onilin pyesləri ilə yanaşı, klassik və müasir dramaturgiya nümunələri də var. Biz həmçinin əməkdaşlığa da xüsusi önəm veririk. Belə ki, bu il teatrda qoyulacaq beş tamaşadan üçünü digər teatrların rejissorları, birini isə əcnəbi rejissor hazırlayacaq. Ukraynalı Tatyana Şevçenko Qərb dramaturgiyasından Conpatrikin əsərini səhnələşdirəcək. Bu, çox gözəl ənənədir və teatrlara öz səmərəsini verəcək.
- Teatrın qastrol səfərləri ilə bağlı nə
deyərdiniz?
- Teatr bu yaxınlarda Hindistanda keçirilən XV dram məktəbi beynəlxalq festivalından qayıdıb. Ölkəmiz iki ildir ki, Hindistanda teatr festivalında təmsil olunur. Bu dəfə festivala biz ötən il dövlət sifarişi ilə hazırladığımız Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugüni-məşhur” komediyasını aparmışdıq. Əsərdəki milli kolorit, əhvalatın yaralı mövzumuz olan Qarabağda baş verməsi, bir əcnəbinin Azərbaycana, azərbaycanlılara baxışının əks olunması və s. məqamları nəzərə alıb festival üçün bu tamaşanı seçdik. Tamaşanı hindistanlı teatr adamları, mədəniyyət xadimləri maraqla izlədilər. Hətta tamaşadan sonra əməkdaşlıq təklifləri də aldıq. Orada bir hind dramaturqu əsərini teatrımıza təqdim etdi”.
-
Tamaşaçıların teatra olan marağı sizi qane edirmi?
- Teatrda uşaq tamaşaları daha çox sevilir. Tamaşaçı azlığı təbliğatın zəif olması və dövrün tələbi ilə əlaqədardır. Bir müddət əvvəl teatrımızın “Facebook” səhifəsi çox aktiv idi. “Facebook” sayəsində biz teatra daimi tamaşaçı kütləsi cəlb edə bilmişdik. Onların arasında gənclər üstünlük təşkil edirdi. Hətta tamaşadan sonra tamaşaçılar əsərə münasibətlərini bildirir, fikir mübadiləsi aparırdılar. Sadəcə son zamanlar “Facebook” səhifəmizə diqqət yetirmədiyimizdən tamaşaçıların sayı da azalıb. Bir də ki, indi reklam dövrüdür. Teatrların da güclü reklama ehtiyacı var, amma reklam verməyə yetərli vəsaitimiz yoxdur. Mənim fikrimcə, reklam məsələsində telekanallar teatrlara güzəştə getməlidir. Bir də indi insanlar evlərindən çölə çıxmaq istəmirlər. Çünki əyləncə vasitələri çoxalıb. Tamaşaçı bilir ki, istədiyi tamaşaya “YouTube” da asanlıqla baxa bilər. Məsələn, Rusiya tamaşaçılarında bu imkanlar olsa da, onlar teatr mədəniyyətini bu günədək saxlaya bildilər. Rusiya tamaşaçıları ilə bizim tamaşaçılar bir deyil. Onların hamısı teatrın aktyorlarını, rejissorlarını əzbərdən tanıyır, amma bizim tamaşaçılar rejissor sözünün mənasını belə bilmir. Onlar rejissorla dirijoru səhv salırlar. İndi “Bəxt üzüyü”dən də güclü tamaşalarımız var, amma sadəcə dövr belə gətirib.
- Hazırda teatrda həllini gözləyən hansısa
problemlər varmı?
- Teatrda daha
çox işıq sistemlərinin zəifliyi
ilə bağlı problem var.
Çox yaxşı haldır ki, artıq öz
binamız var, amma burada teatra lazım olan şərait yoxdur.
Binanın çölünü təmir
etməklə iş bitmir
axı? Teatrı teatr eləyən onun daxilində olan
lazımi şəraitidir. 1 ildir ki, bu vəziyyətlə
bağlı Mədəniyyət və Turizm
Nazirliyinə fikrimizi bildirmişik.
6 ay öncə gəlib baxdılar, deyilənə
görə təmir olunacaq, hazırda
gözləyirik.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-15 mart.-S.11.