“Almaniyada erməni lobbisi çox zəifdir”
Müsahibimiz
Naibə Hacıyeva 1967-ci ildə Naxçıvan Muxtar
Respublikasının Babək rayonunda anadan olub. Hazırda
Almaniyanın Bonn şəhərində yaşayır və
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. İki
övladı-22 yaşında Gülnar adlı bir qızı
və 18 yaşında İxtiyar adlı bir oğlu var. Naibə
xanım tək deyil, övladları ilə birlikdə diaspor fəaliyyəti
ilə aktiv məşğuldur.
- Naibə xanım, nə vaxtdan
Almaniyada yaşayırsınız?
- Mən 1990-cı ildə ailə quraraq Almaniyaya gəldim. Almaniyaya gəldiyim dövrdə almanlar, ümumiyyətlə, avropalılar Azərbaycanı yaxşı tanımırdılar. Məndən hansı dövlətdən gəldiyimi soruşanda “Mən azərbaycanlıyam” dediyim zaman təəccüblə üzümə baxıb “Azərbaycan haradadır?” deyə soruşurdular. Bu, mənə o zamanlar çox pis təsir bağışlayırdı. Mənim o zamanlar ən böyük arzum Almaniyada bir restoran açıb Azərbaycanın keçmişini, bu gününü, mədəniyyətini, ümumiyyətlə, Azərbaycanı Avropa dövlətlərinə, Almaniyada yaşayan başqa dövlətlərin nümayəndələrinə tanıtmaq idi. Mən bu arzuma 2008-ci ildə çatdım. Almaniyanın keçmiş paytaxtı olan Bonn şəhərində bir restoran açdım və adını da “Bakı” restoranı qoydum. “Bakı” restoranında Azərbaycan gecələri, Novruz bayramı, Xocalı soyqırımına aid yığıncaqlar və s. keçirdim. Öz ləziz mətbəximizi, mədəniyətimizi geniş şəkildə tanıtmağa çalışdım. Azərbaycanlılarımızı Almaniyada tez-tez bir araya toplayıb öz adət-ənənələrimizi unutmamağa çalışıram.
- Alman-Azərbaycan
Dostluq Cəmiyyəti nə vaxt yaradılıb və əsas fəaliyyət
istiqamətləri hansılardır?
- Mən 2011-ci ildə Alman-Azərbaycan Dostluq Cəmiyyətini yaratdım. Mənim əsas məqsədim bu təşkilat vasitəsilə almanlarla dostluğumuzu daha da möhkəmləndirmək, həmçinin adət-ənənələrimizi almanlara daha da yaxından tanıtmaqdır. Almanlara nəinki bizim yeməkləri, hətta milli rəqslərimizi, öz ana dilimizi belə öyrədirəm. Bununla bərabər, Azərbaycan haqqında məlumatlar verirəm. Dağlıq Qarabağ münaqişəsi, Xocalı hadisələri haqqında tez-tez söhbətlər edilir. Almanlar bizim musiqilərimizə çox həvəslə qulaq asırlar. Hər dəfə toplantılarımızda məndən sonrakı toplantının nə zaman olacağını həvəslə soruşurlar.
- Azərbaycanın
əlamətdar günləri ilə bağlı tədbirlər
keçirirsinizmi?
- Demək olar ki, Azərbaycanın bütün əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk. Bu tədbirlərlərdə azərbaycanlıları bir arada görmək mənə böyük bir zövq verir. Sonuncu tədbirimiz 22.03.2013-cü ildə Bonn şəhərində Novruz bayramı şənliyimiz oldu. Bu əziz bayramımızı Azərbaycanı almanlara daha da yaxından tanıtmaq üçün çox yüksək səviyyəli bir alman restoranında təşkil etdim. Çox yüksək səviyyədə keçirdik. Mən bayram şənliyini açaraq hamını təbrik etdim. Stolların üstündə bol-bol yemək, içmək, paxlava, şəkərbura, səməni, bir sözlə, hər şey var idi. Soydaşlarımız Almaniyanın hər tərəfindən, oğullu-qızlı, nəvəli-nəticəli gəlmişdilər. Qonaqların içində almanlar da var idi. Almaniyada yaradılan “Bakı ansamblı” öz musiqiləri ilə hamımızı heyran etdi.
Onu da deyim ki, Avropanın hər yerində Novruz şənliyi qeyd olundu. Eyni zamanda Almaniyanın digər şəhərlərində fəaliyyət göstərən milli dərnəklərimiz də möhtəşəm bayram şənlikləri hazırlamışdılar. Almaniyada yaşayan azərbaycanlılar bir axşamlıq da olsa, Azərbaycan gecəsi yaşadılar.
- Almaniyadakı milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verir?
- Almaniyada müxtəlif Azərbaycan dərnəkləri var. Amma hamısının məqsədi eynidir-Azərbaycan həqiqətlərini burada tanıtmaq və Almaniya cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq.
- Son
zamanlar xaricdəki bir
qrup soydaşımız antidövlət təbliğatı
aparır. Belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məncə, onların sayı elə də çox deyil və bu, heç zaman Azərbaycanın imicinə xələl gətirə bilməz. Yeri gəlmişkən, bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində diaspor nümayəndələrinin müşavirəsi keçirildi. Həmin tədbirdə Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı qəbul olunub. Bəyanatda Azərbaycanın daxili siysətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunub. Sənəddə qeyd olunduğu kimi, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna inanır.
- Azərbaycan diasporu yaşadıqları ölkələrin
siyasi-ictimai mərkəzlərinə təsir
imkanları olsun deyə hansı tədbirlər
görməlidir?
- Diaspor işlərində istedadlı, vətənpərvər gənclərimizdən çox istifadə etməliyik. Avropada təhsil alan, işləyən Azərbaycanın istedadlı gənclərinin sayı ildən-ilə çoxalır. Bu, çox müsbət haldır. Bizim gənclər çalışdıqları və təhsil aldıqları xarici ölkələrdə daim Azərbaycanın təbliğatını genişləndirməlidirlər. Mümkün qədər ölkənin "think-tank" (beyin mərkəzlərində) tədqiqat aparan universitetlərində çalışmalıdırlar. Bu da həmin ölkələrdə gələcəkdə bu gənclərin söz sahibi olmasına gətirəcək və Azərbaycan naminə təbliğat işlərində böyük kömək olacaq.
- Erməni
lobbisinə qarşı mübarizədə çətinliklərlə
qarşılaşırsınızmı?
- Almaniyada erməni lobbisi çox zəifdir və onların bizim fəaliyyətimizə heç bir təsiri yoxdur. Almaniyada türk və Azərbaycan birliyi daha möhkəmdir.
- Sizin
“Bakı” restoranının fəaliyyəti indi
necədir? Soydaşlarımızı bir
yerə yığmaq baxımından da bu restoranın hər hansı rolu
olubmu?
- Restoran açılan gündən ilk məqsəd Almaniyada yaşayan azərbaycanlıları birləşdirmək olub. Diasporumuz genişləndikcə artıq hazırkı restoranımız bir az darlıq edir. Ona görə bu yaxınlarda daha böyük bir yerdə “Bakı” restoranı açmağı düşünürük. Bizim üçün azərbaycanlıların bir araya gəlməsi çox sevindirici haldır. Hər dəfə burda yeni azərbaycanlı gördükdə çox sevinirik və qərib diyarda yalnız olmadığımızı hiss edirik. Belə bir tədbirin təşkilatçısı olmaq bizim üçün şərəfdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam.
- Perspektivdə
hansı layihələri həyata keçirməyi düşünürsünüz?
- Mən yayda Bonn şəhərinin mərkəzində öz Vətənimi başqa
millətlərə daha da
yaxından tanıtmaq üçün böyük bir sərgi açacam. Milli yeməklərimizi
burada tanıtdıracam. Milli
paltarda olacağıq. Hər tərəfdə
Azərbaycanla bağlı plakatlar
asılacaq.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-29 mart.-S.7.