“Əl işlərinin öyrənilməsi
ilə bağlı orta məktəb dərslikləri
yox səviyyəsindədir”
Azadə
Məmmədova: “Milli-mənəvi dəyərlərin
qorunması yaşadığımız ölkənin
inkişafında mühüm yer tutur”
Həm
fərdi, həm də ictimai həyatın strukturunda ümumbəşəri
dəyərlərlə yanaşı, milli-mənəvi dəyərlər
də mühüm yer tutur. İstər iqtisadiyyatda, istər dövlət idarəçilik
sistemində həyata keçirilən islahatlar,
istərsə də milli-mənəvi dəyərlərimizə
dövlət tərəfindən olan
qayğı, son illərdə əldə
etdiyimiz böyük
nailiyyətlərdir. Məhz bunların sayəsində
xalqımızın milli şüuru
yüksəlib, müstəqilliyə olan
inamı möhkəmlənib. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlərimiz
nəinki təkcə müasir milli mövcudluğumuzun,
həm də siyasi mövcudluğumuzun,
dövlətçiliyimizin qarantına çevrilməlidir.
Bu gün milli
özünüdərk problemi həm də
ona görə aktualdır ki,
Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz
milli-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi
qurmağa çalışır. Lakin buna nail
olmaq üçün
ilk növbədə əsrlərdən və
nəsillərdən bizə miras
qalmış milli sərvətlərimizi qoruyub saxlamağı və onları dəyərləndirməyi
bacarmalıyıq. Bu baxımdan vətəndaş
cəmiyyətinin də üzərinə böyük
məsuliyyət düşür. Bir çox qeyri-hökumət
təşkilatları kimi “Bacarıqlı
Əllər Dünyası” İctimai Birliyi də bu missiyanı
həyata keçirir. “Bacarıqlı
Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova ilə
görüşüb milli-mənəvi dəyərlərin
təbliği istiqamətində gördükləri işlərdən
danışdıq.
-Azadə xanım, hansı istək
sizi milli-mənəvi dəyərlərin təbliği
işinə cəlb edib?
- İnsanın yaşadığı mühit, böyüyüb, boya-başa çatdığı torpaq onun həyatında silinməz izlər buraxır. Bu baxımdan mənim doğulduğum İsmayıllı rayonunda toxunan xalçalar, tikilən tikmələr, təbiətin gözəlliyi mənim təfəkkürümdə silinməz izlər buraxdı. Zaman keçdikcə mən onları ərsəyə gətirib tanıtmaq məqsədi ilə ictimai təşkilat yaratdım .
“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi 2006-cı ildən fəaliyyət göstərir, 2009-cu ildə isə rəsmi dövlət qeydiyyatından keçmişik. İctimai təşkilatı yaratmaqda məqsədimiz xalqımızın dünənini, bu gününü özündə əks etdirən, milli-mənəvi dəyərlərimiz olan əl işlərini bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Bu gün biz öz dəyərlərimizə qiymət verib, onu qoruyub saxlamasaq, sabah ona başqaları sahib çıxacaq. Birliyin kollektivi rəssamlar, xalçaçılar, qobulen ustaları, sayma tikmə ustaları, təkəlduz ustaları və sair peşə sahibləri öz sənətlərini indiki nəsillərə öyrədirlər. Razim müəllim, Rəna xanım, Ruhəngiz xanım bu yolda əzmlə çalışırlar. İctimai təşkilat yarandığı gündən bu günədək bir neçə layihələr həyata keçirib. Şirvanşahlar sarayında “Gözəllik”, Şirvanşahlar sarayında “Azərbaycan Xatunları”, rəsm qalereyasında “Azərbaycanı dünyaya tanıdaq” sərgilərini keçirmişik və bir çox məktəblərdə şagirdlərlə sənətkarların görüşlərini təşkil etmişik. 2003-cü ildə Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mənəvi irsinin şah əsərləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti üçün, həqiqətən də, tarixi bir hadisə oldu. Bundan sonra Şərq xalçaçılıq sənətinin bir qolu 2010-cu ilin noyabr ayında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınıb. Dünya muzeylərində çox zaman Qafqaz, İran, bəzən hətta erməni xalçaları adı ilə nümayiş etdirilən xalçalarımız tariximizin dünənindən, bu günündən xəbər verir. Vurulan hər ilmə bir tarix, bir yaddaşdır. Dünyada qobulen adı ilə məşhurlaşan bizim ən qədim palaz növü (adından da məlumdur -Qobuda olunan) Fransız sənətkarlarının adı ilə məşhurdur, lakin qədim mənbələri axtardıqda başqa əl işlərimiz kimi o da əsl sahibini itirib. Milli-mənəvi dəyərlərin qorunub saxlanması ölkəmizin rifahının yaxşılaşmasında mühüm rol oynayır. Sənətkarlarımıza götərilən qayğı bunun bariz nümunəsidir. Ölkəmizə son zamanlar gələn turistlərin sayının artması da danılmazdır.
- Milli-mənəvi
dəyərlərin qorunması və yaşadılması
ölkənin ümumi inkişafının
təmin olunması baxımından nə dərəcədə
əhəmiyyətlidir?
- Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşıb və göründüyü kimi o vaxtdan bəri çox az dəyişib.
- Milli-mənəvi
dəyərlərin qorunmasında QHT-lərin üzərinə
hansı vəzifə düşür?
- Milli-mənəvi dəyərlərin qorunub saxlanılması hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsidir. Xalqını, vətənini sevən, onun tarixinə önəm verən azərbaycanlı kimi QHT-lərin də üzərinə çox işlər düşür, onlar hər vasitə ilə təbliğat aparmalı, sahib olduqları milli-mənəvi dəyərləri qorumalı, gələcək nəsillərə çatdırmalıdır.
- Bu
yaxınlarda “Azərbaycanı dünyaya
tanıdaq” layihəsini keçirmisiniz. Bu layihəni həyata keçirmək
hansı zərurətdən irəli gəldi?
- 2011-ci ilin “Turizm ili” ili elan olunması bizə imkan verdi ki, “Azərbaycanı dünyaya tanıdaq” layihəsini həyata keçirək. Layihə müddətində Şəkidə, İsmayıllıda, Şamaxıda keçirilən tədbirlərdə həmin rayonun sənətkarları ilə tanış olmaqla yanaşı, o rayonlarda yaşayan gənclərimizlə təbliğat yönümlü görüşlər də keçirilirdi. Gələn qonaqlar sənətkarların əl işləri ilə yaxından tanış olurdular. Layihə müddətində bir çox əcnəbi vətəndaşlar tariximiz barədə bir çox məlumatlar aldılar .
- İndiki
və gələcək nəsillərə qədim əl
işlərinin çatdırılması və bərpası
istiqamətində hansı işlər görürsünüz?
- Uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə kömək etmək məqsədli qədim əl işlərinin çatdırılması və bərpası istiqamətində bir çox işlər görmüşük. Keçirilən kurslar, çap olunan broşürlər, media nümayəndələri ilə əlaqəmiz buna misal ola bilər. Amma bir şeyi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, orta məktəb dərsliklərinə əl işlərinin öyrənilməsinin proqram kimi salınmasına baxmayaraq, dərsliklər yox səviyyəsindədir. Orta məktəb müəllimlərinin bizlə əməkdaşlıq edib, onların bizdən materiallar istəməsindən bunu bilirik. Biz bölgələrdə sənətkarlarla, yerli əhali ilə görüşlərdə tariximizin keçmişini özündə yaşadan əl işləri haqqında bir çox materiallar toplamışıq. Gələcəkdə bunu kitab halında çap etdirəcəyik .
- Gənc nəslin
bu sahəyə marağı necədir?
- Ulu öndər Heydər Əliyev deyirdi ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilməlidirlər. Əsrimizin texnologiya əsri olmasına baxmayaraq, gənclərimizlə apardığımız söhbətlərdə onların xalqımızın yaddaş xəlbirindən keçərək bu günümüzə gəlib çatan əl işlərinə maraqları çoxdur . Onlar işlərin yaranma tarixi onun tikilməsi, işlənməsi ilə yaxından maraqlanırlar. Məktəblilərin, yeniyetmələrin mənəvi dəyərlərimiz haqqında olan biliklərini yoxlamaq, onlara mənəvi dəyərlərimizin qorunması, tanınması üsullarını aşılamaq və ümumilikdə onları milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirmək məqsədi ilə yaxından əməkdaşlıq edirik.
- Bu
işlərin həyata keçirilməsində dövlət
və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin astanasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir. Milli-mənəvi dəyərlərin qorunması yaşadığımız ölkənin inkişafında mühüm yer tutur.
Bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqələrində iştirak edirik, xalqımızın rifahının yaxşılaşdırılması yönümündə işlər görürük.
- Perspektivdə
hansı layihələr gözlənilir?
-Yaxın vaxtlarda valideyn hüququndan məhrum olmuş uşaqlarla işbirliyi yaratmaq, onlara əl işlərini öyrətmək, istedadı olan uşaqların əl işlərindən seçib sərgi təşkil etmək kimi ideyalarımız var. Onlar bizim gələcəyimizdir .
Ümumiyyətlə, bizim
missiyamız milli-mənəvi dəyərlərə dəyər
verən onları öz əl işlərində
yaşadan sənətkarları xalqımıza
tanıtmaq, onların işlərindən xalqımızı
bəhrələndirməkdir. Biz əzəli,
əbədi torpaqları olan, həmişə
qonağına hörmətlə yanaşan,
tarixi keçmişi
zəngin ölkənin vətəndaşlarıyıq.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-20 mart.-S.13.