“Gənclərin böyük əksəriyyəti dövlətçiliyə sadiqdir 

 

Muğan Əliyev: “Bir qrup gəncin qanunsuz aksiya keçirməsində həm xarici, həm də daxili qüvvələrin əli var”

 

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Müsahibimiz Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyevdir:

-Ölkədə gənclər siyasətini necə qiymətləndirirsiniz?

-Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Prezidentin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” qanun və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib. Ölkə başçısının 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olub. Həmin dövlət proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdiriblər. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi zərurəti yaranıb. Dövlət proqramının əsas məqsədinin Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdən ibarət olması gənclər təşkilatları tərəfindən çox yüksək səviyyədə qarşılanıb. Ən sevindirici hal kimi 2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyini qeyd etmək olar.

-Gənc Vətənpərvərlər Birliyi tərəfindən hansı layihələr həyata keçirilir və onların səmərəliliyi nəticələr veribmi?

-Birliyin məqsədi Vətənimiz üçün fiziki cəhətdən sağlam, hazırlıqlı, Vətəni hər an qorumağa hazır olan vətənsevər gənclər yetişdirmək, onların milli və hərbi vətənpərvərlik tərbiyəsi işini gücləndirməkdir. Gənclərin aktual problemləri ilə məşğul olaraq onların milli vətənpərvərlik, tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına, maariflənməsinə, yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına nail olmağa çalışırıq. Birliyin vəzifələrinə gəldikdə isə uşaq, yeniyetmə və gənclərin vətənə məhəbbət ruhunda tərbiyəsi işini təşkil etmək, vətənpərvərlik istiqamətində tədris və maarif işinin gücləndirilməsinə kömək etmək, gənclərin bədən tərbiyəsi, fiziki sağlamlığı və fiziki hazırlığı işinin təşkilidir. Bundan başqa gənc əsgərə, veterana, müharibə iştirakçılarına hörmət, qayğı və məhəbbət hisslərinin aşılanması, milli atributlara, qəhrəmanlara hörmət və ehtiramın təbliği, gənclərdə özünəinam, iradə və mərdlik, milli qüruriftixar duyğusunun möhkəmləndirilməsi, mənəvi-psixoloji keyfiyyətlərin gücləndirilməsi və s. aiddir. Birliyin fəaliyyət formaları kimiŞahin” hərbi idman oyunlarının keçirilməsinə kömək etmək, ibtidai hərbi hazırlıq, milli vətənpərvərliyin təbliğinə yönəlmiş metodik vəsaitlərin nəşrinə kömək etmək, mətbuat materiallarının, broşüra, kitabs. nəşri, çapı və yayımının təşkili, KİV-lə əlaqələrin qurulması, vətənpərvərlik mövzusunda verilişlərin, kino-video filmlərin nümayişi, Milli qəhrəmanların şərəfli həyat yolunun təbliği, idmanın bütün növləri üzrə bölmələrin, dərnəklərin təşkilidir. Bu məqsəd və vəzifələrə uyğun olaraq birliyimiz bir çox layihələr həyata keçirib. Buna misal olaraq “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksədilməsi üzrə yeni təşəbbüslər”, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün fiziki, psixoloji, fizioloji rolunun artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi”, “Terrora yox deyirik” və “Öz dilimizə hörmət edək” kimi digər layihələri göstərmək olar.

- Bir qrup gəncin müxalifətin təhriki ilə meydanda aksiya keçirməyə cəhd göstərməsinə, sizcə, nə dərəcədə ehtiyac var?

- Bir qrup gəncin qanunsuz aksiya keçirməsində həm xarici, həm də daxili qüvvələrin əli varbu danılmazdır. GVB olaraq belə icazəsiz aksiyaların keçirilməsinə öz etirazımızı bildiririk. Qanunla keçirilən aksiyalara müvafiq yer ayrılır və heç kimin hüququ pozulmur. Bu gün hamılıqla ümummilli liderimiz tərəfindən qurulmuş müstəqil Azərbaycan dövlətini yad qüvvələrdən qorumalı və ulu öndərimizin layiqli davamçısı vətənpərvər, xalqını, millətini sevən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək olmaq və dövlətimizin inkişafı və tərəqqisi naminə əlimizdən gələn köməkliyi göstərməliyik. “Dövlət mənə nə edib” deməməliyik, özümüzdən soruşmalıyıq ki, mən dövlət üçün nə etmişəm?

- GVB-nin rəhbəri kimi gənclərə tövsiyəniz nədir?

- Bu gün Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən hər bir sahədə-mədəniyyət, milli dəyərlər, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və s. sahələrdə işlər aparılır. Məhz M.Əliyevanın təşəbbüsü ilə Azərbaycanla bağlı müxtəlif dillərdə kitablar, broşürlər, bukletlər, jurnallar çap olunub dünyada yayılır və kitabxanalara çatdırılır. M.Əliyeva tərəfindən vətənpərvərlik istiqamətində həyata keçirilən tədbirlər gənclərimizə bir örnəkdir. Eləcə də xalqlar arasında dostluq əlaqələrinin yaradılması və Azərbaycanda çoxsaylı beynəlxalq seminarların keçirilməsi bu istiqamətdə atılan addımlardandır. Eləcə də gənclərə nümunə olan Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın apardığı işlər bizi sevindirir. Məhz L.Əliyevanın gördüyü işlər vətənpərvərlik istiqamətində görülən işlərin bariz nümunəsidir. Xalqımızı yüksək səviyyədə təmsil edən və Azərbaycan və Rusiya gənclərini bir araya gətirən, Azərbaycan həqiqətlərini düzgün çatdıran Leyla xanımın işlərini biz vətənpərvərlər dəstəkləyirik.

- Gənclərə vətənpərvərliyin aşılanması istiqamətində birliyiniz hansı təkliflərlə çıxış edir?

-Azərbaycanda vətənpərvərliklə bağlı aparılan təbliğat işləri yetərli səviyyədədir. Çünki müharibə şəraitində olan bir ölkədə ən vacib məsələlərdən biri də məhz vətənpərvər ruhlu gənclərin yetişdirilməsi, onlara hərb sənətinin incəliklərinin aşılanması və bu sahədə davamlı tədbirlərin həyata keçirilməsidir.

Bunun bariz nümunəsi kimi vətənpərvərlik mövzusunda Milli qəhrəmanlarımızın igidliklərindən bəhs edən kitab və jurnalların çap edilməsini, onlara saysız hesabsız şeir, roman, rəsm və musiqi əsərlərinin həsr edilməsini, ortaali təhsil müəssisələrində şagird və tələbələrlə müharibə veteranlarının, peşəkar hərbçilərimizin görüşlərinin keçirilməsini göstərmək olar. Vətəni hər an qorumağa hazır olan gənclərin yetişdirilməsi üçün məktəblərdə tədris prosesinin qurulmasına gəldikdə ilk olaraq “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin dərs yükünün artırılması haqqında düşünmək olar. Təbii ki, bu məsələnin özü də fənni tədris edə biləcək, hərb sənətindən geniş anlayışı olan və yüksək metodikaya malik müəllimlərin hazırlanmasına təkan verəcək. Yeri gəlmişkən, bu dərslərə İsrail, BelçikaYaponiya kimi ölkələrdə olduğu kimi bütün şagirdlərin cəlb edilməsi məqsədəuyğundur. Bu sahədə mövcud problemlərdən biri kimi televiziya məkanında hərbi vətənpərvərlik tərbiyəsi mövzusuna geniş yer verilməsini istərdik. Bundan başqa hərbi biliyə malik olan hərbi müəllimlərin test yolu ilə işə götürülməsi, primitiv əyləncəli verilişlərə son qoyulması, şəhərin lazımi yerlərində hərbi vətənpərvərlik mövzusu ilə bağlı reklamların, vətənpərvərlik mövzusuna uyğun roliklərin təşkil olununmaması kimi bəzi amillər var ki, bu istiqamətdə tədbirlərin həyata keçirilməsini istərdik.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-19 mart.-S.7.