“200 qədim mahnı tapmışıq” 

 

Sidqi Mustafayev: “İrs” mədəniyyətimizə çoxlu mahnılar qazandırıb, qədim musiqi alətlərini, mahnıları, Azərbaycanda o vaxta qədər ifa olunmayan qədim muğamları üzə çıxarıb”

 

Layihə çəçivəsində müsahibimiz “İrs” Folklor ansamblının rəhbəri Sidqi Mustafayevdir:

-Yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi örnəklərini, musiqi alətlərini, meydan-tamaşa oyun və məzhəkələrini axtarıb tapmaq, toplamaq, bərpa etmək və gələcək nəsillərə çatdırmaq elə də asan iş deyil. Nə az, nə çox düz 37 ildir ki, bu çətin işi “İrs” folklor ansamblı öz çiyinlərində daşıyır. 1976-cı ildə mərhum bəstəkar Rəşid Nəsiboğlu və Azərbaycan Dövlət Konservatoriyasının məzunu kimi mənim tərəfimdən yaradılan ansambl öz fəaliyyəti dövründə Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan “Almanı alma, gəlin”, “Əylən, gəlin”, “Ruhani”, “Azaflı dübeytisi”, muğamlardan “Çahargah”, “Nəva” musiqili kompozisiyası, meydan tamaşalarından “Kosa-Kosa”, “Toyuq aparan”, “Qaravəlli” və s.-i bərpa edib. “İrs” folklor ansamblı dünyanın bir çox ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda iştirak edib, bir çox mükafat və fəxri fərmanlarla təltif edilib. “İrs” folklor ansamblını yaratmamışdan öncə tələbə yoldaşım Rəşid Nəsiboğlu ilə unudulmuş mahnılarımız, folklorumuzla bağlı söhbətlər edirdik. Kitabların birində qədim musiqi alətlərinin şəkillərini gördüm. Həmin şəkillərə baxıb çahartar, laxqutu, mizmarlar, kasalar kimi qədim alətləri bərpa etdik. Sonra bir çox xarici ölkəyə səyahət etdik. Gürcüstandan qanun, Özbəkistandan ney, yan tütəyi, Türkmənistandan qoşqar rübabı, tulum kimi qədim alətləri də əldə edə bildik. Təxminən 20 ədəd qədim aləti bərpa etdik. Alətlərin bərpasından sonra folklor ansamblını yaratmaq fikrinə düşdük. O vaxtlar bu alətlərdə çalmağı bacaran ifaçı yox idi. Məşqlərimiz Rəşidgilin evində olurdu. Konservatoriyanın tələbəsi ola-ola, həm də A.Zeynallı adına Musiqi Məktəbində dərs deyirdik. Çox götür-qoy etdikdən sonra respublikanın elmi mədəniyyət mərkəzlərinə, kitabxanalarına üz tutduq. Qədim musiqi alətləri və onların repertuarları barədə bir sıra məlumat toplaya bildik. “İrs” Folklor İnstitutuna Yaşar Qarayevin vaxtından gəlib. Biz bütün məqsədlərimizə, hədəflərimizə çata bildik. Rəşid rəhmətə gedəndən sonra ansamblı məhv olmağa qoymadım. Komandanı yenidən yığdım və neçə illərdir ki, öz işimizlə məşğuluq. Çətinliyimiz olsa da, idarə edirik. Ansambl mənim balamdır, ondan inciyə bilmərəm. Nə qədər çətin günlərimiz olsa da, heç vaxt onu tərk etmək barədə düşünməmişəm.

- “İrs”in Azərbaycan mədəniyyətinə verdiyi töhfələrlə bağlı nə deyərdiniz?

- Bu ansamblı yaradanda ölkədə belə bir qrup yox idi. Biz ilk olduq, bizdən sonra başqa ansambllar, qruplar yarandı, amma Azərbaycanda itib-batan folklor nümunələrini üzə çıxaran yeganə ansamblıq. Düzdür, bizdən başqa bir ansambl da var. Qədim Musiqi Alətləri Ansamblı. Onlar yalnız unudulmuş musiqi alətlərini təqdim edirlər. Folklordan isə bu ansamblda əsər-əlamət yoxdur. “İrs” Azərbaycan mədəniyyətinə çoxlu mahnılar qazandırdı: qədim musiqi alətlərini, mahnılarını, Azərbaycanda o vaxta qədər ifa olunmayan qədim muğamları üzə çıxartdı. Qədim mahnıların bərpası prosesi zamanı biz notları arxivlərdən tapırıq. Alimlərlə, folklorşünaslarla əməkdaşlıq edirik. Beləcə unudulmuş musiqilər bərpa olunur. Biz nəinki onları aşkarladıq, eyni zamanda onları ictimaiyyətə, sənət adamlarına sübut etməyə çalışdıq. Əlbəttə, bu heç də asan olmadı. Bir muğam vardı: “Nəva”. Bir neçə il əvvəl bu muğama Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirdik. Həmin unudulmuş muğamı gündəmə gətirdik. “Nəva”, “Çahargah”, “Şur”, “Bayatı-Şiraz” kimi bir muğamdır. Hələ yüz il bundan əvvəl ifa olunub, amma zamanla yaddan çıxıb. “Nəva” 8 hissədən ibarətdir. İndi o muğamlardan hərtərəfli istifadə edirlər, amma bizə, fəaliyyətimizə yaxşı baxmırlar. Hazırda “Yelpazə”, “Gəlinlər” mahnısı üzərində iş aparırıq. Ümumiyyətlə, isə son zamanlar repertuarımızda çox maraqlı mahnılara yer ayırmışıq. Bu yaxınlarda 200 qədim mahnı tapmışıq. İstəyirəm ki, qədim mahnıları nota yazaq, onları albom şəklində çıxardaq. Üstəlik, bir kitab da nəşr etmək istəyirik. Folklor İnstitutunun direktoru Muxtar İmanov bizə canla-başla yardımçı olur. O bizə dedi ki, mahnıları hazırlayın, biz əlimizdən gələni edəcəyik. Bizə burda bir otaq ayırıblar, məşqlərimizi o otaqda edirik.

- Ansamblın çıxışları üçün telekanallarda şərait yaradılırmı?

- Bu yaxınlarda Mədəniyyət kanalında çıxış etdik. Efirdən sonra bizə zənglər, təbriklər gəldi. Camaat elə bilirdi ki, “İrs” yeni yaranıb. Ondan sonra çoxlu sayda müğənni, xanəndə, musiqiçi bizə üzv oldu, bizimlə maraqlandı. Biz orada yeni aşkarladığımız 200 mahnının 70-ni ifa etdik, çox maraqla qarşılandı və qərara alındı ki, hər həftə həmin efirdə bizim konsertimiz təşkil olunsun. “İrs” Azərbaycana çox gözəl ifalar qazandırıb. Ülviyyə, Natəvan kimi ifaçılar çox güclü və istedadlı idilər. Təzəlikcə ansambla 7-8 gənc xanəndələr qoşulub. Onların arasında Şəfəq, Gülhanə, Ayşən, Eldənizin adlarını çəkə bilərəm. Onların hamısının gözəl, məlahətli səsləri var. Hazırda onlarla yeni mahnılar üzərində işləyirik və bu yaxınlarda efirlərdə onları görəcəksiniz. “İrs” telekanalların da biganəliyi ilə qarşılaşır. Biz işimizi əsasən “İctimai”, “AzTV”, “Mədəniyyət” kanalı ilə qururuq. Amma özəl kanallar bizi tamamilə unudub. Onların başı şou-biznesə qarışıb.

- Ansamblın əsasən hansı problemləri var?

-1992-ci ildən etibarən indiyə kimiİrsAzərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir. Zaman-zaman problemlər yaşasa da, yenə fəaliyyətini davam etdirən ansambl tezliklə konsert proqramı ilə tamaşaçıların görüşünə gələcək. Folklor İnstitutunun yeni rəhbəriİrs”ə xüsusi qayğısı ilə seçilir. İndiİrs”- in vəziyyəti müəyyən qədər yaxşılaşıb. Mədəniyyət Turizm Nazirliyinin diqqətini istərdik. Deyirlər ki, siz Azərbaycan Milli Elmlər Akademiyasına tabesiniz. Bizim AMEA ilə heç bir əlaqəmiz yoxdur. Nazirliyə qədər müraciətlər etmişik. İrs”in bütün işi, fəaliyyəti mədəniyyətlə bağlıdır. Hamı da bilir ki, mədəniyyət sahəsinə ölkəmizdə Mədəniyyət Turizm Nazirliyi baxır. Hazırda Folklor İnstitutunun yaratdığı şəraitdən razıyıq. Bu gün ansamblın 7 nəfər üzvü var. Amma öz həvəsləri, istəkləri ilə ansamblımıza gələnlər çoxdur. Onlar təmənnasız sıralarımıza qoşulurlar, bizimlə çiyin-çiyinə mahnılarımızı tapır, araşdırır, yaşadırıq. Ştatda mən digər 4 nəfər var. Bir neçə il əvvəl bəzi ixtisarlarla üzləşdik. Amma ayrılan dostlarımız indi bizimlə bərabərdirlər. 37 ildəİrs”ə çoxlu sayda musiqiçi üzv olub. Hətta sizə deyim ki, say etibarı ilə bu rəqəm 2000-3000 musiqiçiyə çatır. Amma sonradan hamısı bizi tərk edib. Getmələrinin əsas səbəbi qayğısızlıqdır. Onların hamısı işləmək istəyir, işlədiyinin müqabilində yaxşı məvacib almaq istəyir. Onu görməyəndə tərk edirlər. Ansambl yarananda 35 yaşım vardı. Xoşbəxtəm ki, milli folklorumuzu təbliğ edənİrs”ə ömrümün yarısını həsr etmişəm.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-28 mart.-S.11.