“Axı mən aktyoram...” 

 

“Sən kimlər üçün isə dünyadan birisən, kimin üçün isə dünyanın özüsən. İki-üç nəfər üçün dünyanın özü olmaq, məncə, dünyalara dəyər...”

“Dünya bir səhnədir. İnsanlar da aktyor” deyib filosof. Lakin mən düşünürəm ki, teatr bir həyatdır. Dünyanın görünən və görünməyən üzünü insanlara çatdıran bir aynadır. Bu aynanın sahibi rejissor, əks etdirəni isə aktyordur. İnsan hansı mövzuda düşünürsə, onu ifadə etməyi çox çətin olur. Hansı peşənin sahibi olursan, ol. Amma aktyorluğu peşə kimi seçmisənsə, əlbəttə ki, bütün insanlığın aynası olmaq məcburiyyətindəsən.

Bu mövzu ətrafında gənc bir aktyorla həmsöhbət oldum. Gəncliyinin ən gözəl çağında yaradıcılıqla məşğul olan aktyor Səfa Mehdi müasir dünya, bugünkü gənclik, sənətinin uğurları haqqındakı fikirlərini mənimlə bölüşdü.

Gənc aktyor haqqında qısaca məlumat vermək istərdim. Belə ki, Səfa Mehdi 1989-cu il 22 iyulda Bakı şəhərində anadan olub. Orta təhsilini 201 saylı orta məktəbdə aldıqdan sonra 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsinə qəbul olub. Daha sonra ixtisasını Estrada aktyorluğu fakültəsində davam etdirib. Universiteti bitirdikdən sonra 2011-ci ildə Bakı Estrada Teatrında çalışıb və Regional Televiziyasında “İntellektual” verilişinin aparıcısı olub. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. “Muradına çatan Günəş” adlı serialda və bir bədii filmdə çəkilib. Hal-hazırda Qarabağa aid tarixi serialda çəkilir. Səfa Mehdi aktyorluqla yanaşı, “İt”, “Oyuncaq”, “Gəl yataq”, “Dilənçi”, “Get evə” , “Bakı palçığı”, “Fleyta” kimi bir neçə şeirlərini qələmə alıb.

 

Səfa Mehdi ilə müsahibəni təqdim edirik...

 

- Şeir yazarkən daha çox hansı mövzuya üstünlük verirsiniz? Fəlsəfi, yoxsa romantik? Axı şairlər bir neçə mövzuda yazırlar...

- Bir var baş verənlər, bir də var baş verənlərə mənim münasibətim. Mən gördüyüm hadisələrlə bağlı olan düşüncələrimi qələmə alıram. Şeirlərimi tənqiddən çəkinmədən yazıram. Ola bilər ki, kimsə mənim yazdığım şeirə bir başqa münasibət bildirər. Lakin mən düşündüyümü qələmə alıram. Bu mənim öz fikrimdir (Söhbət əsnasında gənc yazar qələmə aldığı “İt” şeirindən bir neçə misra söylədi).

 

Bir itə soyuqdur donur küçədə

İsinməyə yer axtarır, qanı it qanı

Mənsə isti yerimdə uzanmışam,

Amma istilik hanı?

Buzlar var ürəyimdə.

Bu ürəyi bir insan sevərmi, bilmirəm…

Bəlkə küçədəki donmuş it isinəndə

Bu ürəyimdəki qalın buzlar da əriyər.

Donmağa alışmış it qıza çevriləndə

Bəlkə bu oğlan elə o qızı sevər.

 

- Təbiətdən ilham alırsınız, yoxsa gözəllikdən?

- Hər şey hadisələrdən doğur. Yaşadığım hadisə mənə çox təsir edəndə həmin hadisəni qələmə alıram. “Oyuncaq” şeirini bəlkə də öz uşaqlığıma həsr etmişəm. Bəlkə də uşaqlığımın bir az çətin keçməsilə əlaqələndirmişəm.

 

Oynama oyuncaqlarla,

Böyüyəndə hamı sənlə oynayır.

O oyuncaq ayının qulağını

qopartdığın kimi.

Sənin də qulağını insanlar dartır.

Böyümüşəm artıq, amma

bir oyuncağım hələ də qalır.

O da mənimlə bir böyüyüb

həmin oyuncaq şeir yazır…

 

- İnsanın yaşadığı mühit onu dəyişdirə bilərmi?

- Elə insanlar var ki, mühit onları dəyişdirir. Amma elə insanlar var ki, onlar mühiti dəyişir.

- Bəs siz özünüzü hansı tərəfdə görürsünüz?

- Əgər mən yaşadığım mühitə uyğunlaşa bilmirəmsə, o mühitdən uzaqlaşmağı bacarıram. Bunu özümçün faciə hesab etmirəm. Çünki heç kim mənimlə uyğunlaşmağa məcbur deyil, eləcə də mən. Hər kəsin öz həyatı var. Hər kəs öz istədiyi kimi yaşaya bilər. Bir məsəl də var ki, “sən kimlər üçün isə dünyadan birisən, kimin üçün isə dünyanın özüsən”. İki-üç nəfər üçün dünyanın özü olmaq, məncə, dünyalara dəyər.

- Yaşadığınız mühitdə sevmədiyiniz hər hansı bir insanın xasiyyətini rolunuzda ifa edə bilərsinizmi?

- Ümumiyyətlə, hər şey məşq prosesindən asılıdır. Bir az əziyyət çəkib çalışdıqdan sonra, məncə, hər şey alınar. Axı mən aktyoram...

- Sizcə, rejissorun işi çətindir, yoxsa aktyorun?

- Hər işin öz çətinliyi var. Hər kəsin öz həqiqəti var. Bunu deyə bilmərəm. Amma məncə, aktyorlar çox çətinlik çəkir.

- Filmlərimizdə hər hansı bir qüsur görürsünüzmü?

- Məncə, hər şey zamanla düzələcək. Artıq filmlərimiz üçün vəsait ayrılıb. Sadəcə onu işlətməyi bacarmaq lazımdır.

- Gələcəkdə tanınmış aktyor, Xalq artisti olsanız, filmlərimizdə nəyi dəyişdirərsiniz?

- Rejissor olsam, dəyişdirərəm. Aktyor olsam, çalışaram ki, mənfi xüsusiyyətlərimi dəyişim.

- Kino sahəsində hansı irəliləyişləri görmək istəyirsiniz?

- Görmək istədiyim çox şey var. Ən əsası münasibətdir. Çünki münasibət olmayan yerdə heç bir işdən söhbət gedə bilməz.

- Bir gənc aktyor kimi daha çox hansı rolları ifa etmək istərdiniz? Müasir dövrün gəncini, yoxsa tarixi qəhrəmanları?

- Mən bir az klassikaya üstünlük verirəm. Məsələn, Şekspirin “Romeo və Cülyetta” əsərində Romeonu oynamaq istərdim. Bəlkə də mənim ruhuma bir az yaxın insan olduğu üçün.

- Tarixi rolları ifa edə bilməzsiniz?

- Yenə deyirəm, mümkündür. Sadəcə mən klassikaya üstünlük verirəm. Təbii ki, indi “Romeo və Cülyetta” çəkməyəcəkələr. Mən onu ancaq teatrda oynaya bilərəm. Bu bizim repertuarımızda var. Mən universiteti bitirib gələndə artıq tamaşa hazır idi və mənə döyüşçü rolunu verdilər. Amma istəyə qalsa, bir gün istək də dəyişir. İndi istədiyimi bir ildən sonra istəməyə bilərəm. Mənə elə gəlir ki, biz inkişaf etdikcə istəklərimiz də dəyişir.

- Ali təhsilli bir gənc kimi indiki gənclərimizdə nəyi görürsünüz? Sizcə, sizin kimi ali təhsilli gənclər çoxdur, yoxsa təhsilə marağı olmayan gənclər? Bir sözlə cəmiyyətimizdəki gənclərə münasibətiniz.

- Mənə elə gəlir ki, bugünkü gənclərimizdə göstərməçilik var. Yəni ki, o, özü üçün yox, başqaları üçün yaşayır. Məncə, problem bundadır. Hamı kiməsə görə yaşayır.

- Bəs yaradıcı insan kimi ahıl yaşlı insanlarla hər hansı bir mövzunu müzakirə etmək sizə maraqlı olar, yoxsa təhsilli gənclərlə?

- Bu da bir az mübahisəli mövzudur. Mənə elə gəlir ki, təcrübə təhsildən üstündür.Yaşlı insanın təcrübəsi oxuduğum romanlardan üstündür. Çünki mən oxuduqlarımı özüm kimi görürəm. Yazıçı yazıb, amma mən ona öz gözümlə baxıram. Yaşlı insan isə bu təcrübəni keçib. Təbii ki, onun dedikləri daha doğru olacaq. Nəinki mənim fikirləşdiklərim. Məncə, təhsilli gənclər lazımdır, amma yaşlı nəslə də ehtiyac var.

- Bir gənc kimi sizin gənclərə sözünüz...

- Nə etməyin lazım olduğunu onlar yaxşı bilirlər. Mən nə desəm də, hərə öz düşüncəsi ilə fikirləşəcək. Bəlkə də onlara təcrübə lazımdır. Sadəcə məsləhət görərdim ki, mütaliə etsinlər. O, insanı formalaşdırır. Çünki oxuduqları insana kömək edir. Gün gələcək, bir insanla qarşılaşacaqsan, bunları onunla bölüşəcəksən və o, səni başa düşəcək. Belə insanlar az da olsa, var. Məncə, onlara görə yaşamağa dəyər. Məsələn, yazdığım “İt” və “Oyuncaq” şeirlərini kimsə tənqid edə bilər. Amma hardasa bir insan var ki, bunu başa düşəcək. “Fleyta” şeirini təsirləndiyim üçün yazmışam. Bu şeirimdə kral və kraliça rolunu oynayan iki aktyorun səhnə arxasındakı söhbətini yazmışam. Burada mən özümü şahzadəyə bənzətdim. Axı niyə şahzadə kral və kraliçanın söhbətini eşitməsin? Mən onlara yaxınlaşdım. Söhbət əsnasında kral və kraliça şəxsi həyatlarındakı çətinliklərdən danışır. Nəhayət, səhnəyə çıxmaq vaxtı gəlib çatdı. Saraydakı hər kəs-saray əhli, təlxəklər onlara baş əyib təzim edir. Kral və kraliça çox xoşbəxt görünürdülər. O gün orada hamı xoşbəxt idi. Bircə şahzadədən başqa. Çünki şahzadə bu acı həqiqəti dərk edirdi. İnsan nə qədər kral obrazını oynasa da, real həyatda hər şey tamam başqadır.

Bir millətin gəncləri varsa, onların müdrik və ən əsası yüksək səviyyədə dünyagörüşünün olması əsas məsələdir. Çünki bir xalqın gələcəyi onun gənclərindən asılıdır. Odlar diyarı olan Azərbaycanın da Səfa Mehdi kimi gənclərinin olması, “nurlu sabahlar”ımızın daim olacağına inam yaradır.

 

 

Xəyalə Günəş

 

Palitra.-2013.-28 mart.-S.13.