27 dövlət teatrında 700-dək aktyor çalışır 

 

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Milli teatrının tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir. Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi var. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır. Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezidentin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” bu gün uğurla həyata keçirilir.

Dövlət Proqramı çərçivəsində 2012-ci ilin sonlarında “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı II Bakı Beynəlxalq teatr konfransının keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilməlidir. Konfransda dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak ediblər. Bu tədbirin nəticəsi olaraq Azərbaycanın müxtəlif teatr institutları ilə əməkdaşlığı daha da genişlənib. Bütün bunlar qabaqcıl təcrübələrdən səmərəli istifadə etmək üçün böyük zəmin yaradıb. Məhz bu istiqamətdə işlərin davamı olaraq cari ildə paytaxtımızda gənc tamaşaçılar və kukla teatrlarının festivallarının keçirilməsi nəzərdə tutulub.

Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir AğdamFüzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomim Teatrı binasının bir hissəsi bərpa edilərək tamaşaçıların və teatrsevərlərin ixtiyarına verilib.

Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova, Serbiyada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.

 

 

GÜNAY

 

Palitra.-2013.-28 mart.-S.15.