“Zəngin tariximiz, mədəniyyətimiz
bu gün də öyrənilir, qorunur və inkişaf
etdirilir”
Minayə Dəyanət:
“Layihələr üzrə maarifləndirmə işlərinin
aparılmasında çox nailiyyətlər əldə
olunur”
Layihə çərçivəsində
“Zirvə” Ziyalılar Təşkilatının prezidenti, rəssam
Minayə Dəyanətlə müsahibəni təqdim edirik.
Müsahibəyə keçməzdən
əvvəl Minayə xanımın həyat və
yaradıcılıq fəaliyyəti barədə məlumat
vermək istərdik:
Minayə
Dəyanət 29 oktyabr 1963-cü ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olub. Hələ kiçik
yaşlarından Tofiq İsmayılov adına
yaradıcılıq mərkəzində 5 il rəssamlıq təhsili
alıb. Sonra Yasamal rayonundakı 38 saylı orta məktəbin
ilk buraxılış məzunu olub, həmin məktəbi
1980-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1981-ci
ildə BDU-nun İctimai fənlər fakültəsinin
tarix-hüquq kursunda təhsilini davam etdirib. 1983-cü ildə
Azərbaycan Respublikası N.Tusi adına Universitetin Bədii-Qrafika
fakültəsinə daxil olub və 1988-ci ildə oranı əla
qiymətlərlə bitirib. 1991-ci ildən əmək fəaliyyətinə
“Tərlan” şirkətində xalça sexinin rəisi vəzifəsində
çalışmaqla başlayıb. Həmçinin eyni ildən
Yasamal rayonundakı 1 saylı MTİK-da incəsənət
tarixi fənni üzrə baş müəllimə işində
fəaliyyətini 1995-ci ilədək davam etdirib. 2004-cü ildən
şəxsi təşəbbüsü, təsisçiliyi ilə
yaradılmış “Zirvə” Ziyalılar Təşkilatının
prezidentidir. Hazırda LN-incəsənət qalereyasında
direktor müavini vəzifəsində çalışır.
Minayə xanımın yaratdığı sənət əsərləri
ölkəmizdə, eləcə də xarici ölkələrdə
müxtəlif sərgi salonlarında nümayiş etdirilib,
çoxlu sayda diplomlara, mükafatlara layiq görülüb.
Bir sıra əsərləri muzeylərdə və şəxsi
kolleksiyalarda saxlanılır. O, müxtəlif janrlarda əsərlər
yaradır. Lakin rəssamlığın ən çətin və
məsuliyyətli janrlarından biri-portret sahəsinə
tez-tez müraciət edir. Milli Liderimiz Heydər Əliyev Həcc
ziyarətində, Moskvadakı səfirimiz Xalq artisti Polad
Bülbüloğlu, Xalq yazıçısı Cabir Novruz,
AYB-nin sədri Anar, AYB-nin katibi Çingiz Abdullayev, ARİ-nin
katibi Ağəli İbrahimov, mərhum qarmon
ifaçısı Adil Əliyev, Xalq artisti Əlabbas Qədirov,
Azərbaycanın ilk qadın bəstəkarı Şəfiqə
Axundova, Xalq artisti Nəsibə Zeynalova, akademik Vasim Məmmədəliyev,
elm xadimi əruzşünas alim Əkrəm Cəfər, alim
psixiatr Ağabəy Sultanov, şərqşünas alim Əsmətxanım,
akademik Seyfulla Əsədullayev, Türkiyə səfiri Əhməd
Ünal Çeviköz, Türkiyənin Prezidenti Turqut
Özal, Xalq artisti, millət vəkili Zeynəb Xanlarova,
professor Zemfira Verdiyeva, Qazaxıstan səfirinin xanımı
Saule, Novosibirskin qubernatoru Bespalikov, oftolmoloq Paşa Qəlbinur,
nakam şairimiz Mikayıl Müşfiq, Milli Aviasiya
Akademiyasının rektoru Arif Paşayev, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, Təhsil Nazirliyinin-Təhsil
şurasının sədri professor Əjdər Ağayev, Xalq
artisti Şəfiqə Eyvazova, Dağıstan
Respublikasının Prezidenti M.Maqamedov, Azərbaycanın nəqliyyat
naziri Ziya Məmmədov, ombudsman Elmira Süleymanova, “Sarı gəlin”,
“Xocalı-faciə simfoniyası” və s. onlarla
tanınmış portretin müəllifidir. Minayə Dəyanət
xalqına, millətinə, vətəninə bağlı olan
xeyriyyəçi sənətkardır. Əsərlərindən
əldə etdiyi gəliri əlillərə, kimsəsizlərə,
qaçqın-köçkünlərə, tənha qocalara,
hərbi hissələrə, şəhid ailələrinə,
xəstə insanlara sərf edir. Unudulmuş elm sənət
adamlarının tədbirlərini və yubileylərini təntənəli
surətdə keçirir. XX-XXI-ci əsr ziyalı qadınlar
ensiklopediyasında da xüsusi yer tutur. AMEA-nın elmi seminar və
konfranslarında tez-tez iştirak edir. Alimlərimizlə
sıx əlaqələr saxlayır, görüşlər
keçirir. Azərbaycandakı səfirliklərlə dostluq,
mədəni əlaqələr yaradaraq ölkəmizin mədəniyyəti,
incəsənətinin tanıdılması, təbliğatı
üçün müxtəlif sərgilər, tədbirlər,
görüşlər təşkil edir. Əsasən də
Xızıda keçirilən bir çox tədbirlərin fəal
iştirakçısı və təşkilatçısıdır.
Bir çox publisist məqalələrin, bir neçə
kitabın müəllifidir. 1995-ci ildən Rəssamlar
İttifaqının üzvüdür. Xarici ölkələrdə-
Oriqon ştatında 2 dəfə sərgisi keçirilib,
diplom və mükafatlara layiq görülüb. Əsərləri
Türkiyə, İran, Misir, İsveçrə, Fransa, Rusiya,
Ukrayna, Qazaxıstan, Yaponiya, Koreya, Çexiya, Serbiya və s.
ölkələrdə müxtəlif mədəniyyət
ocaqlarında sərgilənib.
- Minayə xanım, milli-mənəvi
dəyərlərin xalqın mədəniyyətinin
yaşadılmasında rolu nədən ibarətdir?
- Azərbaycan
xalqı tarixən milli-mənəvi dəyərləri, mədəniyyəti,
incəsənəti, tarixi qədimliyi ilə beynəlxalq aləmdə
tanınan qüdrətli bir ölkədir. Tarixə nəzər
salsaq, hələ ibtidai icma quruluşundan qalan Qobustandakı
qayalıqların üzərində qədim insanlar tərəfindən
çəkilmiş rəsmlər, tarixi abidələr
minilliklərə təsadüf olunan qəbirlər,
süxurlar, kurqanlar buna bariz nümunədir. Zəngin tariximiz,
mədəniyyətimiz bu gün də öyrənilir, qorunur
və inkişaf etdirilir. Dahi yazıçımız H.Cavidin
sözlərinə istinad edək-Turana qılıncdan daha iti,
daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət. Demək istəyirəm ki, hər bir dövlət
onun tarixi, dili, keçmişi, milli dəyərləri, adət-ənənələri,
mədəniyyəti- incəsənəti ilə
tanınır. Bunlar yoxdursa, bir dövlət kimi tanına bilməz.
Eləcə də bizim ölkəmizdə milli-mənəvi dəyərlərimizin,
mədəniyyət və incəsənətimizin
qorunması, inkişafı, yaşadılması və gənclərə
ötürülməsi yönümündə, müxtəlif
tədbirlərin, sərgilərin, görüşlərin,
maarifləndirmə, təkanverici işlərin
aparılması, xaricilərin vətənimiz, tariximiz, mədəniyyətimiz
və müasir incəsənətimiz haqqında ətraflı
biliklərə malik olmaları üçün ölkəmizin
ümumi inkişafının təmin olunması
baxımından çox əhəmiyyətlidir.
-Bu
gün milli-mənəvi dəyərlərin qorunmasında
QHT-lərin üzərinə hansı vəzifə
düşür?
-
Yuxarıda sadaladığım kimi ictimaiyyət arasında
belə təşəbbüslərin keçirilməsində,
əlbəttə, QHT-lərin üzərinə böyük vəzifələr
düşür. Layihələr üzrə maarifləndirmə
işlərinin aparılması, müxtəlif tədbirlərin
keçirilməsi və beynəlxalq aləmə
tanıdılmasında çox nailiyyətlər əldə
olunur.
-QHT-lər bu işin öhdəsindən
yetərincə gələ bilirlərmi?
-
Başqa QHT-ləri deyə bilmərəm, şəxsən
bizim “Zirvə” Ziyalılar Təşkilatının milli-mənəvi
dəyərlərimizin, adət-ənənələrimizin
qorunması və inkişafı yolunda keçirdiyi sərgilər,
tədbirlər, görüşlər, yüksək səviyyədə
təşkil olunur, maarifləndirmə işləri
aparılır, bir çox müxtəlif layihələrə
öz imzasını ataraq bu gün də tədbirlərini
keçirməkdədir. Turizmin inkişafı, suvenirlərin
hazırlanması, sənət adamlarının arasında
müsabiqələrin, tanınmış insanların yubileylərinin
keçirilməsi və mükafatlandırılması, gənclər
arasında sərgilərin təşkil olunması, tariximiz, mədəniyyətimiz
haqqında çoxlu kitabçalar, bukletlər vasitəsilə
maarifləndirmə işlərini aparırıq. Bunlar TV,
KİV-lər vasitəsi ilə beynəlxalq aləmə
yayımlanır və s.
-Gənc nəslin mənəvi zənginləşməsi
üçün hansı işlərin görülməsinə
ehtiyac var?
-Əsas
prioritet məsələlərdən biri də gənclərimizin
gələcəyi, düzgün inkişafıdır. Buna
görə də bu sahədə çox işlər
görülür. Gənclər arasında milli mədəniyyətimizin
tanınması, qorunması və inkişafı yolunda
müxtəlif seminarlar, müsabiqələr, konfranslar, sərgilər
təşkil olunur. Vətənimizə, dövlətimizə,
tarix və mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə,
adət-ənənələrimizə maraq oyadır, sevgi
aşılayır və vətənpərvərlik, vətəndaşlıq
hisslərinin gücləndirilməsinə və
inkişafına böyük təkan verir və dəstək
oluruq. Lakin bununla belə, hələ də gənclər
arasında maarifləndirmə işlərinə böyük
ehtiyac var.
-
Mümkünsə bu sahədə həyata keçirdiyiniz
layihələr haqda məlumat verərdiniz.
- Təşkilatımız
belə təşəbbüslərlə bağlı bir
çox layihələr həyata keçirib. Əgər
onların hamısını sadalasam, gərəkdir ki,
“böyük bir kitab çapdan çıxsın...”. Lakin bəziləri
haqqında deyə bilərəm. 2005-ci ildən
irili-xırdalı böyük layihələr həyata
keçirilib. Təşkilatımız milli-mənəvi dəyərlərimizin,
adət-ənənələrimizin, mədəniyyət və
incəsənətimizin qorunması və inkişaf etdirilməsi
sahəsinə xidmət edən qurum olduğundan, əsasən
mədəniyyət, incəsənət adamlarına daha diqqətcildir.
Keçirilən sərgilərdə, tariximizi, mədəniyyətimizi
əks etdirən əl işləriylə müxtəlif sənət
adamları iştirak edir və özlərini müsabiqələrdə
sınayırlar. Qaliblərə təşkilat tərəfindən
pul mükafatları, diplomlar, həvəsləndirici hədiyyələr
təqdim olunur. Ölkəmizin müxtəlif bölgələrindən-muzeylərdən,
şəxsi kolleksiyalardan antik və qədim sənət
nümunələri toplanılaraq sərgilərdə
nümayiş etdirilir. Məsələn, xalq
yaradıcılığı, tətbiqi sənət, ipəkçilik,
oyma, milli rəsmlər, kiçik ölçülü milli
xalçalar, taxta və dəmir üzərində işləmələr,
milli geyimlər, gəlinciklər, misgərlik-keramik məişət
əşyaları, tikmələr, qurama, zərgərlik sənət
nümunələri, sərgiyə gələn vətəndaşlarımız
və xarici turistlərin böyük marağına səbəb
olur.
-Bu işlərin həyata
keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq
edirsinizmi?
- Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının köməyi ilə
bir sıra tədbirlər həyata keçirilib. “Milli mədəniyyətimizin
qorunması, inkişafı və gənclərə
ötürülməsi” (Z.Tağıyev adına tarix muzeyi),
“Turizmin inkişafına dəstək”, “Sarı gəlin”
adlı sərgi (Şirvanşahlar Sarayında), milli suvenirlərimizin
hazırlanması və inkişafı (Rəssamlar
İttifaqında və bir çox bölgələrimizdə).
Buna baxmayaraq, təşkilat müstəqil layihələrlə
işləməyə üstünlük verir. Çünki
maliyyələşən belə layihələr ildə, ayda
bir dəfə keçirilir (layihədən layihəyə, o
da əgər layihə müsabiqədən keçərsə).
Əlbəttə, təşkilat belə layihələri
gözləmədən, öz missiyasını, öhdəsinə
düşən vəzifəsini həyata keçirmək
üçün üzərinə böyük məsuliyyət
götürərək mütəmadi hər ay öz işlərini
qurur.
- Qarşıda görəcəyiniz
işlər haqda nə deyə bilərsiniz?
- Qarşıda 2013-cü ildə bir çox
layihələr hazırlayıb həyata keçirilməsi
yönümündə çalışırıq.
Hal-hazırda ölkəmizdə xarici vətəndaşların
mədəniyyət, adət-ənənələrinin
qorunması və inkişaf etdirməsi layihəsi üzərində
işlər görülür.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-16 mart.-S.11.