“Teatrımızın
ən böyük problemi
təhsilli aktyor və aktrisaların
olmamasıdır”
Nazim Mahmudov: “Qax Dövlət Kukla
Teatrına ali təhsilli
aktyorlar, xaricdən rejissorlar
dəvət etmək istəyirik”
Layihə çərçivəsində
müsahibimiz Qax
Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudovdur:
- Teatr ilk olaraq 1973-cü ildə Qax rayon S.Vurğun adına Mədəniyyət evinin nəzdində İsako Zeynalaşvilinin rəhbərliyi ilə dərnək kimi fəaliyyətə başlayıb. 1976-1992-ci illərdə Xalq Kukla Teatrı adı altında fəaliyyət göstərib. 1992-ci ildə teatrın əldə etdikləri uğurlara görə dövlət teatrı statusu verilib. Teatr özünün xoşməramlı fəaliyyəti ilə uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə, böyük sənətə bağlamaq amalı ilə yaşayır. Həmçinin, öz tamaşalarımızla biz balacalara estetik zövq aşılayırıq. İstər sovetlər dövründə, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirakçısı olduğumuz beynəlxalq teatr festivalları, əldə etdiyimiz uğurlar buna əyani sübutdur. Kollektiv 2005-ci ildə Türkiyədə, 2010-2011-ci illərdə isə Estoniyanın Vilyandi və Tallin şəhərlərində keçirilən beynəlxalq festivallarda respublikamızı layiqincə təmsil edərək, diplomlara layiq görülüb. Bundan başqa, 2010-cu ildə teatrımız ev sahibliyi etdiyi II Respublika Kukla teatrları həftəsində uğurla çıxış edib. 2011-ci ildə respublikamızda təşkil olunan I Beynəlxalq Kukla Teatrları Festivalında diploma layiq görülüb. Bundan başqa 2005-ci ildə teatrımız Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına sahib olub. 1992-ci ildən sonra yəni teatr dövlət teatrı statusu alandan sonra vəziyyət yaxşılığa doğru dəyişib. Ovaxtkı vəziyyətimizlə indiki durumumuz arasında böyük fərq var. Teatr həqiqətən də, inkişaf edir. Həm tamaşaçı, həm də tamaşa baxımından. Qax Kukla Teatrının ən çətin vaxtları 1992-ci ildən 95-ci ilə qədər olub. Binamız yox idi, biz ilk əvvəl Mədəniyyət evinin binasında çıxış edirdik, sonra isə ora öz binamıza çevrildi. Binanın restavrasiyası, yeni yarandığına görə aparat, avadanlıqlar baxımından çox problemlərlə üzləşdik. Bir sözlə, nə olubsa 95-ci ildən sonra olub. Amma bir az dəqiqləşdirsək, sözün həqiqi mənasında nazirlik, həm də digər teatr ictimaiyyəti tərəfindən Qax Kukla Teatrının tanınması, özünü təsdiqləməsi 2005-ci ildən sonra başladı.
-Ötən
müddət ərzində teatrda hansı
tamaşalar səhnələşdirilib?
- Qeyd edək ki, 1992-ci ildən bu günə kimi teatrda 65-ə yaxın əsərə səhnə həyatı verilib. Bu tamaşaların sırasında Abdulla Şaiqin “Danışan kukla”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, ”Ər və arvad”, Əli Səmədlinin “Cırtdan”, “Əhmədin vəfalı xoruzu”, Kəmalə Ağazadənin “Məlikməmməd”, ”Göyçək Fatma”, Osman Abdullayevin rus xalq nağılları əsasında hazırladığı “Qızıl balıq”, ”Qoğal”, Tofiq Kərimin ”Quyruqsuz ulağın sərgüzəştləri”, Rəhman Əlizadənin ”Damdabaca”, ”Tülkünün uçuşu” kimi tamaşalar var. Ancaq bir tamaşa var ki, Qaxı hamıya tanıtdırdı. O da “Turp”dur. Bizim bütün tamaşalar gözəldir, amma bu sferada ən böyük uğurmuz ilk pantomim kukla tamaşasını bizim teatrın hazırlamasıdır. Teatr tənqidçiləri, xadimləri heyran qalıb ki, bölgə teatrında belə bir tamaşa hazırlanıb. Tamaşa hətta Beynəlxalq Kukla Teatrları Festivalında da xaricilərin diqqətini özünə çəkə bildi. Amma bizim ən uzunömürlü tamaşamız “Göyçək Fatma”, “Cırtdan”dır. Biz bu tamaşalarla təkcə Qaxda deyil, qonşu rayonlarda, eləcə də Gürcüstanda çıxışlar edirik. Kollektiv respublikada keçirilən irimiqyaslı teatr tədbirlərində daim yaxından iştirak edir. Son olaraq Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir M.F.Axundzadənin 200 illiyi münasibətilə təşkil etdiyi milli teatr festivalına qatıldıq. Bu münasibətlə hazırladığımız “Hacı Qara” maraqla qarşılandı. Yeni tamaşalara gəldikdə isə hazırda teatrda bir neçə tamaşa üzərində məşqlər gedir. Bu, Abdulla Şaiqin “Tık tık xanım”, “Ağca və Sarıca” tamaşalarıdır. Bakıdan gələn rejissor Elşad Rəhimzadə “Qırmızıpapaq” tamaşasını səhnələşdirəcək. Digər tamaşa isə Osman Abdullayevin“Xoruzun hikkəsi”dir. Hazırda tamaşaların məşqləri gedir, eyni zamanda da Novruz şənlikləri ilə bağlı bayram günlərində uşaqlar üçün hər gün iki seans təşkil etmişik. Artıq işlər tamamlanıb. Ondan başqa teatrlarla da sıx əməkdaşlıq edirik. “Ağca və Sarıca”tamaşasını Gəncə teatrının baş rejissoru Fərmail Paşayev hazırlayır. Bizim baş rejissorumuz Yusif Abdurrahmanov isə Gəncə teatrının səhnəsində Kəmalə Ağaqızının “Göyçək Fatmanın nağılı” tamaşası üzərində iş aparır”. İyun ayına qədər isə qonşu rayonlarda: Zaqatala, Şəki və Oğuz rayonlarında qastrol səfərlərində olacağıq.
- Teatrda
mövcud problemlərlə bağlı nə
deyərdiniz?
- Teatrın binası şəhərin mərkəzində,
parkın içində yerləşir. Bina
teatrın özünün
balansındadır. Bakı teatrları ilə müqayisədə
əsaslı təmirə ehtiyacı var.
Keçən il nazirlik
tərəfindən yeni səs, bu il də işıq
avadanlığı verilib. Prezidentin sərəncamına görə
2009-2019-cu il teatrların inkişafına dair dövlət proqramına əsasən bizim teatr da
təmir olunmalıdır. Ümid edirik ki, bəlkə gələn
il bu baş
tutar. Teatrımızın ən böyük problemi təhsilli
aktyor və aktrisaların
olmamasıdır. Hazırda teatrda
çalışan aktyorlar orta məktəb təhsili olanlardır. Orta məktəbdən sonra
onlar bizdə kurs keçib, işə başlayıblar.
Ümumiyyətlə, bizdə kadr yoxdur. Doğrudur,
hazırda yaxşı aktyor və
aktrisalarımız var, amma
nə qədər olmasa da
onların təhsilləri yoxdur. Bilirsiniz, bir var teatrda
öyrənsin, bir də var dərs
keçsin, institut oxusun. Bu ikisinin arasında böyük fərq var. Onların hamısı bir yerdə olanda teatrda işlər yaxşı gedir. Şəhərdən də heç
bir aktyor gəlməyib. Sizə deyim
ki, bu problem tək bizdə deyil, dövlət teatrlarının çoxunda
eyni problem var. Sözümüzü
kimə deyək?
Onsuz da Mədəniyyət və İncəsənət
Universiteti kukla teatrı üçün
aktyor, rejissor hazırlamır. Orda belə
bir ixtisas yoxdur. Bütün aktyorlar dram üzrə
təhsil alır.
Dram üzrə təhsil alanlar da kukla teatrında
oynaya bilməz axı. Ən azından onun
teatrda mütəxəssislər
tərəfindən müəyyən
bacarıqlara sahiblənməsi
lazımdır. Bizim rejissorlar
da, aktyorlar da teatrda yetişib.
Hazırda teatrda iki rejissor : baş və
quruluşçu rejissor,
9 aktyor və aktrisa, ümumilikdə isə 47 işçimiz
var.
-Teatrın repertuarını daha da zənginləşdirmək
istiqamətində hansı
addımların atılmasını
vacib hesab edirsiz?
-Repertuar məsələsini
balanslaşdıra bilirik.
Hər bir teatrın özünəməxsus repertuar
siyasəti var. Bizim repertuar siyasətimiz yaşadığımız dövrün
tələbi, klassik tamaşaların təbliği,
beynəlmiləlçilik ideyalarının
tərənnümü, vətənpərvərlik
və əsas millilik bizim üçün əsas meyardır. Teatrın ədəbi hissə
müdiri Osman Abdullayev yerli tamaşaçıların istəklərini,
maraqlarını nəzərə
alaraq bir neçə əsər yazıb, onların hamısını səhnələşdirmişik.
Xalq nağıllarına diqqət
yetirir, gürcü, eston yazıçılarının
da əsərlərini
səhnələşdiririk. Uşaqların hansı səmtə,
janra marağı daha çox olur, həmin janrda əsərlərə
üstünlük veririk.
Kukla teatrı olduğuna görə bizim əsas tamaşaçımız
məktəblilərdir. Allah balacaları çox
eləsin, istənilən
məktəbdə istənilən
tamaşa ilə çıxış etsək,
hər zaman tamaşaçımız var. Teatrın
hələ də
internet səhifəsi yoxdur.
Amma çalışırıq ki,
biz də internet səhifəsi
hazırlayaq, çünki
bizim tamaşalarımız
həm xaricdə, həm də respublikada yüksək qiymətləndirilib. Bizim kukla
sahəsində xaricdən
öyrənəcəyimiz yalnız
kuklaların hazırlanmasıdır.
Təsəvvür edin ki, Leninqradda hazırlanan kuklalarla Qaxda, Bakıda hazırlanan kuklalarda nə qədər fərq var.
Biz çalışırıq ki, hazırladığımız
kuklaların keyfiyyəti
yaxşı olsun, amma xaricdə bununla mütəxəssislər
məşğul olur.
İstərdik ki, ilk öncə kukla əldə edək, sonra ali
təhsilli aktyorlar, xaricdən rejissorlar dəvət edək. Artıq, bəzi teatrlar bunu edirlər, amma gələn ildən biz də bunu edək.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-20 mart.-S.11.