“Təhsil sistemimizdə milli-mənəvi
amillər metodikanın tərkib hissəsinə çevrilməlidir”
Anar Turan: “Məktəbəqədər
tərbiyə müəssisələri, orta
ümumtəhsil məktəbləri, ali təhsil
ocaqlarında mənəvi dəyərlər barədə yeni dərs proqramları
hazırlanmalıdır”
Milli-mənəvi
dəyərlərin qorunması və yaşadılması
xalqın tarixi yaddaşının və ümumi
inkişafının təmin olunması baxımından
mühüm əhəmiyyət kəsb edir. Lakin bu iş
sistemli və elmi səviyyədə təşkil edilməlidir.
Bu baxımdan da ilk növbədə milli-mənəvi dəyərlərin
tədrisi və təbliği işi təhsildən
başlamalıdır. Bu mövzuda "Oğuz" Müstəqil
Araşdırmaçılar Qrupunun təsisçisi və
İdarə Heyətinin üzvü, AMEA-nın Tarix
İnstitutunun dissertantı Anar Turanla söhbətləşdik.
-Milli-mənəvi amillər təhsil
sistemimizdə nə dərəcədə nəzərə
alınıb?
- Müstəqillik əldə olunandan bəri bir çox sahələrdə olduğu kimi təhsil sahəmizdə də müəyyən islahatlar aparılıb. Latın qrafikasına keçid, yeni çap üsulu ilə kitabların buraxılması, xüsusilə Avropa-Amerika təhsil sisteminə uyğun tədris proqramlarının təşkili, tarix, coğrafiya, ədəbiyyat, iqtisadiyyat və digər fənlərin proqramlarının nisbətən milliləşdirilməsi və başqa amillər islahatların başlanğıc uğurları kimi qiymətləndirilməlidir. Çünki təhsil sistemi dövlət quruculuğu, dövlətçiliyin qorunması və inkişafı, ölkəyə layiqli kadrların yetişdirilməsi baxımından əvəzsiz bir sahə olduğundan hər zaman diqqətdə saxlanılmalıdır. Bu baxımdan onu deyə bilərik ki, təhsil sistemimizdə, ilk növbədə, milli-mənəvi amillər nəzərə alınmalı və metodikanın tərkib hissəsinə çevrilməlidir.
Azərbaycan türk dövlətləri və islam ölkələri sırasına aid olduğu üçün ölkənin milli ideologiyasında bu amillər nəzərə alınıb. Hələ 1918-1920-ci illərdə mövcud olmuş AXC hökuməti dövründə demokratik idarəetmə üsulu nəzərə alınmaqla yanaşı, ölkənin əsas milli və dini mənsubiyyəti bayrağımızda öz əksini tapmışdı. Azərbaycanın üçrəngli bayrağının rəmzi mənaları buna əyani sübutdur. Türklük, İslam ideyalarının bayrağımızda, gerbimizdə və milli ideologiyamızda öz əksini tapması ovaxtkı hökumətin xalqımızın milli və mənəvi ruhuna hörmətlə yanaşmasının göstəricisidir. Qəribəlik ondadır ki, müasir Azərbaycanın dövlətçilik ideologiyasında bu həssas nöqtələr öz əksini tapsa da, dövlət səviyyəsində milli və mənəvi dəyərlərə hörmət və ehtiram göstərilsə də, bu məsələlərə yanaşmada vahid konsepsiyanın olmaması bir çox problemlər yaradır. Məlum olduğu kimi, Sovetlər Birliyi xalqların azadlığını qəsb edərək yarandı və onun ömrü cəmi 70 ildən çox çəkmədi. Bəzən bu imperiyanın süqutunu onun əsas ideologiyası olan sosializmin dayaqlarının düz qurulmaması, rüşvətxorluq və zorakılığın olması kimi qiymətləndirirlər. Düzdür, bu amillər də həqiqət olduğu üçün təsirsiz ötüşməyib. Lakin yaddan çıxarmaq olmaz ki, bu dövlətin dağılmasının əsas səbəbi onun milliliyə və mənəviyyata qarşı apardığı repressiya və terror olub. Tərkibində saxladığı xalqların milli-mənəvi ruhuna qarşı açıq terror törədən sovet rejimi unutdu ki, zorla-güclə hər hansı bir xalqın milli və dini ənənələrini onun yaddaşından çıxarmaq olmaz. Çünki bu adətlər artıq minillərdir ki, insanların alt şüurunda özünə kök salıb. Milli bayramları, dini ayin və mərasimləri qadağan edən rejim xalqların ziyalılarını sürgünə göndərdi, məscidlərin, mədrəsələrin fəaliyyətini qadağan etdi, müqəddəs məbədləri uçurdu. Ateist təbliğat maşını nə qədər güclü maliyyə və güc resurslarına malik olsa da, xalqların qəlbindən milli və dini dünyagörüşünü çıxarıb ata bilmədi. Çünki ateizm ideologiyasının insanlar arasında kökü yox idi. Hər bir ideologiya hansısa mənbəyə söykənməyə məhkumdur. Gərək ki, mənbə etibarlı və xalqın düşüncəsinə uyğun olsun. Sovet ideologiyasında məhz bu tipli istinadgahların olmaması onların içəridən parçalanıb tezliklə dağılmasına səbəb oldu.
- Bugünkü
təhsil proqramları gəncləri milli-mənəvi
düşüncə ilə təmin edə bilirmi?
- Hazırda milli dövlətçilik institutlarımız fəaliyyət göstərir və bu sahədə ölkəmizə perspektivli kadrlar yetişdirməklə məşğuldurlar. Lakin hamımıza məlumdur ki, milli-mənəvi dəyərlər mövzusu həssaslığı ilə seçilir. Bir vətəndaşımız gözəl idarəçilik bacarığı, təşkilatçılıq qabiliyyəti, yüksək ali təhsilə malik ola bilər, lakin bu, o demək deyil ki, o, xalqın ruhunu, onun istədiklərini və dəyərlərə nə dərəcədə bağlılığını qiymətləndirə, üstəlik özü də bu ideallara sayğı duya bilər. Ola bilsin, onun bacarığı ölkəyə xeyir gətirsə də, milli-mənəvi düşüncə boşluğunun olması ziyansız ötüşməsin. Bu, problem olaraq hal-hazırda respublikamızda həll olunması vacib olan məsələlərdəndir. Təhsil sistemində olan irəliləyişlər, modernləşmə hamımızı sevindirsə də, ideoloji işin aparılmasında olan gecikmələr əleyhimizə işləyir. Ölkə əhalisinin əksər hissəsinin gənclər olması və onların bu barədə məlumatı yalnız ailə şəraitində almaları onlara sözün həqiqi mənasında azlıq edir. Çünki ailə və cəmiyyətdən aldığımız dəyərlərə hörmət nə qədər ehtiram tələb etsə də, onları yetərincə bilməməyimiz, dərsliklərdə və ya müstəqil proqram şəklində bu barədə təlimatların olmaması dəyərləri qorumağı çətinləşdirir. Bəzi gənclərimiz və orta yaş təbəqəsinin insanları bu təsirlərə uyaraq çərçivədən çıxmaqla ya başqa ideoloji təsirlərə düşür, ya da ki ümumiyyətlə, manqurtlaşaraq cəmiyyətə faydasız şəxsə, yaxud cinayətkara çevrilir. Bu da istənilən parametrlərdən Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə zidd olan amildir.
Bu gün Avropa ölkələri, Yaponiya, Çin, Malayziya kimi inkişaf etmiş Şərq ölkələrinin əsas üstünlüklərindən biri də müasir və tarixi dəyərlərin birgə şəkildə cəmiyyətdə tətbiqidir. Avropa ölkələrində əxlaqi baxımdan tənqidi nöqtələr çox olsa da, onların öz milli dəyərlərini qorumağa çalışması, eyni zamanda kilsənin əksər avropalının düşüncəsində xüsusi yerinin olduğunu danmaq olmaz. Onlar hətta bəzən müsəlmanlardan daha çox öz milli və dini ənənələrinin təəssübünü çəkirlər. Bu sahədə Yaponiya bütün ölkələri qabaqlayıb. Müasir elmi-texniki inkişafın üstünlüklərindən yararlanmaq, cəmiyyəti əxlaq və vicdan anlayışları çərçivəsində saxlamaq Yaponiya və Malayziya kimi ölkələrin baş devizlərindəndir. Qardaş Türkiyənin milli-mənəvi dəyərlərə yüksək səviyyədə yanaşması da hamımıza yaxşı məlumdur. Dünyəvi dövlət olmasına baxmayaraq, Türkiyə cəmiyyətinin əxlaqa və milliliyə yanaşması hər halda bir çox ölkələri geridə qoyur. Türkiyədə milli dəyərlərə söykənən, mənəvi dəyərləri təbliğ edən mətbuat və telekanallar mövcuddur. Türkiyədə milli sahədə Türk Ocaqları, İmam Xətib məktəbləri, mədrəsələr, ilahiyyatla bağlı fakültələr fəaliyyət göstərir. İran İslam Respublikası da müsəlman ölkələri arasında elmə üstünlük verən dövlətlər sırasındadır. Bu ölkədə İslam qayda-qanunlarının qüvvədə olması ilə yanaşı, elmi-texniki üstünlüklərə sürətlə inteqrasiya hiss edilməkdədir. Misir və Suriyanı da bu sıraya aid etmək olar.
- Milli
və mənəvi dəyərlərin təbliğinin cəmiyyətimiz
üçün hansı faydası var?
- Dövlətçilik, milli maraqlar və suveren hüquqların qorunması kontekstində səmimiyyətin olması üçün milliliyin və mənəvi dəyərlərin təbliğ olunması cəmiyyətimiz üçün ən yaxşı sığortadır. Belə olduqda yad ideologiya daşıyıcılarının təsiri faydasız olacaq. Əvəzində isə vətəndaş birliyimiz, xüsusilə milli birliyimizin qorunması daha etibarlı əllərdə olar. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransda və Qafqaz müsəlmanlarının X qurultayında söylədiyi nitqdə qeyd edirdi: “İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslam dininin bəşər mədəniyyətinə verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz İslam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə, dünyada sülhün, əmin-amanlığın yaranmasına həmişə xidmət etmişdir...”. Göründüyü kimi dünya şöhrətli siyasi liderimizin mənəviyyatımızın əsas mənbəyi olan İslam dini barədə yüksək fikirləri və mənəvi dəyərlərin təbliğində İslamın rolunu uca qiymətləndirməsi bugünkü gənclik üçün örnək olmalıdır. Mənəviyyat məsələsi elə bir sahədir ki, hər zaman cəmiyyətdən diqqət və qayğı tələb edir. Əgər cəmiyyətin mənəvi dəyərlərə sevgisini onun tarixi formalaşdırırsa, bu dəyərlərin inkişaf etdirilməsi, cəmiyyətin bütün fərdlərinin bu dəyərlərə sadiq qalmasını və onlara bağlılığı dövlət formalaşdırır. Bu baxımdan dövlət və hökumət strukturlarının mənəvi dəyərlərə ehtiramla yanaşması və onların təbliğ olunmasına dəstək verməsi olduqca vacib və əhəmiyyətlidir.
- Təhsilimizdə
milli-mənəvi dəyərlərin tədrisi hansı üsullarla aparılmalıdır?
- Azərbaycanda mənəvi dəyərlərin
təbliği işinin qeyri-dini
təhsil müəssisələrindən
başlanılması işinə tezliklə start
verilməlidir. Məktəbəqədər tərbiyə
müəssisələri, orta ümumtəhsil
məktəbləri, ali təhsil
ocaqlarında mənəvi dəyərlər barədə yeni dərs proqramları açılmalı, bu mövzuda “Dinlərin tarixi”, “İslam əxlaqı”,
“Mənəviyyat” və s. dərslər
keçirilməli, bu barədə
alimlərin və din xadimlərinin rəyi
ilə dərslik kitabları çap edilib orta məktəblərə
paylanılmalıdır. Bu dərsliklərin
müxtəlif təhsil pillələrində
qavranılmasının mümkünlüyü
nəzərə alınmalıdır. Uşaq
bağçaları üçün ibtidai dini biliklər,
Peyğəmbərimizin (s.ə.s) və alimlərimizin həyatlarından,
söhbətlərdən nümunələr gətirmək, orta məktəblərdə konkret
olaraq “Dinlərin tarixi”
və “İslam əxlaqı” barədə
dinimizdə seçilmiş müddəalara
əsaslanan biliklərin verilməsi prosesi
həyata keçirilməlidir. Bu barədə
hətta pedaqoqların özləri də maairiflənməlidirlər.
Çünki əksəriyyəti sovet dövrünün
yetirməsi olan müəllimlərimizin
müəyyən bir hissəsi ilkin dini biliklər barədə
belə məlumatsızdırlar. Ali təhsil
ocaqlarında da həmçinin mənəviyyatla
bağlı kurslar təşkil edilməli
və ya bu barədə
dərs saatları ayrılmalıdır. Tələbələrin
əxlaqi keyfiyyətlərinin artırılması, öz milli və dini mənsubiyyətlərinə sadiq qalmaları baxımından bu prosesin həyata
keçirilməsi son dərəcə gərəklidir.
Onlarda vətən,
millət, bayraq, gerb, himn, din, dil,
dövlətçilik kimi müqəddəs
anlayışlara yüksək ehtiram yaratmaq, onların tarixi, məzmunu
və mahiyyəti barədə açıqcalar, broşurlar, kitabçalar
hazırlamaq və tədrisdə geniş
istifadə etmək lazımdır. Tələbələr,
İslam dininin özəl
xüsusiyyətləri ilə yanaşı, ayrıca olaraq digər dünya dinləri
və dini-fəlsəfi cərəyanları, onların ideya və aspektləri, məqsədləri
barədə məlumatlandırılmalıdır. Tələbələrin
yad təsir altına düşməmələri
üçün istər milli,
istərsə də dini təəssübkeşliyi
qismən artırmaq onların bu barədə
təhsilinə diqqət və qayğı göstərmək
lazımdır. Bir daha qeyd edirəm
ki, bütün bu proseslər dövlətin xüsusi
nəzarətində həyata keçirilməlidir ki, başqa ideya sahibləri bu proseslərdən
istifadə etməsin və dini-mənəvi maarif
sahəsində heç bir
tərəfkeşlik hiss olunmasın.
Bu prosesdə mötəbər alimlərimiz,
din xadimlərimiz fəal iştirak
etməli, dövlət strukturları da
onların fikir və rəylərini nəzərə
almalıdır. Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qorumağa hazır olan, eyni zamanda bəşəri
dəyərlərə hörmət, tolerantlıq ruhunda formalaşacaq nəsil
yetişdirmək üçün hər cür şərait mövcuddur.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-29 mart.-S.11.