Şamaxıda 31 mart soyqırımı ilə bağlı konfrans keçirilib

 

Bu gün Şamaxıda “Azərbaycanlılara qarşı  erməni vandalizmi: 1918 – ci il  Şamaxı soyqırımı” mövzusunda elmipraktik konfrans keçirilib. Azadinform” xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCİYA-nın təşkilatçılığı ilə keçirilib.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şamaxı soyqırımı haqda danışıb. A.Ağayev qeyd edib ki, 31 mart soyqırımı ermənilərin Azərbaycan xalıqına qarşı etdiyi birinci və axırıncı soyqırımı deyil. İcra başçısı bildirib ki, daşnakların Şamaxı qəzasında törətdiyi vəh¬şiliklərin həddi-hüdudu olmayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  vitse-prezidenti Vəli Əlibəyli bildirib ki, 1918-ci ildə Azərbaycanın Bakı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərində olduğu kimi erməni quldurları Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən  olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər: “Hadisə 1918 -ci il martın əvvəllərində 400  erməninin ordudan Şamaxıya qayıtması ilə başlayıb. Daha sonra Bakı Soveti tərəfindən göndərilmiş 3 min silahlı erməninin köməyi ilə mart - aprel aylarında davam etdirilib”.

Konfransda  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı  “Şamaxı soyqırımının tarixşünaslığı” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Minaxanım Əsədli isə “Şamaxının mədəniyyət abidələrinə qarşı erməni vəhşilikləri” mövzusunda məruzə edib. O bildirib ki, artıq 95 ildir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrindən ən dəhşətlisi olan 1918-ci ildə baş verən qətliamlar xatırlanır.

Sonda konfrans iştirakçılarına AVCİYA-nın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı kitablar və disklər paylanılıb.

 

 

Palitra.-2013.-30 mart.-S.11.