“Gənclərə böyük
imkanlar və şanslar
verilib”
Ramil Süleymanov: “Hər bir
regionda gənclər üçün xüsusi treninq mərkəzləri,
disput klubları yaratmaq lazımdır”
Demokratik Gənclər İctimai
Birliyinin sədri Ramil
Süleymanovla müsahibəni təqdim edirik
- Hazırda dövlətin
apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Belə bir aksiom var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, qədim Spartada gənclər nizam-intizam, qəhrəmanlıq və cəsarət ruhunda tərbiyə edilirdi. Amerikalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda böyüdürlər. Çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştlük-xeyirlə şərin əbədi mübarizəsi və xeyirin şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Muğanda yaşayan maqların dini-fəlsəfi fikrindən bəhrələnən yunan filosofları "hər şeyin mübarizə vasitəsilə zərurətdən yarandığını" söyləyiblər. Düşmənlərlə mübarizə həyat tərzi olan xalqımızın söz sənəti də qəhrəmanlıq tərənnüm edən dastan və poemalarla zəngindir. Bəli, Azərbaycan gənci daim döyüş meydanlarında, zəfərlərdə böyüyüb, inkişaf edib. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurub. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz
potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Əslində böyük imkanlar və şanslar verilib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə15 gənclər evi inşa olunacaq.
- Gənclər ictimai-siyasi işlərdə hansı fəallıq
göstərirlər?
- Gənclər əslində bütün ictimai-siyasi işlərdə fəallıq göstərirlər. Müxtəlif dövlət, qeyri-dövlət qurumlarında gənclər olduqca aktiv şəkildə təmsil olunurlar. Hətta bu aktivlik nəinki ölkə daxilində, hətta ölkə xaricində də öz əksini tapmış olur. Müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər, ölkə rəhbərinin yürütdüyü dövlətçilik ənənələrini daim yüksəklərə doğru aparmağa çalışırlar.
- Demək
olarmı, müxalifət bir qrup gənci öz
çirkablarına bulayıb?
- Buna belə bir qiymət
vermək olar. Əfsuslar olsun ki, bəzi
gənclər bu gün getdiyi yolu və içində
olduğu oyunları hələ tam şəkildə
dərk etmir. Bilirsinizmi, bir çox hallarda biz bir qrup məmurun süründürməçiliyi və yaxud başqa-başqa
özbaşınalıqları haqqında eşidirik.
Hətta
belə məmur özbaşınalıqlarından bu yaxınlarda cənab Prezident özü də keçirdiyi iclasda dövlət məmurlarına
sonuncu xəbardarlığını
etdi. Məhz bu hadisələri
əllərində bayraq
edən bir qrup adını “müxalifət” qoymuş siyasi-partiya rəhbərləri
xaricdəki havadarlarından
aldıqları tapşırıq
və pullar vasitəsilə belə gəncləri öz ətraflarına toplamağa
başlayırlar. Bundan sonra
öz məkrli siyasətlərini işə
salaraq, gənclərdə
antidövlət əhvali-ruhiyyəsi
yaratmış olurlar.
Əgər fikir verirsinizsə,
gənclərin bu cür üsyankar davranışları əsasən
Azərbaycanda keçiriləcək
seçkilər ərəfəsində
özünü büruzə
vermiş olur.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə
bu yoldan qayıtması üçün
nə deyərdiniz?
- Belə qrupların təsir dairəsinə düşmüş gənclərə
belə demək istərdim. Əgər hər hansı
bir məsələni
bəyənmirsinizsə, meydanlara
çıxıb qışqırmaq
lazım deyil. Sadəcə
sakit bir tərzdə problemdən çıxış yolunu
göstərmək üçün,
dövlət qurumlarına
düzgün saydığınız
təklifləri vermək
lazımdır. Bu gün
əfsuslar olsun ki, belə təsir
əhatəsinə düşmüş
gənclərin əksəriyyəti
ali təhsil
almış gənclərdir.
Burdan belə bir sual
meydana çıxır.
Məgər Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və digər Azərbaycan maarifçiləri
hər hansı bir qanun pozuntusu
ilə bağlı meydanlara çıxıb
“Rədd olsun dövlət! Camaaat!.... üsyan eləmək lazımdır”
və sair bunun kimi digər
şüarlar irəli
sürürdülərmi? Əlbəttə ki, yox. İnsanlara öz hüquqlarımızı,
qanunları bilməyimizi
öyrədirdilər. Əgər gündəlik mətbuatı
və baş verən hadisələri dərindən izləmiş
olsanız, görərsiniz
ki, heç bir haqsızlıq cəzasız qalmır.
Onu da məsləhət
görərdim ki, bu gənclər Azərbaycan Respublikası
Prezidenti yanında Azərbaycan Gənclər
Fondunun hər il mütəmadi
olaraq elan etdiyi gənclər siyasəti ilə bağlı qrant layihələrində iştirak
etsinlər. Piket, mitinq və
lazımsız iclaslara
həsr etdikləri enerjilərini gənc nəslin maariflənməsinə
həsr etsinlər.
Bu zaman özlərində
olan müsbət dəyişiklikləri görmüş
olacaqlar və keçmişə qayıdıb
baxanda peşman olacaq və sevinəcəklər ki, yaxşı ki düz yola qayıda
bildik. Əziz gənclər! Mən sizlərə təklif
edərdim ki, bu cəmiyyətdə görmək istədiyiniz
dəyişiklikləri ağıllı
təkliflər şəklinə
salaraq, onları öz həmkarlarınızla
bölüşəsiniz. Sosial şəbəkələrdə xalqın gələcəyinə
köklənmiş, qanunvericilikdə
gənclərə verilən
hüquqları əsas
gətirərək, maraqlı
bir konsepsiya hazırlayıb onu müzakirə edəsiniz.
- Dövlətin gənclərə diqqət
və qayğısından
nə dərəcədə
razısınız?
- Dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına,
problemlərinin həllinə,
onların dövlət
idarəçiliyində, ictimai
həyatda, cəmiyyətdə
gedən proseslərdə
fəal iştirakına,
vətənpərvər, öz
dövlətinin və
xalqının təəssübünü
çəkən vətəndaş
kimi formalaşmasına
tam şərait yaradır.
Cənab
Prezident həmişə
gənclərlə görüşür,
onlarla fikir mübadiləsi aparır,
problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə
müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlar
verir. Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət gənclər
siyasətini daha da inkişaf etdirmək, gənclərin
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etmək məqsədilə
qəbul olunmuş “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramı və bu sənəd çərçivəsində həyata keçirilən
tədbirlər cənab
İlham Əliyevin gəncliyimizə diqqət
və qayğısının
bariz nümunəsidir.
2012-ci ildə yaradılmış Gənclər
Fondu gənclər təşkilatlarının müxtəlif
layihələrinin maliyyələşməsini
təmin etməklə
onların fəallığını
artırır, müxtəlif
sahələrdə potensiallarının
daha geniş realizə olunması üçün əlavə
stimul yaradır.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi
bilmək istərdik.
- Son 20 ilin təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları
öz intellekti, böyük dövlət xadimi qabiliyyəti, idarəçilikdə yenilikçiliyi
ilə seçilən
və müasir beynəlxalq siyasətin bütün nüanslarını
bilən lider ətrafında birləşiblər.
Prezident İlham Əliyev milli liderə xas bütün keyfiyyətlərə malikdir.
Ötən 10 ildə onun
rəhbərliyi ilə
həyata keçirilən
siyasət Azərbaycanın
hərtərəfli və
dinamik inkişafını,
cəmiyyətimizin rifahını,
ölkəmizin milli maraqlarını və beynəlxalq nüfuzunun yüksəlməsini təmin
edib. Cənab Prezident ümummilli
lider Heydər Əliyevin siyasi kursunu dönmədən davam etdirib, xalqın etimadına və dəstəyinə arxalanaraq bütün qüvvəsini və hakim
komandanın potensialını
səfərbər etməyi
bacarıb, bugünkü
inkişafa nail olub.
Buna görə də xalqımız birmənalı şəkildə
cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir,
onun gələcəkdə
də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür. Azərbaycan gəncliyi
ölkə Prezidentinin
ətrafında sıx
toplaşmalıdır. Onun yürütdüyü uğurlu
xarici və daxili siyasətini dəstəkləməlidir.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması
istiqamətində hansı
tədbirlər görülməlidir?
- Demokratik cəmiyyət quruculuğunda gənclərin fəallığının artırılması üçün öncə regionlarda gənclərlə işləyən QHT-lərlə, gənclərlə işləyən dövlət qurumları arasında əlaqələri gücləndirmək lazımdır. Bu əlaqələri daha da artırmaq məqsədi ilə müxtəlif səpkili tədbirlər hazırlamaq lazımdır. Bu tədbirlər əsasən özündə təqvim xarakterli tədbirləri əks etdirməməlidir. Bu tədbirlər daha çox müasir gəncliyin istək və arzularına həsr olunmalıdır. Hər bir regionda gənclər üçün xüsusi treninq mərkəzləri, disput klubları yaratmaq lazımdır. Xüsusilə qeyd etmək istərdim ki, bu mərkəzlər orta, orta ixtisas, peşə və ali təhsil ocaqları nəzdində də yaradılsa, biz bu gün istədiyimizə nail ola bilərik. Bu mərkəzlərdə artıq gənclər və yetişməkdə olan gənc nəsil gələcəyə inamla baxaraq, yaşadığı cəmiyyətdə öz missiyasını dərk etmiş olacaq. Yaradılan treninq mərkəzlərində qeyri-formal təhsil, insan hüquqları, ictimai fəallığın artırılması, ritorika istiqamətlərində təlimlər keçmək lazımdır.
Demokratik Gənclər
İB olaraq biz də
Azərbaycan gəncliyinin, Prezidentin gənclər
siyasətinin inkişafında öz xidmətlərimizi
verməkdə davam edirik.
Birliyimiz yarandığı ilk gündən, gənclərin ictimai-siyasi fəallığının
artırılması yolunda maraqlı və
əsasən də nəticəyə köklənmiş layihələr
həyata keçirib. Bu
vaxta kimi Demokratik Gənclər İB tərəfindən
13 layihə keçirilib. Əgər hər
hansı bir gəncə bizim
köməyimiz lazımsa, Demokratik Gənclər
İctimai Birliyi olaraq hər zaman kömək
etməyə hazırıq.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-16 mart.-S.7.