“Qanlı sənələr” 

 

M.S.Ordubadinin xatirə muzeyində 31 mart 1918-ci il azərbaycanlıların kütləvi soyqırımı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə görkəmli incəsənət xadimləri, mədəniyyət işçiləri iştirak edirdilər. Tədbirə dəvət olunan qonaqlar arasında M. S. Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Qafar Sarıvəlli, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, həmin muzeyin kiçik elmi işçisi Gülçöhrə Rəhimova, şairə Zərəngiz Qayalı, muzeyin baş fond mühavizəçisi Rasimə Əhmədova və muzeyin bələdçiləri iştirak edirdilər.

Tədbirin aparıcısı muzeyin elmi işçisi İradə Vəliyeva gələn qonaqları salamlayaraq 31 mart azərbaycanlıların kütləvi soyqırımı haqqında fikirlərini bildirdi. O günün tariximizə qanlı hərflərlə yazıldığını vurğuladı. O cümlədən M. S. Ordubadinin qələmə aldığı “Qanlı sənələr” əsərində Qafqazda baş verən 1905-1907-ci illər erməni-müsəlman davasını aydınlıqla əks etdirdiyini bildirdi. Ədibin əsəri yazmaq üçün 2 il çalışdığını da qeyd etdi.

Muzeyin direktoru Lalə xanım “31 mart -1918-ci ildən Azərbaycana qarşı törədilən soyqırımı” haqqında məruzə ilə çıxış etdi. Sonra İradə xanım muzeyin əməkdaşı Nərmin Baxşıyevaya söz verdi. Nərmin xanım “1918-1920-ci il hadisələri. Mart soyqırımı” adlı məruzə ilə çıxış etdi. Məruzədə Nərmin xanım bildirdi ki, ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiklərindən zorla qovulub.

Muzeyin bələdçisi Laçın Mehdiyeva “M. S. Ordubadinin “Qanlı sənələr” əsərinin təhlili” mövzusunda çıxış etdi. Laçın xanım məruzəsində dedi ki, M. S. Ordubadinin bu əsəri yazarkən məqsədi ermənilərin xam xəyallarına qurban olduqlarını onlara bildirmək olub. Məruzədə o da qeyd olundu ki, ədib əsərdə baş vermiş hadisələrin 4 səbəbi olduğunu bildirir və isbat edir. I səbəb erməni “Daşnaksutyun” komitəsinin törətdiyi qanlı terrorlardır. II səbəb məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığıdır. III səbəb kimi ədib müsəlmanların elmsizliyini göstərir. IV səbəb ermənilərin avtonomiya-idarə muxtariyyəti həvəsində olmaları idi. Çünki ermənilərin hər ay London, Paris, Amerikaya getmələri buna sübut idi.

Daha sonra rəssam Qafar Sarıvəlliyə, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayevaya və şairə Zərəngiz Qayalıya söz verildi. Qonaqların nitqlərindən sonra tədbir yekunlaşdı.

 

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-29 mart.-S.7.