“Dilimizin inkişafının əsas
qarantı dövlətimizdir”
Səlahəddin Xəlilov: “Xarici
dillərin getdikcə daha çox öyrənilməsi milli
dilin unudulması və ya arxa plana keçməsi hesabına
deyil, onunla paralel surətdə həyata keçirilməlidir”
II yazı
Azərbaycan dilinin müasir mərhələdəki
inkişaf yolu sahələr üzrə dil
üslublarının formalaşmasından, ümumi
dilçiliyin fəlsəfi fikir səviyyəsinə
qaldırılmasından keçir. Bu barədə bizə
fikirlərini bildirən Azərbaycan Fəlsəfə və
Sosial-siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin
sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin
Xəlilov belə qeyd edir: “Amma ən önəmli olan
dilçilərdən və filosoflardan öncə hər bir
fəaliyyət sahəsində çalışan mütəxəssislərin
milli təfəkkür sahibi olmasıdır. Çünki
dilin subyekti millət özüdür.
Hər bir təbii dil birinci növbədə adi danışıq dilindən ibarətdir. Onun ilk mənbələri sırasında ailədəki dil mühitini, şifahi xalq ədəbiyyatını, milli bədii ədəbiyyatı, tərcümə ədəbiyyatını, daha sonra isə tədrisin dilini; müxtəlif fənlər üzrə biliklərin çatdırılmasına xidmət edən ixtisaslaşmış dil üslublarını xüsusi qeyd etmək olar. Sonrakı mərhələdə hər bir şəxs dili öz şəxsi həyatında istifadə etməklə bərabər öz peşə-ixtisas fəaliyyətlərində artıq ixtisaslaşmış bir dil üslubuna yiyələnməklə istifadə edir.
Beləliklə, həyata hazırlanmaq, cəmiyyətin bir üzvünə çevrilmək üçün dilin yaxşı mənimsənilməsi ilkin əsas şərtlərdən biridir. O, insan həyatında iki fərqli statusda iştirak edir. İlk növbədə dil həyatın öz strukturuna daxildir. Yəni həyat dediyimiz fenomen, əgər o, real və canlıdırsa, mütləq hansı isə bir dil sayəsində aktuallaşır və bütövlük kəsb edir. Yəni dil həyatın öz bətnindədir. İkincisi, həyata qədəm qoyan, müəyyən mənada ona müsafir olan hər bir fərd üçün həyat öncədən, əvvəlki nəsillərin səyləri ilə formalaşmış ictimai gerçəklikdir və bu fərd özü ilə bu kənardakı ictimai həyat arasında bir rabitə qurur; nisbətən məhdud ictimai miqyasda, məsələn, ailədə formalaşan bir uşaq daha geniş miqyaslı bir ictimai mühitə daxil olarkən öncədən müəyyən bilik və dil potensialı ilə təchiz edilmiş olur. Sonra məktəb həyatı başlanır. Və məktəb bir növ ailə ilə cəmiyyət arasında körpü rolunu oynayır; yəni uşaqları böyük həyata hazırlayır. Məktəb də öz funksiyasını ilk növbədə dil vasitəsilə həyata keçirir. Lakin tədris proqramında dilçiliyin xüsusi çəkisi çox da yüksək deyil. Buna ehtiyac da yoxdur. Çünki uşaqlar dilə onun qrammatikasını öyrənmədən əvvəl yiyələnmiş olurlar. Ailədə də, uşaq bağçasında və ibtidai məktəbdə də dilin öyrədilməsi bir növ təbii surətdə həyata keçir və burada hansı isə bir dilçinin və ya qrammatika kitablarının iştirakına ehtiyac duyulmur. Ancaq əməli dil, məişət dili mənimsənildikdən, müəyyən bir dil təcrübəsi əldə edildikdən sonra dilçilər də bu prosesə qoşulur və “kortəbii” mənimsənilmiş dilin qaydalarını, strukturunu və bütün bunların elmi əsaslarını öyrətməyə başlayırlar. Dilin qaydalara salınması və ya artıq mənimsənilmiş bir dildə nə isə daxili bir qanunauyğunluq və qaydaların mövcudluğunun aşkara çıxardılması sonrakı prosesdə sadəcə kortəbii surətdə deyil, dərk olunmuş bir hadisə kimi öyrənilir, onun sanki ikinci doğuluşu baş verir.
Amma təəssüf ki, məktəblərdə xarici dillərin tədrisi zamanı ana dilinin mənimsənilməsindəki təbiilik sanki yaddan çıxır və lap əvvəldən qrammatikaya yer ayrılır. Xüsusən sovet təhsilindən qalmış bu ənənə ona gətirib çıxarır ki, 10 il orta məktəbdə, üç il də universitetdə dil öyrənən gənclərimiz qrammatikanı az-çox mənimsəsələr də, həmin dildə danışa bilmirlər. Biz bu faktı həm də ona görə yada salırıq ki, bu cür tədris üsulu əslində dilin dilçiliklə məhdudlaşdırılması ənənəsinə daha bir misaldır”.
Fəaliyyət sahələri və dil
üslubları barədə fikirlərini bildirən filosof
qeyd edir: “Dil əməli fəaliyyət prosesində
yaranıb və əmək bölgüsü nəticəsində
tarixən dilin özündə də daxili bölgü gedib,
adi danışıq dili zəminində peşəkar dil
üslubları formalaşmağa başlayıb. Bu
üslublar, lazım gəldikdə müəyyən ixtisas sahəsinin
tam spesifik dili olan simvolika sistemi ilə danışıq dili
arasında körpü rolunu oynayır. Məsələn,
riyazi simvollarla ifadə olunmuş qanun müvafiq terminlər
vasitəsilə danışıq dilində də ifadə
oluna bilər. Lakin bu,
artıq adi danışıq dili deyil, milli elmi dildir. Onun
inkişafı, bir tərəfdən, elmin bölgəsəl
inkişaf səviyyəsi, digər tərəfdən də
milli danışıq dilinin potensial imkanları ilə müəyyən
olunur. Elm inkişaf etdikcə daha çox nisbi müstəqillik
qazanan elmi dil, dönüb adi danışıq dili ilə əks
əlaqəyə girir, onun daha da zənginləşməsinə
səbəb olur. Sözlərin mənaları dəqiqləşir,
incə mahiyyət və məzmun fərqləri adi
danışıqda da nəzərə alınır.
Milli dili
zənginləşdirən, inkişaf etdirən ən
mühüm peşəkar dil sahələrindən biri də,
heç şübhəsiz, bədii dildir. Sözlər
obrazlaşır və bədii obrazlar sözə çevrilərək
milli bədii dilin nisbi müstəqilliyini artırır. Bu sahədəki
inkişaf da yenə əks əlaqə vasitəsilə adi
danışıq dilində iz buraxır. Beləliklə,
söz ehtiyatı bədii ifadələr və elmi terminlər
hesabına artır, danışıq dilinə yeni üslub
çalarları əlavə olunur.
Milli
dövlət quruculuğunun çox mühüm şərtlərindən
biri milli ədəbi dilin zəminində xüsusi rəsmi dil
üslubunun formalaşmasıdır. Burada biz aydınlıq
üçün “dövlət dili” anlamının iki fərqli
mənasını nəzərə almalıyıq. Hər
hansı bir dilin hüquqi aktla “dövlət dili” elan
olunması heç də bütün sahələrdə ancaq
həmin dildən istifadə olunmasını nəzərdə
tutmur. Elmdə, sənətdə, iqtisadiyyatda, ticarətdə,
özəl şirkətlərdə insanlar ünsiyyət dili
seçməkdə azaddırlar. Və kimi isə icbari yolla
bu dildə danışmağa vadar etmək olmaz. Bunun
üçün dövlətlə yanaşı, cəmiyyət
özü bu dilin fəal daşıyıcısı
olmalıdır. Yəni dili bilmədən elmi mühitə
daxil olmaq, iş qurmaq, bazarlıq etmək mümkün deyil.
Kimsə inzibati yolla deyil, təbii şəkildə, ehtiyacdan
dolayı milli dili öyrənmək məcburiyyətində
qalacaq. Lakin bizdə real ictimai həyat öz milli müəyyənliyini
yetərincə ifadə edə bilirmi? Bax, bu, həllini axtaran
ayrıca bir məsələdir”.
Professor
qeyd edir ki, Heydər Əliyev Azərbaycan dilini bizim ən
böyük milli sərvətimiz hesab edirdi. Təsadüfi
deyil ki, əsrlərin sınağından çıxmış,
böyük təzyiqlərə və məhrumiyyətlərə
baxmayaraq, qorunub saxlanmış və milli mənsubiyyətimizin
ən böyük rəmzi və dəlil-sübutu kimi Azərbaycan
xalqının bir millət kimi formalaşmasında müstəsna
rol oynamış Azərbaycan dili öz həqiqi qiymətini
ancaq müstəqillik dövründə ala bilib. Lakin müstəqillik
illərində də Azərbaycan dilini yeni sınaqlar gözləyir.
Çünki məhz bu dövrdə imperiya buxovlarından
azad olmuş Azərbaycanın qapıları bütün
dünyaya açılır və gənc bir dövlət
möhtəşəm qloballaşma dalğaları ilə
üz-üzə gəlir. Ona görə də yeni bir missiya:
dilin keşiyində durmaq, onu xarici təsirlərdən və
“yad nəzərlər”dən qorumaq vəzifəsi gündəmə
gəlir.
Ən
mühüm şərt budur ki, ölkəmizin beynəlxalq
münasibətlər şəbəkəsində
mövqeyinin möhkəmlənməsi naminə xarici dillərin
getdikcə daha çox öyrənilməsi milli dilin
unudulması və ya arxa plana keçməsi hesabına deyil,
onunla paralel surətdə həyata keçirilsin. Başqa dillər
bizdən asılı olmadan, o dillərin öz sahibləri tərəfindən
inkişaf etdirilir. Biz onlardan hazır şəkildə istifadə
edirik. Öz dilimizi inkişaf etdirmək vəzifəsi isə
bizim üzərimizə düşür. Burada həm də
belə bir məqam nəzərə alınmalıdır ki,
başqa dillərin imkanlarından istifadə dərəcəsi
də bizim ilkin bilik və təfəkkür səviyyəmizlə
məhdudlaşır. Bu baxımdan, təfəkkürün
öz ölçülərini, hüdudlarını müəyyən
edən milli dilin zənginliyi və üslub rəngarəngliyi
bizim xarici, dillərdəki fikirlər sərvətindən bəhrələnmək
imkanlarımızında əsas meyarlarından biridir.
Dilin
dövlət idarəçiliyi funksiyası ilə
bağlı danışan filosof deyir ki, hər hansı bir
xalqın müstəqil dövlətə malik olması və
onun dilinin “dövlət dili” elan olunması
özü-özlüyündə bu dilin kamillik dərəcəsinə
dəlalət etmir: “Bu halda söhbət ancaq dilin kamilləşməsi
üçün açılan imkanlardan, yaradılan şəraitdən
gedə bilər. Dilin real inkişaf səviyyəsi
aşağıdırsa, millət bu və ya digər fəaliyyət
sahələrində ya başqa dillərdən istifadə etmək
məcburiyyətində qalır, ya da öz dili öz
inkişafı üçün buxova çevrilir. Tarixdən
yaxşı məlumdur ki, bir sıra ölkələr bu və
ya digər fəaliyyət sahəsində daha çox
inkişaf etmiş və daha əlverişli olan vahid dildən
istifadəyə üstünlük veriblər. Elə ölkələr
məlumdur ki, müəyyən tarixi dövrlərdə
onların ərazisində dövlət dili bir, elmi dil
başqa, poeziya, sənət dili isə başqa bir dil olub. Orta
əsrlərdə bir çox ölkələrdə fars dili
poeziya dili kimi, ərəb dili elm dili kimi qəbul olunub. Qərb
intibahından sonra demək olar ki, bütün Avropa ölkələrində
latın dili elm dili kimi istifadə edilib. Müasir dövrdə
bu funksiyanı ingilis dili öz üzərinə götürüb.
Bir çox ölkələr öz dillərini adi
danışıq vasitəsi kimi saxlamaqla, təkcə elm sahəsində
deyil, dövlət dili kimi də ingilis dilindən istifadə
edirlər. Dövlətçiliyin inkişaf səviyyəsi
ilə mədəniyyətin bu və ya digər sahəsinin
inkişaf səviyyəsi uzlaşmadıqda belə hallar
labüddür.
Böyük
dil o dil sayılır ki, onun qoynunda bütün peşəkar
fəaliyyət sahələri sərbəst inkişaf edə
bilsin. Bizim dilimiz əsrlərin sınağından
çıxaraq bir sıra istiqamətlərdə peşəkar
dil üslublarını ehtiva edə bilib. Ədəbi dilimizin
böyük daxili potensialı və zəngin söz
ehtiyatı, habelə tarixin ayrı-ayrı dövrlərindəki
dövlətçilik ənənəmiz bu gün bizim
heç bir başqa dilə müraciət etmədən
bütün fəaliyyət sahələrini əhatə edən
mükəmməl milli dil səviyyəsinə
qalxmağımıza imkan verir. Əsas vəzifə bu
imkanın vaxtında reallaşdırılmasıdır”.
İctimai
həyatın bütün sahələrinin; iqtisadi, siyasi,
hüquqi, mədəni-mənəvi problemlərin dövlətçilik
mövqeyindən vahid konseptual şərhinin verilməsi,
bütün bu sahələrdə müstəqil Azərbaycan
dövlətinin strateji fəaliyyət proqramlarının bəyan
edilməsi milli dilin sahələr üzrə
üslublarının formalaşmasını tələb edir:
“Diplomatiya sahəsində beynəlxalq maraqlar sistemindəki
labirintlərdən ustalıqla, ehmalca keçmək, milli mənafeyin
konturlarını incə ştrixlərlə cızmaq hər
sözün yüz ölçülüb, bir biçilməsini
tələb edir. Dövlətin, millətin mənafeyini,
marağını, onunla bir müstəvidə olan başqa
maraqlara toxunmadan ifadə edə bilmək iynə gözündən
sap keçirmək qədər çətindir. Burada fikirlərin
incə-mürəkkəb quruluşu sözün, cümlənin
də incə-mürəkkəb quruluşunu tələb edir.
Hər hansı yonulmamış fikir, qaba söz, çoxmənalı
ifadə sonradan qarşısı alınması çox
çətin olan problemlər törədə bilər.
Bəli,
müstəqillik əldə edilməsi ilə Azərbaycan
dilinin həqiqətən dövlət dili kimi, diplomatik dil
kimi işlədilməsinə, dəftərxana üslubunun
inkişafına hüquqi və siyasi real zəmin yarandı.
Lakin dilimiz keçid dövründə bir bədii dil olaraq nə
qədər zəngin idisə, bir elmi dil, fəlsəfi dil,
siyasət dili olaraq, ən başlıcası isə dövlətçilik
dili kimi bir o qədər məhdud idi. Qarşıda
böyük bir vəzifə durur. Dövlətçiliyin
inkişafı ilə yanaşı, dövlət dilini də
inkişaf etdirmək. Lakin bu işin öhdəsindən kim gəlməlidir?
Bu vəzifəni kim icra etməlidir: dilçilərmi? Xeyr.
Söhbət dilin inkişafının başqa aspektindən
gedir.
Necə
ki, dövlət dilini inkişaf etdirmək üçün
dövlətçilik təfəkkürü lazım idi, eləcə
də elmi dili inkişaf etdirmək üçün elm
adamlarının və digər sahə dillərini inkişaf
etdirmək üçün də müvafiq sahələrdə
çalışan adamlardan milli təfəkkür tələb
olunur. Lakin milli təfəkkür necə formalaşır, necə
inkişaf edir və bunun üçün hansı addımlar
atılmalı, nə kimi işlər görülməlidir?
Bu məsələlər müasir dövrdə milli fəlsəfi
fikrimizin ən aktual problemləri sırasındadır”.
Filosof
qeyd edir ki, millət öz poeziyası, ədəbiyyatı, hətta
elmi ilə nə qədər qabağa getsə də, onun
dövlətçilik təcrübəsi yoxdursa, deməli,
milli dövlət dili də hələ formalaşmayıb.
Yaxşı bələdçilər, yolaçanlar olmazsa,
dövlətçiliyin və milli dövlət dilinin
formalaşması prosesi də uzun çəkə bilər. Bu
gün dilimizin inkişafının əsas qarantı dövlətimizdir.
Digər tərəfdən, dilimiz də öz növbəsində,dövlət
müstəqilliyimizin mühüm qarantlarından biridir.
İlkin AĞAYEV
Palitra.-2013.-19 mart.-S.11.